"Xurcun" folklor guşəsi

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən saylarımızda)

 

LƏTİFƏLƏR-RƏVAYƏTLƏR

 

Balasını qoruya bilməyən yiyəsinə nə xeyir verəcək?

 

Qaragüvəndikli Güldəstə arvadın (ad şərtidir) bir toyuğu 15 cücə çıxarır. O, toyuğu balaları ilə birlikdə həyətə buraxır. Bir azdan səsə çölə çıxıb görür ki, qarğa cücələrdən birini aparıb. Güldəstə qarı bir az həyətdə hərlənib içəri girir. Bu zaman yenidən toyuq-cücə səsi gəlir. Çölə çıxıb görür ki, cücələrdən birini də qarğa çəpərin başında qabağına qoyub təpəsini deşir. Bu minvalla qarğa bir gündə onun 5 cücəsini məhv edir. Güldəstə arvad qalan cücələri anaları ilə birlikdə hinə salıb ağzını bağlayır və ovçu Musanın (ad şərtidir) yanına gəlir:

-Ay Musa, qarğa mənim cücələrimin axırına çıxır axı, mən nə edim?

-Ay Güldəstə, da nə edəcəksən ki, get toyuğun başını toxmağın üstünə qoy və balta ilə vurub bədənindən ayır.

-Elə niyə, ay Musa?

-Balasını qoruya bilməyən toyuq yiyəsinə nə xeyir verəcək, ay rəhmətliyin qızı!?

 

Dua neyləsin yağa?

 

Birisinin Xanımağa adlı gəzəyən arvadı varmış. Bu arvad səhər tezdən əri işə gedən kimi onun arxasınca evdən çıxar, bir də şər qarışanda qayıdarmış. Ev-eşik baxımsızlıqdan padar-bucaq olubmuş. Hər yan zir-zibil, tör-töküntü. Kişi nə illah eləsə də, arvad gəzməyindən qalmır ki, qalmır. Hər dəfə də deyirmiş ki, bəs gəzməyən gəzə bilməz, gəzməsə, dözə bilməz. Bunun ardınca da deyirmiş ki, bəs mən neyləyim, qonum-qonşunun arvadlarının əllərindən heç bir iş gəlmir. Odur ki, səhərin gözü açılmamış məni çağırırlar. Mən də gedib birinə hana toxumağı, birinə yemək bişirməyi, birinə uşaq saxlamağı, birinə də nehrə çalxamağı öyrədirəm.

Kişi deyir ki, onda sən ki, bu qədər işbilənsən, ta biz niyə kasıb dolanırıq? Mən inək alım, sən də o inəyin südünü sağ, qatığını qatıq elə, nehrədə çalxa.

Arvad üzdə razılıq versə də, ürəyində Allaha yalvarır ki, kişi fikrindən dönsün. Səhərisi gün kişi bazardan bir yanı balalı inək alıb gətirir. Deyir:

-Arvad, bu da inək. Di işə başla.

Əlqərəz, arvad "işə" başlayır. Bir neçə gündən sonra Xanımağa nehrəni asıb bir-iki dəfə oyan-bu yana çalxıyır, hövsələsi çatmır. İşi yarımçıq qoyub gəzməyini davam eləyir. Günlər ötdükcə süd bir tərəfdə çürüyür, qatıq o biri tərəfdə qıcqırır.

Xanımağa ərinin bu işdən xəbər tutacağından qorxur. Gedir mollanın yanına. Deyir:

-Molla, mənə bir dua yaz, nehrəmdə yağ tez alınsın.

Molla baxır ki, bu tənbəlin qızını söz ilə qandıra bilməyəcək. Odur ki, bir cızma-qara eləyib bir neçə dəfə qatlayır və ona verir. Tapşırır:

-Bu nehrə duasıdı. Bunu aparıb nehrənin qulpundan asarsan. Nehrən bərəkətli olacaq.

Arvad evinə dönür və mollanın dediklərinə əməl edir. Qatığı nehrəyə tökür, elə çalxamağa başlayanda nehrənin çatısı qırılır, nehrə yerə düşüb sınır, qatıq dağılır.

Kişi evə qayıdanda bir qapıya dağılmış qatığa, bir də ortadan bölünmüş nehrəyə baxır. Birdən gözü nehrənin tutacağındakı kağız parçasına sataşır. Onu götürüb açır, amma hərif tanımadığı üçün oxuya bilmir. Duanı götürüb başqa bir mollanın yanına gedir, xahiş edir ki, onu oxusun, görək burada nə yazılıb.?

Molla kağız parçasını kişidən alıb ürəyində oxuyur və şaqqanaq çəkib gülür. Kişi mollanın gülüşünün səbəbini soruşur. O da bir söz demir və başlayır duanı ucadan oxumağa:

 

Ay gəzəyən Xanımağa,

Dua neynəsin yağa?

Yanını bərk bas yerə,

Güc ver çalxalamağa...

Çalxa nehrən yağ olsun,

Balan yesin sağ olsun!

 

Hər gözəlin bir eyibi olur

 

Gülpəri arvad oğlunu evləndirmək istəyirmiş. Hansı qızı ad eləyirmişsə, oğlu bir eyib tapıb, qulp qoyurmuş. Arvad sonra bezarıyıb oğlu ilə diz-dizə əyləşir:

-Gülnaz necədi?

-Burnu yekədi!

-Yaşmaq örtəcək, oğlum!

-Şahnaz necədi?

-Ayağı yekədi!

-Başmaq örtəcəg, oğlum!

-Naznaz necədi?

-Pəltəkdi!

-Az danışar, oğlum!

-Bəs Fatmanisəyə nədir sözün, ay parası, gün yarası kimi bir qızdı?

-Gözləri çaşdı!

-Hər şeyi görməsə yaxşıdı, oğlum!

-Yaxşı bəs, Xanbaçı necədi, kötük kimi qızdır. İstəyirsən kotana qoş, dartıb aparacaq. Qız deyil ey, yıxılı evin dirəyidi. Hə, nə deyirsən?

-O da çil-çopurdu, sifətinə bir çanaq darı atsan, biri də yerə düşməyəcək. Hamısı ilişib sir-sifətində qalacaq.

-Hər gözəldə bir eyib olar, köpək oğlu, evlən!...

 

Nə yaxa cırmısan, nə də yaxanı cırıblar

 

Bir kişi bostanını suvarmaq üçün dəhnədən su bağlayıb aparırmış. Onu tanıyanlardan biri deyir:

-Mən bir işə mat qalmışam. Gördüyünüz bu kişinin altmışa yaxın yaşı var. Amma indiyə kimi o bir adamla üz-üzə gəlməyib. Heç kimlə dalaşmayıb. Odur ki, bu yaşda adam nə bir adamnan yaxalaşıb baş yarıb, nə də yaxasını cırdırıb, başını yardırıb.

Bunu eşidən kişilərdən biri deyir:

-Mən indi onu cindən-dondan çıxararam, oyan-buya eləsə, vurub başını da yararam. O, belini götürüb arxın üstünə gəlir və suyu kəsib başqa səmtə döndərir. Özü də durub həmin adamın gəlişini gösləyir. Bostanını suvarmaq istəyən kişi sahəyə çatmamış su quruyur. Beli götürüb dəhnəyə qayıdır. Görür ki, bir adam dəhnəni yarıb suyu dərə aşağı buraxıb. Yaxınlaşıb deyir:

-Salami-əleykim, qardaş, yorulub yorçumayasan. Görürəm ki, sənin işin mənimkindən fərzdi. Eybi yoxdur, sən həyətini sula, sonra mən suvararam.

Cığal dam deyir:

-Mənim işim çoxdur. Mən hələ bir həftə həyətimi suvaracağam, sora da yenidən suvaracağam.

Kişi deyir:

-Neynək, qardaş, işin avand olsun. Sən qurtarandan sonra xahiş edirəm suyu biz tərəfə ötürərsən.

Cığallıq etmək istəyən kişi öz hərəkətlərindən peşman olur. Deyir:

-Qardaş, Allah şeytana lənət eləsin. Mən səni sınayırdım. Sən ipək kimi adamsan. Elə bu xasiyyətinə görə nə yaxa cırmısan, nə də yaxanı cırıblar.

 

Daş necə qəribliyə düşür?

 

Bir tacir uzaq diyardan bolluca alver eləyib dəvəsinə yükləyir və evinə dönür. Bunnan irəli tacirlər, vəzirganlar başqa şəhərlərə dəvələrlə, at-eşşəklə gedirdilər. Bazarlıq edib qayıdana kimi aylarla vaxt keçirdi.

Bu tacir də neçə ay idi ki, evindən çıxmışdı. İndi yaxşı alverlə geri qayıdırdı. Mənzilindən bir az aralanmamış görür ki, yükü bir tərəfdən əyilib. O saat dəvəni xıxırdır, yerdən iri bir daş götürür, yükün yüngül tərəfinə qoyur. Yükü tarazlaşdırandan sonra yoluna davam edir. Tacir öz vilayətinə çatanda daşı da evə aparmayacaq ha? Odur ki, dəvəsini yenidən xıxırdır, daşı götürüb atır. Bura isə insanların gediş-gəliş çox olan yer idi. Daş qəribliyə düşür. Bayaqdan heç kəsin müşahidə etmədiyi bir yerə atılan daş gəlib-gedənin ayaqlarına ilişir. Bu haldan əsəbləşən insanlar daşa nifrinlər yağdırırlar. Bir tərəfdən qəriblik, bir tərəfdən qar-çovğun, isti-soyuq, bir tərəfdən də insanların tənəsi həmin daşı əridir. Odur ki, deyirlər:

 

Ələmin dayanmışam,

Düm göyə boyanmışam.

Daş olsaydım, ərirdim

Torpağam, dayanmışam.

 

Quru bəy

 

Bir gün Şirvan bəylərindən biri zir-zibil dolu quyuya düşür. Kənd-kəsək əhli dərhal hadisə yerinə yığılır. Adam göndərirlər evdən bir uzun sicim gətirirlər. Atırlar quyuya, çığırırlar ki, a bəy, tut ucundan. Baxırlar ki, bəy heç qımıldanmır. Soruşurlar:

-A bəy sicimin ucundan tutmursan?

Bəy də quyunun dibindən qışqırır:

-Görmürsünüz əlim cibimdədir? Halqa eləyin, boynuma keçsin...

Özünü yekə tutan, daqqa gəzən belə şəxslərə quru bəy deyirlər.

 

(ardı gələn sayımızda)

                                            

 

Toplayanı və çapa hazırlayanı

 

Faiq ŞÜKÜRBƏYLİ

 

Ədalət.-2018.-21 iyun.-S.7.