GƏNCƏDƏ
BİR ÜNVAN VAR...
Vətəndaş mövqeyi: şəxsi
evdə "Vətən igidləri muzeyi"
Bəli, qədim şeir, sənət ocağı,
igid ərənlər yurdu Gəncədə bir ünvan var:
Sevil Qazıyeva küçəsi, üçüncü
döngə, ev 9!..
Artıq 26 ildir ki, bu ünvan nəinki Gəncədə,
eləcə də respublikamızın müxtəlif bölgələrində
tanınır. Bu, təsadüfi deyildi. Küçənin
başlanğıcında tez-tez "Bağışlayın,
Elnarə Tağıyevanın evinə necə getmək
olar?", "Bəlkə deyəsiniz, Sevil Qazıyeva
küçəsi, üçüncü döngədəki
9 nömrəli ev uzaqdadır?" sözləri eşidilir.
Hamı böyük ehtiramla sualdolu baxışları
bu ünvana istiqamətləndirir!.. Qapıda üçrəngli
Azərbaycan Bayrağı dalğalanan ev Elnarə
Tağıyevanın ata mülküdü. Düz 26 ildir bu həyət
"Vətən igidləri muzeyi" kimi tanınır...
...Səliqə-səhmanlı həyətə daxil
oluruq. Elnarə bizi qarşılayıb iç-içə
üçotaqlı muzeyə dəvət edir. Rəngli,
ağlı-qaralı şəkillərdən boylanan
yaralı, xəstə, bəzən xəfifgülüşlü
insan baxışları, odlu-alovlu müharibənin dəhşət
saçan, qandonduran səhnələrini əks etdirən
saysız-hesabsız fotolar, al-qana boyanmış əsgər
paltarları, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər,
parça-parça olmuş çəkmələr, gilizlər,
qəlpələr, möhürlü, "yaralı" sənədlər,
saralmış qəzet-jurnal səhifələri, heykəlləşmiş
əsgər taleyi, nələr, nələr...
Mənfur qonşularımızın Dağlıq Qarabağ
münaqişəsinin ağrı-acılarını
özündə yaşadan bu eksponatlar Gəncə şəhər
sakini Elnarənin şəxsi təşəbbüsü və
şəxsi evində təşkil etdiyi "Vətən igidləri
muzeyi"ni ildən-ilə zənginləşdirdiyi
kolleksiyalardandır.
- 51 yaşım var. Ömrümün yarıdan
çoxunu bu muzeyin ağrılı-acılı
eksponatlarını toplamağa, 300 nəfərdən artıq
şəhidin - vətən mücahidlərinin
qırılmış talehləri barədə məlumat
toplamağa həsr etmişəm!.. Hazırda 2280-dən
artıq eksponat, eləcə də şəhidlərə aid
yüzlərlə sənəd, onların igidliklərindən
yazılmış çoxlu sayda qəzet, jurnal və kitablar
burada qorunub, saxlanılır, çoxsaylı
tamaşaçılara təqdim edilir... Müharibənin ilk
illərindən müdafiə nazirliyinin nəzdindəki əşya-əmlak
xidməti kombinatında çalışırdım. O zaman
bizim camaşırxana Gəncə qarnizonunu və bütün
cəbhəboyu bölgələri təmiz hərbi geyimlə
təchiz edirdi. Müharibə getdikcə
qızışır, cəbhədən hər gün
ağır xəbərlər alırdıq. Hər dəfə
paltarları aparmağa ayrı-ayrı əsgərlər gəlirdi.
Geyimlərin bir neçəsini isə orada qoyub gedirdilər.
Kombinatda yeni işə düzəldiyimə görə ilk
günlər nələrin baş verdiyinin fərqində
deyildim. Aparılmayan paltarları səliqə ilə bir kənara
yığır və həmin paltarların sahiblərini
gözləyirdim. Bir gün kombinatımıza gələn
zabit dedi ki, aparılmayan həmin paltarların sahibləri artıq
həyatda yoxdular, onlar şəhid olublar. "Bax, o zaman
anladım ki, bura gələn əsgəri niyə sonra görə
bilmirəm. Artıq bu gün gördüyüm əsgəri
bir də görəcəyimə ümidim yox idi. Ona görə
də hər dəfə kombinatımıza gələn əsgərlərdən
xahiş edirdim ki, öz siqaretlərindən, şəxsi əşyalarından
birinin üzərinə ürək sözlərini və
tarixi yazıb mənə bağışlasınlar. Sonra cəbhədə
baş verənləri evdə valideynlərimə
danışdım və onların razılığı ilə
şəxsi mənzilimizin bir otağını muzeyə
çevirdik... İndi gördüyünüz kimi muzeyimiz
üç otağı əhatə edir - Elnarə
Tağıyeva bu sözləri söyləyərkən bir
neçə dəfə kövrəlib, göz
yaşlarını silirdi.
Çox keçmədi Elnarənin işlədiyi
kombinat öz işini dayandırdı və Elnarə digər
iş yoldaşları kimi ixtisara düşdü. Lakin
başladığı xeyirxah iş onu muzeyin
eksponatlarının artırılmasına, dəyərli sənədlərin
toplanılmasına marağını daha da artırdı.
Ötən bu illərdə ağır döyüşlərin
getdiyi cəbhə bölgələrində, hospitallarda olan
Elnarə Tağıyeva dəfələrlə ölümlə
üz-üzə gəlib. Güllələrin göydən
yağış kimi yağdığı, mərmilərin
yanında partladığı anlarda ağır yaralanan, bəzən
də şəhid olan əsgərləri öz gözləri
ilə görüb. Döyüşlərdən birində
başını sıyırıb keçən gülləni
şəxsi muzeyində saxlayan Elnarə deyir ki, hər dəfə
efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini
eşitdikdə əvvəlcə onun ünvanını
axtarıb tapır, sonra da yaşadığı rayona, şəhidin
evinə gedir. Yaralı əsgərlərlə, şəhid
ailələri ilə həmsöhbət olur, geri qayıdanda
isə ya onların özündən, ya da ailə üzvlərindən
muzey üçün bir əşya alıb gətirir. Maraqlıdır
ki, Elnarənin muzey işi barədə heç bir təhsili,
biliyi olmasa da, hər bir eksponatın, hər bir əşyanın
dəqiq hesabatını, kartatekasını hazırlayır,
kitablara salır ki, lazım gələndə faktlardan dəqiq
istifadə etsin.
Beləcə, uzun illərdir ki, nə müharibə bitib
silahlar susur, nə də qəlbi Vətən eşqi, qələbə
soraqlı Elnarə Tağıyevanın şəhərlərə,
kəndlərə gedib qapısını döydüyü
yaralı əsgərlərin, şəhidlərin
ünvanı bitib tükənir. Hər dəfə də eyni
nisgil, eyni acı həqiqət və göz yaşları!..
Muzey isə ildən-ilə böyüyür, eksponatlar
artıb çoxalır. Yuxarıda qeyd etdiyim kimi, Elnarə
Tağıyeva 2013-cü ildən nə işləyir, nə də
təqaüd alır. Eksponatları toplamaq üçün səfərlərini
təqaüdçü atasının onsuz da məhdud olan təqaüdü
hesabına maliyyələşdirir!.. Budur, vətəndaş
mövqeyi!.. Elnarə respublikanın cənub bölgəsindəki
beş rayondan başqa bütün bölgələrdə
olub. 120 Milli Qəhrəman, 394 nəfər şəhid barədə
üç minə yaxın eksponat, sənəd, şəkil
toplayıb.
Muzeyin qapıları neçə illərdir geniş
tamaşaçı üzünə açıqdır.
Tez-tez şəhid ailələri, qazilər, məktəbli-gənclər,
tələbələr buraya gəlir, eksponatlarla tanış
olur, Elnarənin eksponatların hər biri barədə
maraqlı, ürək yandıran söhbətlərini dinləyirlər.
Şəhərin 2, 4, 8, 38 nömrəli məktəblərinin
müəllimləri, şagirdləri vətənpərvərlik
mövzularında bir çox dərslərini burada keçirlər.
Hər bir tamaşaçı, hər bir kollektivin dəqiq
uçotu aparılır. Elnarə bir neçə
kitabçanı bizə göstərir. Eksponatların muzeyə
daxil olma tarixi, kimdən və haradan, nə zaman
alınması! Hansı şöbədə, otaqda nümayiş
edilməsi, ayrıca kitabda qeyd olunur. Eləcə də
tamaşaçıların haradan, nə vaxt və neçə
nəfər gəlməsi barədə də ayrıca qeydlər
aparılır. Bax, bu kitabda isə ekskursiyaya gələnlərin
ürək sözləri yazılıb. Hər şey dəqiqliklə,
qayğı ilə, ustalıqla qeyd olunur...
Muzeyin otaqlarını gəzir, Elnarənin ürəkyandıran
söhbətlərini dinləyirik. Burada hər əşyanın
bir acı xatirəsi, arxasında neçə-neçə
insanın göz yaşı, həsrəti var. Hər bir
eksponata, hər bir şəkil və ya sənədə həyəcansız,
ürək ağrısız baxmaq olmur.
Elnarə əsgər çəkmələrinin
sıralandığı cərgəyə
yaxınlaşır. Bir tayı olmayan parçalanmış
çəkməni qaldırıb deyir:
- Bu çəkmələrin sahibləri də şəhid
olub. Əlimdəki tək və parçalanmış çəkmənin
sahibi olan əsgər minaya düşüb. Ondan qalan
yalnız budur. Divardan asılmış əllə kəsilmiş
"abrez" Gəncənin ilk şəhidi Rüzigar
Qasımovundur. Bu büst və şəkillər, qəzetlər
də ona məxsusdur. Müharibənin ilk illərində nə
ordumuz var idi, nə də silahlarımız. Baş leytenant
Rüzigar Qasımov 12 nəfərlik bir dəstə düzəldib
gah Nüvədidə, gah da Gəncəbasar döyüşlərində
"abrez" quş tüfəngi ilə döyüşlərə
atılırdı. Üç ay Nüvədidə
vuruşdu, 1990-cı ilin yanvar ayının 12-də Todanda gedən
ağır döyüşlərin birində məslək, əqidə
dostları - Bəxtiyar Əliyev və Abbasqulu Məmmədovla
birgə düşmən gülləsinə tuş gəlib,
şəhidlik zirvəsinə yüksəldilər. Rüzigar
Qasımovun igidliyinə həsr edilən 200-ə yaxın
şeir, oçerk yazılıb. Şəhərimizdə hər
üçünün adına küçə verilib. "Gəncənin
igid oğlu Rüzigar" adlı mahnı bəstələnib...
Şəhid fotoları arasından bir qadın şəkli
də boylanır. Muzey sahibi bu şəklin Gəncənin
yeganə qadın şəhidi olan Sevda Cabbarovaya aid
olduğunu söyləyir. Sonra didilmiş əlcəkləri
göstərib onun minaya düşən hansı şəhidə
aid olduğunu, qanlı bayrağa kimin
büküldüyünü, öldüyü
düşünülüb morqa qoyulan, lakin beş gündən
sonra meyitlər arasından çıxarılıb cərrahiyyə
əməliyyatı aparılan və yenidən həyata
qayıdan qazinin hekayəsini söyləyir. Stolun
üstündə düzülmüş, üstünə
adlar və soyadlar yazılmış irili-xırdalı qəlpələr
və güllə başlıqlarının hər biri bir evin
işığını söndürüb, bir vətən
oğlunu bizdən alıb. Azərbaycanın Milli Qəhrəmanlarına
aid qana bulaşmış əşyalar da divardan
asılıb. Eksponatlar arasında bir əsgər
papağı diqqətimi cəlb edir. Onun üstünə
yapışdırılmış kiçik sarafan
torbacıqda bir neçə saç tükü
gördük. Elnarə deyir ki, bu Milli Qəhrəmanımız
Mübariz İbrahimova məxsusdur. Onu Mübarizgildən
alıb gətirəndən sonra Elnarə papağın
içindən bu tükləri tapıb, beləcə
mühafizə edib.
E.Tabıyevanın "Vətən igidləri
muzeyi"ndə yalnız şəhidlərin, qazilərin, Milli
Qəhrəmanların əşyaları deyil, həm də
onlara aid çoxlu sayda sənədlər də var. Burada əşyası
sərgilənən hər bir döyüşçü
üçün kiçik guşə yaradan, şəxsi
qovluq düzəldən E.Tağıyeva şəhidin valideynlərinə
və ailə üzvlərinə, bəzən də yaralı
əsgərlərin özlərinə tərcümeyi-hallarını,
onların keçdiyi döyüş yollarını və
xatirələrini yazdırıb, muzeyin eksponatları
sırasına daxil etmişdir.
Elnarə daha bir eksponatı bizə göstərir.
"Baxın, bu şəkillər ən xoş günün
xatirəsi kimi toyda çəkilib. Bu ağ
qızılgül də həmin toydakı güldür.
Atanın-ananın tək övladı olan bu
yaraşıqlı oğlan, toyundan 3 gün sonra qəhrəmancasına..."
Qəhər hər ikimizi boğur. O daha heç nə
danışa bilmir və biz səssizcə otaqdan
çıxırıq. Yenə əvvəlki kimi lal bir
sükut bu otaqlara hakim kəsilir...
Küçəyə çıxıram. Yenidən
ünvana baxıram. Bir nəfərin vətəndaşlıq
qayəsi nəticəsində nəinki, Gəncədə,
ölkəmizin bütün bölgələrində
tanınan "Vətən igidləri muzeyi", eləcə
də onun təşəbbüsçüsü və təşkilatçısı,
rəhbəri Elnarə Tağıyevanın xeyirxah işinin əzəməti
gözlərim qarşısında daha da böyüyür. Elə
bu an xatırlayıram ki, dövlət səviyyəsində
aparılan yoxlamalar nəticəsində məlum olub ki,
yüzlərlə "işbilən" cibində saxta
"müharibə veteranı" vəsiqəsi gəzdirir!..
Onların heç biri müharibəni görməyib, o hissləri
yaşamayıb.
Elnarə Tağıyeva isə şəxsi
üçotaqlı evində muzey yaradıb, şəxsi vəsaiti
ilə bölgələrdə olub, şahidlərlə
görüşüb, ekspontlar toplayıb!.. Məgər bu qəhrəmanlıq
deyilmi?! Özü də 2013-cü ildən heç harda
işləmir. Səfərləri, muzey üçün
lazım olan vəsaitləri atasının təqaüdü
hesabına toplayır, hazırlayır, insanlara, məktəbli-gənclərə
uzun illərdən bəri davam edən müharibənin
törətdiyi acı həqiqətləri təbliğ edir,
insanlarda möhtəşəm vətənpərvərlik
hissləri aşılayır.
Məgər, onun şəxsi evində təşkil
etdiyi "Vətən igidləri muzeyi"ni əlaqədar təşkilatlar
uçota alıb, ona zəhməti müqabilində məvacib
verə bilməzmi?!. Bizcə bu mövzu ətrafında əlaqədar
təşkilatlar ciddi düşünsələr yaxşı
olardı!..
Ədalət.-2018.-14 iyun.-S.6.