Əbülfət
MƏDƏTOĞLU
NAXÇIVANDA
AÇDIĞIM SƏHƏR
BEŞİNCİ YAZI
Gecələri də özəl olan
şəhər
Arpaçayın sahilində yaşadıqlarım,
ürəyimdən, könlümdən keçirdiklərim,
özü-özündən qaynayan bulaq kimi bir də
gördüm ki, misralara çevrilib. Və mən o
misraları yaddaşıma yazıb üzümü
Arpaçaya tutaraq elə ürəyimdəcə pıçıldadım.
Yəqin ki, bu pıçıltıları təkcə
Arpaçay eşitdi, bir də Saranın ruhu:
Saranı aparan çay
Yaramı qoparan çay…
Bilmirdin taparam, çay –
Sənlə hesab çəkərəm?!
Dağlardan sıyrılan çay
Qartal tək qıy vuran çay…
İlan tək qıvrılan çay –
Sinəndə nur əkərəm…
Bir də coşub daşma sən
Kükrəyəndə çaşma sən!
Sevgi səddin aşma sən –
Mən sevgidən şəkərəm…
Bəli, artıq zaman gəlib
çatıb. Arpaçay da buradakı mənzərə ilə,
ümümiyyətlə, bütün bu anlarla xudahafizləşməyin
vaxtıdı. Belə də edirik. Bir neçə xatirə şəkilləri çəkdirəndən
sonra ovcumu Arpaçayın suları ilə doldurub elə onun
öz sinəsinə səpirəm. Düşünürəm
ki, bu, bizim aramızda bir təmas olacaq. Nə vaxtsa
Arpaçay əllərimin, ürəyimin istisini təzələyəcək
və o görüşdə mən Arpaçayla köhnə
tanışlar kimi həmsöhbət olacam…
Getdiyimiz o dolanbac yolla Şərura tərəf
dönürük. Gəlirik ki, İbrahim müəllimi evinə, ailəsinə
təqdim edib Naxçıvana qayıdaq. Burda da şair
qardaşım İbrahim Yusifoğlu israrla təkid edir:
- Bəlkə bu gecəni Şərurda qalasan? Bizim qonağımız olasan?
Birtəhər könlünü ovudub
xudahafizləşirəm. Qayıdırıq Naxçıvana. Üç dost,
üç şair, üç söz adamı – Asim Yadigar, Əbülfəz
Ülvi və bir də bəndəniz.
Bu dəfə Naxçıvana Şərurdan
çıxan fərqli bir yolla qayıdırıq. Qaranlıq
üzüaşağı enmiş olsa da, sayrışan
işıqlardan Şərurun gecə gözəllikləri də
özünü ifadə edir. Burda bir gerçəyi dilə
gətirmək istəyirəm…
Adətən yollarımızda gecə
qaranlığında sükan arxasında oturmağa heç
həvəsim olmur. Tam səmimi deyirəm. Amma Şərurda,
Naxçıvanda olanda ürəyimdən gəlib keçdi
ki, bu yollarda sükan arxasında oturmağın öz ləzzəti
var. Çünki bütün işarələr öz yerində,
yollar da ki, güzgü kimi. Qaydalara əməl et və sürüb get mənzil başına.
Nə isə…
Yol kənarında dayanmış bir nəfər
gənc oğlan əlini qaldırır. Əbülfəz müəllim Asim
Yadigara tərəf çevrilib səmimi şəkildə:
- Bəlkə bu oğlanı da götürək? Gecə vaxtı yol kənarında maşın
gözləyir. Üçümüz də
razılaşırıq. Həmin cavan
oğlan ön oturacaqda əyləşir. Onu
söhbətə tuturam. Məlum olur ki,
işdən qayıdır. Təsərrüfatda
ləngiyib. Dostlarım bir az da əlavə
suallarla bu cavan oğlanın demək olar ki, kimlərdən,
hansı ailədən olduğunu da öyrənirlər. Gəlib onların kəndinə çatırıq.
Əbülfəz Ülvi maşını əyləyir.
Bizimlə xudahafizləşən cavan oğlan
hamımızı evinə qonaq dəvət edir. Biz də öz növbəmizdə təşəkkürümüzü
bildiririk. Oğlan ərkyana:
- Düşünməyin ki, vaxtsız qonaqsınız.
Şükürülər olsun ki, süfrəmiz boldu, təki
siz gəlin!
Bir daha ona təşəkkür edib
sürfəsinin bolluğunu, canına isə sağlıq diləyirik
Tanırdan.
Naxçıvana çatanda gecə saat 12
idi. Dostlar məni otelə
düşürdülər. Əvvəldən
belə razılaşmışdıq. Çünki
onların evlərində qalıb əziyyət vermək istəməmişdim.
Ayrılanda bir də gördüm ki, Asim müəlim
əlində bir salofan torba ilə mənə
yaxınlaşdı. Ehtiyat badamlıdı, birdən gecə
ürəyin istəyər…
Hə, bu diqqətə artıq heç nə
deyə bilmədim. Sağollaşdım səhərə qədər.
Sabah ertədən, yəni səhər yeməyindən sonra
görüşüb sağollaşacaqdım…
Bəli, ötən səfərimdə
yazmışdım. Oxuyanların yadında olar. Naxçıvanın
gecələri tamam fərqlidi. Bu gecələrə
daha çox sükut hakimdi. Küçələr
o qədər genişdi ki, şütüyən
maşınların səsini «udur». Adamlar paytaxtdakı
kimi gecə parkda, bulvarda və yaxud da məhəllədə
gur səslə, hay-küylə, bir az da
bağıra-bağıra danışmır. Sənə
elə gəlir ki, bu adamlar Naxçıvanın gecələrində
öz dünyalarına daha çox çəkilirlər.
Və bu dünyanın özəlliklərini
bir-birilə, yanlarında olan kəslərlə
bölüşürlər. Bu dəfə
də mən həmin mənzərənin şahidi oldum.
Ümumiyyətlə, adətimdi səfər
etdiyim yerlərdə gecələr yatmağı günah
sayıram, itirilmiş vaxt hesab edirəm. Çalışıram
ki, gecənin sakitliyindən istifadə edib daha çox gəzib
dolaşım, daha çox öyrənim, məlumat
toplayım. Bu dəfə də elə edirəm.
Oteldən düşüb ətrafı
dolaşıram. Küçədəki
seyrək gediş-gəliş, xüsusilə istirahət parklarındakı
yaşlı adamların oturub söhbətləşməsi həmin
o dediyim özəl dünyanın əlamətlərindən
biridi. Ən maraqlı məqamlardan biri də
odur ki, şəhərin bütün guşələri
işıqlandırılıb, məhəllə
aralarından tutmuş parklara qədər hər yerdə gur
işıqlar yanır. Yəni burda yolu
çaşmaq, hardasa azıb qalmaq və yaxud hansısa bir
çala-çuxura, qazılmış yerə düşmək
qeyri-mümkündü. Üstəlik,
küçələrin adları, onların kəsişmə
nöqtələri bir-birilə elə bir formada əlaqələndirilib
ki, bir dəfə keçdiyim küçəni ikinci dəfə
qayıdanda buradan öncə keçdiyni dərhal hiss edirsən.
Bax, mən də otelin ətrafında olan
bütün yerləri, xüsusilə iki parkı xüsusi
maraqla gəzib dolaşdım. Onların hər
ikisində əzəmətli büstlər
ucaldılmışdı. Birinci park Azərbaycanın
böyük aydınlarından, ziyalılarındın biri
olan siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovun
adını daşıyır. Parkdakı səliqə-səhmana
söz ola bilməz. Necə deyərlər,
sahibinin adına uyğun xidmətlərinə
layiq gözəl bir park salınıb. Bir
anlıq bu böyük insanla üz-üzə dayanıram.
Həyat yolunu gözlərim önünə gətirirəm,
oğluna yazdığı məktubu xatırlayıram. Və sonra ikinci parka tərəf üz tuturam.
Bu park Sovetlər Birliyində iki dəfə Sosialist Əməyi
Qəhrəmanı adına layiq
görülmüş və məhz bu titula görə hələ
sovetlər zamanından salınmış Ulu Öndərin adına
salınmış parkdı. Park demək olar ki,
başdan-başa yaşıllığa bürünüb.
Parkın içərisindəki yol döşəmələri,
səkilər, onların ətrafındakı
sayı-hesabı bilinməyən və müxtəlif
növlü güllər-çiçəklər adamın
ruhunu oxşayır. Mən özümü güllər-çiçəklər
ormanında hiss edirəm. Əgər qınayan
olmasaydı, böyük məmnuniyyətlə o güllərin
arasında oturub xəyala dalar, nələri, nələri
düşünərdim. Amma
açıqca görürdüm ki, güllərin
özünə də özəl diqqət var
Naxçıvanda. Heç kim
onların ləçəyinə də toxunmur. Burda güllər
öz ömrünü, öz taleyini yaşayır…
Ulu Öndərin hələ sovet
zamanında hazırlanmış möhtəşəm
büstü məni bir anlıq tələbəlik illərinə,
keçmişə çəkib aparır. Biz, yəni o dövrün
adamları Ulu Öndərə SSRİ hökumətinin həmin
qəhrəman adının təqdim etdiyi məqamları necə
coşquyla yaşamışdıq, necə qürur
duymuşduq. Bütün bunlar tarix olsa da, amma
qürurverici şərəfli tarixdi…
Qəfil yağış başlayır. Məcbur olub otelə
dönürəm. Onsuz da səhərin
açılmasına çox da qalmayıb. Otağın işığını
yandırıb televizorun düyməsini basıram. Yox, bütün bu gördüklərimdən sonra
televizorda maraqlı nə isə görəcəyimə
inanmıram. Amma bəxt üzümə
gülür. Televiziyada Naxçıvanla
bağlı veriliş verilir. Söhbət
bu torpaqdakı abidələrdən, adət-ənənələrdən
gedir. Elə həmin məqamda
xatırlayıram ki, Naxçıvanda «Qızlar bulağı»
var. Heç oranı görməmişəm. Mütləq səhər-səhər ora baş
çəkməliyəm. Bu fikirlə pəncərəni
açıram. Otağa dolan hava yatmaq fikrimi
bütünlüklə başımdan çıxarır…
Kağız-qələm götürürəm
və içimdə baş qaldıran duyğuları
misralayıram.
Baxıram dörd bir tərəf
Güldü, gülür üzümə…
Açaraq qollarını
Qaçıb gəlir üstümə –
Naxçıvanda təbiət.
Bələnirəm paklığa
Ruhum məst olub yatır…
Yağsa da bir anlığa
Yağışa da rəng qatır -
Naxçıvanda təbiət.
Dostların çevrəsində
Təkliyimdən çıxıram…
Quşların nəfəsinə
Qoşur məni – axıram –
Naxçıvanda təbiət.
Saata baxıram. Altıya az qalıb, kimdi yatan. Yenə həyətə düşürəm.
Gəzə-gəzə Türkiyə səfirliyinin
önünə gəlib çıxıram. Oradan keçib 12 nömrəli məktəbin həyətinə
çatıram. Bu aralıqda iki uşaq
bağçası var. Həmin bağçadakı əyləncələr,
qurulmuş avadanlıqlar və buradakı
gül-çiçək özü-özlüyündə hər
şeydən xəbər verir. Bu, mənim
uşaqlığıma nəsib olmayan şeylərdi. Oradan keçib tarix muzeyinə, oradan
Naxçıvan Televiziyasının yerləşdiyi
binanın önünə, sonra «Şərq qapısı» qəzetinin
redaksiyasının qarşısına gəlib
çıxıram. Gəzməkdən
yorulmaq bilmirəm. Elə televiziyanın
istiqamətində olanda təsadüfdən qəzetimizlə əməkdaşlıq
edən naxçıvanlı həmkarım Adilə
xanımla qarşılaşıram. İşə
tələsir. Amma ayaqüstü də
olsa hal-əhval tuturuq. Gəlişimi xəbər
vermədiyimi mənə irad tutur. Olsun! Təki
dostların, tanışların iradı qəfil gəlişlər
olsun. Özü də xoşməramlı
gəlişlər. Yenə
yağış başlayır. Budəfəki
damlalar mənə Arpaçayda bizi islatmağa
çalışan yağışı xatırladır.
Yağışın altından canımı
qurtarmaq üçün «Gənclik» kafesinə daxil oluram.
Deyəsən ilk müştəri mənəm.
Dərhal yaxınlaşırlar, arzumu, istəyimi
soruşurlar. Təbii ki, indi ən çox istədiyim
isti bir çaydı…
Ədalət.-2018.-14
iyun.-S.8.