Ağılsız,
məhəbbət romanları yazan axmaq bir qadın kimiyəm…
"Mən, ruhum qane olduğu zaman
xoşbəxt oluram və şeirdir ruhumu qane edən.”
"Mənzil başına çatmaq necə olur bilmirəm,
amma
heç şübhəsiz bütün
varlığım bir məqsədə doğru can atır.”
Doğumu ilə ölümündəki iki qış
arasında 32 illik qısa bir ömür sığdıran
İranlı məşhur şair Füruğ Fərruxzad həyatı,
hüzn dolu şeirləri və ölümü ilə tam bir
qış qadınıydı. Sənətiylə
olduğu qədər xarakterik özəllikləriylə də
diqqət çəkən Füruğ, dünyada
qalacağı sayılı günləri hissedərcəsinə
həyatındakı hər şeyi yaşayıb tükətdi.
Yeganə qazancı isə xoşbəxtlik və
rahatlıq mənbəyi hesab etdiyi şeirləri oldu. Bir ovuc xoşbəxtlik və azadlıq
üçün çiyinlərində bir kisə dolusu kədər
yükü gəzdirdi. Eşqə, cəsarətə,
şeirə heyranlıq duyaraq yaşadı.
Qısa arayış
Füruğ Fərruxzad 1935-ci il
yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində
dünyaya gəlib. 17 yaşında məzhəkəçi
Pərviz Şapur ilə evlənib və Əhvaza
köçüb. Oğlu Kamyar dünyaya
gələndə ona "Sənin üçün bir
şeir" adlı əsəri həsr edib. İki ildən sonra şairə həyat
yoldaşından ayrılıb və yeganə oğlunu
keçmiş ərinin himayəsinə buraxmalı olub.
Tehrana qayıdarkən 1955-ci ildə
"Əsir" adında şeirlər məcmuəsini
çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof
İbrahim Gülüstan ilə tanış olub və "Ev
qaradır" adlı filmin ideyasını ondan alıb (bu
vaxta qədər şairənin daha iki kitabı işıq
üzü görmüşdü – "Divar" və
"Üsyan"). Cüzam xəstəliyindən
əzab çəkənlərdən bəhs edən bu film Təbrizdə
çəkilib və tezliklə bütün dünyada
şöhrət qazanıb. 1963-cü ildə
"Başqa bir doğuluş" adında son şeirlər
məcmuəsini nəşr etdirib.
Füruğ Fərruxzad 1967-ci ildə
avtomobil qəzasında həlak olub. Uşaqlarla dolu avtobusla toqquşmamaq
üçün o idarə etdiyi maşını divara
çırpıb və xəstəxanaya aparılarkən
yolda dünyasını dəyişib.
Kaş düşündüyünüz
kimi…
Ən böyük istəyi
anlaşılmaq idi. Bu səbəbdən
atasına yazdığı məktubunda nə cür
haqsızlıqlara məruz qaldığını izah etməyə
çalışıb:
"Mənim ən böyük dərdim
sizin məni tanımamağınızdır. İş orasıdır ki,
heç bir zaman da tanımaq istəmədiniz. Bilirəm, nəzərinizdə hələ də
ağılsız, məhəbbət romanları yazan axmaq bir
qadın kimiyəm. Kaş
düşündüyünüz kimi olsaydım və xoşbəxt
ola bilsəydim. Onda dünya
mənim üçün kiçik bir otaq olardı, mənsə
əyləncəli yığıncaqlara getməklə,
gözəl və cəlbedici paltarlar geyinməklə,
qonşudakı qadınlarla çənə çalmaqla,
qayınana ilə dilləşməklə və bu kimi minlərlə
mənasız və axmaq işlərlə kifayətlənən
bir cahil qadın. Böyük və gözəl
dünyadan bixəbər, ipəkqurdu kimi öz baramamın dar
və qaranlıq divarları arasında qıvrınaraq
böyüyüb həyatımı sona
çatdırardım. Ancaq mən belə
yaşaya bilməzdim. Mən özümü dərk eləyəndən
bu yana daxilimdə böyüyən
üsyan bu axmaq və cahil cəmiyyətdən qaynaqlandı. Mən böyük olmaq istəyirdim və istəyirəm
də. Mən bu gün doğulub sabah
ölən və özlərindən sonra zərrə qədər
iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm.”
Zamanın ötəsində vurur ürəyim
Həyat yenidən doğacaq onu
Yenidən yaşadacaq məni...
Füruğun o dövrün İranında yazıb dərc
etdirdiyi çox cəsur bir şeiri var. Günahlar və
günahkarlar haqqında... Birinci misrası belədir:
Günah işlədim, ləzzət dolu bir günah
Titrəyən, bir bədənin
yanında.
Tanrım, bilmirəm nə etdim,
o qaranlıq,
susqun gecədə...
Bu şeirdə cavan şairə başqa
bir kişiyə olan məhəbbətindən və gizli
eşqindən bəhs edir. Bir mənada özünü ifşa edir,
öz-özünü sorğuya çəkir. Şeir dərc olunan kimi aləm bir-birinə dəyir.
Həm cəmiyyətin müxtəlif təbəqələrindən
təhqiramiz tənqidlərə məruz qalır, həm də
ailəsindən, xüsusilə də qaynanasından
ağır ittihamlar eşidir. Oğlunu
görməyə qadağa qoyulur, himayədarlığı əlindən
alınır. Cəmiyyət ona
çirkli, namussuz bir qadın gözü ilə baxır.
Füruğu ən çox tənqid edən və
onu cəmiyyətdən təcrid edənlər isə
ziyalı təbəqə olur. 1955-ci ildə
birinci şeir kitabı çapdan çıxır. Ürəkdən, səmimi sözlərlə yazan
Füruğun hər misrası bir fəryaddır.
Əzabla hörülmüş qadın
Oğlundan və sevdiyi insandan daha da
uzağa gedir Furuğ. 1956-cı ildə İtaliyaya, ordan da Almaniyaya
böyük qardaşı Əmir Məsudun yanına. O
şeirə olan sevgisini atasına yazdığı məktubda
bu cür açıqlıyır: "Mənim
üçün ən önəmli şey şeirdir. Şeir özümə və şəxsiyyətimə
qarşı duyduğum ən böyük məsuliyyətdir.
Həyatıma vermək məcburiyyətində
qaldığım cavablardan ən vacibidir həm də".
Furuğ 23 yaşında, 1958-ci ildə
ikinci şeir kitabı "Üsyan"ı nəşr
etdirir. Artıq
onu bütün dünya tanıyır. Pərviz onun
şeirlərini görməzdən gəlsə də,
atası üçün o əxlaqsız bir qadın olsa da...
İnsanların fikri Furuğu heç vaxt
maraqlandırmayıb. Elə İbrahim
Gülistaniyə aşiq olduğu zaman da. İbrahim
Gülistani evli idi və iki uşağı var idi. Rejissorla birgə çalışmağa başlayan
Furuğun həyatında İbrahimin yeri əvəz
olunmazdır. O bu yasaq sevgisini belə ifadə edirdi:
Həyat bəlkə də o çarəsiz olan andı,
mənim baxışımın sənin nəmli gözlərində
özünü paramparça etdiyi
və bir duyğu var bunda
mənim
ay və
qaranlığın hissi ilə birləşdirəcəyim.
Yalnızlıq ölçüsündə bir otaqda,
eşq böyüklüyündə ürəyim,
xoşbəxtliyinin sadə bəhanələrini izləyər,
Saxsıda o sevimli güllərin məhvini
və sənin baxçamıza əkdiyin fidanı
və bir pəncərə ölçüsündə oxuyan
bülbül nəğmələrini.
Bir dəfə Puran studiyaya Furuğu
görməyə gəldiyi zaman, onu ağlayan görür. Puranın israrından sonra
o İbrahimin həyat yoldaşına yazdığı məktubu
gördüyünü deyir. Məktubda o
Furuğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətinin
heç bir dəyəri olmadığını
vurğulayır. Furuğ özünə
söz verir ki, ondan ayrılacaq. Amma hər
şey başqa cür olur və onların arasındaki eşq
daha da qüvvətlənir. İbrahim
Furuğa bir neçə dəfə evlilik təklif etsə də,
rədd cavabı alır. Furuğ onun həyat
yoldaşına və uşaqlarına hörmət edirdi.
Kəşf edilmiş böyük şair
İbrahim Furuğu dəflərlə
İngiltərəyə kino haqqında biliklərini dərinləşdirməyə
göndərir və Furuğ nəhayət ki, öz filmini
çəkir. "Qara ev" adlı sənədli film Təbrizdə
Cüzam xəstələrinin yaşadığı xəstəxanada
çəkilir. Furuğ film haqqında xatirələrində
deyirdi:
"Mən onlara xəstə kimi
yanaşmırdım. Onların yaralarına toxunurdum. Dərdlərini,
ağrılarını hiss edirdim. Ona görə də onlar mənə
güvəndilər. Tez-tez məktub yazıb, dərdlərini
mənimlə bölüşürdülər".
Furuğ filmi çəkərkən cüzamlı bir
ailənin uşağı olan Hüseyn Mansuru
övladlığa götürür. Hüseyn Kamiyarın həsrətini
az da olsa, azalda bilir. Hüseyn sonradan anasının şeirlərini
alman dilinə ən yaxşı tərcümə edənlərdən
biri oldu.
Film bir çox festivallarda mükafata layiq
görülür. Daha sonra UNESCO Furuğ haqqında 30 dəqiqəlik sənədli
film çəkir. Məşhur rejissor
Bernardo Bertoluççi İrana Furuğla bağlı
reportaj hazırlamağa gəlir, lakin həyatı haqqında
15 dəqiqəlik film çəkməyə qərar verir.
Dünya artıq Furuğu kəşf
etmişdi.
Furuğ bir gün İbrahimlə
dalaşır. Xidmətçilərin sözünə görə
bu dava əvvəlkilərindən daha şiddətli olur.
Və Furuğ ikinci dəfə intihara cəhd etsə də,
xilas ola bilir. Lakin əcəlin
onu tez tapacağından xəbərisiz idi. Bundan sonra Furuğ sevgilisi İbrahimə "Yenidən
doğuş" şeirini yazır və 1963-cü ildə
eyni adlı üçüncü kitabı nəşr olunur.
Cavan və dul bir qadının patriarxal bir
cəmiyyətdə yaşaması çox çətindir. Füruğ kimi çərçivələrə
sığmayan, azadlığa vurğun olan bir qadın
üçün isə dözülməzdir. Lakin o mətənaətini əldən vermir. Yazmağa davam edir. Dalbadal iki
kitab daha çap elətdirir. Birinin
adını "Divar", o birinin isə "Üsyan"
qoyur.
Füruğun yazıdan başqa incəsənətin
digər sahələrinə də marağı və
istedadı vardı, xüsusilə də, rəsm və kino sahəsinə. 1962-ci ildə o, sənədli
film çəkir. Mövzusu: "İranda
cüzamlı olmaq!" Filmdə cüzamlı
insanların həyatından bəhs edir. Sənədli
film dəfələrlə beynəlxalq mükafatlara layiq
görülür. Füruğ bu sənədli
filmin çəkimləri zamanı, həqiqətən,
cüzamlı insanlarla yaşayır, onlarla birlikdə
qalır. Üstəlik, cüzamın
keçici olduğuna inandıqları bir dövrdə. Çəkimlərdə bir oğlan
uşağı ilə qarşılaşır. Hüseyn adlı bu şirin oğlanın atası
da, anası da cüzamdan əziyyət çəkirdilər.
Füruğun ana ürəyi yanır. Onu övladlığa götürməyə qərar
verir. Ailəsindən razılıq
alır. Onu evinə gətirir, yedirir,
içirir, oxudur, böyüdür. Füruğ
dəlisov qadındır. Ürəyi
geniş, xəyalları hüdudsuzdur. Ona
"günahkar" deyənlər onun dünyasını
anlaya bilməzlər.
Son
1964-cü il 14 fevral
yağışlı bir gündə kitabxanada tərcümə
ilə məşğul olan Furuğ anasını görməyə
gedir. Anasının dediyinə görə,
Furuğ onunla sağollaşarkən dodaqları hər zaman
olduğundan daha soyuq idi. Və
ölümünə getdiyini bilərcəsinə
sürücüsünə maşını idarə etməyə
icazə vermir. Sükan arxasında
özü əyləşir. Darüşşal
Marvdosht ve Logumanoddovleh küçələrinin kəsişməsində
avtobusla toqquşmamaq üçün maşını divara
çırpır. Maşından
çölə atılır və başını
yoldakı səkiyə vurur. 32 yaşında xəstəxanaya
çatmadan dünyasını dəyişir Furuğ...
Din adamları cənazə namazını qılmaq istəmədyi
üçün, cənazəsi ikigün gözləyir. Cənazə namazını bir yazar
qıldırır. Füruğun zorla əlindən
alınan oğlu Kamyar İngiltərəyə mühəndis
olmağa göndərilsə də, bir il sonra təhsilini
buraxıb rəsmə həsr edər həyatını və
Füruğun şeirlərinin arxasından, qeyb olmuş
anasını rəsmə gətirər, yenidən və yenidən
var edər. Digər oğul Hüseyin isə
anasının şeirlərini amlan dilinə tərcümə
edər, onu İranın sərhədlərindən
çıxaranların ən anlamlı üzvü olar.
İmza: Oğuz Ayvaz
Ədalət.-
2018.- 12 iyun.- S.7.