İSMAYIL
İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ
FİKİRLƏR
YUSİF
DİRİLİ
"Dirili Qurbani" ədəbi məclisinin
sədri, şair-publisist, tədqiqatçı-ekoloq
İsmayıl İmanzadə dövrümüzün məhsuldar
və istedadlı şairlərindən biridir. Hələ
sovetlər birliyi dövründə kitabları nəşr
olunan, həmin illərdə Cəbrayıl rayonunda fəaliyyət
göstərən "Ümid" Ədəbi Birliyinə rəhbərlik
edən və bununla rayon ədəbi mühitinin
formalaşmasına güclü təsir göstərən
şair-publisist kimi tanınır. 1993-cü ildə doğma
ocağı erməni işğalçıları tərəfindən
zəbt edildikdən sonra didərginlik taleyi ilə üzləşən
İsmayıl müəllim məcburi köçkün kimi
Mingəçevir şəhərində məskunlaşır
və elə yaradıcılığını da bu əyalət
şəhərində davam etdirir. Ölkənin müxtəlif
bölgələrindən olan yazarları başına cəm
eləyib Mingəçevir ədəbi mühitini yaradır.
Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir
Bölməsini qurur və ona rəhbərlik edir. Bölmənin
rüblük ədəbi-bədii dərgisini təsis edir. Dərgi
əvvəlcə "Mingəçevir leysanı" adı
ilə nəşr olunur. Baş redaktoru olduğu bu dərgini
sonralar XV-XVI əsrlərdə yaşayıb yaratmış Azərbaycan
klassik aşıq sənətinin banisi, görkəmli el
şairi, haqq aşığı Dirili Qurbaninin xatirəsinə
onun məşhur "Bənövşə" şeirinə
rəğmən "Bənövşə"
adlandırır. Dərgi az vaxtda Respublika əhəmiyyətli,
çox oxunan və görkəmli ədəbi simaların həvəslə
çap olunduğu nəşr orqanına çevrilir.
İ.İmanzadəni (Mərcanlı) yaxından tanıyanlar,
onun yaradıcılığını izləyənlər
yaxşı bilirlər ki, şairin ədəbi-ictimai fəaliyyəti
kimi, yardıcılığı da dərin və əhatəli
məzmunu, sadə və düşündürücü xüsusiyyətləri
ilə Azərbaycan poeziyasında öz yeri, öz çəkisi
olan bədii nümunələrdir. Bu barədə indiyədək
çox deyilib, çox yazılıb. Necə deyərlər,
peşəkar ədəbi tənqidin süzgəcindən
keçib və layiqli qiymətini alıb. Bu yazıda isə
bizim məqsədimiz şairin hazırda qloballaşan
dünyamızda əhalinin ətraf mühitə münasibətini
ehtiva edən, başqa sözlə, ədəbi-publisistik
yazılarında yer alan ekoloji fikirlərdir. Doğrudur,
çağdaş Azərbaycan ədəbiyyatı bu yöndə
yaradıcılıq nümunələri ilə zəngindir,
lakin biz İ.İmanzadənin
yaradıcılığından örnəklər gətirərkən,
sadəcə, müəllifin təbiət şeirlərini
hallandırmayacağıq, daha çox bu yazılarda onun elmi
məzmununa toxunacaq, əhalinin ekoloji tərbiyəsindəki
faydasından danışacaq, gənc nəsldə ekoloji təfəkkürün
formalaşmasına, ekoloji mədəniyyətin yüksəlməsinə
təsirindən bəhs edəcyik.
Əvvəlcə uşaq şeirlərinə baxaq.
"Gicitkan" şeiri bu cəhədən səcciyəvidir.
Belə ki, şair burada daladığına görə
acıqları gələn bu bitki haqqında uşaqlara, daha
dolğun və elmi istiqamətli məlumat verməklə
onlardakı yanlış təsəvvürü
dağıdır. O, gicitkanın yayıldığı
ekoloji şəraiti, onun biomorfoloji quruluşunu şeir dili belə
ifadə edir:
Bitir çay qırağında,
Bağda, yaşıl talada.
Balaca yarpaqları,
Nəmnazik gövdəsi var.
Ancaq nə "boy-buxunu",
Nə də ki, kölgəsi var.
Günəşin şüasına
Nişan verməz yerini...
Bu şeiri oxuyandan sonra məlum olur ki, gicitkan kölgəyə
davamlı, sucaq və ya rütubətli yerdə bitən ot
bitkisidir. İşığa tələbkar deyil. Gövdəsi
nazikdir, lakin dalayıcı xüsusiyyətə malikdir. Bu da
ona görədr ki, qorunub qala bilsin.
Toxunanda dalayır
Adamın əllərini...
Növün saxlanmasında bunun faydası
böyükdür. Şeirdə qeyd olunduğu kimi, gicitkan
çoxşaxəli müalicə əhəmiyyətli
bitkidir. Belə ki, tərkibi vitaminlərlə və digər
faydalı maddələrlə zəngin olduğu
üçün bir çox xəstəliklərin müalicəsində
effektiv təsirə malikdir.
Yüz dərdin dərmanıdır,
Düşür hər zaman yada.
"Kəpənək", "Bizim arx",
"Günəbaxan", "Söyüd" kimi uşaq təbiət
şeirlərində elmi əsası olan fikirlərə rast gəlirik.
Bu fikirlərin uşaqların ekoloji
dünyagörüşünün formalaşmasında
faydası vardır. Məsələn, "Günəbaxan"
şeiri yalnız bu bitki haqqında ümumi təsəvvür
vermir, həm də onun heliotrop xüsusiyyəti nəzərə
çarpdırılır. "Bizim arx" şeirində isə
abiotik amil kimi suyun ekoloji əhəmiyyəti
açıqlanır.
Bioloji növlərin fəsil dəyişkənliyinə
uyğunlaşması ekologiyanın tədqiqat sahələrindən
biridir. Bu məsələ ümumtəhsil məktəblərində
geniş tədris olunmasa da, müəyyən qədər
öyrənilir. Məsələn, növün həyat tərzi
üçün xarakterik olan və əsasən, çoxalma
dövründə müşahidə edilən mürəkkəb
davranış hərəkətləri, o cümlədən
yuvalama, balavermə, habelə qidalanma, müdafiə, sərt
qış öncəsi tüləmə, köçüb
getmə, daha çox cücülərdə rast gəlinən
instinktiv xüsusiyyətlər, bitkilərin ömründə
xəzan hadisəsi bura aid edilir. Maraqlıdır ki, ən qədim
çağlardan bu günədək klassik ədəbiyyatımızda,
həmçinin digər yaradıcı sahələrin
müxtəlif janrlarında bu problemə toxunulmuş, müəlliflər
bilik səviyyələrinə uyğun problemə münasibət
bildirmiş, bununla da ətraf mühitin öyrənilməsinə
və qorunmasına az-çox köməklik göstərmişlər.
Şübhəsiz, istedadlı və təcrübəli bir
şair-publisist kimi İsmayıl İmanzadənin əsərlərində
də ekoloji maarifçilik meyilləri, təbiətin elmi
şəkildə öyrənilməsi və mühafizəsi
məsələsi diqqəti cəlb edir.
Durna avazında qayıdan bahar
Səsləyir yuvaya qaranquşları.
("Yaz gələndə")
Qeyd etmək lazımdır ki, ədəbiyyatımızda
yer alan nümunələrin əksəriyyətində
qaranquşun gəlməsi ilə yazın gəlməsi kimi səhv
ifadələr mövcuddur. Görkəmli təbiətşünas
alim, professor Qara Mustafayev haqlı olaraq deyir ki, baharı
qaranquş gətirmir, yazın gəlişi qaranquşu gətirir
(havalar qızır, bol qida və balaçıxarma imkanı
yaranır). Bu cəhətdən şair İsmayıl
İmanzadə problemə doğru yanaşır.
Yazın yolunu gözlədim,
Durna köçünü izlədim.
Müəllifin bu misraları yuxarıda bəhs
etdiyimiz fikri təsdiqləyir.
Payızda isti ölkələrə yem dalınca gedən
durnalar da, qaranquşlar da, digər köçəri
quşlar da soyuq qış fəsli yazla əvəz olunan təki
geri qayıdırlar. Əlbəttə, bu hadisə üzvi aləmin
təkamülündə minilliklər boyu qazanılmış
bir uyğunlaşma kimi xüsusi əhəmiyyət
daşıyır.
Hər quşun öz köçü, öz
yuvası var.
("Baş alıb gedirəm")
Doğurdan da, bütün köçəri quşlar
heç də köç vaxtı bir istiqamətdə, eyni
qaydada uçmurlar və bunun elmi əsası vardır.
Yuvalayan quşların bəziləri isti ölkələrdən
qayıtdıqda köhnə yuvalarına gəlir,
dağılıbsa bərpa edib orda yumurta qoyur, bala
çıxarırlar. Bəzi quş növləri isə yeni
yuva qururlar. Şair bu cəhətdən haqlıdır.
İ.İsmayılzadə təbiətə ruhən
bağlı şairdir. Apardığı praktik müşahidələr
ona təbiətdəki hal və hadisələrin başvermə
səbəblərinə varmağı, doğru nəticəyə
gəlməyi, bununla da poeziyamızı elmi əsaslara
söykənən informasiya ilə təchiz etməyə imkan
verir. "Necəsən?" şeirindən bir nümunəyə
nəzər yetirək:
Nərgizin şəklini qar üstə çəkən
Baharım, xoş gördük, yazım necəsən?..
("Necəsən?...)
Qışın sərt soyuğu çəkilməmiş
- yazın ilk günlərində nərgiz çiçəyinin,
novruzgülünün çiçəkləməsi adama
maraqlı gəlir və şair bunu bədi ifadələrlə
özünəməxsus tərzdə diqqətə
çatdırır. "Nərgizin şəklini qar üstə
çəkmək" ifadəsi bu bitkinin erkən yazda, hələ
qar tam ərimədiyi bir vaxtda çiçəklədiyinə
işarədir. Onun poetik bir dillə bu şəkildə verilməsi
şeirin oxunaqlığı ilə bərabər müəyyən
elmi təsəvvür də yaradır.
Bitkilərin inkişafında abiotik faktorlar
mühüm rol oynayır. Başqa
sözlə, üç əsas amil bu prosesə təsir edir:
Su, hava və istilik. Şübhəsiz, qida
mühiti kimi torpağın əhəmiyyəti də
misilsizdir. İ.İmanzadənin
yaradıcılığında bunları özündə əks
etdirən fikirlər çoxdur. Onun "Tənha
söyüd ağacı", "Daş üstə bitən
çiçək", "Anlara bənzəyən
sular", "Yağışa bax, yağışa",
"Külək", "Kürüm",
"Öpdüm" kimi şeirləri bu baxımdan olduqca səcciyəvidir.
Qabarıb üzə çıxan
Köklərin nə gündədir?
Saralan yarpaqların
Yağış həsrətindədir.
("Tənha söyüd ağacı")
və ya
Çəmənin naxışı,
yaraşığıdır
Şehin közərtisi, yazın
yağışı.
("Anlara bənzəyən sular")
Canlı orqanizmin həyat fəaliyyətində
suyun böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki,
"yeməksiz yaşamaq olar, susuz yox" zərb-məsəli
yaranmışdır. Su yaxşı həlledici
olduğuna görə hüceyrələrdə gedən
bütün biokimyəvi reaksiyalarda fəal iştirak edir.
Bu, həm də o deməkdir ki, orqanizmdə
enerjinin yaranmasına səbəb olan oksidləşmə
prosesləri də bilavasitə, su mühiti olmadan
mümkün deyildir. Hüceyrə və
toxumalarda üzvi maddələrin parçalanması,
qeyri-üzvi maddələrin ionlar şəklində
toplanması və daşınması da bilavasitə su ilə
bağlıdır. Bir sözlə,
orqanizmin kompleks şəkildə yaşayışında su
başlıca şərtdir və onun əsasını təşkil
edir. Ona görə də, şair əbəs demir ki:
Dodağın çat-çat olar,
Bircə damla su üçün...
("Daş üstə bitən çiçək")
Su kimi istiliyin - temperaturun da cansız
mühit amili təki canlı orqanizmlərin həyat fəaliyyətində,
onun inkişafında rolu böyükdür. Orqanizm müəyyən
optimal hədd daxilində fəaliyyət göstərə
bilir. Maksimum həddi keçdikdə, yaxud
temperatur həddi minumuma endikdə canlı öz fəaliyyətini
dayandırır. Bu məsələyə diqqət yetirən
şair təsadüfi yazmır ki;
Bir istəkdir bəlkə bu da
Könül verdim suya, oda.
("Öpdüm")
İ.İmanzadənin şeirlərində
abiotik amil kimi küləyə də toxunulur. Bitkilərin həyatında mühüm
hadisə sayılan tozlanmanın izahı baxımından
küləyə münasibət maraq doğurur:
Sığal çəkər, düzə, dağa
Dönər yaşıl tumurcuğa.
Bənzər çeşmədə muncuğa,
Çiçəkləyər yaz küləyi.
(Külək)
Bitkilər təkamül prosesində
küləklə, cücülərlə və
öz-özünə tozlanmaya uyğunlaşıblar. Deməli, külək
çoxalma dövründə çarpaz tozlanmanı həyata
keçirən amillərdən biridir. Təsadüfi
deyildir ki, çiçəkli bitkilərdə tozlanma və
ikiqat mayalanma hadisəsini təkamülün başlıca istiqaməti
sayılan aromorfoz hesab edirlər.
(ardı gələn sayımızda)
Ədalət.-
2018.- 28 iyun.- S.6.