Əbülfət
Mədətoğlu:
Naxçıvanda
açdığım səhər
Üçüncü
yazı
CƏMİYYƏTMƏTBUAT
SƏHİFƏLƏRİNDƏ
Bilənlər bilir, bilməyənlər də yəqin
ki, ucundan-qulağından eşitmiş olar. Söz
adamlarının bir araya gəldiyi çay süfrəsi və
yaxud yemək-içmək məclisi adətən uzun çəkir.
Çünki hamının sinəsi sözlə dolu olur,
hamı sözün içində olur və hamı da
bir-birini görəndə söz «xırdalayır». Ona görə
də məclis uzanır və bir də baxıb görürsən
ki, saatları əridib xərcləmisən. Amma bizim nahar
süfrəmiz çox da uzun çəkmədi.
Çünki mənim Naxçıvana səfərim qısa
müddətli olduğundan dostlarım da, özüm də
istəyirdim ki, bu qədim diyarı gəzib yenilikləri
öz gözlərimlə görüm. Ona görə də
bir ayağımız qaçaraq idi. Çayımızı
içəndən sonra dostlar məclisin xərcini çəkib
indi nə edəcəyimi, məqsədimi, proqramımı
soruşdular.
Haqq üçünə deyim ki, Fərəc müəllim
israrla Culfaya getməyimi istəyirdi. Onun qonağı
olmağımı, Culfanın gözəlliklərini seyr etməyimi
istəyirdi. Hələ Bakıda olarkən ona Culfaya gedəcəyimə
söz vermişdim. Amma bir gerçək də var idi ki,
qardaşımız, şair dostumuz İbrahim Yusifoğlu uzun
zaman idi ki, məni Şərurda görmək istəyirdi. Hətta
ötən səfərimdə Şərura gedə bilmədiyimdən
bir balaca incimişdi də. Yaşda da, yaradıcılıqda
da çox-çox samballı olan böyük qardaşım,
qələm dostum İbrahim Yusifoğlu bu səfərimdən
də xəbərdar idi və dəfələrlə zəng
vurub bildirmişdi ki, gözləyirəm, Şərura gəl!
Lap istəyirsən özüm gəlib səni aparım. Ona
görə də qərara gəldim ki, bu dəfə Şəruru
ziyarət edim. Bir şərur gözəlliklərinin gözəlləməsini
yaddaşıma, ürəyimə köçürüm…
Bax, elə bu niyyətlə də Şərura getməyə
üstünlük verdik. Fərəc müəllimin
könlünü oxşayıb onun
razılığını aldım və çox ciddi şəkildə
bildirdim ki, növbəti səfərim mütləq Culfaya
olacaq.
Son dərəcə təmkinli, ağırtəbiətli,
necə deyərlər, danışığı da, hadisələrə
münasibəti də əsl köhnə kişilərə
xas bir formada olan Fərəc müəllim incidiyini büruzə
verməmək məharətilə bizim Şərura getməyimizə
etiraz etmədi. Sadəcə onu dedi ki, bax,
razılaşdıq ha, növbəti gəlişin Culfaya
olacaq!..
Bəli, bu dəfə də sükan arxasında
Əbülfəz idi. Burda bir məqamı mütləq qeyd
etməliyəm. Əbülfəz Ülvi şair kimi nə qədər
məharətli, mükəmməl söz ustasıdırsa,
bir o qədər mükəmməl sürücüdür. O,
sükan arxasında imtahan verirmiş kimi bütün hərəkət
qaydalarını elə ustalıqla yerinə yetirirdi ki, mən
baxdıqca öz nöqsanlarımı, öz
sürücü kasadlığımı xatırlayıb
içimdə yaxşı mənada utanırdım. Üstəlik,
Əbülfəz müəllim həm də söhbətcil
yol yoldaşı kimi informasiya verməyi də çox
yığcam, həm də yaddaqalan bir şəkildə dilə
gətirirdi. Onun hər sözündən, hər cümləsindən
sonra Naxçıvandan Şərura doğru uzanan yolun sağ
və sol istiqamətləri bir kitab kimi gözümün
qarşısında vərəqlənirdi.
Biz Şərura tərəf istiqamət götürəndə
çox dəyərli yazıçı-publisistimiz, Azərbaycan
mətbuatında özünəməxsus imzası,
sözü, dəst-xətti olan dəyərli Hüseyn
Əsgərov öncə Asim müəllimin telefonuna zəng
vurdu, sonra da mənim. Bizimlə ola bilmədiyinə görə,
üzrxahlıq etdi. Və səbəb kimi də öncə
çalışdığı işin, sonra da əsl müsəlman
kimi oruc tutmasını vurğuladı. Təbii ki, oruc
tutmuş bir Allah bəndəsinin bizimlə Şərura səfər
etməsi, orda baş tutacaq ziyarətə qatılması o qədər
də münasib sayıla bilməz. Və bu mənada mən də,
Asim müəllim də Hüseyn Əsgərovun
üzrxahlığını tam səmimiyyəti ilə qəbul
etdik. Və onun iradını mən şəxsən nəzərə
alaraq söz verdim ki, bir daha dini bayramlar zamanı
Naxçıvana səfər etməyəcəm.
Çünki burdakı dostların fəaliyyət
proqramı, həyat tərzi, dünyaya, cəmiyyətə
baxışları bəzən mənim yanaşmalarımla
düz gəlmir. Bu da istər-istəməz dostları narahat
edir…
Öncə Kəngərli rayonunun ərazisinə daxil
oluruq. Yaşı o qədər də böyük olmayan bu
rayon və onun ərazisi ilk andan, yəni rayon ərazisinə
daxil olduğum məqamdan mənim diqqətimi çəkməyə
başlayır. Demək olar ki, bu ərazi bir az
Qarabağın, xüsusilə Füzulinin, Cəbrayılın
torpaqlarını xatırladır. Yolboyu əkilmiş
ağaclar, daha çox da meyvə ağacları adamın həm
gözünü oxşayır, həm də
könlünü. Yenicə saralmağa başlayan əriklər,
alça ağacları və digər meyvələr, o
cümlədən də salxımlanmış bir şəkildə
budaqları aşağı əyməyə başlayan alma
ağacları bolluğun, bərəkətin əsl nümunəsidi.
Asim müəllim söyləyir ki, rayon yaşca cavan olsa da,
onun inkişafı, burada aparılan tikinti-abadlıq işləriMuxtar
Respublika rəhbərliyinin diqqəti sayəsində demək
olar ki, aybay uğurlara qovuşur.
Həqiqətən də Kəngərli rayonunun
magistral yolunun kənarındakı mənzərəsi məktəb,
xəstəxana binalarının gül-çiçəyə
qərq olması, onların arxiterkturası, xüsusilə kəndarası
yolların səviyyəsi adamı məmnun edir. Hətta hərdən
dostlarıma deməsəm də, ürəyimdə bu gözəlliyə,
bu səliqə-səhmana ürəyimdə bir həsəd
hissi də baş qaldırır. Öz-özümə
söyləyirəm ki, bu iş üslubu, bu qurub–yaratmaq və
insanlara xidmət etmək mexanizmi niyə bütün
respublikamızda eyni səviyyədə deyil? Burda bir zarafat də
keçir ürəyimdən: ölkənin məsul
işçilərini, rayon rəhbərlərini
Naxçıvanda təcrübə keçməyə
göndərmək zamanı gəlib çatıb?!.
Hər halda, mən bu zarafatı sevgiylə
bütün Azərbaycanın gözəlliyi naminə arzu
edirəm, dilə gətirirəm. Qəlbimdə başqa bir
niyyət yoxdu. Düşünürəm ki, Naxçıvana
səfər edən hər bir duyğusal insan
gördüyü bu mənzərənin özünün daimi
yaşayış yerində olmasını da ürəyindən
keçirər. Elə bu fikirlərin qoynunda olduğum zaman
Asim Yadigar əliylə dağlara tərəf uzanan yolu
göstərib deyir:
– Bax, bu yol Qarabağlar kəndinə gedir. Kəngərlinin
ən böyük kəndlərindən biridi.
Söz içimdə bir şimşək kimi
çaxır. Qarabağlar sözü mənə
Qarabağı yenidən xatırladır. Yenidən gözlərimin
önündən Şuşanın, Xocavəndin,
Laçının, Zəngilanın, Qubadlının və
digər rayonlarımızın yolları gəlib keçir.
Təəssüf ki, bu yollar hələ ki, üzümüzə
bağlıdı…
Yolun kənarındakı lövhə diqqətimdən
yayınmır. O lövhədə yazılıb: Şərur
rayonu! Və bir də «Xoş gəlmisiniz».
Tam səmimi deyəcəm. Adını tez-tez
eşitdiyim, ziyalılarıyla, önə
çıxmış isimlərilə fərqlənən,
özü də təkcə Naxçıvanda yox,
bütün Azərbaycanda özəl imicə məxsus olan
Şərur rayonu doğrudan-doğruya bir
yaşıllıqlar diyarıdı. Eləki, rayon ərazisinə
daxil olduq, Asim müəllim, həmçinin sükan
arxasında olmasına baxmayaraq Əbülfəz müəllim
mənə artıq bilgilər verməyə başladılar.
Öyrəndim ki, 220-dən artıq kəndi olan bu rayonun
çox böyük potensialı var: həm təsərrüfat
baxımından, həm də ziyalılıq
baxımından. Doğrudur, mən Şərura getməmişdən
öncə bilirdim ki, tanıdığım insanlardan bir
neçəsi məhz Şərurdan Azərbaycan arenasına
çıxıbdı – həm elm, təhsil sahəsində,
həm bədii yaradıcılıqda, həm də
ictimai-siyasi həyatımızda. Onlardan biri çox hörmətli
söz adamı, yazıçı-publisist, şairə Sona Vəliyeva
məhz bu rayonun Tənənəm kəndində dünyaya gəlibdi.
Bax, Asim müəllimin göstərdiyi bu yol məhz həmin
kəndə tərəf uzanıb gedir. Digər yol isə
görkəmli akademikimiz İsa Həbibbəylinin
doğulduğu Danyeri kəndidi. Asim müəllmi onu da
vurğulayır ki, kənd öncə daha yüksəklikdə
olub və həmin ünvan da Danzik kimi adlanıb. Sonradan kənd
sakinləri daha uyğun bir mövqeyə köç ediblər.
Müəyyən səbəblərdən reallaşan bu
köç özü ilə birlikdə kəndin
adını, kökünü də gətiribdi. Yəni,Danzik
əvəzinə Danyeri adlanıb bu kənd. Elə əsas
magistraldan ayrılan yolun özünün durumu bu kəndin
ümumi mənzərəsindən xəbər verən,
xoş təəssürat yaradan bir nümunədi.
Dostlarımın söylədiklərindən öyrənirəm
ki, bu kənddə də məktəb, xəstəxana,
uşaq bağçası, ümumiyyətlə, həyat səviyyəsinin
özü insanların rahatlığına, normal
yaşayışına tam uyğundu. Və mən öncədən
bilsəm də, eşitdiklərimin ipucundan tutub onu da öyrəndim
ki, Naxçıvan Ali Məclisinin sədri hörmətli
Vasif Talıbov cənabları da Şərur rayonunun
Aşağı Aralıq kəndində doğulub. Və onun
bütün Naxçıvanla yanaşı, özünün
doğulduğu rayona da etdiyi səfərlər zamanı
qarşıya çıxan hər bir problemin çox qısa
vaxtda aradan qaldırılmasına özü şəxsən
nəzarət edir. Ona görə də rəhbər
işçilər, məsul şəxslər
çalışırlar ki, ən xırda problemi də dərhal
aradan qaldırsınlar ki, rəhbərliyin tənqidinə məruz
qalmasınlar.
Bu da Şərur
rayonunun mərkəzi. İbrahim müəllimlə görüşməmişdən
öncə dostlarımdan
xahiş edirəm ki, bir az Şərurun içərisində gəzib
dolaşaq. Adını eşidib üzünü
ilk dəfə gördüyüm
bu cənnət-məkanın
gözəlliklərini seyr
edək. Belə də
edirik Rayon mərkəzindəki
səliqə-səhmana kiminsə
irad tuta biləcəyinə inanmıram.
Burda kəndlə şəhər
sanki qovuşub, bir-birini tamamlayıb.
Rayon mərkəzində həm şəhər ab-havası, həm də kənd yaşam tərzi elə qovuşub, elə paralelləşib ki, bu, adamda
daxili bir rahatlıq yaradır.
Şəxsən mən gördüyüm
bu mənzərənin
içərisində şuşalı
günlərimi, ağdamlı
günlərimi, füzulili
günlərimi atüstü
də olsa gəzib, dolanıb qayıtdım. Və bir
də gördüm ki, gül-çiçəyin
əhatəsində olan,
qarşısında da
bir xeyli insanın dayanıb söhbət etdiyi binanın önündəyik.
Bu ikimərtəbəli, səliqə-səhmanı ilə
diqqət çəkən
bina Şərur rayon Təhsil Şöbəsinin
yerləşdiyi ünvandı.
İbrahim Yusifoğlu burda
çalışır.
(Ardı var)
Ədalət.-
2018.- 12 iyun .- S.5.