Əbədilik at belində olacaq Sənətkar
FUAD POLADOV-70
(Elegiya)
"Sağlığında
qiymət verdik bu insana-saxta-nadan dostlarından
sağlığında üz çevirən sənətkara!"
Bu il Sizin yubiley ilinizdir, əvəzolunmazlar
silsiləsindən olan sənətkar!
Ruhunuz narahat olmasın; son mənzilinizin
"qapısında" sağlığınızda
sifariş verdiyiniz "F.P." yazılı lövhəcik
"yamaq götürmür": hamı bilir ki, əlifbamızın
digər 2 hərfi buraya insanların gözünə kül
üfürməkdən ötrü,
çağırılmamış qonaq qismində Sizdən
qabaq "özünü yetirib".
Qəlbindəki səhnə ehtirası Füzuli sevgisi
idi; "Aşiqlik istedadı"na malik
idi - SƏHNƏ AŞİQİ!
Məhz Füzuli poetikası sevginin iki fərd
arasındakı münasibətlərin dar çərçivəsinə
sığmadığını əks etdirmiş, o xəzinə
bəşəri sevginin hüdudsuz ənginliklərini
insanlığa əyan etmişdi.
Haqq dünyasının qapalı pəncərələrindən
görünürüksə, ləyaqətli insan və sənətkar
ömrü yaşamış Fuad Poladov şəxsiyyəti bu
saxtakarlığa acı gülüşlə susardı - eynən
indiki kimi. Necə ki, həyatı
ilə bağlı olduğu Azərbaycan Akademik Milli Dram Teatrının
qapılarını NADANLIĞIN üzünə
çırpıb getdi və səbəbini deməklə
ucuzlaşmaq istəmədi: bir də ki, görünən
dağa nə bələdçi? Amma elə insanlar var ki,
dağı görmür-göstərmək lazımdır
onlara (nə eybi, göstərərik), elələri var
görmək istəmir, eləsi də var ki, gözün
görə-görə bu "dağ"ın üstünə
bir saxta daş "sırıyıb" süni "dostluq
qalası" ucaltmaq istəyir. Görəsən
belələri gözü tərəzi olan xalqı nə
yerinə qoyur? Deyək ki, xalqı rəiyyət
yerinə qoyur, bəs bu xalqın ziyalıları var axı.
"Dostluq qalası"nın "memarı" yaxşı
bilir ki, özünə görə heç zaman xahiş etməyən
Fuad Poladov öz gəncliyi və gələcəyi hesab etdiyi
istedadlı aktyor Hikmət Rəhimovun bəhanə ilə
işdən azad edilməsi ilə bağlı prinsiplərinə
rəğmən XAHİŞ ETDİ və sözünün
yerə düşməsindən çox HAQQIN və ƏDALƏTİN
tapdanmasına-ondan da çox TEATR adlı MƏBƏDdən
istedadlı bir gəncin "Belə istəyirəm"siyasəti
ilə SADƏCƏ - asanlıqla
uzaqlaşdırılmasına ÜSYAN etdi. Amma
Fuad Poladovun fikrincə gənc aktyorun layiq olduğu səhnədən
uzaqlaşdırılmasına səbəb təkcə
"Belə istəyirəm" deyildi. Kimlərəsə
xoş gəlməkçün aparılan "yadlardan təmizləmə"
siyasəti, ədalətsizlik və sənətə hörmətsizlik
qarşısında susmayan Poladovu dəhşətə gətirdi
və gücü... ÖZÜNƏ
çatdı. Amma o, özünə qarşı ədalətsiz
və amansız oldu...
Onun ölümündən sonra daha nələr baş verdi? Fuad Poladov üçün
açılmayan şənbə səhərinin-5 may
gününün axşamı Azdramanın səhnəsində
"Ağa Məhəmməd Şah Qacar"
tamaşasının nümayişi günü bu rolun
ifaçısının-artıq böyük bir izdihamın
müşayiəti ilə (izdiham daha böyük ola bilərdi,
insanların məlumatsızlığı və şənbə
günü olmasaydı) son mənzilə yola
salınmış Fuad Poladovun xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsinin təşəbbüskarının
"başağrıları" barədə mətbuata
sızan məlumatın mürəkkəbi qurumamış
cidd-cəhdlə verilən təkzib və Poladovun
sağlığında "kirələdiyi" son mənzilində,
"F.P." adlı daş parçasının yanında
"göyərən" "dostluq qalası"ı barədə
"rəvayət" mətbuata da yol tapdı; xalqın çiyinlərində oraya gətirilən
mogikanın "yoxluğunu bilə-bilə"...
Onun həyat yoldaşının müsahibəsi, o
cümlədən ictimaiyyətə bəlli olan bir həqiqət
var: Fuad Poladov Azdramadan getməyə vadar edildi və bundan
sonra sağlamlığında ciddi problemə "start
verildi"...
Qismət adlı - fəlsəfi-sovet
ideologiyasının "dil"i ilə desək mücərrəd
və fəzavi - bir az da kəskin desək
absurd anlayış. Amma və Lakin..." (V.İbrahimoğlu)
suallarına "yer qoymur".
Əzizimiz Fuad Poladov! Cismən yoxluğunuzu reallıqla
qəbul edərkən düşündüklərimiz və
gördüklərimiz sənətsevər insanları -
ümumiyyətlə xalqı kədər burulğanına
salsa da "Bu həyatdır" deyib bir müddət
özünüzdən, sənətinizdən, Sizinlə
bağlı xatirələrdən danışacağıq:
ona görə yox ki, müddət deyilən zaman kəsiyi də
mücərrəd anlayışlar silsiləsinə daxildir,
ona görə ki, intensiv olaraq emosionallıqla -bəzən
göz yaşları ilə müşayiət olunan "qaynar
yanaşmalar" zaman-zaman yerini nisbətən soyuqqanlı,
nisbətən "stabil" və qeyri-emosional xatirələrə
verəcək. Çünki bu Həyatdır.
Unudulmaz Poladov! "Həyat və
yaradıcılıq" kimi standart, lakin qaçılmaz ifadəni
işlədərək deyim ki, hər iki mərhələ
xalqın gözü qarşısında cərəyan etdi: bədii
film kimi yox-sənədli film kimi; çünki saxtakarlıq və
qeyri-səmimilik Sizdən o qədər uzaqlarda idi ki...
"birinci"ni (H) daxili dünyanızda saxlasanız da səhnədə
oynayarkən belə tamaşaçı zalından eşitdikləriniz
bir həqiqəti anlatdı: xalq pərəstiş etdiyi sənətkarına
biganə ola bilmir və sevimli Aktyorun "H" və
"Y" hərfləri ilə başlanan, yaradıcı
insan ömrü adlı sonsuz olmayan yolunu müşayiət edən,
bu iki yolun uğur və uğursuzluqla müşayiət olunan
pillələri paralel formada qəbul etmək istəmir, bu
"h" və "y"-nı hey birləşdirir,
dolaşdırır və pərəstişkar müdaxiləsindən
belə çəkinmir.
Və Aktyor çoxlarından seçiləndə bu
"qeyri-sağlam" adlandıra bilmədiyimiz maraq
qaçılmaz olur: yaraşıqlı xarici görünüşü
, (hətta yaşlı dövründə belə o,
"forma"da idi), səsi, yerişi, xasiyyəti,
maneraları və ....əxlaqı ilə... Fuad Poladovun
rejimini bilənə qədər düşünürdüm
ki, aktyor əlçatmaz olmalıdır: yəni meyvə alan,
növbə gözləyən aktyorun Hamletinə,Yaqosuna "inanmaq" çətindir. Amma O,
böyük yanlışlığa yol verdiyimi sübut etdi:
metroda, yolda, ümumiyyətlə, ictimai nəqliyyatda gedən
və "əl çatan" olan Poladovun
yaradıcılığı bundan zərrə qədər də
ziyan çəkmədi. Nəinki çəkmədi, əksinə...
Məni eşidirsiniz? (Eşidirsiniz!) Seyrək
ünsiyyətimiz-xəstəlik dövründəki telefon
danışıqlarımız zamanı bir türk
şarkısından xatırlatdığım misraları
(Heç kəs sənin kadar sevilmədi...)
təvazökarlıqla qəbul etməklə bunun sadəcə
xoş sözlər olmadığını bilərək məmnunluqla
təşəkkür etdiniz. Bir həqiqət aydın idi: məni
uzun illər ərzində tanıdığınız
köhnə tanışlarınız (nadanları
çıxmaq şərtilə) qədər
tanıdınız: haqqınızda yazdığım bir
yazıdan Sizi yaxından tanımağıma əmin oldunuz.
Xatırlayırsınızmı? Dedim ki, "dirilib" öz yas mərasiminə
gələn adam kimi rolları oynamayın, ruh xarakterli
obrazları oynayanlar çox yaşamır yəni o dünyaya
"müdaxilə" Tanrıya xoş getmir, hətta ruhun
qayıtdığı təsvir olunan bir klipin tezliklə vəfat
etmiş iştirakçısını da misal çəkdim.
Gülüb dediniz ki, "aktrisa Mehriban Zəki ilə çəkildiyim
bir filmdə qəbrə də girmişəm"...
Haqqınızda yazdığım məqaləyə
etdiyiniz düzəlişlər səhvlərin düzəlişi
olmasa da vəsiyyətinizə uyğun riayət edəcəyəm:
bu vəsiyyəti edəndə hələ xəstəlikdən
əsər-əlamət yox idi və hələ sevdiyiniz
Azdramanın səhnəsində-Ana Məbəddə
böyük bir ehtirasla-eyni zamanda
"çığır-bağırsız" Qacar
yaradırdınız."Bunu sonra (!) verərsiniz"
deyən Fuad Poladovun narazılığı məqalənin məzmunundan
yox, möhtəşəmliyindən, özü dediyi kimi
"diplom işinə bənzəməsindən"irəli
gəlirdi. O, qeyri-təvazökar görünməkdən
qorxurdu, çünki o, Fuad Poladov idi. Xəstəliyinin
"səs tellərinin iflici" deyil, ciddi olması barədə
vaxtında xəbərdar edilməyən Aktyor sağalandan
sonra Rus Dram Teatrının qrim otağında
saxladığı məqaləni mənə
qaytaracağını demişdi. (Bu yeganə
kağız nüsxəsi idi, çünki kompüterin
"formatinq"indən sonra elektron variant silinmişdi.)
Səliqə ilə düzəlişlər edilmiş,
üzərində "Sevda xanıma çatacaq" sözləri
yazılmış məqalə onun ölümündən
sonra ailəsinin iştirakı ilə qapısı
açılan qrim otağından mənə çatdırıldı...
Bu ona ilk məktubum idi: amma yeganə deyildi. Sağlığında onun şəxsi arxivinin
yaradılması məqsədilə elektron poçtuna onun barəsində
müxtəlif mənbələrdən rast gəldikcə
topladığım hissələri yollayır, mənbəyini
göstərirdim. Amma bununla yanaşı "Səndən
sənə şikayət" (Süleyman Rüstəm)...
xarakterli məktub da yazmışdım .
Sona qədər açılıb-ağardılmayan-
üstü örtülü qalan və sonralar hər ad
günündə heç nə olmayıbmış kimi ona
ünvanladığım təbriklərə "mane
olmayan" şikayət məktubu...
Sizə yenə yazacam! Ruhunuza əyan
olacağına zəif bir ümidlə-oxuyacağınıza
şübhə ilə. Sağlığınızda
oxunmanı bildirən işarəsi olmayan elektron poçtuna
yazdığım məktubun oxunmasına inandığım
kimi inanıb yenə yazacam...
Yenə teatra gedəcəm, səhnəyə baxacam-bir
mahnıda deyildiyi kimi "Yoxluğunu bilə-bilə..."
Telefon söhbətimiz hər dəfə
"Sizi çox sevirik..." sözlərimlə bitirdi. Xəttin o başındakı sükutdan
bu sünilikdən uzaq-həqiqət dolu etirafdan məmnunluğunuzu
hiss etmək çətin deyildi.
Sizi sevirik: nə dəyişdi ki? Kadrlarda
ki, sağsınız. Axı biz Sizi
kadrlardan, səhnədən sevmişdik. Ölüm
adlı labüdlüyə addım-addım yaxınlaşanda
da sakit danışırdınız: "Nə var-nə
yox?" (uşaqlıqdan "Necəsən?"
sualını sevmirəm-S.R.) sualıma bir
dəfə "Günlərimi sayıram" cavabını
verdiniz... Səsimdə mərhəmətdən əsər-əlamət
olmadığını sübut etməkçün yaşda
Sizdən böyük kimi ərklə cavab verdim: "Gəlin
birlikdə sayaq!"... Daha sonra optimist proqnozlar,
Ulu Tanrının qismətindən və xərçəngin
zərərsizləşdirilməsinin bizim əsrdə asan
olmasından danışdım. Sizi -elə
özümü də aldatmaq istəyirdim. Hər sözümdən sonra "Allah qoysa, Siz deyən
olsun" deyən Aktyor dediyinə özü də
inanmırdı, amma cəsarətlə deyim ki, mənimlə
danışmaq ona ruh yüksəkliyi gətirirdi.
"Axşamlar evin həndəvərində gəzişirəm"-deyirdi..."Axşamlar
təmiz hava olmur axı" sualıma "Qaranlıq
düşəndən sonra çıxıram"
cavabını verdi... Mənsə
"öz repertuarımda" idim: "Hə, anlaldım. Hələlik insanlardan
qaçırsınız?" "Hə" dedi. (Amma
"Daha hələlik niyə?" deyə soruşmasa da bu
verilməyən sualı "eşitdim"...)
Son olaraq: nə qədər ki, telefonla
danışırdı-danışa bilirdi, nə qədər
ki, sağalacağına şam işartısı qədər
ümidi vardı ona zəng vuranlar sırasında idik. Sonra...danışa bilmirdi-amma danışmaq istəmirdi
deyə bilmərəm. Özünə
qapanmadı, amma sağlamlığı ilə bağlı
daha çox xatirələrə üstünlük verib
susurdu, barmaqları isə onu unutmayanların mesajlarına
cavab verirdi. Bəlkə də öz məktubu ilə dəstək
verdiyi istedadlı gənclə-Azdramadan
uzaqlaşdırılan Murad İsmayılla birgə
çıxış etdiyi son
tamaşasını-"Müsyö İbrahim və Quran
çiçəyi"ni təkrar-təkrar göz
önünə gətirirdi ki, qədəmlərinə həsrət
qoyduğu bu səhnəni yaddaşına və ürəyinin
aynası olan gözlərinə əbədi həkk etsin və
gözlərini bu həyata qapayanda Ana Məbədi gözlərində
və yaddaşında bu NAHAQ dünyadan HAQQ dünyasına
apara bilsin.
Əziz, Sevimli Sənətkar! Nömrənizi
və Novruz bayramnda Sizə göndərdiyim mesaja
yazdığınız cavabı telefonumdan silməyəcəyəm.
Həsrəti ilə yaşadığınız Ana Məbəddən-Akademik
Milli Dram Teatrının səhnəsindən
uzaqlaşdırılan, sənətinə və
insanlığına dəyər verdiyiniz Əməkdar artist
İlham Hüseynovun da telefonuna göndərdiyiniz son yazı
oradan heç zaman itməyəcək: necə ki, canlı
xatirəniz qəlbimizdə qaldı. (Əziz oxucu, mərhumlar
üçün işlədilən ifadəni işlətməyəcəyəm...)
P. S.
"Atın üstündə" müvəqqəti qərar
tutanları müdafiəyə qalxmağa uğursuz cəhd edənlərə
(şükürlər olsun ki, belələri yoxdur) məsləhətim
var: "qeyri-peşəkar" sözünü işlətməyə
tələsməyin: insan sevgisini, duyğularını və
həsrətini bildirmək, bu xalqın sevdiyi sənətkarlara
qarşı olan ədalətsizliyə üsyan edib
HƏQİQƏTi söyləmək haqqı yalnız
teatrşünaslara, teatr mütəxəssislərinə
verilməyib.
Sevda RƏSULOVA
Ədalət.-2018.-21 iyun.-S.5.