AZƏRBAYCAN
CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA
QƏZASINI TƏMSİL EDƏN ŞƏXSLƏR
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
Məclisi-Məbusanın
1918-ci ilin dekabr
ayının 26-da keçirilmiş beşinci iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yeni
təşkil ediləcək hökumətinə
"Əhrar" fraksiyasının münasibəti barədə
çıxış edən Abdulla bəy,
millətin, vətənin mənafeyinə xidmət etməyin quru sözlərdən
və boş vədlərdən ibarət
olmadığını qeyd edərək,
yeni hökumətin ciddi
fəaliyyət göstərməyə və fədakarlıq
etməyə doğrudan-doğruya
hazır olduğunu nümayiş
etdirəcəyi təqdirdə, arxasında "Əhrar"
fraksiyasını görəcəyini və onun
dəstəyini qazanacağını bildirir,
zamanın əhəmiyyətini, siyasətin həssaslığını
nəzərə alaraq təmsil etdiyi fraksiyanın yeni
hökumətə etimad göstərdiyini
bəyan edir.
Daha
sonra yenidən təşkil ediləcək
hökumət kabinetinə "Əhrar"
fraksiyasının münasibəti barədə geniş və əhatəli
çıxış edən Abdulla bəy,
dünya savaşının bəşəriyyət
tarixində misli görünməyən, ölçü və çəkiyə gəlməyən
can, mal və pul itkisinə səbəb olmaqla yanaşı, istibdadın və
qaniçən millitarizmin əsaslarını
dağıtdığını, üsul-idarələrin
mahiyyətini dəyişdiyini, yüz illər
boyu demokratiyanın bərqərar olmasından
qorxan və həmişə onun əleyhinə çıxan sosial sinifləri bu gün istər-istəməz demokratiya
tərəfdarı etdiyini, "hər
millət öz müqəddəratını
təmin etməyə haqlıdır" kimi
müqəddəs və ali fikirləri doğurub meydana gətirdiyini
qeyd edir. Bu gündən etibarən millətlərin təkamülünün
onların diriliyindən və fədakarlıqlarından
asılı olduğunu vurğulayır və
təmsil etdiyi fraksiyaya
""Haqq alınar, verilməz!" Hüquqi-bəşəriyyəyi ancaq
ləyaqəti olan, onun
yolunda qurbanlar verən
və hava su kimi onun qədr və qiymətini
bilən millətlər malik olacaqlar" gerçəyinin məlum olduğunu, azadlıq yolunda
heç bir fədakarlıq
göstərməyən millətlərin yenidən müstəmləkə
əsarətində yaşamağa
məcbur qalacaqlarını və keçmişdən daha dəhşətli bir əsarətə
məhkum olacaqlarını ifadə edir.
Çıxışını davam etdirən
Abdulla bəy, bəşər tarixində
parlaq ad
qazanmış türk millətinin bir hissəsini təşkil edən Azərbaycan
türklərinin baş verən son hadisələr nəticəsində
öz diriliyini və bu diriliyi sayəsində hər
hüquqa malik ola biləcəyini isbat etdiyini, bu millətin (Azərbaycan
türklərinin) hər cəhətdən müstəqil yaşamağa layiq millətlərdən
olmasını və mədəni millətlər sırasında
məqam tutmağa haqlarının olduğunu dilə gətirir. Abdulla bəy hökumətin
istiqlalın elanından keçən altı-yeddi aylıq dövr ərzindəki fəaliyyətinə
qiymət verərək, "Təəssüflər olsun ki, millətimizdə gördüyümüz diriliyi,
fədakarlığı bu ana kimi hökumətimizdə
görmədik. Fəqət, nə etməli keçən
keçibdir. Hal-hazırımızın
siyasəti böyük əhəmiyyət
kəsb etməklə bərabər öylə nazik, öylə incə məqamlara varıb ki, həm parlament və həm
hökumət tərəfindən böyük
çalışqanlıq və həkimanə bir taktika istər"
şəklində münasibət bildirir.
Məclisi-Məbusan qarşısında duran başlıca vəzifənin ədalətli
seçki qanunu
hazırlayaraq, həmin qanun əsasında
Müəsisslər Məclisini çağırmaq olduğunu bildirən Abdulla
bəy, ancaq bu yolla toplanılmış məclisin vətənin
ağır vəzifələrini daşımaqda haqqı olduğunu ifadə edir.
Yeni təşkil
ediləcək hökumətin qarşısında duran vəzifələr barədə
danışan Abdulla bəy, onun parlament
qarşısında hesabatlı olmalı olduğunu
və parlamentin göstərdiyi yollar ilə getməli olsa
da, müstəqil, möhkəm, müttəhid,
mötəbər və mükəmməl icra hakimiyyəti orqanı funksiyasını icra etməli olduğunu qeyd edir. Daha
sonra o, fikrini obrazlı ifadə edərək
cümhuriyyəti bir bədən kimi təsəvvür etdikdə həmin vücudun başının Məclisi-Məbusan,
digər mühüm üzvünün
isə hökumət olduğunu söyləyir.
Gözün görmək, qulağın eşitmək, əlin
işləmək, dilin danışmaq üçün olduğunu,
bu üzvlərdən hər birinin öz funksiyaları
ilə yanaşı, əsas məqsədlərinin bir ruha, bir
bədənə xidmət etmək olmasını qeyd edir. Bədən üzvlərindən birinin
öz funksiyasını yerinə yetirə
bilməməsinin bədənin məhvinə səbəb olduğu kimi, hökumət
üzvlərinin də vəzifələrini icra
edə bilməmələrinin vətəni və milləti böyük fəlakətlərə düçar edə biləcəyini bildirir. Nazirlərdən hər birinin onlara həvalə edilmiş sahənin mütəxəssisi
olmasının və fəaliyyətlərini ölkənin mövcud durumuna müvafiq şəkildə qurmalarının vacibliyini dilə gətirərək "Daxili işlərlə məşğul olmayan nazirin daxili naziri namini
daşımağa həqqi yoxdur. Maarif işləri ilə məşğul olmayan nazir maarif
naziri namini
daşıyamaz və həkəza bunlar sabiq hökumət tərəfindən bizə
verilən bəyənatın ziddinə olaraq
hərəkət etməlidir. Yəni siyasət incəliyinə
hər nazir ixtisas dairəsində
fəaliyyətini çoxaltmalıdır. Rabiən
ayrı-ayrı nazirlərin yürütdüyü
siyasət ümumi vətən siyasətinə
zidd olmamaq şərti
ilə onların bütün heyəti yəni
heyəti-vükəla ümumi işlərdə
bir vücud kimi hərəkət etməlidirlər. Belə
olmaz isə övzayi-vətən şimdiki halından dəxi fəna hallara düşəcəkdir" söyləyir.
Daha sonra
çıxışını davam etdirərən
Abdulla bəy ölkədəki mövcud sosial problemlər
haqqında ətraflı tənqidi fikirlərini məclis
üzvlərinin nəzərinə çatdırır. Yaranmış bu vəziyyətdən
çıxmaq, siyasi, sosial-iqtisadi
problemlərin həlli yollarını tapmaq
və onları həll etmək üçün
təmsil etdiyi fraksiyanın mükəmməl
bir hökumətin formalaşmasına
yardım edəcəyini bildirir, milli və dini mənsubiyyətindən
asılı olmayaraq, vətəndaşların
bərabərhüquqluluq və bütün
azadlıqların təmin edilməli olması prinsipinə
riayət edilməsinin vacibliyini
vurğulayır. Bu çıxışında Abdulla
bəy, ölkədəki ağır iqtisadi
vəziyyətə toxunaraq əkinçi
və fəhlələrin vəziyyətlərinin əsaslı
şəkildə yüngülləşdirilməli olduğunu dilə gətirir, aqrar
məsələnin həlli yollarına təmsil etdiyi fraksiyanın baxışını ortaya qoyaraq, əvvəllər
iri
mülkədarlara və dövlət adamlarına məxsus olmuş torpaq sahələrini
xəzinəyə təslim edərək, əkinçi ailələrinin
say tərkibi nəzərə alınmaqla
onlar arasında
paylaşılmasının, xəzinəyə cəlb edilmiş xüsusi
torpaqların əvəzinin ödənilməsi məsələsinin
Müəssisələr Məclisinə həvalə edilməsinin
vacibliyini qeyd edir. Kəndlilərə paylanılmış
torpaqların sonrakı dövr ərzində
yenidən varlı şəxslərin əlinə keçməsinin
qarşısını almaq məqsədilə
pay torpaqlarının alqı-satqı yolu ilə özgəninkiləşdirilməsinin
qadağan edilməsini təklif edir. Sənaye sahəsində
çalışan fəhlələr üçün
günlük 8 saatlıq iş
rejiminin tətbiq olunmasının,
onların rifah halının
yaxşılaşdırılması istiqamətində qanunvericilik səviyyəsində ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayaraq,
kasıb təbəqələrin vergi
yükünün azaldılması məqsədilə
onlardan alınan bütün
vergiləri ləğv edərək, yalnız gəlir vergisinin tutulmasını təklif edir. Təhsil siyasətinə
münasibətdə təmsil etdiyi fraksiyanın
mövqeyini məclis üzvlərinin nəzərinə
çatdıran Abdulla bəy, Cümhuriyyətin
maarifə olan ehtiyacının digər bütün ehtiyacların fövqündə
dayandığını, bütün fəlakətin
əsas səbəbinin maarifin yoxluğundan qaynaqlandığını vurğulayaraq, hər kəsin
məcburi qaydada pulsuz
ibtidai və ümumi
təhsil almaq hüququnun
reallaşdıra bilməsinə şərait
yaradılmasının, məktəblərin mümkün
qədər tez milliləşdirilməsinin,
ölkədə ümumi məktəblərdən
başqa, müəllimlər
institutlarının, hərbi, sənaye, ticarət, əkinçilik
sahələri üzrə ixtisaslı kadrlar
hazırlayan məktəblərin açılmasının,
müəllimlərin rifah halının
yaxşılaşdırılması istiqamətində təsirli
tədbirlərin görülməsinin zəruriliyini ifadə edir. Abdulla bəy təhsil sahəsi üzrə görülməli
olan işlər sırasında cari ildən (yəni 1919-cu ildən) etibarən
universitetin təsis edilməli olduğunu, bundan əlavə
sadə camaatın anlaya biləcəyi üslubda qələmə alınmış siyasi, elmi qəzet və
jurnalların, təlim-tərbiyəyə dair əsərlərin çoxtirajlı nəşrinin
və yayılmasının təşkilinin vacibliyini
qeyd edir.
Çıxışında dövlət idarəçiliyinin
səmərəli təşkili məsələlərinə
toxunan Abdulla bəy,
hökumət idarələrinin ixtisaslı kadrlara
olan ehtiyaclarını qarşılamaq məqsədilə
xüsusi kurslar
açılmasını və həmin idarələrin
(hökumət idarələrinin) qısa zaman
ərzində milliləşdirilməsini, bütün
rəsmi yazışmaların türk
dilində aparılmasının təmin edilməsini təklif
edir. Məhkəmə-ədiliyyə
sistemi sahəsində həyata
keçirilməli olan islahatlardan
bəhs edərək məhkəmələrin demokratik
üsul üzrə təsis edilməli olduğunu, fərdlərin dini
inanc və milli mənsubiyyətlərinə
fərq qoyulmadan yalnız cümhuriyyət
qanunları əsasında mühakimə edilmələrinin,
təcili surətdə yerlərə təftiş
komissiyaları göndərərək, "rüşvətxor
və xain xidmətçilər"in vəzifələrindən
uzaqlaşdırılaraq ədalət divanına təslim
edilməsinin zəruriliyini vurğulayır. Ölkədə
müşahidə edilən ərzaq
qıtlığını aradan
qaldırmaqdan ötrü
bu sahənin
"möhtəkirlər və müstəbidlər əlindən
xilas edilməli olduğunu
söyləyən Abdulla bəy taxıl, çit, yağ, qənd, çay, sabun və başqa ləvazimatların təmini
qayğısına indidən qalınmalı olduğunu
bildirir. Yol infrastrukturunun
yenilənməsi və təkmilləşdirilməsi istiqamətində
əsaslı işlərin görülməli olduğunu
dilə gətirən Abdulla bəy
köhnə şose yollarının təmir
edilməli olduğunu, eləcə də
hər yerdə yeni yolların
salınmasının, bir zamanlar
mövcud olmuş Orta Qafqaz dəmir yolu layihəsinin
reallaşdırılmasının vacibliyini
vurğulayır.
Abdulla
bəy ölkədə səhiyyə xidmətinin təşkili
vəziyyətinə toxunaraq yerlərdə
pulsuz müalicəxanaların
açılmalı olduğunu və həmin
səhiyyə müəsissələrinin ucuz
qiymətə əldə edilmiş dava-dərmanla
təmin edilməsi məsələlərinə diqqətin
ayrılmalı olduğunu bildirir.
Çıxışında milli təhlükəsizliyin qarantı olan
ordu quruculuğu prosesinin təşkili məsələsinə
fraksiyasının münasibətini bildirən Abdulla bəy, milli
istiqlalın əsas sütununun sağlam və güclü
bir orduya malik olmaq olduğunu
dilə gətirərək deyir:
"...bizləri Azərbaycana sahib edəcək, qüvvə, bizə ordumuz olacaqdır. Ordu sağlam və mohkəm bir
qüvvə təşkil edirsə, hökumət də ona istinadən iş
görə bilir, millət də onun sayəsində tərəqqiyə üz qoyub millətlər
sırasına keçir".
(ardı
gələn sayımızda)
Vüsal
Baxışov
Şəki
Ədalət.- 2018.- 13 iyun.- S.7.