MƏKTƏBLİ
YAZIÇI
Nicat Əsədlinin ilk
kitabı barəsində təəssüratım
Naxçıvan
səfərindən bir qədər öncə maraqlı
informasiya ilə tanış olmuşdum. Həmin informasiyanı telefon söhbətimiz zamanı Naxçıvan Yazıçılar
Birliyinin sədri, eləcə də Naxçıvan Ali Məclisinin
deputatı, şair dostum Asim Yadigar
da təsdiq etdi. Və mən həmin
informasiyadan və söhbətdən sonra özümdə baş qaldıran maraq hissini Naxçıvanda olarkən təkrar dilə gətirdim. Və Asim müəllimdən
xahiş etdim ki, gənc istedadın,
yəni Naxçıvandakı
Hüseyn Cavid adına 5 nömrəli
tam orta məktəbin
7-ci sinif şagirdi Nicat Əsədlinin ilk kitabını mənə
hədiyyə etsin. Asim müəllim arzumu yerinə yetirdi. Elə buradaca onu da
vurğulayım ki, Naxçıvandan Bakıya
qayıdanda özümlə
dostlarımın yenicə
işıq üzü
görmüş kitablarını
da gətirdim. İnşallah, yaxın zamanlarda
həmin kitablar barəsində oxucularıma
məlumat verəcəm.
Bu gün isə
gənc istedadın, yazar həmkarım, qələm dostum, 7-ci sinifdə oxuyan Nicat Əsədlinin kitabından danışmaq
istəyirəm. 14 yaşlı həmkarım
digər yaşıdlarından
fərqli olaraq öz maraq dünyasını
sözdə, qələmdə,
kitab-dəftərdə tapıb.
Dərsləri ilə yanaşı,
kitabları da oxumaq, onların səhifələri arasında
öz xəyallarını
qurmaq, arzularının
izinə düşmək
istəyi onu məhz söz dünyasına bir ilahi istəklə, bir bəşəri duyğularla bağlayıbdı.
Axı, hər kitab özü ayrılıqda
bir dünyadı.
O təkcə yazarın,
müəllifin deyil, həm də oxucunun və eləcə də kitabdakı qəhrəmanların,
süjetlərin yaşadığı
məkanlar və bir də o məkanların
təsvirindən, tərənnümündən
keçib gələn
pıçıltılardı. Bax, gənc istedadı da müəyyən mənada kitaba tərəf çəkib
gətirən, kitabla arasında körpüyə
çevirən elə
bu ilişgilərdi.
Nicat Əsədli
özünün bu yığcam, bir məktəbli təfəkkürünün
bəhrəsi olan kitabında öz dünya görüşünün
parametrlərini də
büruzə verə bilib. Çünki onun oxuduğu
kitabların adlarına
diqqət yetirəndə
aydın şəkildə
görmək olur ki, Nicat təkcə
öz yaşının
deyil, həm də yetkinlik yaşını keçmiş
insanların da maraq dünyasını çəkən kitablara üz tutub. Bu da ona imkan verib ki,
o, uşaq dünyası
ilə yanaşı, yuxarı yaş həddinə yaxın mövzuların da nəfəsini duya bilsin. Bax, bu mənada
onun oxuduğu kitabların siyahısına
göz yetirirəm.
Onların arasında böyük
Hüseyn Cavidin
"Ana" əsəri xüsusi
yer tutur. Təkcə "Ana"nı oxumaq deyil, Cavid Əfəndinin
digər əsərləri
ilə də tanış olmağa maraq göstərən Nicat sonda özünün
yığcam informasiyasını,
bilgisini yazıya çevrir. Sanki yaşıdlarına
Cavid əfəndini, onun kimliyini və yaradıcılığını
təqdim edir. Bu hardasa sərbəst
mövzuda yazılmış
inşanı da xatırladır. Və
yaxud Çingiz Abdullayevin əsərləri,
Elçin Hüseynbəyli,
Süleyman Sani Axundov, Yunus Oğuz... Mən bu sıranı
ona görə adda-budda qeyd edirəm ki, "Ədalət"in oxucuları
Nicatın həm klassiklərimizə, həm
də müasirlərimizə
olan sevgisini görüb duya bilsinlər. Çünki Nicat özünün oxuduğu kitablar barəsində hazırladığı
yığcam, amma diqqətçəkən bilgilərilə
öz oxucusuna həmin kitablar barəsində anaptasiya xarakterli informasiyalar ötürür. Məsələn,
o, "Başsız atlı",
"Amfibiya adam",
"Balaca şahzadə",
"Cinayət və cəza", "Baskerbitlərin
iti", "Mən, nənəm, İliko və İllarion",
"Mavi qatarın sirri", "Qəhvəyi
kostyumlu kişi",
"Ovod", "Səfillər",
"Heraklin on iki qoçaqlığı", "Don Kixot" və s. Ümumilikdə Nicat 67 kitab haqqında özünün təəssüratını
işıq üzü
görmüş "Sevimli
dostlarım - kitablar"
adlı ilk əsərində
bizlərə çatdırır.
Və adı çəkilən
kitabların özlərinin
dünyası gənc
müəllifin dünya
ədəbiyyatı ilə
yanaşı, Azərbaycan
ədəbiyyatının da
yaradıcılarına həm
sevgisini, həm də onlardan bəhrələnmək qabiliyyətini
üzə çıxarıbdı.
Onun
"Dədə Qorqud",
"Koroğlu", "Bəhlul
Danəndə", həmçinin
Nizaminin "Hikmət
və nəsihətlər"i
və Qurban Səidin "Əli və Nino" əsərlərilə
tanışlığı da dediklərimizi bir daha sübut
edir.
Çox maraqlıdır ki, gənc müəllifin uğuru Naxçıvan
Ali Məclisinin sədri
cənab Vasif Talıbovun və eləcə də respublika rəhbərliyinin
diqqətini özünə
çəkib. Hətta Ali Məclisin sədri
gənc müəllifə
təbrik məktubu göndərib, onu mükafatlandırıb. Və respublikada
kitaba sevgi, kitabın yayımı, bədii ədəbiyyatın
oxunması ilə bağlı Ali Məclis sədrinin təşəbbüsü
fonunda gənc Nicat Əsədlinin araya-ərsəyə gələn
kitabı özü-özlüyündə
gözəl bir nümunəyə çevrilib.
Bu gün Naxçıvan
məktəblisi olan Nicat Əsədli həm yaşıdlarının,
həm də sözə, kitaba dəyər verənlərin
diqqət mərkəzindədi. Düşünürəm ki, gənc həmkarım
başlanğıcında olduğu
bu yolun çətinliklərini uğurla
keçəcək. Çünki onun valideynləri ilə yanaşı, müəllimləri də,
yaşıdları da,
xüsusilə Ali Məclisin
sədri Vasif Talıbov da inanaraq xeyri-dua verib. Bu, Nicat
Əsədli üçün
böyük ədəbiyyata
çox önəmli,
uğurlu bir yol deməkdi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 22 iyun.- S.6.