Bir
yeni səksən də yaraşır sənə...
("Əli
Vəkil-80" silsiləsindən)
Fəxrəddin MEYDANLI
Deyirlər Rəbbimiz insanları zümrələrə
böləndə, peyğəmbərlərdən sonra
şairlərə yer verib. Bu, bir məlum həqiqətdir ki, müqəddəs
kitablar peyğəmbərlərin vasitəsilə nazil edildikləri
kimi, şeir də şairlərin vasitəsilə göndərilir
bizə. Başqa sözlə desək,
şairlik istedaddır ki, onu da Allah verir. Və
təbii ki, bu istedad da zəhmətsiz heç bir bəhrə
verə bilməz. Elə Əli Vəkil də
həm istedad sahibi, həm də zəhmətkeş şairlərimizdəndi.
Bu yerdə şairin həyat səhnəsinə
kiçik bir ekskursiya etsək, düşünürəm ki,
oxucularımız üçün də maraqlı
görünə bilər.
Əli Vəkil oğlu Səfiyev 10 iyun 1938-ci il tarixdə (əslində o 1934-cü ildə
doğulsa da, Doğum şəhadətnaməsində 1938-ci
il yazılmışdır) qədim Azərbaycan
torpağı olan Göyçə mahalının
Basarkeçər rayonunun Yuxarı Şorca kəndində sadə
kəndli ailəsində doğulmuşdur. Əlinin
3 yaşı olanda atası Vəkil dünyasını dəyişmiş
və o bacısı Sehranla Yaqut ananın himayəsində
qalmışdı.
1952-ci ildə isə Yaqut ana 40
yaşında dünyasını dəyişir Əlinin
dayısı Məhərrəm Abbasov onu yanına gətirir.
Şişqaya kənd orta məktəbini 1955-ci ildə
bitirən Əli Səfiyev, elə həmin il
İrəvan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat
fakültəsinin Azəzərbaycan bölməsinə qəbul
olunur və 1960-cı ildə təhsilini başa vurur. Təyinatını Basarkeçər rayon Maarif
şöbəsinə alsa da ona burada fəaliyyət göstərmək
müyəssər olmur.
Belə ki, Ermənistan Dövlət Televiziya və Radiyo
Verilişləri Komitəsi İrəvan radiosunun Azərbaycan
bölməsinə diktor seçimi üçün
müsabiqə elan edir və üstünlük müsabiqədə
iştirak edən 20 gəncin içərisində Azərbaycan
və erməni dillərini mükəmməl bilən, səlist
nitq qabiliyyəti və diksiyası ilə digərlərindən
fərqlənən Əli Səfiyev bu vəzifəyə
işə götürülür.
Radioda çalışa-çalışa
o, həm də bədii yaradıcılıqla məşğul
olur, şeirlər yazır və müxtəlif mətbu
orqanlarında nəşr olunur. Əli Vəkilin mədəniyyət və incəsənət
sahəsinə olan həvəsi onu, ikinci təhsil almağa da
sövq edir ki, o, istehsalatdan ayrılmamaqla M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti)
teatrşünastlıq fakültəsinə daxil olur. O, 1972-ci
ildə ailəsiylə Bakıya köçür və məlum
hadisələr Dağlıq Qarabağda "start"
götürən zaman Əli Vəkil erməni dilini
yaxşı bilən və ictimai-siyasi hadisələrdən
baş çıxaran bir Vətən övladı olaraq, Azərbaycan
KP MK-nin yaratdığı təbliğat-təşfiqat
qrupuna rəhbərlik etmişdir.
Hazırda ahıl yaşında olan
şair Əli Vəkil ömrünün sonrakı illərini
bütünlüklə ədəbi-bədii
yaradıcılığa sərf etməklə, əvvəllər
işıq üzü görmüş əsərlərinin
sayını bir qədər də zənginləşdirməyə
nail olmuş, onlarla kitab və nəşrlərin hasilə gəlməsində
həvəslə çalışmışdır.
Əli Vəkil 1972-ci ildən SSRİ
Yazıçılar İttifaqının üzvüdür.
Şairin "Sona bulağı"
adlı ilk şeirlər kitabı hələ 1963-cü ildə
İrəvanda nəşr olunmuşdur.
Əli Vəkilin Ümummilli liderimiz-Azərbaycan ölkəsinə
ayrı-ayrı vaxtlarda uzun müddət rəhbərlik
etmiş Heydər Əliyev cənablarının həyat və
yaradıcılığını təcəssüm etdirən
"Əbədiyaşar dahi" adlı poeması da artıq
nəşrə hazırdır. Onun
yaradıcılıq palitrası böyük zövqlə
toxunmuş Azərbaycan xalçasının çeşnilərinə
bənzəyir. Bu çeşnilərdə
Allahın yaratmış olduğu bütün rənglər
SÖZün qüdrətilə tərənnüm olunur.
Şairin yaradıcılığında Ulu Yaradana olan
böyük eşqindən tutmuş, Vətənə, onun
müqəddəs torpağına, əsrarəngiz təbiətinə,
ayrı-ayrı yerlərimizin gözəlliyinə, insana olan
sevgisi, nəhayət-məxluqatımızın zərif cinsinə
ünvanlanmış və çox səmimi duyğularla qələmə
alınmış şeirlərini oxuduqca, adam haldan-hala
düşür, müəllifin sevgi dünyasında
itib-batırsan.
Varım da, yoxum da, sözdü cahanda,
Əli - sənin sadiq bəndən, İlahi!
Əqidəm, amalım düzdü cahanda,
Əli - sənin sadiq bəndən, İlahi!..
Bu misraları yalnız Allah xofunu və
sevgisini hər zaman, hər yerdə canında gəzdirən
bir şair yaza bilər desəm, yəqin ki, səhvə yol
vermərəm.
Gözəl yurdumuzun gözəl
paytaxtı Bakı haqqında çoxsaylı şeirlər
yazılıb, yazılmaqdadı və
düşünürük ki, gələcək zamanlarda da
yazılacaqdır. Əli Vəkilin "Bakı"sı isə
ayrı bir "Bakı"dı vallah.
Qorki Neapola bənzətmiş səni,
Əməkçi insanlar yüksəltmiş
səni.
Şairlər şeirində vəsf etmiş səni,
Parlayan Günəşin özüsən, Bakı!..
Gələrli-gedərli dünyamızdan
şikayət dolu şeirlər toplusuna Əli Vəkilin elə
bir bənd şeirini də əlavə etmiş olsaq, yəqin
ki, bu "fond" daha da zənginləşmiş olar. Şair dörd sətirdə
ifadə etdiyi duyğuları ilə, necə deyərlər,
bir budaqda oturaraq, yüz budağı silkələyib,
maşallah.
Hansı gülü iyləmişəm?
Hansı sözü söyləmişəm?
Axı, hələ neyləmişəm?
Gəldi-gedər dünyamızda...
Öz xalqına, millətinə və torpağına
olan tükənməz sevgiləriylə həmişə
seçilməyi bacaran şair,
Dünyaya bəllidir, qoy bir də deyim,
Həmişə ağ olub
üzü xalqımın.
Önündə diz çöküm, yenə baş əyim,
Vahiddir arzusu, sözü xalqımın...
və ya,
Yolunda canımı verərəm hər an,
Adına bağlaram yüz yeni dastan.
Çox çəkib sınağa, səni bu dövran,
Ey şanlı, şöhrətli Azərbaycanım...
- deyir.
Yuxarıda qeyd edildiyi kimi, şair qədim Azərbaycan
torpağı olan, dağlı-dərəli,
ormanlı-göllü, gözoxşayan təbii mənzərələri
ilə tanınan, Aşıq Alı, Aşıq Ələsgər
yurdu Göyçə mahalında, Yuxarı Şorca kəndində
dünyaya göz açmış, yetkinlik
çağlarını isə Şişqaya kəndində
yaşamışdır.
Elimsən, obamsan, iftixarımsan,
Müdrük insanların Vətəni
Göyçə.
Nəğmə beşiyimsən, söz diyarımsan,
Unuda bilmirəm mən səni,
Göyçə.
Bu şeir nümunələrini oxuduqca,
şəxsən mən Əli Vəkilin
yaşadığı hissləri yaşamağa məhkum olur
və və bu cənnətməkan yurd
torpaqlarımızın işğala məruz qalmasından
ürək ağrısı keçirirəm. Necə ki, şair
aşağıdakı şeirində bu ağrını tam
çılpaqlığı ilə nəzmə çəkmişdir.
Oba itirmişik, el itirmişik,
Əzəl yurdu düşmənlərə
vermişik.
Nələr eşitmişik, nələr
görmüşük,
Necə dözsün buna ürək, Allahım!?..
Təbii ki, Əli Vəkil
yaradıcılığında nikbin notlu poeziya nümunələri
də yetərincədir. Dünyanın gözəlliklərini silinməz
şəkildə gözlərinə hopdurduğundandır ki,
onun füsünkarlığından doya bilmədiyini də elə
haqlı olaraq aşağıdakı kimi dilə gətirməkdədi.
Məcnuntək vurğunam bu diyara mən,
Al-əlvan çiçəkdən,
güldən doymuram.
Yayır xoş ətrini yenə çöl, çəmən,
Tez ötür fəsillər, ildən doymuram...
Əli Vəkil digər bir şeir
nümunəsində isə, iki həyati cəhəti bir-biri
ilə üz-üzə qoymaqla, sanki bir təzad düzənləmək
istəmiş və məncə, buna nail də olmuşdur.
Kədər nədir, qüssə nədir, qəm nədir,
Könlümün sirdaşı yar olan
yerdə.
Bahar nədir, çiçək nədir, gül nədir,
Şaxta olan yerdə, qar olan yerdə...
Baharın gəlişini özünəməxsus
cizgilərlə verməyi bacaran Əli Vəkil, elə
baharın avtoportretini də cəmi bircə bənd şeir
parçasında yarada bilmişdir.
Bahardı, torpağa nur ələnibdir,
Bağda bənövşəni, saymağa
gəl sən.
Gözəllik hər yana səpələnibdir,
Baxıb, ilham alıb, doymağa gəl sən...
Uzun illərdi yaradıcılığı ilə
yanaşı özünü də bir şəxs olaraq, 57
illik ömür-gün yoldaşı Göyərçin
xanımı və bu illər ərzində onların
arasında formalaşaraq möhkəm bir təmələ
çevrilmiş qarşılıqlı sevgiləri Əli Vəkil
yaradıcılığında başqa cür ifadə edilə
bilməzdi, məncə, necə ki, şairin növbəti
poeziya nümunələri fikirlərimi özündə tam
ehtiva etdirməkdədirlər.
...Gəl bölüşək dərdimizi,
Qoy üzməsin dərdlər bizi.
Tez taparam yolu, izi,
Çağır gülüm, çağır məni...
və ya,
Elə bil dünyanı verirlər mənə,
Sanki sökülür dan, adın gələndə.
Qoşulub Tanrının mələklərinə,
Girirsən qapıdan, adın gələndə...
Son olaraq fikirlərimi şair dostumun
yaradıcılığını vəsf etmiş şeirimlə
tamamlayıram.
Ay xalqın şairi, ay Əli Vəkil,
Yaş üstə yaş gələr, nə
qorx, nə çəkil.
Ay Göyçə həsrətli, Göyçə
nisgilli -
Ay qəlbi kədərli, dərdləri bəlli!
Yuxarı Şorcanın əksi gözündə,
Şişqaya kəndinin nuru üzündə.
Uşaqlıq illərin keçdi əzabla,
Dözdün sən möhnətə,
vüqarla-tabla.
Təhsildə, əməkdə ucaldı başın,
Çıxdı qarşına da,
ömür sirdaşın.
İrəvan xanlığı-doğma yurd yeri-
Uçurdun göylərə göyərçinləri.
Açdın ürəyini sən için-için,
Elə qismətin də oldu Göyərçin.
Həm sevgi bəslədin, həm sevgi gördün,
Həyatda çox şeyi
gördün-götürdün.
Sən yazdın-yaratdın, "bəsdi" bilmədin,
Dilinə yabançı söz gətirmədin.
Gəzdi şeirlərin eli-obanı,
Sənə oxucunun qaynadı qanı.
Çevrildi nəğməyə, şeirin-dildə,
Yer saldı özünə hər bir
könüldə.
Müşfiqin, Vüqarın, Rizvanın-canın,
Beş oğul, üç qızlı nəvə-cahanın.
Tural, Elnur, Nicat, Nihad və Nurlan,
Aytac, Aynur, Nival - üçü, qız balan.
Sənə nəvə toyu, nəticə-arzum,
Həm də ki, bəxtinə
kötüycə yozum.
Bilirəm, çətindir övlad itkisi,
Dərdlərin içində
ağır-çəkisi.
Müşfiqin getsə də, var xələfləri,
Xoşbəxt həyat sürüb, qovsunlar şəri...
Çapdın həyat atın, çatdın səksənə,
Bir yeni səksən də yaraşır sənə.
İnşallah, görüşək yüzdə,
yüz onda,
Bugünkü görkəmdə,
bugünkü donda.
İmkandır, şeirimi oxu arada,
Fəxrəddin Meydanlı düşsun də yada...
Ədalət.- 2018.- 28 iyun.- S.6.