Azərbaycan Polisi – 100 il
də arxada qaldı...
Hər bir xidmət sahəsi şərəflidir.
Polisdə xidmət isə xüsusi növ qulluq
və vətənə sədaqətin ətrafa görk
olacaq
nümunəsidir-deyərdim..
Zaman və cəmiyyət dəyişdikcə
dövlətin və hüquq mühafizə orqanlarının
funksiyalarının da dəyişilməsinə zərurət
yaranır. Cəmiyyətdə
yaranan yeni ictimai münasibətlərə zidd ideologiyaya
qarşı, yeni təhlükəsizlik sisteminin tətbiqinə
ehtiyac duyulur. Hər bir dövlətin
qarşısında duran əsas vəzifələrdən biri
dövlət mexanizminin və ictimai qaydanın mühafizəsi
məqsədilə polis orqanın təsis edilməsindən
ibarət olur. Polis hər zaman ölkənin
daxili təhlükəsizliyinin təmin olunmasında müstəsna
rol oynamış, dünya sivilizasiyasının qədim və
ayrılmaz komponentlərindən biri kimi fəaliyyət göstərmişdir.
Polis çevik, mürəkkəb və
özünə xas fəaliyyəti ilə özgəninkiləşdirilməyən
hüquq və azadlıqların təmin olunmasında fasiləsiz
çalışır, fəaliyyət prinsiplərinə
sadiq qalır, hakimiyyətin icra budağında heç bir
orqanın malik olmadığı səlahiyyətlərlə
qərar tutur.
Dövlət mexanizminin sınanmış tərkib hissəsi
olaraq vətəndaşların hüquq və
azadlıqlarının, qanuni maraqlarının təmin edilməsi,
ictimai qaydaların mühafizəsi, cinayətlərin kəmiyyət
və keyfiyyət göstəricilərinə görə təhlili,
əhali arasında cinayətkarlığın
qarşısının alınması məqsədilə
profilaktik, maarifləndirmə xarakterli tədbirlərin təşkili
və təşviqi polisin fəaliyyət istiqamətlərinin
ana xəttini təşkil edir.
Azərbaycan polisinin 100 il ərzində
cinayətkarlıqla mübarizə yolu, əməliyyat - axtarış
coğrafiyası rəngarəng olmuşdur. Xalq
Cümhuriyyəti dövründə fəaliyyətini kövrək
addımlarla başlayan Azərbaycan Polisi, uzun illər ərzində
totalitar siyasi rejimli fövqəl Sovet dövlətinin
maraqlarına paternalizm (atalıq qayğısına xas)
prinsiplərinə xas xidmət etmişdir. Həmin dövrlərdə polisin əsas vəzifəsi
dövlətin iradəsini realizə edən repressiv fəaliyyət
formasından istifadə etməsi ilə bağlı
olmuşdur. Cinayətkarlığın
kökünü kəsmək xülyası kommunist
ideologiyasının özünü doğrultmayan
yanlış prinsipinə əsaslanırdı. Demokratik, hüquqi dövlətlərdə isə
polis orqanları fəaliyyət istiqamətlərini fərqli
qurur.
Repressiv cəzalandırma funksiya sistemini,
ictimai təhlükəsizliyin və hüquq
qaydalarının təmin edilməsi vəzifəsi əvəz
edir. Cinayətkarlıq üzərində nəzarət,
bu istiqamətdə dövlət siyasətinin
formalaşdırılmasına, ictimai münasibətlərə
zidd vərdişlərin qarşısının
alınmasına, onu doğuran səbəb və şəraitin
aradan qaldırılmasına üstünlük verilir, əhaliyə
geniş sosial xidmətlər təqdim edilir və s. Qeyd olunan
funksiyaların həyata keçirilməsinin təşkili və
təmini, habelə polis əməkdaşlarının
hüquq düşüncələrinin və peşəkarlıq
mədəniyyətinin yüksəldilməsi
üçün əməkdaşlar qarşısında
mühüm tapşırıqlar qoyulur.
Bütün bunlarla yanaşı, müasir Azərbaycan
polisi cinayətkarlıqla mübarizədə, əməliyyat-axtarış
fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və
azadlıqlarının, ictimai təhlükəsizliyin təmin
olunması, şəxsi heyətin ideya, bilik və mədəni
səviyyəsinin yüksəldilməsi zamanı demokratik
dövlətlərin təcrübəsindən istifadə
edir, nəzəri və praktik əhəmiyyət
daşıyan müasir forma və metodları fəaliyyət
istiqamətlərində tətbiq edir.
Polisin fəaliyyəti dövlət
quruluşunun formasının, onun daxili və xarici
funksiyalarının, habelə siyasi rejimin mahiyyəti ilə səciyyələnir. Ona görə də, polis
dövlət mexanizminin əsas zvenalarından biri kimi həmişə
ictimai diqqət çəkmişdir.
Beynəlxalq hüququn və BMT-nin subyekti olan demokratik Azərbaycan
dövlətinin vəzifəsi yalnız, hamılıqla
tanınan ümumbəşəri dəyərlərə, beynəlxalq
öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipinə
hörmətlə yanaşmaq, insan və vətəndaş
hüquq və azadlıqlarının təminini bəyan etməklə
bitmir, həmin dəyərlərin davamlı mühafizəsinə
zamin durur və bu missiyanı real təcəssüm etdirir. Azərbaycan Polisi bu mənada ölkədə əmniyyətin
təminatçısı kimi çıxış edir.
Polisin fəaliyyətinin unikallığı
onunla izah olunur ki, dövlətin cinayətkarlıqla
mübarizə siyasətini realizə etməklə xalqa və
dövlətçiliyə ləyaqətlə xidmət edir.
Onu güc strukturu kimi qəbul etmək
arzuolunmazdır. Bu mənada Polis,
bütün şəxsi heyətilə Azərbaycan
xalqının və hakimiyyətin səlahiyyətli xidmətçisi
kimi hüquq mühafizə funksiyalarını həyata
keçirən dövlət orqanı kimi özünü təsdiqləyir.
Polis orqanlarının müəyyən
regionda cinayətkarlıqla mübarizə meydanı rəmzi mənada
dövlətlə polisin görüş yerini
xatırladır. Burada polis üzərinə düşən vəzifənin
məsuliyyətini dərk edərək səlahiyyətli
orqanın nümayəndəsi kimi cəsarətlə hərəkət
edir. Dövlətin rəmzləri ilə bəzənən
geyimi ilə ətrafa "harda qanun-qayda pozularsa orda polis də
var” mesajını verir. Bu da, bir profilaktik
hərəkətdir-desəm yanılmıram. Bu prosesdə vəzifə funksiyalarının
icrası zamanı Qərb-Avropa modelləri də təsirsiz
qalmır.
Bu gün, Azərbaycan polisinin fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə demokratik
islahatlar həyata keçirilir, peşəkar kadrların
hazırlanmasında xarici təcrübədən istifadə
edilir. Azərbaycan polisi cinayətkarlıqla
mübarizə fəaliyyətinin eskalasiyasını genişləndirilmək
və təkmilləşdirmək, cinayətkarların
ekstradisiyası, transmilli cinayətkarlıq, beynəlxalq aləmdə
terrorçuluğun qarşısının alınması sahəsində
xarici dövlətlərin polis orqanları ilə əməkdaşlıq
edir. Beynəlxalq təşkilatlarla - BMT, AŞ, ATƏT,
Aİ, BMqT(Beynəlxalq Miqrasiya Təşkilatı),
Beynəlxalq Qırmızı Xaç komitəsi ilə əlaqələr
qurur. Bu təşkilatlarla
qarşılıqlı münasibət nəticəsində
DİN-nin müvafiq sahələri üzrə seminarlar, təlim
kursları keçirilir. DİN regional beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir, Beynəlxalq
Polis Təşkilatının - İnterpolun
üzvüdür, Azərbaycanda İnterpolun Milli Mərkəzi
Bürosu fəaliyyət göstərir. Azərbaycan
DİN-nin MDB-nin iştirakçısı
olan dövlətlərin hüquq mühafizə orqanları və
birliyin Daxili İşlər Nazirlikləri ilə məhsuldar əməkdaşlığı
davam edir.
DİN-nin kollegiya Sədri və kollegiya
üzvləri xarici dövlətlərin akkreditə olunmuş
diplomatik korpusların nümayəndələri ilə bəşəri
marağa xidmət edən görüşlər
keçirilir.
Heç bir şərhə başlamadan
belə qənaətə gəlmək olar ki, müasir Azərbaycan
polisinin fəaliyyəti qürur duyulan səhifələrlə
zəngindir, unudulmur və xoş ovqatla xatırlanır. Cinayətkarlıqla mübarizənin vəziyyətinə
nəzər saldıqda qeyd etdiklərimi sezmək çox
asandır: 2017-ci il ərzində 26113 cinayətlər qeydə
alınmış, 85,5%-nin
açılması təmin edilmişdir. 100 illik tarixin
statistik vəziyyətinə nəzər salsaq il ərzində
baş verən cinayətlərin 85,5%-nin
açılması rekord göstəricidir. Dinamikada digər
göstəricilərə də nəzər salaq: Ötən
il ərzində peşəkarlıq, prinsipallıq, hadisələrə
çevik əməliyyat reaksiyası, habelə əməkdaşların
alturist mövqeyi nəticəsində qəsdən adam
öldürmələr 9,5%(-17); mənimsəmə və
israfetmə 6,8%(-10); dələduzluqlar 11,8(-514); qarət
faktları 16,6%(-54); quldurluqlar 23,6%(-39): xuliqanlıqlar – ictimai
münasibətlərə qarşı müstəsna dərəcədə
hörmətsizlik halları 15,1%(-147): korrupsiya ilə bağlı
cinayətlər 7,4%(-41) azalmışdır. Sosial
faktorların təsir etdiyi səbəblərdən mənzil
oğurluqları 190 fakt artmışdır. Ekologiya sahəsində
baş verən cinayətlərin 28,3%(+36
faktın) artması narahatlıq doğursa da, bu sahəyə
nəzarətin gücləndirilməsi eyni zamanda "ətraf
mühiti qorumaq” hər bir Azərbaycan vətəndaşının
borcudur - konstitusion vəzifənin yerinə yetirilməsi ilə
bağlıdır.
Əhalinin 100min nəfərinə
düşən cinayətlərin sayı 246 faktla qeydiyyatda
yer almaqla MDB və Şərqi Avropa ölkələrindən
azdır. Qeyd etdiklərim
ölkədə sabitliyin davamlılığı sahəsində
həyata keçirilən dövlət siyasətinin və
dövlətin ali məqsədinin canlı
təcəssümüdür.
Transmilli mütəşəkkil cinayətkarlığın
mühüm qolu kimi insan alverinə qarşı mübarizə
fəaliyyəti də güclənmişdir. Milli Fəaliyyət
Planının tələblərinə uyğun davam etdirilən
əməliyyat tədbirləri nəticəsində ötən
ildə ümumilikdə insan alverinə aid 295 cinayət
faktı aşkar edilmiş (-19) 17 nəfərdən ibarət
cinayətkar qrup zərərsizləşdirilərək cinayət
məsuliyyətinə məruz qalmış, onların əməllərinin
qurbanına çevrilmiş 71 nəfərin müəyyən
tibbi və psixoloji xidmətdən sonra cəmiyyətə
qayıdışı bərpa olunmuşdur. 2017-ci il ərzində bilavasitə insan alverini ehtiva
edən cinayət tərkibli 142 fakt aşkar edilmişdir.
İctimai mənəviyyat əleyhinə
qeydə alınmış 126 cinayət faktları ilə
bağlı 157 nəfər cinayət məsuliyyətinə cəlb
olunmuşlar.
İnsan Alverinə qarşı Mübarizə üzrə
Milli Koordinatorun, polis general-leytenantı Vilayət Eyvazovun həm
beynəlxalq tribunalarda, həm də Milli Məclisdəki hesabatları
məmnunluqla qarşılanmışdır.
Ötən il ərzində Azərbaycan
polisinin qürur duyulan və təqdirə layiq olan fəaliyyət
dairəsi - mütəşəkkil cinayətkarlığa
qarşı mübarizənin uğurla həyata keçirilməsində
əksini tapmışdır. Hesabat dövründə ölkədəki
islahatların və vətəndaşların rifah
halının yaxşılaşdırılması əleyhinə
yönələn, sabitlik üçün təhlükə mənbəyi
olan 3179 cinayət faktları vaxtında həyata keçirilən,
düşünülmüş çevik əməliyyat tədbirləri
nəticəsində aşkar edilmiş, cinayətlərin
ağır və xüsusilə ağır növlərinə
aid olan 729 fakt üzrə 2698 nəfəri - təhlükəli
residiv şəxsləri birləşdirən 1028 cinayətkar
qrup və dəstə zərərsizləşdirilmişdir.
Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə də
mübarizə güclənmiş, prinsipal fəaliyyət nəticəsində
2727 fakt aşkar edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi
ilə məşğul olan 78 (+8) cinayətkar qrup
yaxalanmış, qaçaqmalçılıq yolu ilə
ölkəyə gətirilən 1224 kq narkotik vasitənin
qarşısı alınmışdır.
Bu növ cinayətin subyektlərinin
sırasında 931 nəfəri əvvəllər məhkum
olunmuşlar, 2078 nəfəri işləməyən və
oxumayanlar təşkil etmişdir. 1 tona qədər narkotik vasitələr
qeyri-leqal dövriyyədən
çıxarılmışdır.
Ümumiyyətlə 2017-ci il ərzində
istintaq və məhkəmə orqanlarından yayınan 3415 nəfərin
yeri müəyyən edilərək tutulmuşlar. Bakı İnterpolun əməkdaşları
axtarışda olan 79 nəfərin və bu təşkilata
üzv ölkələr tərəfindən axtarılan 39
şəxsin yeri müəyyən olunmuşdur. Keçmiş illərdən bağlı
qalmış 418 cinayətlərin açılması polisin
fasiləsiz fəaliyyətinin real bəhrəsidir. Zənnimcə cinayətkarlıqla mübarizə
başqa vasitələrlə davam edən bir müharibədir.
Yəni, cinayətkarlıqla mübarizə
ölkə daxilində sabitliyi pozmağa
çalışanlara, vətəndaşların əmlak
münasibətlərinə qəsd edənlərə və
qanunlara zidd davrananlara qarşı müharibənin başqa
vasitələrlə aparılmasıdır.
Yuxarıda qeyd etdiklərimə təkrar
istinad etməyə ehtiyac duyuram. 1991-ci ildən etibarən dünyada və
MDB məkanında tarixi zərurətdən doğan ciddi dəyişikliklər
müstəqil Azərbaycan cəmiyyətindən də yan
ötməmiş, ictimai münasibətlərə
qarşı hərəkət və hərəkətsizliklər
artıb-azalma ilə dinamikada yer almışdır.
1918-ci il may ayının 28-də
müsəlman Şərqində ilk olaraq müstəqilliyini
bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin Milli
hökumətinin tərkibində Daxili İşlər
Nazirliyi yaradılmışdır. 1918-1920-ci illər
ərzində Azərbaycan polisi Cümhuriyyətin
formalaşmasında, milli maraqların, azərbaycançılıq-türkçülük
ideologiyasının inkişafında və müstəqilliyin
müdafiəsində əvəzsiz rol oynamış, cinayətkarlıqla
mübarizə siyasətində fəal iştirak etmiş, əməliyyat-axtarış
fəaliyyətində nəsillərə görk olacaq spesifik
mübarizə metodu və üsulları
yaratmışdır. Vətənə sədaqət
hissi, dövlətçilik, milli təəssübkeşlik, ələ
alınmama (etibar edilən vəzifəyə sədaqət),
loyallıq, vətən, xalq və dövlət
marağına üstünlük vermək kimi
etik-davranış qaydalarına sadiqlik nümayiş etdirmək
ənənəsinin bazasını yaratmışdır.
Erməni işğalçılarına
qarşı döyüşlərdə milli ordu ərsəyə
gələn dövrə qədər fədakarlıq, rəşadət
və döyüş əzmi ilə ön cəbhədə
olan Azərbaycan polisi ərazi bütövlüyümüzün,
sərhədlərin toxunulmazlığının və
suverenliyimizin qorunmasında canını əsirgəmədən
qəhrəmanlıq səlnaməsi nümayiş
etdirmişdir. Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrundakı döyüşlərdə
fədakarlıqlara, dinc əhalinin təhlükəsizliyinin təmin
edilməsində, ictimai təhlükəsizliyin qorunmasında
fərqləndiklərinə görə Azərbaycan
Respublikası Prezidentinin aktları ilə DİO-nun 66 əməkdaşına
"Azərbaycan Respublikasının Milli Qəhrəmanı”
fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan
Bayrağı” ordeni ilə, 247 əməkdaşı isə
müxtəlif orden və medallarla təltif edilmişdir. 1000 nəfərə qədər əməkdaş vətən
uğrunda şəhid olmuş, mindən çox əməkdaş
əlil olmuşdur.
1918-ci ildən 2018-ci ilə qədər Azərbaycan
Daxili İşlər Nazirliyinə 27 ali
rütbəli şəxs rəhbərlik etmişdir.
Cümhuriyyətimizin 23 ayı ərzində hökumətin tərkibində
Daxili İşlərə 6 nəfər - ilk nazir Xoyski Fətəli
Xan İskəndərxan oğlu, sonuncu nazir isə 15.02.20 –
28.04.1920-ci ilin iki ayı ərzində Vəkilov Mustafa ağa
Nazir oğlu rəhbərlik etmişlər.
Sovet dönəmində -28 aprel 1920-ci ildən, 9 may
1990-cı ilə qədər isə 14 ali
rütbəli şəxs nazirliyə rəhbərlik
etmişdir. 1990-cı il may ayının
23–dən başlayaraq 7 nəfər Daxili İşlərə
nazir təyin edilmişdir. Hazırda
29.04.94-cü ildən DİO-ya kollegial rəhbərliyi həyata
keçirən, dövlətin və xalqın etimadını
doğruldan, içdiyi anda sədaqət nümayiş etdirən
cənab Ramil Usubov müstəqil dövlətimizin 7-ci
naziridir. Ona can sağlığı və uğurlar
arzulayırıq.
Allah polisin ali, zabit və sıravi
heyətini, Milli Ordumuzun vətənpərvər əsgərlərini
hifz etsin, onlara güc və qüvvət versin. 100 illik
yubileyiniz mübarək, əziz Polis əməkdaşları,
Daxili Qoşunların və Milli Ordunun şəxsi heyəti!
Şəmsəddin Əliyev,
Hüquqşünas-publisist
Ədalət.- 2018.- 13 iyun .- S.2.