Saçlarında
qəm əkir, sözün şəklini çəkir...
"Lerik" qəzetinin baş redaktoru, Əməkdar
jurnalist İdris Mütəllim oğlu
Şükürlünün "Çəkirəm
dünyanın şəklini sözlə" şeirlər
kitabını başdan-ayağa oxuyub qurtardıqdan sonra
kitabın redaktoru olan şair Xalid Mahmudun ön sözdə
dedikləri bir daha beynimdə əks-səda verdi: "O,
dünyanın gözəlliklərini öz mənəviyyatında
əks etdirir. Əsərləri də İdris
müəllimin şəxsiyyəti kimi bütövdü,
safdı".
Doğrudan da, İdris
Şükürlü həyatda bir insan kimi necədirsə,
hansı saflıqdadırsa, o necəliyi, o saflığı
da yazdıqlarında üzə çıxardır. Burada Xalid müəllimin İdris müəllimlə
bağlı dediyi "dünyanın gözəlliklərini
öz mənəviyyatında əks etdirməsi" fikri
üstündə bir az ayrıca dayanmaq istərdim.
"Dünyanın gözəlliklərini
öz mənəviyyatında əks etdirmək" prinsipcə
humanizmin insan simasında təcəssümüdür. Dünyanın gözəllikləri İdris müəllimin
şüşə kimi - güzgü kimi təmiz və parlaq
olan qəlbində şəffafıqla əks olunur və
oradan da yazdıqları vasitəsilə cəmiyyətə
ötürülür. Axı insan (yazar) mahiyyətcə
özünü - öz iç dünyasını, mənəvi
aləmini yazır və bunu cəmiyyətə oxucu vasitəsilə
təqdim edir. Əslində "dünyanın
gözəlliyi" dedikdə elə insanın gözəlliyi
başa düşülməlidir. Çünki
bu dünyamızı (elə o dünyamızı da!) gözəlləşdirən
insandır. Ona görə ki, insan təbiət
gözəlliyinə baxıb bu gözəllikdən zövq
duyursa, bu, həm də elə gözəlliyi görə bilmək
və dəyərləndirmək nisbətində insanlara bu
gözəllikdən xoş aura ötürməkdir. İkincisi, insan yaradıcı-qurucu əməyi sayəsində
bu dünyada gözəlliklər yaradıb dünyamızı
gözəlləşdirir. Üçüncüsü,
gözəllik anlayışı insanın daxili-mənəvi
aurasında bərqərar olmalı və insandan insana gözəl
hisslər aşılamalıdır və s. Beləliklə, həyata
baxsan, gözəllik məfhumu insan amilindən kənarda
cansız, mənasız görünər. Və bütün
bu deyilənlərin üstündən bir daha təkrar edib
deyirəm ki, dünyanı gözəl edən də
insandır, çirkin edən də... Və nə
yaxşı ki, dünya gözəllikdən xali deyildir və
o gözəllik ovqatını daşıyanlardan biri də
bizim jurnalist həmkarımız, şair dostumuz İdris
Şükürlüdür. Ona görə də onun
yazdıqlarında gözəllik dünyası dil
açıb danışır:
Haqqı üzə çəkdim, buxovlamadım,
Araz tək açıldı
hörüklü şeirim.
Torpağın ətrini, dadını duydum,
Torpaqdan güc aldı ürəkli
şeirim.
Bəli, onun şeiri Araz çayı kimi
təbii şəkildə sözlərdən hörük
bağlayıb sinədən süzülərək axır,
çünki haqq sözdür, haqdan gələn
sözdür, haqdan gəldiyinə görə də cəsarətlə
deyilmiş, ürəkdən gələn "ürəkli
söz"dür. Təsadüfi
deyildir ki, bu şeirin ilk misraları belə başlanır ki,
"ürəksiz yazılan sözlər görmüşəm,
hardasan, hardasan, ürəkli anlar?". Burada şair "ürəksiz yazılan sözlərə"
etiraz edib, "ürəkli anları" soraqlayır. Yəni demək istəyir ki, söz ürəkdən
gəlməyəndə zəif, cılız təsir
bağışlayır, sözü də gərək həm
məqamında, həm də cəsarət sahibi olub ürəklə
deyə biləsən. Sözü ürəklə
deyə bilmək üçün isə gərəkdir ki,
ürəkli olasan, qorxmaz olasan. Ürəkli
olmaq üçün isə "ürəkli anlar" deyilən
bir ovqatı yaşamalısan, o ovqatı yaşaya bilmək
üçünsə gərəkdir ki, haqq sözü,
düz sözü deyəsən, ədalətli olasan. Bəli, insan haqlı olanda, sözü də ürəkdən
gəlir, özü də cəsarətli olur, sözü də
ürəkli olur. Yəni cansız dediyimiz sözü
cana gətirən insandırsa, ikinci bir tərəfdən də
sözün canla-başla, ürəklə deyilməsidir, bax
bu məqamda söz sahibinin özü kimi sözü də
"ürəkli" - cəsarətli olur. Məhz İdris
Şükürlünün bir vətəndaş-şair kimi
istəyi odur ki, insan sözündə və əməlində
haqqın və ədalətin carçısı kimi
çıxış etməli və bu zaman möhkəm, qətiyyətli
olan özü kimi sözü də kəsərli, ötkəm
- öz təbirincə desək, "ürəkli
söz", "ürəkli şeir" olmalıdır.
Bəlkə də bu misraları İdris müəllimə
diktə eləyən hissin bir səbəbi də onun
jurnalistlik peşəsilə bağlıdır ki, jurnalist
öz qələmi, sözü ilə cəmiyyətin
haqqını müdafiə edib, qanun-ədalət
keçikçisi olmalı və bu səbəbdən də
sözü də ürəkdən gəlməlidir. Başqa cür ifadə etsək, İdris müəllim
sanki şair olanda da jurnalist mövqeyindən
çıxış edib, öz sənətinin ifadəçisinə
çevrilir. Dediyimiz amili növbəti misralar da
dolayısı ilə də olsa, təsdiqləyir:
Hardasa misrada büdrədi bir söz,
Əlini tutmadım, yıxıldı
qaldı.
Gördüm sinəsində nə od
var, nə köz,
Lazımsız şey kimi
yıxıldı qaldı.
Fikir verin, bir tərəfdən bədii sözün
urvatını qorumaq uğrunda çağırış edir
("hardasa misrada büdrədi bir söz"), bu
"büdrəyən misra"nın əlindən
tutmur, nəticədə o misra yerindəcə
"yıxılıb qalır" - ölümə məhkum
olur. "Gördüm sinəsində nə od var, nə
köz" - misrası ilə müəllif həmin
misranın əslində bədii cəhətdən
sönük (odsuz-közsüz) olduğunu deyir, belə zəif
misraları - şeirləri özünün timsalında
bütün yazarlara xitabən yerindəcə
"öldürməyi" - "makulaturalıq eləməyi"
məsləhət görür. Bununla bir şair kimi İdris
Şükürlü şeirində bir ədəbi tənqidi
ruhunda da çıxış etməyi bacarır:
"Sinəsində odu-közü
olmayan" bədii cəhətdən zəif nümunələrin
"lazımsız şey kimi yığılıb
qaldığını" bəyan edir. Demək və tövsiyə etmək istəyir
ki, qələmdaşlarım, siz də bədii dəyəri
olmayan misralarınızı - içinizdən gəlməyən,
qəlbinizin odunu- közünü verib isidə bilmədiyiniz
sözlərinizi elə yerindəcə qoyun qalsın,
çünki söz ürəkdən gələndə
odlu-közlü olur, təsirli olur. Elə bu tövsiyənin
mabədi kimi də davam edir ki:
Susmasın ətalət məngənəsində,
Ürəkli olmalı bu gün
sözümüz.
Bu minvalla sözümüzün də
özümüz kimi "ürəkli olmasını" istəyir,
canlı olmasını arzulayır. "Ətalət məngənəsində
susmamağın" təbliğatçısı kimi
çıxış edən şair-publisist İdris
Şükürlü eyni zamanda cəmiyyətə bir vətəndaş
həmrəyliyi də nümayiş etdirir ki,
"Yaxşını yamandan ayıra gərək tərəzi
gözümüz, ölçü gözümüz".
Bununla gözümüzün gördüklərini
tərəzidə-çəkidə, ölçüdə
düzgün qiymətləndirməyimizi təlqin edir. Yaxşı və yaman (pis) tərəflərin nisbətini
görən gözlərimizlə düzgün müəyyənləşdirməklə
sözümüzü də haqq-ədalət
carçısı kimi ürəklə dilə gətirib
"ürəkli söz-şeir" sahibi
olmağımızı bəyan edir.
Məncə, insanın gözəlliyi onun
mənəvi dünyasının saflığında öz
ifadəsini - daha aydın ifadəsini tapır. Bu saflıq isə öz
rişəsini həqiqətə söykənməkdən
alır. İdris Şükürlü bir publisist kimi
özünün publisistik yazılarında olduğu kimi
şeir adına yazdığı örnəklərində
də şair kimi haqqın-ədalətin carçısı
olaraq çıxıs edir. Publisistikası -
jurnalistliyi şairliyinin, şairliyi də jurnalistliyinin tənböləni
olub, fəqət bu tənbölənin tərəflərinin
bir-birilərini üzvi vəhdətdə tutularaq
tamamlaması faktı İdris Şükürlü şəxsiyyətinin
bir bütöv kimi özü-özünü
tamamlamasının sənətdəki
(yaradıcılıqdakı) inikası kimi
düşünülməlidir.
Əgər insan özündə - şəxsiyyətində
və sənətində bir-birini tamamlayırsa, bu özü
də bir özübütövlüyün -
sözübütövlüyün mükəmməl göstəricisi
olub, oxucu gözündə özünəiman və nüfuz
qazanmağın bir ümdə, səciyyəvi keyfiyyətidir. İnsan öz
sözünün ağası olmalıdır. Bir ordunun gücünə bərabər olan
sözün qüvvəsinə bələdçilik edən,
sözü həmişə uca bir məqama qaldıran qələm
adamı, öz yazılı
sözünün-yazdığının ağası
olduğunu məhz bu cür keyfiyyətlərə yiyələnməklə
mümkünləşdirə bilir.
Sözünün-yazılı sözünün ağası
olan söz adamı İdris Şükürlüyə həmişə
sözünün beləcə ürəkdən gəlməsini
və sözünün ağası kimi qalmasını
arzulayıram!
İmza: Şakir Əlifoğlu,
filologiya üzrə
fəlsəfə doktoru
Ədalət.- 2018.- 12 iyun.- S.8.