"Xurcun"
folklor guşəsi
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
saylarımızda)
Yay günü olduğundan qonaqlara həyətdə
süfrə açırlar. Söhbət ordan-burdan
düşür, hərlənir-fırlanır gəlinlə
qayınananın necə yola getməsi üstündə
dayanır. Qayınana arif adam imiş. Onlara heç nə
demir, gəlini yanına çağırıb deyir:
- Ay gəlin, get bir qarpız gətir, kəsək yeyək,
hava istidir.
Gəlin içəri otağa keçib
qucağında iri bir qarpız gətirir.
Qayınana baxıb deyir:
-Bu kaldır, qaytar başqasını gətir.
Gəlin qarpızı geri qaytarır, yenə
qucağında iri bir qarpız qətirir. Qayınana bunun da orasına-burasına
baxıb deyir:
-Yox, bu da laldır, ayrısını gətir.
Belə-belə gəlin qırx dəfə
evə girib çıxır. Axırıncı dəfə qarpızı süfrəyə
qoyduqdan sonra qayınana üzünü qonaqlara tutub deyir:
-İndi başa
düşdünüzmü?
Hamı çiynini çəkir. Qayınana qayıdır ki,
gördüyünüz bu qarpızdan savayı bizim evdə
ayrı qarpız yoxdur. Bunu gəlin də
yaxşı bilir. Mən bunu bilərəkdən
edirdim. İndi özünüz deyin, bu cür sirsaxlayan,
üzüyola gəlindən kim inciyər?
Bəs qızı necə ocağa vermək
olar?
-Qızını dəli dəvəçiyə vermə
dəvəsi gedər, dəlisi qalar. Açmasının
özünüz düşünün, yəni bu gün dəvə
və dəvəçi olmasa da, varlı-hallı adamlar və
onların insanlıqdan kənar oğulları var. Mal-dövlətə
susayıb qızı hər yetənə vermək olmaz.
Qız ağacı, qoz ağacı, hər yetən
bir selbə atar, lakin birinə qismət olar.
Qızım qız oturar qiymət gətirər,
Dulum dul oturar, töhmət gətirər,
- Ay qayınana. Heç demədin gəlinini
çox istəyirsən, yoxsa qızını?
- Gəlinimin paltar yuyanda əri gəlsin, qızım təndirə
çörək yapan yerdə.
- Başa düşmədim.
- Başa düşməməklik nə var ki? Adam paltar yuyanda rəngi avazıyır və xəstəhal
görünür, təndirə çörək yapanda isə
rəngi çiyələk kimi qızarır. Bunun hansı yaxşıdır?
Qızım özgə ocağı yandırar, gəlinin
isə səninlə bir süfrənin qırağında
oturar, hay deyəndə hayına yetişir.
-Qızım qovurğa qovuranda əri gəlsin, gəlinim
qovurma qovuranda.
- Onun bir fərqi varmı?
- Uşqa deyilsən ki, bunların fərqin bilməyəsən.
Buğda qovurulanda artır, ət isə
qovurulanda azalır. Qızımın əli
varlı olacaq, gəlinimin əli darlı. Ay qayınana,
geydiyin əbrə ilə şal olsun, oğlunu öyrətsən
dilin lal olsun - bunu gəlinlər deyirlər.
-Gəlindən qız olmaz axı. Qayınanalı
gəlinin həmişə dilinin altında qənd olar. Adamınkı qızdır, yanan-dönən. Qızım oğul başı tumarlasın, gəlinim
qız başı yusun. Qızım ər
qucağında, gəlinim ev
bucağında.
Hə, istəkli oxucular, biz dünəndən
bir söhbət açdıq, keçmişdən
danışdıq. Yəni bu söhbətlər ki var, onların
anılma məqamı da məlum deyil. Ancaq
bu məsəllərin bəziləri günümüz
üçün öz əhəmiyyətini itirmiş olsa da,
bəziləri indi də öz qədir-qiymətini qoruyub
saxlayır. Hər halda bunlar qədim-qayım
qayınanaların və gəlinlərin dünya
görüşünə və məişətinə bir
baxışdı. Keçmiş-keçmişdə
qaldı. Bəs indi vəziyyət necədir?
Növbəti dəfə indiki qayınanalardan və
gəlinlərdən söhbət açacağıq.
BAYATI-TUTAR
ELİ-ELATI
Mən aşiq qırğın eylər,
Tərlana qığı neylər?
Gəl qayıt, qanı dolmuş,
Yar bilər qırğın eylər.
Əzizinəm üstünü,
Dağ başında sisdimi
Mən alışıb-yanıram,
Görən yoxdu tüstümü.
Əzizim Milim yandı,
Muğanım, Milim yandı
Vətən, Vətən deməkdən,
Ağzımda dilim yandı.
Görünən Telişlidi,
Hacılı, Telişlidi.
Bir qıza könül verdim,
Qaş süzdü, tel işlədi.
Görünən Əhər oldu,
Çəkdiyim qəhər oldu.
Şirin bildiyim bağın,
Meyvəsi zəhər oldu.
Mən aşiq Ərşə başı,
Çox verdim ər şabaşı.
Namərddən kişi olmaz,
Dəysə də ərşə
başı.
Toy adətləri
Əzəldən belədir. Ağzı xeyir-dualı
ağbirçək nənələrimizin, dağdan
ağır babalarımızın sinəsi həmişə
söz xəzinəsi olub. Bu söz xəzinəsinin
qapısı açıldımı, ötənlərimiz,
keçənlərimiz bir-birinə qovuşub səni elə
sehrləyəcək ki, özün də bilmədən
ecazkar aləmə gedib çıxacaqsan. Bu
aləmdə sən dirilik suyundan - göz yaşı kimi
şəffaf söz çeşməsindən - bayatı
bulağından içdikcə təşnən səngimək
əvəzinə, sinən dəmirçi körüyü
kimi alışıb yanacaq.
Bu bulaqdan-bayatı bulağından kim
içibsə "həyatı cavidan" olub. Bu bulağın üstündə Qeys Məcnuna
dönüb, Leylisinin sorağı ilə çöl-biyabana
düşüb. Kərəm Ərzurumun gədiyinə
varanda, bir erməni keşişinin tilsimindən qurtula bilməyib,
keşiş qızının düyməli donunun sirrindən
od tutub yanıb. Koroğlu dəyirmanda
dəhnəni suya verib. Lələ
daşdan "yaranıb". Sarı
Aşıq ən müasir rentgen şüalarının tuta
bilmədiyi nəsnəni - sevgilisinin üzündəki
göz izini duyub.
Çayda atını suvaran oğlanın
bulaqdan su götürən bir qıza gözü
düşür. Oğlan bəhanə ilə qızdan su istəyir.
Qız verir, oğlan içir, soyumur ürəyi,
birini də, birini də baxışlar toqquşur. Əvvəl göz ilə, sonra söz ilə.
Ay aydınlıxlıyıbdı,
Qızlar oynaxlıyıbdı.
İlan vurmuş anası,
Qızın buxovluyubdu.
Deyəsən oğlanın cəsarətli
danışığı doğrudan da qızı bəndə
salmışdı. Amma qız özünü o yerə qoymadı.
Ay aydınlıq süd kimi,
Arxalığım çit kimi.
Çox da gəlib getməyin,
Öldürəllər it kimi.
Bir neçə gündən sonra yenidən
görüşdülər. Onların belə görüşü
dedi-qoduya səbəb oldu.
Arada gəzən söz-söhbətlər
qızın anasına çatdı. Oğlanın qarasına "nota" göndərdi:
"Bu ətrafda çox sülənməsin, yüz it
küçüyüm olsa, birini də ona vermərəm".
Beləliklə, qızla oğlanın
görüşü məhdudlaşdı.
Bununla belə, oğlan əl çəkmədi. Bulaq başını su yolu
elədi. Bildi ki, haçansa o qız yenidən
su aparmağa gələcək. Doğrudan
da bir neçe gündən sonra yenidən
görüşdülər. Bu dəfə
oğlan ürəyindəki məhrəmanə hissləri
boğa bilmədi. Zarafatla dedi:
Geymisən alacanı,
Gözlərin alacanır.
Sənin ala gözlərin
İstər ki, ala canı.
Qız ürəyindən keçəni
dilinə gətirə bilmədi. Öz-özünə danışırmış kimi:
Qarabağın üzümü.
Salxım düzüm-düzümü
Yar yenə incik getsə,
Kimə deyim sözümü?
Adi baxışla, bir neçə kəlmə
sözlə hər şey qaydasına düşdü. Oğlan qızın ədəb-ərkanına
əhsən dedi. Ürəyindən bir qatar
bayatı keçdi:
Qarabağın söyüdü,
Mən gələndə göy idi.
Qız, sənə halal olsun,
Kimdən aldın öyüdü?
Sən demə, onları arasına girən ara sözü imiş. Ara sözü ev yıxar. Barışdılar.
Sözləşdilər. Elçi
gedildi, razılıq alındı. Budu ha,
oğlan evinin zınqırovlu dəvə karvanları qız
evindən qara zurnanın səs-sədası ilə geri
qayıdır. Lap qabaqda-kəcavədə
oğlanla-qız oturmuşdu!
Cəmi subaylara borc olsun!
Toplayanı və
çapa
hazırlayanı
Faiq ŞÜKÜRBƏYLİ
Azərbaycan Respublikasının Prezidenti
yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
Maliyyə yardımı ilə
Ədalət.-
2018.- 26 iyun.- S.7.