İndiki səslərin 98-faizi bic səsdir...
"Ədalət" qəzetinin qonaq
otağında "Şur" ansamblının rəhbəri,
Qarabağ bölgəsində hər kəsin, Azərbaycanda
isə muğam sevərlərin yaxşı
tanıdığı Hüseyn Hüseynovla həmsöhbət
oldum. Və bir də
gördüm ki, Hüseyn müəllimin dedikləri
maraqlı bir müsahibəyə çevrilib. Onu sizlərə təqdim edirəm.
-Özünüz haqda məlumat verin.
-Hüseyn Hüseynov Alı oğlu
1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində
doğulmuşam. Lap uşaq vaxtlarından bizdə pionerlər evi olub.
Oranın "Qarabağ bülbülləri"
adlı ansamblı olub. Yeddinci sinifdən
oxumağa başlamışam.
-Dilimizdə bir deyim var: - Qarabağda
doğulan uşaqların ağlaması da Segah üstündədir.
Bax sizin özünüz o zümzümələri
ən çox hansı muğamlarımızın
üstündə edirsiniz?
- Segah ümumiyyətlə ən asanıdı. O mənada
ki, insanların elə bil daxilindən gəlir Segah. Çoban da oxuyanda görürsən Segah oxuyur,
sürücü də maşında gedəndə Segah oxuyur.
Təbii ki, səbəb bilmirəm nədir, yəni ilk dəfə
hamı Segaha müraciət edib, elə mənim özüm də...
- Mahrızlı kəndində sizdən əvvəl
oxuyanlar olub?
- Bəli. Uşaqlıq dostum Vahid Abdullayev, məndən
sonrakılardan Sabir Abdullayev, Cabir Abdullayev və
başqaları...
- Siz həm də müəllimsiniz, təkcə
mahnını, muğamı, ümumiyyətlə musiqini
bilmirsiniz, həm də öyrədirsiniz. Biz də
sizdən dinləyici kimi öyrənirik. Sizin
üçün musiqi, muğam nədir? Qazanc yeridirmi, həyat
tərzidirmi, yoxsa mənəvi qidamı?
- İnsan yaşamaq üçün hər
hansısa sənətlə məşğul olur. Səmimi
danışıram. Mən bu sənətə
qazanc gözü ilə baxmamışam. Bununla
dolanmışam. Məqsədim pul qazanmaq
olmayıb. Könüllü olaraq 7-8 ildi
toy sənətindən imtina etmişəm. Ancaq bu gün "Şahnazı" da,
"Heyratı" da, ümumiyyətlə hər bir şeyi
oxuya bilirəm. Amma toydan özüm imtina
etdim. Bu gün də o ansamblımızla səngər-səngər
gəzirik. Başqaları Bakıda hərbi
hissələrdə konsert verir, amma ağız dolusu deyirlər
ki, hərbçilərin görüşünə
getmişdik. Biz isə bunu səngərdə
edirik. İnanırsız, 500-dən
artıq konsert vermişik. Hərbiçi
Komandanlıqlardan hardasa yüzdən çox fəxri fərman
almışam.
- Ən yadda
qalan konsertiniz hansıdır?
- Bir çox yerlərdə konsertlərdə olmuşam.
Üç beynəlxalq festival laureatı
almışam. Sovet dövründə,
Almatıda "Qızıl alma" festivalı, Moskvada
"Beynəlxalq folknor festivalı", "Azərbaycan
günləri", eləcə də Kiyevdə. Bunların hamısına da o zamanın dövlət
səviyyəsində göndərilmişəm. Bütün dövlət tədbirlərində
oxumuşam. Azərbaycan kommunist
partiyasının 30-cu qurultayında Qarabağ şikəstəsini
oxumuşam. Rəhmətlik Heydər
Əliyev, orda Xeyransa adlı bir qızı qucağına
aldı. Onun ifasını çox bəyənmişdi.
- Heydər Əliyevlə münasibətiniz
olub?
- Bir dəfə tədbirdə əl verib
görüşüb, bir dəfə də ilk prezident
seçkisindən sonra Ağdama gələndə, bir metr məsafədə,
ayağının altında qurban kəsiləndə
yanında durub şikəstə oxumuşam.
-
"Şur" ansamblı sizdən əvvəl yaranıb,
yoxsa sizdən sonra?
- "Şur" ansamblı 1952-ci ildə
yaranıb. Əvvəl
özfəaliyyət formasında 8 nəfərdən ibarət
olub. Əlipaşa Daşdəmirov ilk
qurucusu olub. Xosrov Fərəcov tarzən
olub. Onun dövründə ansambl çox
fəallaşdı. Rəhmətlik Əfrasiyab Bədəlbəyli
o vaxt bu ansamblın festivalda "Şur" ifa etməsini
görüb, "Şur gəlsin" dedi. Elə
o vaxtdan da da ansamblın adı belə qaldı. Bu ansambldan böyük sənətkarlar
çıxıb. Arif Babayev, Əbülfət
Əliyev, Rəmiş, Ramiz Quliyev, Səxavət Məmmədov,
Sədi Məmmədov, Aygün Bayramov, Nəzakət Məmmədov...
- Muğamı kimlərdən
öyrənmisiniz?
- Mənim müəllimim Aydın Məmmədov olub. Qarabağda ona "Böyük" Aydın deyirdilər.
Bir də Hafiz Sədirzadə. Çox
savadlı adam olub. O dövrdə Hafiz
müəllim o sahədə çox güclü idi. Baxmayaraq ki, bakılı muğam
ifaçıları əruzu daha yaxşı bilirdilər.
Hafiz müəllimin atası Sovet dövründə
böyük şair olub. Musiqiçilər
onların evlərində yığışardılar deyə
o uşaqlığından bu sənətin içində
olub.
- Ağdamı necə
xatırlayırsız?
- Ağdam mənim üçün müqəddəs
yerdir. O dövrdə Azərbaycan musiqisi Ağdam musiqisinin təsirində
idi. Bakı da, Şəki də və digər
başqa şəhərlər də Ağdam
muğamının təsiri altında idi. Ağdam muğam mərkəzi sayılırdı.
- Muğam
Ağdamdan başlayır?
- Yox, elə demirəm. Təsirini deyirəm.
O mənada deyirəm ki, Ağdamda böyük sənətkarlar
var idi. Muğamın harada yarandığını heç kim bilmir.
- Farslardan gəlir muğam...
- Deyirlər Sufilər yaradıb, amma rəsmi
deyil.
- Orta musiqi təhsilindən sonra davam
etdinizmi?
- İncəsənət universitetinin Mədəni-maarif
şöbəsini bitirmişəm.
- Amma xanəndəliklə məşğul
oldunuz.
- Sənətim xanəndəlikdir.
- Orta məktəbi və paralel olaraq musiqi
məktəbində oxuya-oxuya özünüzdən xəbərsiz
həm də sənətə gəlirdiniz. Bu
işə valideynləriniz necə baxırdı?
- Bəzi adamlar vurma cədvəlini bilmir, amma deyir ki,
riyaziyyatı yaxşı bilirəm. Mən orta
məktəbi yaxşı oxumamışam. Yeddinci sinifdə musiqi məktəbində oxumağa
başlayandan demək olar ki, məktəbə də getmirdim.
Musiqi oxumağıma görə də mənə
məktəbdə qiymət yazırdılar. O vaxt kalxoz
sədri bizə öz otağını vermişdi. Mən
orada bir-iki ağız nəsə oxuyanda, pəncərədən
baxıb görürdüm ki, yüzə yaxın adam yığılıb məni dinləyir. Dinləyicinin marağı çox idi o vaxtlar.
İndi isə yoxdur. Valideynlərim
mənə mane olmurdular. Onlar istəyirdilər
ki, mən azan oxuyum. Dinə bağlı adam
idilər. Məscidlərin əksəriyyətində
Hafiz müəllimin azanı səslənir və eləcə
də Şərq ölkələrində.
- Bu gün fonoqram hamını müğənni
edir, xanəndə edir. Elektronika hamını
musiqiçi edib. Buna münasibətiniz necədir?
- Çox pis. Oxuyan canlı oxuyar. Oxuya bilmirsənsə camaatdan nə istəyirsən?!
- Oxumaq sizin üçün nə deməkdir?
- Oxumaq mənim üçün hər şeydi. Musiqi ruhun qidasıdır. Mən
onunla yaşayıram. Allah Mehriban xanımın
canını sağ eləsin, elə bir dövr
yaranmışdı ki, az
qalmışdı muğam oxuyanları tutalar. Tutulmaq
sözünü məcazla deyirəm. Muğam
bərbad vəziyyətə düşmüşdü,
Mehriban xanımın sayəsində muğama hörmət
olundu. Muğama hörmət olundusa, mənə
də hörmət olundu. Muğam bizə
babalarımızdan qalan mirasdı, hamımız onu
qorumalıyıq.
- Özünüz musiqi
yazmısınız?
- Yox, bu mənim işim deyil.
- İndiki gənc
muğam ifaçılarını dinləyirsiniz?
- Dinləyirəm hamısını.
- Kimləri bəyənirsiniz?
-Hamısı məni tanıyır, mən də
onları tanıyıram. Heç kimlə
işim yoxdur, amma onların içərsində İlkin
Əhmədovun ifasını bəyənirəm. Səsin bir neçə növləri var. Səs bir
formada olmur ki. Məsələn, Xan əminin
səsinə loru dildə "xrustal" səs deyirdilər.
Yaqub Məmmədovun səsi də möcüzə
idi. Mən deyirəm ki, Yaqub xanəndə
deyildi. O, Allahın möcüzəsi idi. Bu
mənim fikrimdir, sözümün arxasında da dururam. Onun səsi məclisdəki adamları
ağladıb, bunu özüm görmüşəm. Onun təhsili yox idi. İndiki səslərin
98 faizi süni səsdir.
- Sazla muğamı necə fərqləndirirsiniz?
- Saz muğamdan da çox əvvəl gəlib, yəni
qədimdir. Bugün aşıqlarla xanəndələr
çox iç-içədir. Xanəndələrin
əksəriyyəti aşıq mahnıları oxuyurlar.
Aşıq mahnıları da xalq
mahnıları sayılır. Aşıqlıq
daha çətin sənətdir. Aşıq
gözəl rəqs etməlidir. İndiki
kimi yox ha. Şeiriyyatı bilməlidir.
Səsi gözəl olmalıdır. Sazı yaxşı çala bilməlidir. Bunların hamısı cəmlənmirsə, o adama
aşıq demək olmaz.
- Ansamblın indiki vəziyyəti nə
yerdədir?
- "Şur" ansamblı Sovet
dövründə çox məşhur idi. 4-5 il bundan əvvələ
kimi vəziyyət yaxşı idi. Maliyyə
problemlərimiz var. Maliyyə dəstəyi olarsa, yenidən
çox yüksək səviyyəyə çata bilər.
Ağdam işğal olunandan sonra ansamblı
özüm götürmüşəm. Dost-tanışı
ansambla yığmışam. Demişəm
ki, bu bizə mirasdır, elə belə yaranmayıb,
böyük sənətkarlar bəxş edib.
-Gənc istedadlar da var ansamblda?
-Bəli var, çoxdur. Məsələn,
Şamxal var, möcüzəli səsdir, sinə səsidir.
Sinədən gəlməyən səs bic səs
sayılır. Bizim xalq artistlərimiz var
ki, onların da səsləri bicdir. Yəni
üzlərinə də deyə bilərəm. Heç kimdən çəkinmirəm.
-Bu gün ansambl harda yerləşir?
-Quzanlı kəndindədir. Mədəniyyət
Nazirliyinin tapşırığı ilə rayon mədəniyyət
idarəsində bizə normal şərait yaradılıb.
-Ansamlda neçə nəfər var?
-Təxminən 36-37 nəfər var.
-Bu yaxınlarda konsert gözlənilir?
-Olacaq konsertimiz. "Könül
dünyamız" verilişində iştirak edəcəyik.
-Bu gün övladlarınızdan bu sənətin
davamçısı olmaq istəyən varmı?
-Mənim bir oğlum var. Amma musiqi ilə arası yoxdur. Müasir musiqini daha çox sevir. Bir adamın içindən gəlmirsə, 100
professor da onu hazırlaşdırsın, xeyri yoxdur. İnsanın gərək içindən gəlsin.
-Gənclər muğam dinləmir. Niyə muğam təbliğ olunmur?
-Elə sualdı ki, cəmiyyətimiz üçün
önəm kəsb edir. Günah mənim
özümdədir, sənət adamlarındadır. Hər bir sənətkar təbliğatçı
olmalıdır. Öz sənətinin təbliğatçısı.
Sənət adamı 5 manatdan ötrü
bayağı mahnı oxuyursa, deməli, sənət adamı
deyil. Mən xanəndəyəmsə, ara
mahnısı oxumamalıyam.
-Bu həm də özünü cəmiyyət
içində tanıtmaqdır.
-Yaxşı mənada. Təbliğ odur
ki, bayağı mahnı oxumasın. Mənim
başımdan brilyant da töksələr bayağı
mahnı oxumaram.
-Toylarda bayağı mahnı oxuyurlar?
-Bu saat əksəriyyət bayağı mahnı oxuyur.
-Siz bayağı mahnılardan çəkindiyinizə
görə toylardan imtina etdiz?
-Bəli. Könüllü istəmədim.
-Torpaq itirmiş adamlarıq. Təsəvvür
edin, maşınla üzü Ağdama gedirik. Hansı
mahnını zümzümə edərdiz?
-Bizim bugünkü günümüzə "Zəminxarə"
daha uyğun gəlir. İçində qəm-kədər
var.
-Torpaqlarımız işğal altından
çıxsa ora qayıdıb yenidən həyat
qurardınızmı?
-Əlbəttə, lap torpağın
üstündə yatardım.
P.S. Biz üz-üzə oturub, musiqimizdən,
Qarabağımızdan xeyli danışdıq və mən əmin
oldum ki, həmsöhbətim Ağdamda, Şuşada
"Qarabağ şikəstəsi" oxumaq üçün
özünü zaman-zaman kökləyir...
Söhbətləşdi: Oğuz Ayvaz
Ədalət.-
2018.- 8 iyun.- S.6.