İSMAYIL
İMANZADƏNİN YARADICILIĞINDA EKOLOJİ
FİKİRLƏR
YUSİF
DİRİLİ
"Dirili
Qurbani" ədəbi məclisinin sədri, şair-publisist,
tədqiqatçı-ekoloq
(əvvəli ötən sayımızda)
Külək həm də, atmosferdə hava
balansının qorunub saxlanmasında bütün canlılar
üçün çox vacib olan bir prosesi həyata
keçirir; daim havanın tərkibini qarışdırmaqla
çirkil mühitin qatılığını azaldır və
bərabər paylayır.
Təbiətdə növün daim digər növlərlə
və əlverişsiz mühit şəraiti ilə mübarizəsi
gedir və biologiyada bu, "yaşayış uğrunda
mübarizə" adlandırılır. Çarz Darvinin
fikrincə, bu, mühitin canlı və cansız amilləri ilə
qarşılıqlı münasibətidir. Növdaxili (eyni
növlər arasında), növlərarası (müxtəlif
növlər arasında) və əlverişsiz mühitlə
mübarizə (ətraf mühit amilləri-quraqlıq,
rütubət, istilik, soyuqluq, duzluluq və s.) kimi formaları
vardır. Müəllifin "Daş üstə bitən
çiçək" şeiri yaşayış uğrunda
mübarizənin üçüncü formasına əyanı
misaldır.
...Dəli küləklər səni
Sınağa, bərkə çəkir.
Köklərin dözümlüdür, -
Yükünü birgə çəkir.
Hündür dağların müxtəlif
hündürlüklərində eyni növ bitki və ya heyvan
xarici mühit şəraitinin təsirindən morfoloji
baxımdan dəyişikliyə uğrayır. Məsələn,
yuxarı - bərk külək tutan yerlərdə
dözüb qalmış bitkilər adətən
alçaqboylu olur. Ancaq kökünün dözümlü
olması bu cür əlverişsiz şəraitdə
növün qorunub saxlanmasına səbəb olur.
İsmayıl müəllimin yuxarıda nümunə gətirdiyimiz
şeiri buna parlaq misaldır.
Ta qədim zamanlardan suvarma sistemlərinin
yaradılması və inkişaf etdirilməsi əkinçilikdə
geniş bir tarixi dövr üçün əsl inqilab
yaratdı. Susuz səhralara su çəkildi, dəmyə
torpaqların hesabına əkin sahələri daha da
artırıldı. Bütün bunlar əhalinin tələbatlarının
ödənilməsində böyük təkan oldu. Azərbaycan
Republikası su ehtiyatına görə kasıb ölkələrdən
sayılır və Cənubi Qfqazda qonşu dövlətlərlə
müqayisədə geri qalır. Bunların fövqündə
təbii ehtiyat su mənbəyi kimi istər içməli su,
istərsə də sənaye və kənd təsərrüfatı
əhəmiyyəti baxımından Araz və Kür
çayları əvəzsiz su sərvətlərimizdir.
Şair kənd təsərrüfatında suyun oynadığı
rolu "Kürüm" şeirində necə də gözəl
verib:
Dalğalı sinəsi qabar-qabardı,
Ağdaşda heyvadı, Göyçayda nardı.
Torpaqda göyərən dəndi, nübardı -
Vaqifin qoşması, qəzəli Kürüm.
Şair İsmayıl İmanzadənin təbiət
şeirlərinin mayasında təbiət lövhələri
durur: Təbiətin gözəlliyi, zənginliyi, həyat
üçün gərəkliyi, çoxçeşidliyi -
hansını istəsən bu şeirlərdə görmək
olar. Onları diqqətlə oxumaq və mahiyyətinə
varmaq bəs edər ki, təbiəti sevəsən, qoruyasan:
Sıldırım qayalar üzündə yaşmaq,
Çətindir hər gizli sirrini açmaq.
Çəmənlər çeşnidi, sal daşlar
başmaq,
Cığırlar arğacdı - köşədi,
dağlar.
("Dağlar")
Dağ döşündə düşüb qalan
aynadır,
Sal daşları elə bil ki, qaynadır.
Ovcundakı damlaları oynadır -
Bu gözəli saçlarından kim
asıb?
("Şəlalə")
İsmayıl İmanzadənin poeziyasında canlı və
cansız təbiətin kompleks şəkildə
yaşamasından, birgə fəaliyyət göstərməsindən,
burdakı orqanizmlərin qarşılıqlı münasibətlərindən
bəhs edən aşağıdakı misralar da diqqətə
layiqdir:
Hər çəmənin, hər çölün
Çiçəyi, gülü ayrı.
Çeşmənin zümzüməsi,
Meşənin dili ayrı.
("Halallıq")
Ekologiya elmində ətraf mühit
komponentlərinin birgəyaşayışı kimi "ekoloji
sistemlər" anlayışı mövcuddur (qısaca,
"ekosistem-Y.D.). Göstərilən nümunədə çəmənliyin,
çeşmənin (burada bulaq, çay, göl və s.),
meşəliyin, düzənlik ərazinin ekosistemi poetik yolla
ümumi şəkildə təsvir edilir, hər ekosistemin
özünəməxsus bitki növləri (çiçəyi,
gülü ayrı) olduğu qeyd edilir ki, bu da elmi cəhətdən
düzgün yanaşmadır.
İsmayıl müəllimin şeirlərini oxuduqca,
yaradıcılığı ilə ətraflı tanış olduqca bu qənaətə gəlirsən
ki, o, bir şair kimi gözəl müşahidəçidir və
təbiətə bir ziyalı kimi yalnız pozitiv münasibəti
vardır. Ona görədir ki, vəsf etdiyi hər
bir canlını özü kimi təqdim edir; sanki yazmır,
şəklini çəkir. Fikrimizi təsdiq
üçün "Söyüd" şeirini nəzərdən
keçirək.
Töküb hörüklərini
Suların sinəsinə,
Dayanıb qulaq asır
Küləklərin səsinə.
Hərdən də gizli-gizli
Özünə baxır söyüd.
Elə bil ki, sulara
Qarışıb axır söyüd...
("Söyüd", 1964)
El arasında "salxım
söyüd" adlandırılan adi söyüd su hövzələrinə
yaxın yaşayan, rütubətsevən bitkidir. Budaqları nazik və
yumşaq olduğu üçün qız hörükləri
kimi daim aşağı sallanır ki, bu da bitkinin morfoloji
quruluşuna uyğundur. Həmçinin
şair söyüdün "susuz arxa
qısılması" ("Tənha söyüd
ağacı") ifadəsini işlətməklə
obrazlı şəkildə onun yaşayış şəraiti,
yayılma yeri ilə bağlı elmi informasiya vermiş olur.
Biotik faktorlardan biri kimi insanın təbiətə
(antropogen) təsiri çoxcəhətlidir. Elektrotexnikanın
inkişafı, nəqliyyat, rabitə, sənaye və kənd
təsərrüfatı, insanın digər fəaliyyət
sahələri ətraf mühitə güclü təsir
göstərir. Lakin bunlardan daha
güclüsü müharibələrdir. Belə
ki, müharibə gedən ərazidə hər dəqiqə
ölə biləcəyini düşünən adamlar, ətraf
mühitin qorunması haqqında heç bir qayda-qanuna əməl
etmirlər. Ona görə də təbiət
sözün geniş mənasında dağıdılır
(Mustafayev, 1993). Müharibə əhalinin
psixoloji cəhətdən sağlamlığına da mənfi
təsir göstərir. Şairin Dirili
Qurbaninin məşhur "Bənövşə" şeirinə
nəzirə yazdığı eyni adlı şeirdə ermənilərin
işğal etdikləri Azərbaycan torpaqlarında həyata
keçirdikləri talançılıq və
dağıdıcılq hərəkətləri aydın
görünür.
Obam yağmalandı, yuvam talandı
Diridə daşlar da oda qalandı.
Əsdi qara yellər, sular bulandı
Yaman perik düşdü elim, bənövşə.
("Bənövşə.")
Əlbəttə, bu cür hallar əhalinin
psixoloji durumuna neqativ təsir etməyə bilməz.
Dillər əzbəriydi ordakı meşə...
... Yurddan perik düşüb, tuş gəldik dərdə...
Gör nələr itirdik, gör nələr,
qardaş.
("Hanı o dağ, o meşə")
Sıx meşə örtüyünə,
zəngin faydalı qazıntı yataqlarına malik olan
Qarabağ təbiətinin işğalçı ermənilər
tərəfindən amansızlıqla qarət və talan edilməsi
faktı artıq nüfuzlu beynəlxalq təşkilatlara da məlumdur. Bu problem dəfələrlə Milli Məclisdə,
eləcə də Avropa Şurasının Parlament
Assambleyasında səsləndirilmiş, dövrü nəşrlərdə
yayılmış, elmi tədqiqata cəlb olunmuşdur. İsmayıl müəllim füsunkar Azərbaycan təbiətinin
işğalçılar tərəfindən vəhşicəsinə
dağıdılmasını bu cür təsvir edir.
Yağmalanan sərvətin
Onsuz da göz dağıdır.
Sənin gözəlliyin də
Elə sənə yağıdır.
("Talesiz məmləkətim")
Əsirlikdə qalan, girov
götürülən təkcə əhalimiz deyil, təbii sərvətlərimiz
də əsirlikdə "əzab çəkir". Ona görə də gec-tez ərazidən
qovulacaqlarını anlayan ermənilər mümkün qədər
təbiətimizə daha çox zərər vurmağa
çalışırlar.
Yaralı beşiyim, torpağım əsir,
Kəhrizim, çinarım, yarpağım
əsir.
("Əzəldən dərd içindəyəm")
Müharibənin yaratdığı ekoloji
problemlərdən biri də atəş səslərinin, hərbi
tullantıların ərazidə yayılması, su hövzələrinin
və torpağın çirkləndirilməsi, hərbi
texnika və qurğuların torpağın münbit üst
qatını sıradan çıxarması və eroziyaya
uğratması, sığınacaq kimi istifadə olunan
meşəlik və torpaqların
dağıdılmasıdır. Uzun illər burada məskunlaşan
heyvanlar sadalanan səbəblərdən ərazini tərk
edir, nəticədə növ müxtəlifliyi azalır,
yaxud onların nəsli kəsilir. Bu isə
çox ciddi ekosid kimi qiymətləndirilir.
"Kəkliyin" şeirində müəllif
müharibənin heyvanlara neqativ təsirini necə də
yanıqlı verib.
Çiliklənib Dəlidağın nərəsi,
Qan ağlayır hələ Laçın
dərəsi.
Perik düşüb elə bil ki, fərəsi,
Səsi ərşə qalxıb ana kəkliyin.
və ya
Yamacda yuvası qurulu qalıb...
Bəlkə yol azıbdı dumanda, sisdə,
İşartı axtarır hələ də
səsdə.
Dağılıb xınası daşların üstə,
Batıb ayaqları qana kəkliyin...
("Kəkliyin")
Müasir dünyada bəşəriyyəti hər an gözlənilə bilən nüvə
müharibəsi təhlükəsindən sonra daha çox
qlobal ekoloji problemlər narahat edir. Bu, məsələnin kifayət
qədər ciddiliyindən xəbər verir: həyata
keçirilən tədbirlərə baxmayaraq, biomüxtəlifliyin
kəskin azalması, əvəzində səhralaşma
prosesinin getdikcə sürətlənmsi, dioksin təhlükəsi,
zülal aclığı, içməli su
çatışmamazlığı, ozon ekranında antropogen
təsirlərdən əmələ gəlmiş dəliklərin
sayca artması və genişlənməsi, istixana effektinin
yaranması və nəticədə qlobal istiləşmə,
iqlim dəyişməsi... Bu cür problemlər
xırda şəkildə əhalinin ətraf mühitə təsirinin
mövcud olduğu qədim dövrlərdən
başlanıb. Təsərrüfat fəaliyyəti
genişləndikcə problem daha da kəskinləşib və
dönməz xarakter alıb. "Mingəçevir
dənizi" şeirində göstərildiyi kimi meşələrin
kütləvi talan edilməsi ağır nəticələrə
gətirib çıxarır.
Çinar boylu Samuxun
Meşə məzarı üstə,
Gizli-gizli hönkürən
Suların işıq seli.
Zarafatyana yazılmış "Gətir"
şeirində isə meşəni talan edən
işbazların onu qorumağa borclu olan meşəbəyi ilə
əlbirliyi satirik şəkildə ifşa olunur.
Bacarsan məst eylə meşəbəyini,
Ağac kəsə bilsən orda yon
göndər.
Sənaye müəssisələrinin
istehsalat tullantıları, eləcə də məişət
qalıqları yararlı torpaq sahələrini və su
hövzələrini çirkləndirməklə onları
yararsız hala salır, dolayı yolla canlı orqanizmlərə
zərərli təsir göstərir. Qeyd olunan problem bu gün də
aktualdır. Şair İ.İmanzadə
haqlı olaraq, canlı orqanizmlərin vaxtsız
ölümünü torpağın, suyun və havanın zəhərlənməsində
görür. Bu problemi o, "Təlaş" şeirində
belə təqdim edir:
(ardı gələn sayımızda)
Ədalət.- 2018.- 29 iyun.- S.6.