"Xurcun" folklor guşəsi
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
Günaha batma, nənə
Bir qıza elçi gəlir. Qızın anası bu işə razılıq verir. Qızın nənəsi isə "keçi handa, qaya handa" - deyib daş atır, başını tutur. Elçi bu narazılığın nədənini öyrənmək üçun deyir:
-Vallah ay Fatma, biz elə dədə-babadan sizin tayfa ilə yaxın olmuşuq. Hələ eşitməmişəm ki, biz tərəfdən sizinkilərin atına eşşək, dəvəsinə də köşək deyən olsun.
Fatma qarı da irəlini-gerini
fikirləşir, deyir:
- Bu dəmdəm halvası deyil ki, hər
gələn bir çimdik götürüb
ağzına qoysun (Yəni ilk dəfədən
bir söz deyə bilmərik).
Nənəsinin sayır-bayır vurduğunu
eşidən qız qab yuya-yuya mızıldanır:
Əzizim
Fatma nənə,
Qaşları çatma nənə.
İstəyi istəyə ver,
Günaha
batma, nənə!
At arabasına eşşəyin
qoşulması...
Bir aşıqla
onun züy tutanı ucqar kəndlərin birindən
payi-piyada toydan gəlirmişlər. Züytutan yetənə yetib,
yetməyənə də
daş atan adammış. Yarıyolda dinclərini
almaq üçün
bir bulağın başında dayanırlar.
Bir az
su içirlər, bir az da
üz-gözlərinə vurub
sərinləyirlər. Bu zaman bir arabaçı
da özünü bulağa yetirir. Arabaçı at arabasına atla
bərabər bir eşşək də qoşubmuş Bu züytutanın
diqqətindən yayınmır.
Arabaçı heyvanların ikisini
də boyunduruqdan çıxarıb çəmənliyə
ötürür. Deyir onlar
dinclərini alandan sonra yola davam
edərəm. Özü də
bumbuz bulağa dodaq sıxıb doyunca içir və çəmənliyə
uzanır.
Bu ara züytutan
üzünü arabaçıya
tutur:
-Qardaş, ayıb olmasın, bu at arabasına eşşəyi
niyə qoşmusan?
Arabaçı da hazırcavab adammış:
-Qardaş, at arabasına atla eşşəyin yan-yana qoşulması, aşığın yanında
züytutan kimi bir şeydi.
Bərbərin şəhərli qonaqla
macərası
Şəhərli bir kişi
öz maşını
ilə rayona toya gedirmiş. Kəndlərin birinin içərisində
maşını xarab
olur. Bir-iki kənd sakinini
köməkliyi ilə
maşını itələyə-itələyə
ustanın emalatxanasına
gətirirlər. Usta maşının
ora-burasına baxır
və qayıdır ki, bunu düzəltmək
üçün 3-4 saat
vaxt keçəcəkdir.
Maşın sahibi razılaşır,
deyir ta neynəyim, gözləyərəm.
Usta işə başlayır.
Şəhərli fikirləşir ki,
bu 3-4 saatda başını nə ilə qatsın? Birdən gözü sataşır yaxınlıqdakı
budkanın qabağında
yazılmış sözlərə:
"Dəlləhxana". Öz-özünə
deyir ki, usta maşını düzəldənəcən mən
də gedim üzümü qırxdırım.
Odur ki, ustadan soruşur:
-Qədeş, bərərxana
işləyirmi?
-İşləyir dayıcan. Sonra bərbəri səsləyir:
-Bədəl, dayday şəhərdən gəlib.
Onun üz-gözünü abıra
sal.
Qonaq budkaya gəlir. Görür ki,
patavalı, mitəfin
görkəmli bir nəfər beş
eşşəkli xoca
kimi stolun üstünə yayxanıb
özünü günə
verir.
-Bacoğlu, mənim üzümü təraş
edərsənmi?
-Buyur dayıcan, biz elə bundan ötrüyük dana.
Qonaq dəlicə
toğlu kimi əsən köhnə, sınıq-salxaq stulda oturmalı olur. Bərbər onun boynuna kirli
bir parça dolayır. Sonra sabunu götürür,
onun üstünə tüpürüb kişinin
üzünə sürtür.
Qonaq hövlnak qalxır:
-Bu nədir, dəli olmusan, sabuna da tüpürərlərmi?
Məgər burada bir dolça su yoxmudur?
Bərbər heç nə olmamış kimi deyir:
-Nə olub, sən
şükür etmək
əvəzinə özünü
niyə cırıb dağıdırsan?
Şəhərli özündən çıxır:
-Mən nəyə şükür etməliyəm.
Bundan da betəri var?
Bərbər təkinini pozmadan:
-Betəri deyəndə sən qonaqsan deyə, hörmətini gətirdim. Qonaq olmasaydın, üzünə
tüpürüb sabun
sürtəcəydim.
Qalayçıyla çobanın sərgüzəşti
Bir çoban
sürüsünü dağın
döşünə yayıb,
özü isə iri çomağına dirsəklənərək sürüyə
tamaşa edirdi. Gördü
ki, cığırla ona sarı bir
kişi gəlir. Bu kişi
yüklü eşşəyinin
noxtasından tutub eşşəyini çəkə-çəkə
gətirirdi. Kişi çobanın bərabərliyinə
çatanda çoban
onun qabağını
kəsib soruşur:
-Sən kimsən, hardan gəlib hara gedirsən?
-Mən qalayçıyam. Bax görünən o kəndə
qab qalaylamağa gedirəm. Maraq çobanı götürür.
Soruşur:
-Qalayçı nə deməkdi, işin-peşən
nədi axı?
_Qardaş, mən
yırtıq deşikləri
tuturam, qab-qacağı
qalaylayıb paxırını
çıxarıram.
Söz yenə
çobana çatmır.
Qalayçı qalayladığı qablardan birini eşşəyin belindəki
torbadan götürüb
çobana göstərir
və deyir:
-Mənim peşəm köhnə qabları bax beləcə ağartmaqdır.
Çoban deyir:
-Lap yaxış oldu, elə mənim sənin kimisinə ehtiyacım vardı. O, torbasından ağacdan hazırlanmış dərin
qabı çıxarıb
qalayçıya göstərərək
deyir:
-Mənim bu qabımın
ortası azcanaq deşilib. Sən həm o deşiyi
tut, həm də onun içini göstərdiyin qab kimi təmizləyib ağart.
Qalayçı deyir:
-Ağac qalay götürməz axı.
Mən yalnız mis qabları qalaylayıram.
Çoban əl çəkmir:
-Elə şey yoxdur, sən məni aldada bilməzsən. Bu saat mənim camımın həm deşiyini tutmalısan, həm də qalaylamalısan. Yoxsa, səni
burdan buraxdı yoxdu. Qalayçı nə illah edir çobanı başa sala bilmir. Allaha yalvarır ki,
ay Allah sən məni
bu xırsızın əlindən qurtar.
Bu zaman təsadüfən onların yaxınlığından
bir kişi
keçirmiş. Bu kişi oxumuş adammış. Qalayçı onu görən
kimi çiçəyi
çırtlayır. Sevinir ki, onun sözünü
deyən birisi tapıldı. Çağırır:
-Ay qardaş, səni and verirəm Həzrəti Abbasın vurulan qollarına, yolunu burdan sal, sənin
köməyinə ehtiyacım
var.
Yolçu onlara yaxınlaşır. Qalayçı hər şeyi olduğu kimi danışr. Sonra da soruşur:
-Qardaş, sən Allah sən özün deginən, heç ağac camı da qalaylamaq olarmı?
Yolçu bir qalayçıya baxır, bir çobana baxır, bir də çobanın
əlindəki zırpı
çomağa baxır. Üzünü
qalayçıya tutub
deyir:
-Ay rəhmətliyin oğlu ta özünü niyə ölümə verirsən? Qalayla deyir, qalayla də!
MƏRASİM
NƏĞMƏLƏRİ
Xırman
Xırman taxıl dərzlərini döyüb samandan çıxarmaq üçün
ayrılmış sahədir. Adətən xırmanı külək
tutan və hündür yerlərdə
düzəldillər. Dərzlər daşınmamışdan bir neçə gün əvvəl bir münasib ərazi seçilir, həmin yer sulanır, bir-iki gündən sonra tapdanırdı. Sonra buranın
torpağı ağac
və ya daşdan düzəldilmiş
kirkirə-vərdənə (xırman kötüyü-xırman
daşı) ilə bərkidilir, daha sonra isə şaxdan, yaxud gəndalaşdan düzəldilən
süpürgə ilə
hamarlanırdı.
Köhnə xırman yeridirsə, oraya əl gəzdirilir,
ot-alafı vurulub götürülür, sulanıb
süpürülür, sahmana
salınırdı. Beləcə taxıl döyümünə
kimi xırman hazır olurdu. Bundan sonra dərzlər xırmana daşınır
və döyülürdü.
Dən xırmanda
bir qayda olaraq, heyvanlar vasitəsi ilə döyülürdü. Ən sadə
döyüm üsulu bu idi ki,
xırmana tökülən
dərzlərin üstündən
qaramalı-öküzü, kəli bir-birinə çataraq sürürdülər.
Yaxud xırmanın ortasında
əvvəlcədən iri,
yoğun bir dirək basdırırdılar.
Heyvanları həmin dirəyə
bağlayıb onun ətrafında hərlədirdilər.
Bu da taxılın
döyülməsinə gətirib
çıxarırdı.
Başqa bir döyüm prosesi isə qoşqu atları ilə aparılırdı. Belə ki,
bir nəfər xırmanın ortasında
duraraq atların boğazına ipi salıb xırman boyu dolandırır.
Heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb
olur.
Döyülmüş taxıl sovrulub samandan ayrılırdı. Xırmançılar
hava duranda yeli çağırmaq üçün "Yelbaba"
çağırışlarını oxuyardılar:
Bulud, topa-topa gəl,
Dağdan qopa-qopa gəl.
Bulud, gəl ha bulud gəl!
Uşaqları ovut, gəl!
A yel baba, yel
baba,
Əlçimimi sal, baba!
Duman gəldi çəkildin,
İsti
düşdü, gəl,
baba!
(ardı
gələn sayımızda)
Toplayanı və çapa
hazırlayanı
Faiq ŞÜKÜRBƏYLİ
Ədalət 2018.- 22 iyun.-
S.7.