Müəllimlər
müəllimi – Asif Cahangirov
"Hər bir dövlət əgər istəyirsə
ki, öz ölkəsinin inkişafını təmin etsin,
öz millətinin elmini, mədəniyyətini dünya
standartlarına çatdırsın, o mütləq, hər
şeydən çox, təhsilə fikir verməlidir, təhsilin
inkişafına səy göstərməlidir, təhsil
üçün bütün imkanları yaratmalıdır”.
Ümummilli lider Heydər Əliyev
Antik yunan mütəfəkkiri Diogen bir dəfə
günorta vaxtı əlində yanan çıraqla
küçələri dolaşarkən, ətrafdakıların
təəcüb və sual dolu baxışlarına cavab olaraq
"Əsl insan axtarıram”, - deyir. Bu yazıda biz, məhz
antik yunan mütəfəkkirinin axtardığı kamil
insanlardan biri - cəmiyyətə xüsusi təqdimata
ehtiyacı olmayan, daxilən zəngin, nəcib, xeyirxah, mərd
şəxsiyyət və ləyaqətli ailə
başçısı kimi tanınan maarif fədaisi Asif Cahangirov
haqqında söhbət açacağıq.
Xalqın zəngin mənəviyyatını, əxlaqını
parlaq şəxsiyyətlərində ehtiva edən, ləyaqət
və şərəf hissinin yetərli qədər qoruyub
saxlayan nurlu simalarımızdan biri olan, müdriklik zirvəsinə
yüksələn dəyərli insan - ömrünü
bütövlükdə gələcək nəslin maariflənməsinə
həsr etmiş Asif müəllim haqqında bu yazını
onun 70 illik yubileyi ərəfəsində ərsəyə gətirdik,
onun mənalı ömrünə işıq salmağı
borc bildik.
...Ölkəmizin təhsil sisteminə dəyərli
töhfələr vermiş Asif müəllimi tanımaq xoşbəxtliyi
mənə hələ uşaqlıq illərindən nəsib
olub. 150-yə qədər ailənin yaşadığı 3
binanı birləşdirən Xankəndindəki məhəlləmizdə
- Atarbekov küçəsi 68 ünvanlı binada yeganə azərbaycanlı
qonşumuz Asif müəllimgilin ailəsi idi. Xankəndində
ən nümunəvi ailələrdən biri kimi - Asifin,
Vaqifin və Azərin tərbiyə aldığı bu ailəyə
hətta ermənilər də qibtə edirdi.
Qayğıkeş, xeyirxah qonşu kimi bu gün də xatirələrdə
ən xoş duyğularla xatırlanan bu ailədə
maarifçilik ideyaları hökm sürürdü.
Qarabağda tanınmış Cahangirbəyovlar şəcərəsinin
nümayəndəsi Baxış müəllimin və kəramətli
bir seyid ocağının övladı Rəna
xınımın başçılıq etdiyi bu ailədə
təhsilə böyük maraq və diqqət var idi. Təbii
ki, üç qardaşın əla qiymətlərlə təhsil
almalarına atalarının - uzun illər Azərbaycan dili və
ədəbiyyat müəllimi işləmiş, təhsil
sistemində müxtəlif rəhbər vəzifələrdə
çalışmış, o cümlədən Dağlıq
Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsinin Maarif
Şöbəsi müdirinin müavini olmuş Baxış
müəllimin təsiri az deyildi...
Asif Cahangirov 1948-ci ildə Xankəndində anadan olub,
1955-ci ildə bu şəhərdə birinci sinifə gedib.
1965-ci ildə ailəsi Sumqayıt şəhərinə
köçdüyündən təhsilini bu şəhərdəki
13 ¹-li orta məktəbdə davam etdirib. 1966-cı ildə həmin
məktəbi qızıl medalla bitirib. Həmin il Azərbaycan
Dövlət Universitetinin - indiki Bakı Dövlət
Universitetinin kimya fakültəsinə daxil olub. 1971-ci ildə
ali təhsilini bitirərək kimyaçı, kimya müəllimi
ixtisaslarına yiyələnib. Xaçmaz rayonunun Yergüc kənd
orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə
başlayıb. Əmək fəaliyyətini 1972-1975-ci illərdə
Sumqayıt şəhərinin 18 və 22 ¹-li məktəblərində
müəllim, 1975-1976-cı illərdə isə 17 ¹-li məktəbdə
təlim-tərbiyə işləri üzrə direktor
müavini kimi davam etdirib. 1976-1980-ci illərdə isə
Sumqayıt Şəhər Maarif Şöbəsinin müdiri
vəzifəsində çalışıb.
Peşəsinin vurğunu olan müəllim və nəfsinin
ağası olan şəxsiyyət kimi tanınan, hər
şeydən əvvəl, yüksək ixtisas biliyi, pedaqoji səriştəsi,
işlədiyi və rəhbərlik etdiyi sahədə
nüfuzu, təcrübəsi olan Asif Cahangirov 1980-ci ildə Azərbaycan
Respublikasının Maarif Nazirliyinə məsul vəzifələrə
irəli çəkilib. O əvvəl nazirliyin Əmək təlimi
və peşəyönümü şöbəsinə,
1983-1985-ci illərdə isə Baş Məktəblər
İdarəsinə rəhbərlik edib.
Asif Cahangirova 1985-ci ildə Bakı Şəhər
Baş Təhsil İdarəsinə rəhbərlik etmək həvalə
olunub. 1985-2005-ci illərdə Bakı Şəhər Baş
Təhsil İdarəsin rəisi vəzifəsində Asif
Cahangirov güclü təhsil strateqi kimi pedaqoji fəaliyyətin
bütün sahələrində öz dəsti-xətti, səyi
və təşəbbüskarlığı ilə diqqəti
cəlb edib. O, yüksək pedaqoji etika və mədənilik,
düzlük, şəffaflıq, ədalət, səmimiyyət
nümayiş etdirərək cəmiyyətdə təhsilə
qarşı fərqli və xoş fikir
formalaşdırmağa nail olub. Təhsildə demokratikləşmənin,
humanistləşmənin, aşkarlığın, şəffaflığın,
sağlam pedaqoji təfəkkürün, mənəvi
düşüncənin, tabeçilikdə olanlara diqqət və
qayğının, müəllimə, onun nüfuzuna
yanaşma tərzinin kamilləşməsi istiqamətində
inamlı və konkret nəticələri olan addımlar
atıb.
Azərbaycan Respublikası Prezidentinin "2011-2021-ci
illərdə Azərbaycan təhsilinin inkişafı üzrə
Milli Strategiya” barədə sərəncamına uyğun
olaraq, işçi qrupunun tərkibində həmin
strategiyanın hazırlanmasında fəal iştirak edən
Asif Cahangirovun təhsil problemləri ilə əlaqədar qəzet
və jurnallarda 150-dən artıq məqalələri,
müsahibələri, konfranslardakı
çıxışları dərc olunub.
17 ölkəyə məqsədli təlim səfərləri
zamanı keçirilmiş treninqlər, seminarlar prosesində
təhsilin bütün sahələri üzrə beynəlxalq
təcrübəni yerində mənimsəyən, 40-dan
çox ölkənin təhsil sistemini ətraflı öyrənərək
ölkə və regional səviyyədə məktəbəqədər,
ümumi orta, peşə-ixtisas, əlavə (məktəbdənkənar,
ixtisasartırma) təhsilin təşkili və idarəolunması,
təhsilin strategiyası, səmərəliliyi və keyfiyyətin
idarəolunması, tədris-təlim prosesləri, kurrikulum, dərslik,
muəllim hazırlığı, təhsilin maliyyələşdirilməsi
və infrastrukturu, təhsildə fundamental və tətbiqi
araşdırmalar, təhsil sistemində monitorinq, qiymətləndirmə
və hesabatvermə sahələri üzrə müasir biliklər
və zəngin təcrübə əldə edən Asif
Cahangirov peşakar təhsil mütəxəssisi kimi bir
çox ölkələrin təhsil sahəsində
qanunvericilik bazasının təhlilini apararaq 1991-2005-ci illərdə
təhsil sahəsində Azərbaycan Respublikasının
müvafiq normativ-hüquqi aktlarının, əsasnamələrin,
Dünya Bankının təhsil islahatları layihələrinin
və onları müşaiyət edən sənədlərin
hazırlanmasında fəal iştirak edib. Həmin illərdə
Asif müəllim məcburi köçkün və
qaçqın müəllimlərin problemlərinin həll
olunması işinə yüksək vətənpərvərlik
hissləri ilə diqqət və qayğısını da əsirgəməyib.
Asif Cahangirov Bakı Şəhər Baş Təhsil
İdarəsinə rəhbərlik etdiyi illərdə Azərbaycan
Hökuməti və Dünya Bankı arasında
imzalanmış kredit sazişi əsasında Təhsil
İslahatı Layihəsi üzrə Layihənin İdarəetmə
(Koordinasiya) qrupunun direktoru, 2005-2010-cu illərdə Azərbaycan
Beynəlxalq Bankının İnsan resursları departamenti
direktorunun müavini, 2010-2015-ci illərdə isə Azərbaycan
Respublikası Mərkəzi Bankının İnkişaf
departamentinin direktoru vəzifələrini də icra edib.
Menecment sahəsində 40 ilə yaxın iş təcrübəsi,
müasir idarəetmə üzrə mükəmməl bilikləri
olan Asif Cahangirov bu məsul vəzifələrdə ölkəmizin
təhsil sisteminə idarəetmənin demokratikləşdirilməsi
və əksmərkəzləşdirilməsi, səlahiyyətlərin
bölüşdürülməsi, əmək fəaliyyətinin
qiymətləndirilməsi istiqamətlərində həyata
keçirilən işlərə dəyərli töhfələrini
verib.
Asif Cahangirov hazırda Azərbaycan Respublikası Mərkəzi
Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi,
İnkişaf departamentinin direktoru vəzifəsində əmək
fəaliyyətini davam etdirir. O, harada olmasına, hansı vəzifədə
çalışmasına baxmayaraq, daim peşəkar mütəxəssis
kimi fəaliyyət göstərməsi, sadəliyi, haqqı
üstün tutmağı bacarmağı, təmkini ilə fərqlənib.
Sadə həyat tərzi sürməyi ilə həmişə
cəmiyyətə və insanlara nümunə olub.
Böyük kollektivlərə rəhbərlik etdiyi dövrlərdə
qarşılıqlı anlaşma, rahat işgüzar mühit
yaratmaq üçün Asif cahangirov bütün mümkün
vasitələrdən istifadə edib. Və bütün bunlara
görə də ona rəhbər kimi yox, daha çox
qayğıkeş insan, səmimi dost, düzgün yol göstərən
bir müdrik kimi yanaşıblar.
Asif Cahangirovun xidmətləri daim yüksək qiymətləndirilib.
O, bir sıra mükafatlarla yanaşı Azərbaycan təhsilinin
inkişafındakı xidmətlərinə görə
ümummilli liderimiz Heydər Əliyevin imzaladığı 18
mart 2000-ci il tarixli sərəncamla "Əməkdar müəllim”
fəxri adına layiq görülüb. Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal
iştirak etdiyinə görə isə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr 2017 -ci il
tarixli fərmanı ilə "Tərəqqi” medalı ilə
təltif olunub.
Asif Cahangirov olduqca həssas, qayğıkeş və
həm də tələbkar ailə
başçısıdır. O, ömür-gün
yoldaşı – Azərbaycanın tanınmış
ziyalılarından biri olan, zamanında sovetlər birliyinin ən
yüksək mükafatları, "Lenin”,
"Qırmızı Əmək Bayrağı” və
"Şərəf Nişanı” ordenləri ilə təltif
olunan Abdulla Qədirovun qızı Rəna xanımla birgə
Azərbaycan cəmiyyətinə üç dəyərli vətəndaş,
Zöhrə, Nigar və Rövşən kimi övladlar
böyüdüb tərbiyə ediblər.
...70 yaş insan ömrü üçün
bütün mənalarda böyük göstəricidir və
bu yaş müdrikliyin, aqilliyin zirvəsini fəth etmək
üçün yetərlidir. Sözsüz ki, əgər
yaşanmış illər hədər və mənasız
ötüşməyibsə...
Bu baxımdan 70 illik yubileyini qeyd edən Asif Cahangirovun
ömür yolları çoxlarına nümunə ola bilər.
Arxaya çevrilib bu yollara nəzər salanda, həyatının
mənasını zəhmətdə, halallıqda, cəmiyyət
üçün dəyərli vətəndaş olmaqda
görən və bu gün də ölkəmizin
inkişafı üçün yorulmadan öz töhfələrini
verən Asif Cahangirovun həyatı, fəaliyyəti
böyük bir örnəkdir.
Hikmət Xudiyev (Cəmilzadə),
əməkdar jurnalist, tarix üzrə fəlsəfə
doktoru,
daxili xidmət polkovniki
Ədalət.-2018.-21 iyun.-S.5.