MÜŞFİQ CABİROĞLUNA VİDA SÖZÜ

 

Həyatımızda bircə vida sözü var: Allah rəhmət eləsin. Elə ki, basdırıldın -"Qəbri nurla dolsun" ifadəsi də bu vida sözünə əlavə olunur. Amma mənim vida sözüm bu şablondan uzaqdır. Bir vaxtlar tanıdığım, sevdiyim insanları o biri dünyaya qısa kəlmələrlə yola salmaq istəməmişəm. Axı xatirələrim var. Çox adamlar haqqında bu cür vida yazıları yazmışam. Bəxtiyar Vahabzadə, İlhamə Quliyeva, Əkbər Bayramov... Amma Cabir Novruzun - Cabir əminin sonbeşiyi Müşfiq barədə yazacağımı, özü də belə tez yazacağımı heç ağlıma da gətirməzdim.

Onlar üç qardaş idi: Mirzəbəy, Vüqar və Müşfiq. Hər dəfə Müşfiqi görəndə pis olurdum. Çünki Mirzəni 48, Vüqarı isə 52 yaşında son mənzilə o yola salmışdı. Bu yaşında nəslin ağsaqqalı, Cabir Novruz ocağının yeganə keşikçisi sayılırdı. Onu yaxşı başa düşürdüm. Amma nə davranışında, nə də hərəkətlərində büruzə verirdi qəm-qüssəsini. Şəxsən məni bu dərdinə şərik etmirdi. Nə həyatından, nə də səhhətindən şikayət etdiyini görmüşdüm. Müşfiq nikbin adam idi. Atasıyla fəxr edirdi. Atasının dostlarıyla fəxr edirdi. Çox xatirələri vardı onlar haqqında. Amma qələmə almırdı. Yasda-toyda görüşəndə düşürdü üstümə. "Alə, filan vaxt filan şey belə oldu. Mən deyirəm, sən yaz". Deyirdim ki, sən də mənim kimi şair oğlusan, həm də jurnalistsən. Özün yaz da... Cavab verirdi ki, Mahir, səndə alınır. Çəmini tutmusan. Bütün şair uşaqları yazan olmaz ki... Sən yazırsan, bəsimdi.

Günlərin bir günü qərara aldım ki, yazam. İkisini yazdım, Modern.az saytında çap da elətdirdim. Amma bu xatirələri kimin nağıl elədiyini qeyd etmədim.

1-ci XATİRƏ: Cabir Novruzun anası rəhmətə gedir. Qabil də gəlir başsağlığı verməyə. Məclisin yiyəsi Cabir Novruz olduğundan mağarın girişinə yaxın oturubmuş. Qabil də başsağlığı verib oturur Cabirin yanında. Hüzrə gələnlər də həm Cabir Novruza, həm Qabilə başsağlığı verirmiş. Onlar da gələnlərə "keçin əyləşin", çıxıb gedənlərə isə "Allah ölənlərinizə rəhmət eləsin" deyiblərmiş.

Gələnlər arasında görkəmli Xalq şairimiz, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetin sədri Süleyman Rüstəm də olur. Yanında da indi görkəmli yazıçı, o vaxt isə gənc yazıçı sayılan Elçin. İçəri girirlər, Cabir Novruza başsağlığı verirlər. Süleyman Rüstəm çox sadə insan olduğundan elə qapının ağzında - onların yanında əyləşmək istəyir. Bu dəm Qabil:

- Yox, Süleyman müəllim, burda sənə oturmaq olmaz. Sən keç yuxarı başa - prezidiuma.

Süleyman Rüstəm Qabilin zarafatını qəbul edib baş tərəfə addımlayır. Gənc və perspektivli yazıçı Elçin isə yerində duruxub qalır:

- Sən niyə dayanmısan? - deyə Qabil soruşur. Sən də keç prezidiuma. Süleyman öləndən sonra yerinə səni qoyacaqlar. (SON)

Müşfiq məndən iki kurs yuxarı oxuyurdu. O, kitabxanaçılıqda, mən isə Filologiya fakültəsində. Azərbaycan Dövlət Universitetinin tədbirlərində bir yerdə olurduq. Danışmağa başlayanda bir bənd Cabir Novruzdan olurdusa, növbəti bənd Qabildən, Nəbi Xəzridən, adaşı olduğu Mikayıl Müşfiqdən gəlirdi.

Əsgərlikdən qayıtmışdım. Günlərin bir günü küçədə rastlaşdıq. Gülə-gülə dedi:

- Mahir, bu gün Qabil əmini sözlə bağladım.

- Necə?

- Yazıçıların poliklinikasından çıxanda soruşdu ki, ay Müşfiq, niyə evlənmirsən? Dedim ki, ay Qabil əmi, necə evlənim? Qabaqda Mirzə var, Vüqar var. Onlar evlənsin ki, mənə də növbə çatsın da. Bunun dalıyca Qabil əmiyə əks sual verdim. Qabil əmi, bəs Mahir niyə evlənmir? Qabil əmi də fikirləşmədən "Onun da qabağında adam var" cavabı verdi. Sözünü sona çatdırmamış dedim: "Qabil əmi, kim? Sən?" Day söz deyə bilmədi. "Əla" deyib gülə-gülə getdi.

2-ci XATİRƏ: Xızıda Müşfiq Poeziya günləri keçirilir. Rəsmi hissədən sonra meşədə qonaqlıq təşkil olunur. Birdən Qabil Cabir Novruzun kiçik oğlu Müşfiqi yanına çağırır. Müşfiq də ənənəvi mehribanlığı və gülərüzlülüyü ilə tez Qabil əmisinə yaxınlaşır.

- Müşfiq, qulağını bura gətir.

- Eşidirəm, Qabil əmi.

- Burda tualet hardadır? - deyə pıçıldayır.

Demə bu sualı yanında oturan Cabir Novruz da eşidirmiş.

- Ay Qabil, qəribə sual verirsən e uşağa. Meşədə tualet olar? (SON)

Elə hey deyirdi:

- Mahir, düş qabağa, biz də yardımçın olaq, "Xalq şairlərinin uşaqları" adlı cəmiyyət yaradaq. Sən də ol sədr. Cəmi 23 nəfərik də.

- Yox, - deyə cavab verirdim.

- Niyə axı?

- Çünki Anar imkan verməz.

- Niyə vermir ki... əksinə kömək edər.

- Onu bilirəm ki, kömək edər. Amma sədr özü olmaq istəyəcək. Mənə imkan verməz.

- İnanmıram. Onsuz da o boyda İttifaqın sədrdir. Balaca cəmiyyətin sədrliyinə niyə gözü düşməlidir ki?

- Çünki Anar "dvajdı" Xalq şairi oğludur. Atası Xalq şairi Rəsul Rza, anası Xalq şairi Nigar Rəfibəyli. Biz isə bu şərəfə bir dəfə layiq görülmüşük.

Bu izahımı eşidib gülürdü.

Sonuncu xatirəni isə xatırlatmaq istəməzdim. Amma nə edim ki, yerinə düşür.

3-cü XATİRƏ: Mahir, tanınmışlardan biri ölmüşdü. Qərar verilmişdi ki, onu 1-ci yox, 2-ci Fəxri Xiyabanda basdırsınlar. Xülasə dəfn etdik onu. İndi molla orda oxuyur. Qabil əmi, mən, atam, mərhumun oğlu da dayanmışıq məzarın başında. Qabil əmi duydu ki, bu uşaq nəsə narazıdır. Onu qucaqlayıb:

- Ay oğul, ürəyini qısma. Axı, nə var 1-ci Fəxri Xiyabanda. Şəhərin mərkəzi. Səs-küy, tozanaq. Bax, buranın havası oranın havasından təmizdir. (SON)

Bu xatirəni tez-tez danışırdı. Son dəfə dostumuz İlqar Paşazadənin anasını dəfn edəndə, Yasamal qəbiristanlığında bir daha danışdı. Özü də, son dəfə danışdı. Mən də son dəfə qələmə aldım. Çünki vida sözü həm də son sözdür.

 

 

İmza: MAHİR QABİLOĞLU

 

Ədalət.-2018.-12 iyun.-S.6.