ŞAİRANƏ
İBADƏT
Dərviş şair Rafiq Odayı oxurkən
düşündüklərim
Qartalı zirvədən vurub düşürmək,
zirvəni zirvədən düşürmək deyil...
Günümüz elə günə gəlib mehman olub ki,
şeytanın katibi olan nəfis ürəyimizə, qəlbimizə
dörd fəsli də payız donunda göstərməyə
çalışır. İçindən keçib gəldiyimiz,
ala bilmədiyini satma dövranı artıq dündən
çox-çox o yana olan "mərdanəlik məzarlığına"
dəfn edilməkdədir. Haqqa heyranlıq duyğusunun ili
çıxıb, insanın özünə olan sevgisi, ədəb-ərkan
öləziyir. İçimdə bir sual, bir hayqırışın
səsi günü-gündən yüksəlir. Axı hara
gedir bu dünya? Cavab axtarıram, köməyimə
çağımızın dərd-sərinə dilmanclıq
edən dərviş şair Rafiq Odayın "Qərib
ruhların nəğməsi" çatır...
Sahibi var bu mizanın,
Onun rizasın qazanın.
Haqqın yolunu azanın,
Harayına "Quran" gəlir.
Burdan bu yana qərib ruhların nəğməsinə
qol qaldırıb səma yapacam... Qoşulmaq istəyən
varsa buyursun. Deyirlər əsl ibadət Allahı sevməkdir, ən
azından unutmamaqdı. Bizlər buna nə qədər nail
oluruq görən? Bəlli deyil faiz dərəcəsi. Amma deyim
ki, demədi deməsinlər, bu faiz qara qan gələnə qədərdi:
Bu örkən uzun örkəndi,
Durum, dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.
İnsanlığın, duyğunun Kəbəsi olan
könlümüzdə iblisə yer veririk çox zaman...
Unutmayaq, insanın dünyayla təmasının ortağı
olan gözün nuru, rişəsini könüldən
alır... İbadətin hədiyyəsi olan könül
hüzuru daha könüllərin qapısını
döymür. Bəlkə də tövbə etməyin
zamanı, zamanımızın ta yanındadı, bəlkə
də gec qalmışıq. Bəlkə buna görədir ki:
Qəm nədən can atır həp bizə doğru?
Bir də haçan gələr təb bizə
doğru?
Yönümü çevirin Təbrizə doğru,
Çağırın qəbrimi qazanı gəlsin,
- deyib yaxasını qələmimdən çərtmək
istəyir Rafiq Odayın qərib ruhu... Ay hay... Yolçuluq hələ
təzə başlayıb, qardaş... Gəl bir az bərabər
yürüyək.
...Vicdanımız yaralı quşa bənzəyir, hey
çırpınır övladını itirmiş şəhid
anası kimi özünə yer tapa bilmir. Bəlkə də
lap indicə zamanıdı tövbənin.
Fəqət deyirlər ki, tövbə atı ürkək
olar. Bir az səmimi olmaq gərəkir... Olaq... Tələ
qurmaq, şər atmaq şeytan inancına müridlik etməkdən
başqa bir şey deyil. Sənin şeir bağçana
daş atan bilsə ki, o daş orda ruhən huzur bulacaq
qıyıb atmaz. Qıyımsız daşa belə huzuru
qıymır.
...Mənə görə dəyərin dəyəri bədəldi.
Onda ey yol kəsənlər, siz yol kəsmirsiniz, yolçunu kəsirsiniz
ki, vaxt, bivaxt bədəlini ödəyəcəksiniz.
Alnımıza yazılanlar baxdan gələndi,
Günahımız, savabımız
haqdan gələndi.
Çox nahaqqın döngəsində
haqq döngələndi,
Haqq oğluna haqq danışmaq
yasaqdı gördüm.
Onu da demək gərəkir ki, bu dərviş
şairin yolu çox ucalardan keçdiyi üçün hər
atılan şər ona yetişmir.
...Unudulmamalıdır ki, səbəb nəticədən
hər zaman öndür, ona görə də etmədən
düşünmənin gərəkməsi gərəkir...
...Sərxoş cinayət işləyir, sonra da
günahını yüngülləşdirmək
üçün özümdə deyildim deyir. Amma bu bir həqiqətdir
ki, özündə olmamaq öz-özünə gəlmir ki,
onu sən seçib, sən çağırırsan, o da
sözünü yerə salmayıb gəlir. Şair
bağçasına daş atanda elə daş at ki,
dönüşdə başını yarmasın.
...Rafiq Odayın poeziyası ilə üz-üzə,
göz-gözə baxanda gah onun mənə yazığı gəlir,
gah da mənim ona. Çünki dilimi qabar edən bir ricamı
yerinə gətirmir. Deyirəm ki, axtardığını
tapacağın yerdə axtar, ay bu dünyanın qərib
şairinin bakirə şeiri... Axı niyə, nədən, nə
üçün.
Yaşasam da düz ömrümü,
Çox ömrümü, az ömrümü.
Öz əlimlə öz ömrümü -
Beləcə daşa tutmuşam.
Dəyərmi? Yetməzmi?
...Dünya ölüm-itim dünyasıdı.
Dünya ölüm dünyası olsa da, itim dünyası
deyil, çünki ölüm sadəcə son
görüşə yolçuluqdu. Bu da ulu bir gerçəklikdir
ki, elə ölümlə həyat bir-birinin tərsidir. Bir
halda ki, sən həyatın tərsində olanda sözün-əməlin
səni ölümün uvandında tutacaqsa, demək ki, itim
deyil. Sənin şeirlərin Rafiq Odayın içindən
keçib gəlib. Dərdiylə, səriylə...
Ona görə də itməyə haqqı yoxdu.
Keşkə günümüz içində bizimlə
bərabər nəfəs alan, mala-mülkə vurğunluq
hissindən qəflətdə yatanlar mənim bu
harayımı duyaydı... Axı hara gedir bu dünya? Yenə
də hayıma Rafiq Odayın həzin-həzin oxuduğu qərib
ruhların qəribə ağısı çatır.
Dünya sirdi, sirdaş deyil,
Bizlə bağrı-badaş deyil.
Ağaran saçdı, baş deyil -
Baş bizə neyləyib axı...
Nə yük var kotana düşür,
Bəlkə kəl utana - düşür.
Lənət daş atana düşür,
Daş bizə neyləyib axı.
Dərviş qardaşım sətiraltı
demək istəyir ki, nafilə, çünki
dünyasını nəfislər küllüyünə
çevirənlərin sayı günü gündən
çoxalır. Amma...
Mən haqqa aşiq biriyəm,
Haqqım yox susam, kiriyəm.
Açılmaz tanrı sirriyəm,
Məni özgə kim sevər ki...
Həqiqətən həqiqətdən o yana
həqiqət yoxdu... Həqiqəti çılpaq göz
önünə gətirəni kim sevər
ki?! Soruşursansa deyim... Səni yerdə axtarmayanlar...
özün deyirsən ki:
Qan deyiləm, çanağıyam,
Qan deyirəm, qan ağıyam.
Daha göylər qonağıyam,
Yerdə axtarmayın məni.
...Ac nəfis sahibini qul eylər, baxmayaraq ki, bu
dünyanın sərmayəsi savabdır. İlahi hər kəsə
çəkə biləcəyi çəkidə verir hər
şeyi! Ömürü də, elə
sözü də. Elə sənin dediyin kimi...
Çünki:
Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var...
...Ömrü zamanın əlində əsir olan
şairlərin fəryadı çox zaman eşidilmir,
çünki onların fəryadının nə dili olur, nə
də ağzı.
Şair qardaş, şairlər bu dünyanın sirrini
bildiklərindən könül sultanı da ola
bilirlər. Onlar ədaləti dirildirlər.
Onlar könül qatarına vaxtından öncə
minib, vaxtı gəlmədən enən yolçuların qəm
əfəndisidir.
Mənə görə bu qədər
göllər, dənizlər şair könlünün
yanğısından yaranıb.
...Rafiq Odayın poeziyasının istisində
isinən məqamlarda mən çalışıram
ölçülü-biçili söz söyləyim. Çünki
ölçülü-biçili söylənən söz
bütün sərhədləri aşır. Onun şeiriyyəti kimi. Bir dəfə mənə
söyləmişdi ki, yalnız haqdan qorxuram... çünki
haqdan qorxan adam qorxusuz olur.
Rafiq Odayın şeirlərində
dürüstlük əsalətdir. Çünki bu şeirlərin vətəni
onun könlüdü. O şeirlərində haqq
üçün kəfən geydiyini dəfələrcə
hayqırıb:
Başdı - yüz qada sovuşar,
Ya tutar, ya da sovuşar.
Haqq deyən haqqa qovuşar -
Geymişəm kəfən, dəliyəm.
Rafiq Oday poeziyası haqqında yazdığım
yazılarda üç nöqtələrdən istifadə etməyimin
iki səbəbi var. Birincisi ulusalçılıq, ikincisi
zamanın fövqünə çıxma
başarısı...
Onun ədəbiyyatında doğrunun rəngi rəngsizlikdir...
Onun yaradıcılıq bağçasına payız gəlmir...
Onun yaradıcılığı ilə söhbət
edəndə öz-özümə düşünürəm
ki, axı nədən dərdə bu qədər üz verir.
Bəlkə də dərdin vəfalı
olduğunu bildiyindən, özü də bilə-bilə ki, qəm
tutduğu yaxanı buraxmır.
Rafiq Oday yaradıcılığında "mənə
nə", "mənlik deyil" havasına qol qaldıran
bircə misra yoxdu belə. Özü də bilə-bilə ki:
Qəm-kədərin bir adı da ələmdi,
Ələm tutan qollarımız qələmdi.
Qürrələnmə bağ belə, bostan belə,
Yaşadığın ömrün
özü sələmdi.
Doğru söz doğrunun
özüdür, çünki doğrunun alternativi olmur. Rafiq Oday şeirlərində
qəmin nə qədər vəfalı olduğunu
anlatdığı kimi, könül dilinin dilmancı, tərcümanı
olan sevginamələrini də - əgər günəş
olmasaydı, ay yerin günəşi olardı, gerçəkliyi
ilə anlatmaqdan zövq duyur. Ona görə
göz yaşı könül mehridi. Axar,
axar, dərdi yıxıb, sevgini yuyar. Bu
cümləni məqsədli söylədim, bu məram onun
sevgi şeirlərinin leytmotivini təşkil etdiyindən ona
görə sevgi elə sevgi adında bir dindi.
Əl götürmə məndən, aman,
Çəkilməz hər qəlbə daman.
Dərvişə sevdiyi - iman,
Dindi gözümün
işığı.
Buludlar ağlayanda yaşıllıqlar
güldüyü kimi, onun sevgi şeirləri də müsafir
olduğu qəmli könüllərdə eşqin vəfasından
və cəfasından söz edər. Mənə görə Rafiq Odayın sevgi
şeirləri dan üzü sübh ayazına doğru yön
tutan gözəlin gözlərindən yanağına axan
şeh kimidi. Onlar ahını gözlərin ulduz
saydığı yuxusuz gecələrə
bağışlayıb sökülən dana
ağlayır:
Qoşulub gecəyə gedəcək ahım,
Dağları, dağları didəcək
ahım.
Günəşin üzünü örtəcək
ahım,
Sökülə bilməyən dan ağlayacaq.
Rafiq Oday
yaradıcılığının bir özəlliyi də
ondan ibarətdir ki, o, istər humanitar-ictimai təfəkkürün
məhsulu olan şeirlərində, istər sevgi şeirlərində
sözü hər zaman zamandan ucada tutur.
Onun sözünün köhnəliyinin təməlində
təzəlik dayanır. Bəlkə buna görədir ki, hər kəsin hər
kəsdən aldığı qafiyələr onun qələminin
yadına düşmür. Rafiq Oday
yaradıcılığına görə imanlıyla
imansız bir qazanda bişsə belə qarışmaz. O
yazı yazanda Yunus Əmrə ruhunu başı üzərində
görür:
Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör salamat aharası var?
Ulu bir gerçəklikdir ki, ölüyə
qalib gəlmək qəhrəmanlıq olmadığı kimi,
eşq üçün daşqalaq olmaq da qorxaqlıq deyil.
Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.
Rafiq Oday seirlərinin məskəni, ariflərin
könlü olduğundan heç zaman vicdan tədavisinə
ehtiyac duymadı. Bəlkə
ona görə deyir ki:
Naşı əldə didiləsi yaram yox,
Sübhə kimi bir çimir də yuxum
yox.
İnnən belə bu dünyada yoxam, yox,
Qalan canlı başdaşımdı,
duydunmu?
Hər qələm adamının yazı
yazan qələminin ucunda bir ürək olur. O ürək ki, ürəyindən
keçənləri Rafiq Oday ruhunun süzgəcindən
keçirmədən vərəqlərə səpələmir.
Günahkar olmaqdan qorxduğu üçün.
Ona görədir ki, hər qələmi əlinə alanda:
Ömür fani, yaşam yalan,
Sən quru, mən yaşam - yanan.
Sənsiz qara daşam, inan,
Ruhum, xoş gəldin, xoş gəldin!
- deyir.
Rafiq Odayın sevgi şeirlərində
ayrılıqla vüsalın ətri belə bir-birindən
seçilir. Mənə
görə Rafiq Odayın yaradıcılıq
simfoniyasının adı eşq, dadı isə çox
köhnə irfani təxəyyülün dadındadı...
...Çoxdandı ki, qəlbim və qələmim
"sükut orucu" tutmuşdu. Şükürlər olsun
ki, iftarını dərviş dostum rafiq Odayın şeirləri
ilə açdı...
...İnsanların könlünü almaq,
onlarla həmsöhbət olmaq, onların gördüyünü
və yaza bilmədiklərini yazmaq elə şairanə ibadətdir. Mən də bu dəfəki
ibadətimin qibləsini Rafiq Oday şeiriyyətinə tərəf
tutub ibadət etdim. Qardaşyana, qərəzsiz,
tərəfsiz, haqq etdiyi qədər, bacardığım qədər.
Xaqani Abbasəli Öztürk
şair, AYB-nin üzvü
Ədalət 2018.- 13
iyun.- S.7.