Əbülfət
MƏDƏTOĞLU
NAXÇIVANDA AÇDIĞIM
SƏHƏR
DÖRDÜNCÜ
YAZI
İbrahim Yusifoğlunu təkcə
Naxçıvanda yox, eləcə də Azərbaycanın ədəbi
camiəsində yaxşı tanıyırlar. Onun
şeirləri həm ölkə mətbuatında, həm
qardaş Türkiyənin nəşrlərində kifayət qədər
yayımlanıbdı. «Ədalət» qəzeti olaraq biz də
İbrahim Yusifoğlunun şeirlərini zaman-zaman
oxucularımıza təqdim etmişik, kitabları barəsində
məlumatlar çatdırmışıq. Və elə
burda onu da vurğulayım ki, İbrahim müəllim həm də
Azərbaycan yazıçıları arasında uşaqlar
üçün yazan müəllif kimi də xüsusilə
seçilir. Və bu seçim özü də İbrahim
Yusifoğlunun pedaqoq kimi uşaq dünyasına bələdçiliyinin
bir ifadəsidir. Onun şeirlərində təkcə
uşaqları oxşamaq, ovutmaq yox, həm də inandırmaq,
güvənli etmək, inamlı etmək prinsipi xüsusilə
qabarıq şəkildə nəzərə çarpır…
Bəli, biz İbrahim müəllimin
çalışdığı Şərur Təhsil
Şöbəsinin önündən ona, gəldiyimizi telefonla
bildirəndən sonra o dəral iş otağından həyətə
çıxdı. Onun gəlişinə qədər
isə mən bu binanın ətrafını gözdən
keçirmişdim. Bir-birinə sarmaşmış gülləri,
çiçəkləri, səliqə-səhmanı
yaddaşıma köçürmüşdüm. Təbii ki, rayon ziyalılarının, pedaqoji
işçilərin yaxşı tanıdığı, Ali Məclisin
deputatı Asim Yadigarla şair Əbülfəz Ülvinin
yanlarında olmağım işimi xeyli
asanlaşdırmışdı. Təhsil şöbəsinin
önündə onlarla görüşən işçilər
artıq mənim, yəni qonağın da kimliyindən xəbər
tutmuşdular, «xoş gəldin» eləmişdilər. Bax, bu məqamda İbrahim Yusifoğlu
özünü bizə çatdırdı. Doğrusunu deyim
ki, sonuncu dəfə Novruz öncəsi
görüşdüyüm, özü də Bakıda həmsöhbət
olduğum redaksiyamızda yeni yazı-pozulardan
danışdığımız İbrahim müəllimlə
görüşüm mənim üçün yaddaqalan və
unudulmaz bir tarixə çevrildi. Çünki illərdən
bəri onu öz elində, obasında ziyarət etmək arzum
çin olmuşdu. Mülayim təbiəti, şirin
söz-söhbəti və üzügülərliyi ilə məni
həmişə özünə çəkən İbrahim
müəllim sözarası vurğuladı:
- Hə, qardaş, axır ki, vədinə əməl
etdin, gəlib çıxdın Şərura!
Təkrar bir-birimizin əlini sıxdıq. Bu həm də mənim tərəfimdən
bir üzrxahlıq idi. Çünki bundan öncəki səfərimdə
İbrahim müəllimi nigaran qoymuşdum. Ona söz verib əməl
edə bilməmişdim. Zaman darlığından həmin
vaxt Şəruru ziyarət etmək mənə nəsib
olmamışdı. İndi isə Şərurdayam.
Özü də dostların, könlümə, ruhuma doğma
olanların arasında!..
İbrahim müəllimin dəvətilə Təhsil
Şöbəsinin müdirinin otağına daxil oluruq. Cavan
bir oğlandı Şərurda təhsilə rəhbərlik
edən. Özü kimi adı da diqqətimə,
yaddaşıma yazıldı. Tuncay müəllim qonaqları
görən kimi dərhal qapının önünə qədər
gəlib onları qarşıladı. Oturmaq üçün
yer göstərdi. Elə ayaqüstü
hal-xoş edən Asim müəllim məni təqdim edəndən
sonra iş vaxtının bitməsinə müəyyən
zaman kəsiyi qaldığını nəzərə alıb
Tuncay müəllimdən İbrahim Yusifoğlunun bizim
sıramıza qatılması üçün icazə istədi.
Təbii ki, bu rica yerdə qalmadı. Tuncay müəllim
özü bizi qapıya qədər yola saldı. Bax elə həmin
an qəribə bir nüans mənim üçün təəccbülü,
həm də son dərəcə həssas an kimi ruhuma,
varlığıma köçdü. Deməli, biz Təhsil
Şöbəsinin həyətində
proqramımızı müəyyənləşdirərkən
İbrahim müəllimin telefonuna zəng gəldi. Bir kəlmə
danışıb «burdayıq» deyən İbrahim müəllim
sonra üzünü bizə tutub dedi:
- Tuncay müəllim xahiş edir ki, bir dəqiqə həyətdə
ləngiyəsiniz, sizinlə birlikedə xatirə şəkli
çəkdirmək istəyir…
Doğrusu, bu cavan məmurun öncə diqqəti və
sonra da göstərdiyi bu sayğı mənim bəlkə də
ilk dəfə qarşılaşdığım və
heç vaxt unutmayacağım bir hörmətin, bir
münasibətin təzahürü idi. Biz
hamımız çox məmnunluqla Tuncay müəllimlə
birlikdə şəkil çəkdirdik. Və mən
Bakıya dönəndə bu şəkli ailə üzvlərimə,
dostlarıma göstərib bir az ədalı şəkildə
vurğuladım ki, baxın görün kimlərlə şəkil
çəkdirmişəm, özü də harada. Bunu ona
görə xüsusi əda ilə vurğulayıram ki, Şərur
rayonu Azərbaycan ictimai, siyasi, ədəbi və elmi
mühitində öz çəkisilə ön sırada duran
bölgələrimizdən biridi…
Yenə sükan arxasında əyləşib
bizim qayğımıza qalan Əbülfəz Ülvi
üzünü Asim müəllimə tutub soruşur:
- Hara, hansı tərəfə
gedəcəyik?
Təbii ki, bu sualın cavabını hamımız
eyni vaxtda düşünürük və qərara gəlirik
ki, öncə Şərurdakı Naxçıvan-Bakı və
digər uçuşlar üçün biletlər satılan
ünvana baş çəkək. Yəni, bileti alıb qoyum
cibimə, ondan sonra səyahətimizi rahatlıqla davam etdirək.
Qərar hamımızın ürəyincə olur. Və
Şərurun ən yaraşıqlı binalarından biri olan
aviakassaya gəlirik. Burada Asim müəllimi, Əbülfəz
müəllimi, İbrahim Yusifoğlunu sayğı ilə
qarşılayırlar. Bir neçə dəqiqənin
içərisində təyyarə bileti yazılır. Və
mənə əlimi cibimə tərəf uzatmağa imkan verməyən,
gün ərzində «mən burdayam, sən heç nə
üçün narahat olma!» - deyən Əbülfəz
Ülvi yenə önə keçdi. Və yenə də səmimi
replikasını mənə tərəf tuşladı:
- Böyük qardaş olan yerdə kiçik sakit
durar…
Biz İbrahim müəllimin müşayiəti
ilə rayon mərkəzini gəzirik. O,
bizə, daha doğrusu, mənə məlumat verir: məktəb,
xəstəxana, rayon qəzetinin redaksiyası və digər
yerlər mənim üçün bir növü Şərurla
tanışlığın cizgilərinə çevrilir.
Sözarası İbadulla kəndindən də
danışır. Bu kənd Araz sahilində,
düzəngahlıqda yerləşir, rayon mərkəzindən
o qədər də uzaq deyil. Ümumiyyətlə, Şərurda
əkinçilik, tütünçülük,
heyvandarlıq, üzümçülük, bağ, dostan, tərəvəz
- demək olar ki, kənd adamına gərəkli olan
bütün sahələr inkişaf etdirilir. Həyətlərdə
boy-boya vermiş meyvə ağacları,
saçaqlanmış gilas, ərik, gilənar, alma və digər
meyvələr adamın üzünə gülür. Cərgə
ilə əklimiş kələm, pomidor və digər bostan məhsullarının
şitilləri də şərurluların zəhmətkeşliyindən,
torpağın qədrini bilmələrindən xəbər
verir…
Rayon mərkəzindən çıxıb üzü
dağlara tərəf yol alırıq. Bircə onu
bilirəm ki, İbrahim müəllim bizi Arpaçayın ziyarətinə
aparır. Və hər dəfə də Arpaçayın
adı gələndə mənim qulaqlarımda böyük
xanəndəmiz unudulmaz Qədir Rüstəmovun ifası səslənir.
Elə indi İbrahim müəllim Arpaçay
sözünü deyəndə də sanki o ifanı
eşitdim… o səsin yanğısını sanki
varlığımda duydum. Söz adamı bir-birini göydə
anlayır deyiblər. Nəyi düşündüyümü
İbrahim müəllim də göydə tutdu. Və zarafatla
dedi:
- Gedirik Saranın qatilini
görməyə!
Çox gözəl söz idi,
dərhal yaddaşıma yazdım. Və
Arpaçayı tez görməyə içimdə bir
uşaq tələskənliyi baş qaldırdı. Biz bir az
dolanbac olan yolları keçib Arpaçayın sahilinə
çatırıq. Çayın üstündəki
körpünü keçib buradakı istirahət məkanında
dayanırıq. Və başlayırıq öncə
Arpaçayla hal-xoş etməyə. Bax, həmin o məqamda
elə bir şıdırğı yağış
yağır ki, bu gürşadda yağış altında
dayanmaq mümkün deyil. Damlaların iriliyi adi baxışla
da görünür. Biz bir az dalda bir yerə çəkilirik.
Amma şərurlular kimi Şərurun təbiəti də
qonaqsevərdi. Yağış cəmi 5-6 dəqiqə çəkir.
Sonra göy qurşağı, sonra bəməbyaz göy
üzü və bir də ördəklərin və müxtəlif
quşların üzdüyü Arpaçay. Mən bu məqama
özlüyümdə məna vermək istəyirəm.
Düşünürəm ki, Arpaçayın qatil
olduğunu göylər də bilir. Və dörd nəfərlik
yazarlar heyətinin, şairlərin Arpaçaya ziyarəti
buludları da kövrəltdi, göy üzünü də
silkələdi. Onlar da bizim duyğularımıza
qoşuldular, kükrədilər və yağdılar.
Saranın nakam məhəbbətinə göz yaşı
tökdülər.
Mən burada özüm üçün
yaratdığım auranın içərisində onu da
fikirləşdim ki, şərurlular Saranın qisasını
Arpaçaydan alıblar. Onun qarşısını kəsib,
önünə bənd atıb iki Su Elektrik Stansiyası
yaradıblar. Arpaçayın dəliqanlılığına
nöqtə qoyublar. Necə deyərlər, qatil cəzasını
alıb. Özü də savab bir məqsəd naminə…
Arpaçayın sahilində oturub çörək kəsmək,
çay içmək, aradabir əlindəki çörək
parçalarından çaya atıb balıqları sevindirmək
yaşadığım xoş anların unudulmaz təəssüratlarındandı.
Son
dərəcə səliqəli saxlanılan, necə deyərlər,
bir anda nəzarətsiz qalmayan çayın
özünün və sahilinin mənzərəsi həqiqətən
maraqlıdı, əsrarəngizdi. Mən İbrahim müəllimin
söylədiklərini, xüsusilə Şərurla
bağlı dediklərini acgözlüklə dinləyirəm.
Onun göstərdiyi dağlara tərəf həsrətlə
baxıram. Çünki o dağların arxası Dərələyəz
ellərinin yurd-yuvası olubdu. Və burada o da məlum olur ki,
təqribən iki əsr öncə zəlzələ
zamanı Şərurun indiki kəndlərinin bir çoxu
dağlardan üzü aşağı köç edib, yeni
torpaqlarda həyatlarını yenidən başlayıblar…
Dağ adamları, ümumiyyətlə, çay kənarında
yaşayanlar çayın nə demək olduğunu, onun
balığının dadını yaxşı bilirlər. Mən
Arpaçayın sahilində keçirdiyim o bir neçə
saat ərzində azı 10-15 dəfə kəndimə,
Qarabağıma gedib qayıtdım. Kəndimin hər iki tərəfindən
axan dağ çaylarını xatırladım.
Uşaqlıq, yeniyetmə yaşlarımızda necə
balıq tutduğumuzu yaddaşımda təzələdim. Və
indi də çaya bir tikə çörək atanda,
balıqların o çörəyi tutmaq üçün
bir-birinə aman verməməsini seyr edib biz uşaqların
balıqları necə «aldatdığını» təbəssümlə
yaddaşımda təzələdim. Söhbətimiz
bitmir, uzanır. Şair dostlarımın söylədikləri
maraqlı faktlar, Şərurla, bu torpaqla bağlı hekayətlər,
onların şeirləri və bir də bizə xidmət edən,
elə ilk addımdan öz səmimiyyəti,
istiqanlılığıyla xoşuma gələn bir cavan
oğlanın xidməti məni buradan tərpənməməyə,
necə deyərlər, elə ölüb burda qalmağa
kökləyirdi. Təbii ki, sonuncu fikrim şair
sözüdü. Əslində isə Şərurda
yaşamaq, Şəruru seyr etmək, onun gözəllikləri
ilə baş-başa qalmaq özü başqa bir
dünyadı, başqa bir aləmdi. Üstəlik, süfrəyə
gətirilmiş Şərur məhsulları, xüsusilə
ağartıların dadı, tamı özü bir aləmdi.
Dadmasan, dediyimə inanmazsan…
Ədalət.- 2018.- 13
iyun .- S.5.