Yazıçı
olmasaydım, Çingiz Abdullayev kimi...
Ədəbiyyat həm də digər
insanların talelərini yaşamaq mesajıdır. Bir əsər oxuyuruq
ordakı obrazın həyatı bizə öz həyatımızı
unutdurur. Təbii ki, bəzən insan
öz həyatından, peşəsindən, taleyindən didərgin
düşmək istəyir. Bəs
yaradıcı şəxslər necə
düşünür. Sənətlə məşğul
olmasaydılar hansı peşəyə maraqları olardı.
Adalet.az mövzuyla əlaqədər
yazarların münasibətini öyrənib.
Yazıçı Səfər Alışarlı: "Mən
yazıçı olmasaydım, kim olacaqdı
yazıçı bu Azərbaycanda? Müxtəlif
vəzifələri tutub ədəbiyyata zorla özünü
dürtüşdürənlər? Onun-bunun məlum məzmunlu
proteksiyası ilə geydirmə "fəlsəfə doktoru”
adını alıb ədəbi müstəvilərdə bu
bezdarnı işbazların yazdığı zir-zibili "bəh-bəh”lə
kütləyə yedirtmək istəyən o qədim peşə
sahibləri? İstedadlara qarşı
mafiyalaşmış o agentlərdən fərqli olaraq məni
taleyim, Allahım bu sənətə gətirib və onlarla
mübarizədə həmişə varam.”
Yazıçı Azad Qaradərəli: "Mən
ixtisasca müəlliməm. Gəncliyimdə
müəllim, məktəb direktoru işləmişəm.
Hətta deyərdim ki, yaxşı müəllim olmuşam.Son
zamanlar 2 il universitetdə də dərs
apardım. Yəni, yazıçılıqla məşqul
olmasaydım, yəqin ki, ancaq və ancaq müəllim
olardım.”
Şair Aqşin Yenisey: "Kimsə bəyəm öz
istəyi ilə yazıçı, şair, rəssam olur? Yazıçılığın, homoseksuallığın,
manyaklığın altında o qədər ciddi psixoloji səbəblər
var ki. "İstək” sözü burada
cahilliyin təntənəsidir. Əsl
yazıçılar bundan bixəbər olanlardır.
"
Yazıçı Mübariz Örən: "İndinin
özündə də yazıçılıqla peşəkər
şəkildə məşğul ola
bilmirəm. Səbəbi hamıya məlumdu: bizdə
yazıçının mətnə, kitaba qoyduğu
"investisiya" özünü doğrultmur, bəhrəsini
vermir. Qazanc, beş-on oxucunun xoş reaksiyasıdı, bir də,
beş-üç vicdanlı tənqidçilərin, ədəbiyyat
adamının verdiyi qiymət, yazdığı yazı! Əslində yazıçı üçün bu
da böyük qazancdı. Amma peşəkarlıq
başqa şeydi axı; peşəkar öz
gördüyü işin müqabilində, nəsə
qazanmalıdır ki, ac qalmasın, dolana bilsin.
Gözümüzün önündə maddi problemlər
girdabında neçə-neçə istedadlımız...
batır! Sualın isə cavabı budur: başqa işlər
macal versəydi, yazıçı olardım.”
Yazıçı Narıngül Nadir: "Mənə
elə gəlir, yazıçılıq mənim xarakterimdir. Başqa işlə məşğul olsam da, yəqin
ki, yenə yazıçı olacaqdım. Yaradıcılıqdan
tam təcrid olunmaq üçün hisslərimi, beynimi dəyişməliyəm.
Bu da mümkün deyil. Əvvəllər,
özümü tam tanıyana, düşüncəmi, xasiyyətimi
formalaşdırana kimi, başqa peşə arzularım olub.
Kiçik yaşlarımda mağazada
satıcı işləmək arzum idi. Uşaq
ağlımla kənddəki balaca, köhnə
qarışıq mallar dükanındakı satıcıya həsədlə
baxırdım. Sonralar, məktəb illərində,
müəllim olmaq istəyirdim. Özümü
tanıyandan, xarakterimi müəyyənləşdirəndən
sonra anladım ki, xarakter özü elə insanın taleyini təyin
edir. Müəllim işləsəm də
yəqin ki, yenə yazacaqdım. Necə
deyərlər, taledən qurtulmaq olmur.”
Yazar Sevinc Elsevər: "Arzum kinorejissor olmaq idi. O sevda
ilə kinoşünaslığa daxil oldum. Orta
məktəb illərindən yazırdım. İçimi dəftərə tökmək və
sakitləşmək amacıyla. Yazıçı
olmaq istəyi heç ağlımın ucundan keçmirdi.
Hətta universitet illərində də
yazmağa hobbi kimi yanaşır, film çəkəcəyim
günü səbirsizliklə gözləyirdim. Məncə, evlənməsəydim, rejissor olmaq
arzuma çatardım. Bakalavrda oxuyanda
xarici ölkələrdən birində, yaxud Moskvada rejissorluq
oxumağın xəyalını qururdum. Sevdim,
evləndim, uşaqlar oldu, yazmaqla azarımı
öldürdüm. Bakalavrı bitirəndə müəllimlərimdən
biri Ötkəm İsgəndərov mənə dedi ki,
Naxçıvan dövlət teatrında ikinci rejissora ehtiyac
var. Məndən talantlı bir tələbə istəyiblər.
Mən də səni görürəm bu işdə.
Gedəcəksən Naxçıvana, orda yaşayacaq, işləyəcəksən,
özünü göstərməyə meydanın olacaq. Getsəm, Elsevərdən uzaq qalacam fikriylə imtina
elədim. Hərdən Elsevərə deyirəm
gəl ikimizə bir film çəkək. Uşaqları da oynadaq. Ailə
filmi olsun. Ola bilər çəkdik.
Həyat davam edir.”
Yazar Ayxan Ayvaz: "Mən matros, yaxud da pinəçi
olmaq istəyərdim. Çünki bu iki peşə
mənə çox romantik gəlir. Həyatın
dənizlərdə keçir, maraqlı və fərqli hadisələrlə
qarşılaşırsan. Bəlkə də
uzaqlara getmək arzusundan bu istək məndə olub. Pinəçiliyi də çox sevirəm. Məncə,
bu işdə yaradıcılıq var. İnsanların
yırtıq-sökük ayaqqabılarına can verirsən. Ümumiyyətlə, ayaqqabıların məndə
hüznlü tərəfi var. Bilmirəm, nədəndir.
Amma hesab edirəm ki, insanların taleyi
ayaqqabılarından oxunur. Bu
ayaqqabılara təzədən yaşamaq şansı verən
də pinəçilərdi. Bir növ
yazıçılar da elə deyilmi? Onlar da kağız
üzərində istədiklərinə can verir, istədiklərini
öldürür. Öldürmək demişkən... Hərdən düşünürəm ki,
yazmasaydım yəqin ki, killer olardım. Qatil
olmaq potensialımı ədəbiyyat həmişə məhv
edib."
Yazar Kəramət Böyükçöl:
"Yazıçı olmasaydım, Çingiz Abdullayev kimi
detektiv əsərlər yazardım.”
İmza: Oğuz Ayvaz
Ədalət.-
2018.- 12 iyun.- S.6.