AZƏRBAYCAN
CÜMHURİYYƏTİ MƏCLİSİ-MƏBUSANINDA NUXA QƏZASINI
TƏMSİL EDƏN ŞƏXSLƏR
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
saylarımızda)
Orduda sinfi ayrı-seçkiliyin yolverilməzliyini, əsgərlərin
yeyəcəyinə, yatacağına, geyiminə, həkim və
dərmanla təchizi məsələlərinə
böyük diqqət göstərilməsinin təmin edilməsinin
vacibliyini dilə gətirərək, mükəmməl bir əsgəri
qanun əsasında yeni hərbi təşkilatın
yaradılmasının zəruriliyini qeyd edir.
Artıq yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan
Cümhuriyyəti hökuməti və Məclisi-Məbusanı
qarşısına qoyulan başlıca vəzifələrdən
biri də qısa müddət ərzində Müəssislər
Məclisinə seçkilərin təşkili idi. Müəssislər Məclisinə
seçkilərin keçirilməsi üçün demokratik
seçkilərin keçirilməsinə imkan verən,
özündə hüquqi normaları və şəffaf
mexanizmləri əks etdirən seçki qanununun qəbulu
günün tələbindən doğan zərurət idi və
artıq parlamentin fəaliyyətə başladığı
ilk aylardan etibarən seçki qanunvericiliyinin işlənərək
hazırlanması istiqamətində fəal iş
aparılırdı. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının
iclas protokolları və stenoqrafik məlumatları ilə tanış olduqda sözügedən qanun layihəsi
ətrafında olduqca gərgin müzakirələrin təşkil
edildiyinin şahidi oluruq. Bu müzakirələrdə
Abdulla bəy Əfəndizadə də fəal şəkildə
iştirak edir, seçki qanunu layihəsinin olduqca mühüm
maddələrinə dair hüquqi və məntiqi cəhətdən
peşəkarcasına əsaslandırılmış təkliflərlə
çıxış edirdi. Abdulla bəy Əfəndizadə
"Məclisi-Müəssisan intixabatı"
komissiyasının üzvü idi və Məclisi-Məbusanın
1920-ci ilin fevral ayının 12-də keçirilmiş
iclasında "Məclisi-Müəssisan intixabatı
komissiyonunun smetası" adlı geniş məruzə ilə
çıxış etmişdir. Onun Məclisi-Məbusanın
1919-cu ilin may ayının 29-da keçirilmiş iclasında
ikinci oxunuş üçün təqdim edilmiş "Məclisi-Müəssisan
seçkiləri haqqında qanun" layihəsinin 2-ci maddəsi
ilə əlaqədar olaraq etdiyi çıxışı məclisdə
geniş müzakirələrə səbəb olmuşdur.
Özündə parlament üzvlüyünə namizədlərin
irəli sürülməsi və seçki formasının
(majoritar və ya proporsional) müəyyənləşdirilməsi
qaydalarını ehtiva edən həmin maddədə əksini
tapan məqamlara münasibət bildirən Abdulla bəy, namizəd
siyahıları tərtib edilən zaman partiyaların
bütün ölkə üzrə vahid siyahı tərtib etməsinin
əleyhinə olduğunu, hər partiyanın hər bir
seçki ərazisi üzrə həmin məntəqənin
ziyalılarının adlarının yer aldığı
ayrıca bir siyahı tərtib etməsinin tərəfdarı
olduğunu dilə gətirir. Fikrini əsaslandıran Abdulla bəy,
məsələyə onun qeyd etdiyi format üzrə
yanaşılacağı təqdirdə yerləri real təmsil
edəcək şəxslərin məclisə düşmək
hüququ qazanacaqlarını, bununla da yerlərdə
müşahidə olunan spesifik problemləri daha yaxşı
qabartmaq imkanlarının olacağını, bunun da öz
növbəsində həmin problemlərin həlli
yollarının tapılmasında daha səmərəli
olacağını qeyd edir. Bu maddənin təklif olunan redaktədə
və formada təsdiq ediləcəyi təqdirdə isə gələcək
parlamentdə yalnız partiyaların yuxarı orqanlarında təmsil
olunan və yerlərdəki durumdan az xəbərdar olan, əsasən
Bakı şəhərində yaşayan şəxslərin təmsil
olunacağını, yerlərin demək olar ki, real təmsilçilikdən
kənarda qalacağını ifadə edərək,
cümhuriyyətin siyasi-iqtisadi, mədəni tərəqqisi
naminə yerlərə (əyalətlərə) daha çox
diqqətin ayrılmalı olduğunu vurğulayır.
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının
fəal üzvlərindən biri olan Abdulla bəy,
çıxışlarında ölkədə mövcud olan
sosial-iqtisadi problemləri daim qabardaraq, vətəndaşların
rifah halının yaxşılaşdırılması istiqamətində
əsaslandırılmış təkliflər irəli
sürmüşdür. Bu baxımdan onun səhiyyə və təhsilin
inkişafı, xüsusən də əhaliyə göstərilən
səhiyyə xidmətinin keyfiyyətinin artırılması
və təhsil işçilərinin əməkhaqlarının
artırılaraq, mövcud bazar şərtlərinə
uyğunlaşdırılması istiqamətindəki təklifləri
aktuallığı ilə seçilir. O,
çıxışlarında sosial problemlərin həlli
zamanı ölkənin Bakı və Gəncə şəhərləri
ilə yanaşı, əyalətlərə, xüsusən də
olduqca acınacaqlı sosial-məişət şəraitinin
mövcud olduğu kəndlərə diqqətin
ayrılmasının vacibliyini qeyd edərək, "...vətənin
canı kəndistandır" və "...Millətin
parası millətin özünə məsrəf
olunmalı"dır söyləyirdi. Ölkədə
sosial ədalətin bərqərar olmasının vacibliyini
daim çıxışlarında dilə gətirən
Abdulla bəy, "...Biz böylə fikir edirik ki, millət
tacirindən, varlısından ibarət deyil. O füqərayi-kasibədən
ibarətdir ki, o milyonları təşkil edir" şəklində
fikrini ifadə edir, həm aşağı təbəqədən
olan şəxslərin sosial vəziyyətlərinin
yaxşılaşdırılması, həm də xalqın
arasına getməklə onlar arasında əldə edilmiş
istiqlalın tarixi əhəmiyyətinin anladılmasına
xidmətə yönədilmiş maarifləndirilmə
işinin təşkilinə ciddi ehtiyacın olduğunu qeyd
edirdi.
Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanının
iclas protokolları və stenoqramları ilə tanış
olan zaman onun bir maarifpərvər və təhsilə daha
doğma olan şəxs kimi daim ölkə təhsilinin
inkişafı, insanlar arasında savadsızlığın
aradan qaldırılması, daha çox insanın təhsilə
əlçatanlığını təmin etməyə xidmət
edən əyalət mərkəzləri və kəndlərdə
yeni məktəblərin açılması və mövcud məktəblərdə
təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi,
həmçinin müəllimlərin sosial şəraitinin
yaxşılaşdırılması istiqamətində daim təkliflərlə
çıxış etdiyini görürük. Bu mənada
Abdulla bəyin Məclisi-Məbusanın 1919-cu ilin avqust
ayının 21-də təşkil edilmiş iclasından
başlayaraq müzakirəyə çıxarılmış
"Azərbaycan darülfünunun təşkili
haqqında"kı (Azərbaycan Universitetinin - indiki Bakı
Dövlət Universitetinin) müzakirələrdə ortaya
qoyduğu mövqe maraqlı olmaqla, onun vətənsevərliyinin
dəyərləndirilməsi baxımından önəmlidir.
Belə ki, bildiyimiz kimi, ali təhsil müəssisəsində
çalışmaq üçün yüksək ixtisaslı
kadrların, xüsusən də türkdilli kadrların, demək
olar ki, olmaması, eyni zamanda təsis ediləcək
universitetin dövlət büdcəsi üçün əlavə
yük ola biləcəyini düşünən
ayrı-ayrı partiya, firqə mənsubları universitetin
açılmasının əleyhinə
çıxış edir, ən yaxşı halda bu prosesi bir
qədər ertələməyi təklif edirdilər. Ölkədə fəaliyyət göstərən və
universitetin təsisi ilə bağlı bu mövqedən
çıxış edən siyasi qüvvələrdən
biri də "Əhrar" partiyası idi. Artıq qeyd etdiyimiz kimi, bu partiyanın parlamentdə
fəaliyyət göstərən eyni adlı
fraksiyasını təmsil edən şəxslərdən
biri də Abdulla bəy idi. Lakin fraksiya
yoldaşlarından fərqli olaraq, Abdulla bəy universitet
açılması ideyasını tam dəstəkləyir.
O, bu məsələ ilə əlaqədar məclisin 1919-cu
il 21 avqust tarixindəki iclasında çıxış edərək
"Darülfünunun açılması məsələsinin
"Əhrar" firqəsində iki tirəliyə səbəb
olduğunu, fraksiya üzvlərinin bir neçəsinin bu
ideyanın əleyhinə, bir neçəsinin isə lehinə
olduğunu qeyd edərək, özünün bu təklifin
lehinə olanlar sırasında olduğunu qeyd edir. O,
universitetin hansı dildə fəaliyyət göstərməsindən
asılı olmayaraq elm mənbəyi olduğunu, "vətən
üçün yaxşı işçilər, siyasi adamlar,
elmli adamlar hazırlayacağını və bu elm mənbəyini"
indidən təsis edilməsinin lazım və vacib olduğunu
söyləyir. Hazırkı imkanlarla universitetdə
birbaşa türk dilində tədrisin təşkilinin
mümkün olmadığını vurğulamaqla, sonrakı
dövrdə tədricən türk dilinə keçməyin
mümkünlüyünü ifadə edir. Gələcəkdə
orta məktəblərin milliləşdirilmə prosesini
başa çatdırmaq və tədrisin tam türk dilində
aparılmasını təmin etməkdən ötrü
universitetdə türk dilinin tədrisinə xüsusi diqqətin
ayrılmalı olduğunu vurğulayan Abdulla bəy deyir: "Ona
görə də lazımdır ki, darülfünuna öylə
müəllimlər dəvət edək ki, türk dilini
yaxşı bilsin. Türk ədəbiyyatına
dara olsun. Böylə professoru çox
aramalıdır. Hər şöbədə
necə ki, qeyd olunubdur, türk dili məcburi olsun. Bir məcburi deməklə olmaz. Gərək
bunun proqramı olsun. Bir şəxs ki,
darülfünun icmal etdi, edadi də tədris edəndə
darülfünundan özülə götürdüyü elmləri
lazımdır ki, gözəl, ədəbi türk dilində
tədrisə müqtədir olsun, islahatifənniyəyə
aşina olsun." Daha sonra
çıxışını davam etdirən Abdulla bəy təsis
ediləcək universitetdə ilkin olaraq müəllim
hazırlayan şöbənin açılmasının
vacibliyini vurğulayaraq, çıxış edənlərin əksəriyyətinin
fiziologiya, riyaziyyat, filologiya ixtisalarının
açılmasını təklif etsələr də,
pedaqoji kadr hazırlayan ixtisasın açılması məsələsinə
toxunmamalarından təəssüf duyduğunu qeyd edərək,
millət üçün müəllim yetişdirəcəyini
nəzərə alaraq bu ixtisasın
açılmasının əslində ən vacib olduğunu
bildirir. Yeni təsis ediləcək və ölkənin ilk ali
təhsil müəsissəsi olacaq universitetdə türk
dilində tədrisin təşkilinin vacib və əsas şərt
olmasını Abdulla bəy Məclisi-Məbusanın 1919-cu
ilin avqust ayının 25-də keçirilmiş altmış
səkkizinci iclasındakı çıxışında bir
daha qeyd edərək, bunun həm də təmsil etdiyi
fraksiyanın proqramı olduğunu ifadə edir: "...O
ölçüdə, o dərəcədə olsun ki,
türk dilinə, Türkcə elmə və fənnə o dərəcə
dara olsun ki, darülfünunu bitirmiş kişilər edadilərdə
tədris etdikləri zaman öz dilində ixtisası olduğu
şeylərə asan vəchlə hər kəs keçə
bilsin. Mətləb budur. Türk
dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn
istilahlarını ixtisas olduğu dərsdən tədris edə
bilsin".
Məclisi-Məbusanın iclas protokolları və
stenoqramları ilə tanış
olduğumuz zaman Abdulla bəyin məclisdəki
çıxışlarında təkcə ümumölkə
problemlərinə toxunmaqla kifayətlənmədiyini, paralel
olaraq mütəmadi şəkildə təmsil etdiyi Şəkidə
mövcud olan sosial-iqtisadi problemlərlə bağlı qərar
layihələrinin hazırlanaraq qəbul edilməsi təşəbbüsü
ilə çıxış etdiyini, bu istiqamətdə bir
növ lobbiçilik fəaliyyətini qurduğunu
görürük. "Əhrar"
fraksiyası tərəfindən yollar nazirinə
ünvanlanmış və 1919-cu ildə Məclisi-Məbusanın
müzakirəsinə çıxarılmış Şəki-Zaqatala
ətrafındakı yolların vəziyyətinə dair və
26 aprel 1920-cil tarixdə parlamentin 144-cü iclasında
müzakirəyə çıxarılmış Şəki
şəhərini sel təhlükəsindən qorumaq məqsədilə
Kiş çayının qarşısına daşdan bənd
qurulması üçün 40.460.000 manat vəsait
buraxılmasını nəzərdə tutan qərarların
qəbulu məhz bu fəaliyyətin nəticəsi idi. Sözügedən sonuncu qanun layihəsi ilk dəfə
Məclisi-Məbusanın 1920-ci ilin mart ayının 4-də
keçirilən yüz otuzuncu iclasının gündəliyinə
daxil edilmişdi. Haqqında söhbət
açdığımız birinci məsələ ilə
bağlı məclisdə ayrı-ayrılıqda
çıxış edən Abudulla bəy Əfəndiyev və
Kiçikxanov çıxışlarında hər bir
dövlət üçün yol infrastrukturunun
iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayırlar. İstehsal olunan əmtəələrin
həcminə görə "Azərbaycanın ikinci
Bakısı hesab edilən" Şəki-Zaqatala bölgəsinin
yollarının olduqca pis durumda olmasını qeyd edən
natiqlər, yolların bu vəziyyətdə olmasının kəndlilərə
böyük ziyan bahasına başa gəldiyini, milyonlarla pud
meyvənin yolsuzluqdan xarab olduğunu bildirir, məsələdən
çıxış yolu kimi Zaqataladan Gəncəyədək
uzanan yolun təmir edilməsinin həmin əmtəələrin
bazara çıxarmaq üçün şərait yarada biləcəyini
vurğulamaqla, sözügedən yolun təmirinin xəzinəyə
yük olmayacağını, bu planı reallaşdırmaq
üçün maliyyə mənbəyi kimi Gürcüstana
göndərilən meyvələrin müqabilində
alınan 200 min manat məbləğindəki vəsaitdən
istifadə edilməsinin mümkünlüyünü ifadə
edirlər.
Beləliklə, təqdim etdiyimiz bu qısa
araşdırmanın nəticəsi olaraq, Azərbaycan
Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını
təmsil edən Abdulla bəy Əfəndizadənin parlamentin
ən fəal üzvlərindən biri kimi daim vətəni və
xalqının rifahı naminə çalışan,
uzunsürən milli mücadilə nəticəsində əldə
edilmiş istiqlalı qazanılmış ən böyük
tarixi zəfər hesab edən, öz təbiri ilə desək,
istiqlal uğrunda ölməyə, lazım gələcəyi
təqdirdə bu yolda millətin önündə getməyə
həmişə hazır olan aydınlarımız və milli
vətənpərvərlərimizin ən parlaq nümayəndələrindən
biri olduğunu görürük.
Vüsal Baxışov
Şəki
Ədalət.-2018.- 14
iyun.- S.7.