MUSANIN
SEVGİ DÜNYASI
İSLAM
SADIQ
Hər kəsin öz dünyası var. Bu fikir daha çox yaradıcı adamlara
aiddir. Öz dünyası
olmayanın, öz sözü də olmur. Şair
dostum Musa Ələkbərli öz dünyası və öz
sözü olanlardandır. Bu, onun birinci
xoşbəxtliyidir. Musanın ikinci
xoşbəxtliyi odur ki, onun dünyası sevgidən
doğulub, sözü sevgiylə yoğrulub. Sevgiylə dolan ürəyə heç vaxt qəzəb,
nifrət yol tapa bilmir. Şair dostum
kitablarından birinin adını "Dünya sevgidən
doğulub" qoyanda elə bilirəm ki, onun haqqında uzun
-uzadı düşünməyib. Bu ad Musa
Ələkbərli yaradıcılığının
leytmotividir.
Musanın sevgisi də özü kimi
qeyri-adidir. Bu sevgidir,
daşları oxuda bilir:
Hələ istəyinlə köklənib aləm,
Əlin toxunanda daş da oxuyur.
Bu sözlər Musanın sevdiyi gözələ
ünvanlanıb. Musa onun gözlərinə görünmədən əli
toxunanda oxuyan daşların səsinə qulaq asır. Çünki Musanın eşqində də bir
utancaqlıq, bir abır-həya, dərin dəryaların
lallığı var. O, gecələr ayı ürəyini
aça bilmədiyi gözələ elçi göndərəndə
bu utancaqlığın, lallığın özünü
göstərir oxucuya. Söhbət yalançı sevgidən
yox, gerçək sevgidən, adama od vurub,
onu köz kimi yandıran sevgidən gedir. Musa da
bu çətinliyə düşüb, ona görə gecə
ayı elçi göndərir.
Gəzib dolanaram boş küçənizdə,
Qəlbimdə bir eşqin, hayı-harayı
Aramız nə qədər yaxın olsa da,
Sənə ürəyimi aça bilmərəm,
Elçi göndərərəm gecələr
ayı.
Deyirlər ki, ilk sevginin dili lal olur. Oğlanlar üçün ilk dəfə
sevirəm demək qədər çətin iş yoxdur. Hələ bu harasıdır, görün bu
utancaqlıq, lallıq Musanın başına nə oyun
açıb?
Ay Musa, həsrətin alov dilisən,
Dəlisən, özü də ayrı dəlisən!
Bilirəm sən məni gözləməlisən,
Bu fürsət əlindən uçana kimi:
Musa yaxşı bilir ki, sevgi oddu, alovdur. Onun bir
çınqısı kimin ürəyinə düşsə
yandırır, yaxır.
Bu yanğı Musanı nəinki qorxutmur, əksinə,
onu kiminsə gözündə allahlaşdırır. Bir də Musa yaxşı bilir ki, ürəyində
sevgi odu olmayanların yazdıqları da söz
yığınına dönür:
Sevgiyə tapınan adın yoxdusa,
Səni allah bilən qadın yoxdusa,
Tanrıya çatası odun yoxdusa,
Sözləri yan-yana düzməyə dəyməz!
Musa bir günəbaxandı, sevdiyi gözəl
günəşdi. Sevgi Musanı gecə-gündüz bu günəşin
başına dolandırır. Hər şeydən
üzü dönəndə Musa öz günəşinə
tərəf boylanır:
Məhəbbət! Dəmə ki, qaldım dünəndə,
Söz-söz, misra-misra paylanmağım
var.
Dünyada hər şeydən üzüm dönəndə,
Mənim sən tərəfə
boylanmağım var.
Sevgi Musanı qocalmağa qoymur, onun
özünü də, sözünü də ovxarlı
saxlayır.
Altmış yaşında da ürəyi on yeddi
yaşındakı kimi sevgi ilə alışıb-yanır:
Xəyalım zirvələr başında qalır,
Mənim tək quruyub qarşında
qalır.
Sevgi yanığının yaşı artsa da,
Ürəyi on yeddi yaşında qalır.
Musa Ələkbərlinin
poeziyasındakı sevginin ünvanı gah vətənin
özüdü, buz bulaqları, uca dağlarıdı,
aranıdı, düzüdü, gah xalqdı, millətdi. Musanın gözündə
insandan uca varlıq yoxdur. Bu
ucalığı Musa çox haqlı olaraq insanların
göydən gəlmələri ilə
bağlamışdır. Şair
düşüncəsi, şair xəyalı burada
ünvanı düz tapmışdır. "Göy
tanrı", "göy türklər" ifadələrini
yada salmaq yetər ki, Musanın "Biz yerdə
görüşən göy adamları" fikirini doğru
anlayaq.
Göy türklər də göydən gəlmiş
türklər deməkdir.
Bu adın tərkibindəki "göy" sözü
rəng bildirmir, məhz onunla türklərin göydən gəldiklərinə,
göy, səma mənşəli olduqlarına işarə
edilmişdir:
Biz yerdə görüşən göy adamları,
Ovsuna gəlməyən ilan adamlar.
Biz öz sinəsində şimşək söndürən
Dünyada dünyasız qalan adamlar.
Öz var-yoxumusu öyə bilmərik.
Varıqmı, yoxuqmu-deyə bilmərik.
Biz gerçək adamlar, yalan adamlar.
Musa Ələkbərli təkcə sevgidən yazanda
"sevirəm" demir. Yaxud belə
düşünmək olmaz ki, Musanın "sevirəm"
sözü olmayan şeirlərində sevi yoxdur. Musanın bir çox şeirlərində sevgi
sözlərin arasından dəmirçi körüyündəki
alov kimi fışqırıb çıxır.
Bu boyda sərvətin, varın içində
Biz yoxsul, lüt-üryan, ac olanlarıq.
Biz yerdə döyükən göy adamları,
Yerə də, göyə də tac olanlarıq.
Bəli, burada yerə də, göyə də tac olan insana sevgi onun yoxsulluğu,
aclığı, lüt-üryanlığı ilə
paradoqsal şəkildə qarşı-qarşıya
qoyulmuş, yerin-göyün tacının aclığına
qarşı şair ürəyində əməlli-başlı
etiraz püskürmüşdür. Onun ürəyindəki
bu etiraz püskürməsi şairin vətənə və
xalqa sevgisindən başqa bir şey deyil. Biz
eyni sevgini və yanğını Musanın "Heç nə
ürəyimcə olmadı, allah" şeirində də
görürük.
Milləti bu kökə düşən şairin,
Şairi bu kökə düşən millətin,
Gözündən çay kimi axsa qan-irin,
Yarası, göynəyi sağalar çətin.
Bəli, millətin halı şairin
ovqatını müəyyənləşdirir, şairin
ovqatı millətin halının güzgüsüdür. Söhbət söz
uyduranlardan yox, şairdən gedir. Millətin
dərdi üzərində qol açıb
şıdırğı oynayan, yalan üyüdən
"şairlər"dən fərqli olaraq Musa milləti
özündən, özünü millətdən ayrı
düşünmür. Ona görə də
Musanın ovqatı millətin halına güzgü tutur.
Musa Ələkbərli "dünyası
sevgidən doğulan" şairdi. Mən əminəm ki, hamının
dünyası sevgidən doğulsaydı, dünyada bu qədər
pisliklər olmazdı.
Ədalət.- 2018.- 14 iyun.- S.6.