"ƏLİ VƏ NİNO" ROMANINDA
FOLKLOR MOTİVLƏRİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Azərbaycan nəsrinin çox möhtəşəm
nümunələrindən olan "Əli və Nino"
romanının müəllifinin kimliyi haqqında uzun illərdir
ki, gedən mübahisələr hələ tam olaraq bitmiş
hesab etmək mümkün deyil. Ancaq mühahisələr dərinləşdikcə
əsərin böyük yazıçımız Yusif Vəzir
Çəmənliyə məxsus olması fikri daha
inandırıcı görünür. Bu
versiyanı gücləndirən amillərdən biri də əsərdə
hər bir xalqın milli ruhunun əsas meyarı sayılan
folklor və mifoloji qaynaqlara tez-tez müraciət edilməsi və
bunların romanın ümumi qayəsiylə harmoniya təşkil
eləməsindədir. Bildiyimiz kimi Y.V.
Çəmənzəminli Azərbaycan folklorunun dərin
bilicisi olmuş, istər folklorumuzun toplanmasında və nəşrində,
istərsə də tədqiqi sahəsində böyük
işlər görmüşdü. Bu
yazıda da biz əsasən "Əli və Nino"
romanındakı folklormotivlərini araşdırmağa cəhd
edəcəyik.
Əsərin əsas xətlərindən
biri Şərq və Qərb mədəniyyətlərinin
müqayisəli təqdimatıdır. Şərq mədəniyyətini
Əli xan Şirvanşir, Qərb mədəniyyətini Nino
Kipiani təmsil edir. Nino Qərb mədəniyyətini
təmsil etdiyi üçün onların eynini Şərq mədəniyyətində
də görmək istədiyini bildirir. Nino
ilə Əli Qubernator bağında görüşərkən
Əli xanın əmisinin hərəmxanasından və
çadra haqqında danışırlar. Nino daha
çox çadraya qarşı çıxaraq Əli xana
deyir: "Sən həmişə bir asiyalı olaraq qalacaqsan.
Yad baxışlar sənə niyə mane olur?
Qadın başqasının xoşuna gəlmək
istəyəndə nə olar?" Ninonun
bu fikrindən belə nəticəyə gəlmək olar ki,
bir qadın təkcə öz ərinin yox, həmçinin
başqalarının xoşuna gəlsə də olar. Ancaq Şərq təfəkkürü bu cür
fikirləri həzm edə bilmir. Əli xan da bir Şərqli
olaraq cavab verir: "Qadın gərək yalnız öz ərinin
xoşuna gəlməyə çalışsın,
başqasının yox. Açıq sifət,
lüt çiyinlər, yarıya kimi aşkar döşlər,
nazik ayaqlardakı şəffaf corablar - bunların
hamısı bir şey vəd edir və bu vədi qadın
yerinə yetirməlidir. Çünki qadında bu qədəri
görən kişi daha çox görmək
istəyər. Kişini belə arzulardan qorumaq
üçün çadra mövcuddur". Əli xan bu fikri təkcə öz adı ilə
yox, həmçinin bütün Şərq
dünyasının adından söyləyir. Nino Əli xana sual verir ki, sən necə,
arvadını çadranın altında gizlədəcəksən?
Əlinin cavabı isə bu cür olur: "Əgər vəziyyət
tələb etsə". Əli xan Ninoya
çadranın çoxlu özəlliklərindən bəhs
edir. Yenə də Ninonun fikri dəyişməz
olaraq qalır.
"Əli və Nino" əsərində
müəllif hadisələrin baş verdiyi məkan
haqqında da ətraflı danışır. Məsələn, Mustafanın dilindən
Qarabağın təsvirini bu cür verir: "Ey xan! Bizim şöhrətli əcdadlarımız özlərinə
daha böyük və başqalarını dəhşətə
salan ad qazanmaq üçün bu diyara ayaq basanda, "Qara bax,
orda qar var! - deyə
qışqırdılar. Amma dağlara
yaxınlaşanda və balta dəyməmiş meşəni
görəndə qışqırdılar kı, "Qara
bağ!" Və o zamandan bəri bu diyara
Qarabağ deyilir. Əli xan Qarabağda
olduğu zaman bir neçə erməni ilə
qarşılaşır. Onların
yalanlarını ifşa edərək nə qədər
yalançı olduqlarını bildirir.
"Hələ dünən bir kök erməni məni
inandırmaq istəyirdi ki, Şuşada Maraş kilsəsinin beş min il yaşı var. Ona qayıdıb
dedim ki: "Yalan danışma. Bütün
xristianlığın yaşı heç iki min il
deyildir."
Müəllif əsərində tarixlə
yanaşı, həmçinin hadisələrin baş verdiyi
yerlərin mifoloji hadisələrini də qeyd etmişdir. Şuşada yaşamış Sarı bəy
haqqında yayılmış hadisəni bu cür təsvir
edir: "Müqəddəsin qəbri Şuşadan bir
saatlıq yol uzaqlığında idi. Hər il
bütün şəhər bu qəbrin yanına səcdəyə
gəlir və müqəddəs ağaclıqda xudmani məclis
qurub bayramı edirdi. Xüsusilə mömin olanlar
bu qəbrə qədər uzanan yolu ayaqla deyil, diz üstə
sürünə-sürünə qət edirdilər. Bu, çox ağır və zəhmətli bir
işdir, amma zəvvarların diqqətini xüsusilə cəlb
edir. Müqəddəsin qəbri
üstündəki ağaclara əl vurmaq qadağan idi. Kim ağacların bircə yarpağına
toxunsaydı, elə yerindəcə iflic olurdu. Sarı bəy bax, beləcə qüdrətli
idi!"
Romanda Qarabağ atlarından da bəhs
olunur. Bu atlar o qədər gözəl
olub ki, hətta hökmdarlar onlar üçün xəzinə
bağışlayırmışlar. Qarabağ atı
barədə əsərdə belə bir əfsanə yer almaqdadır:
"Onların diyarında hər şey gözəldir. Ancaq bu diyarın ən gözəli Qarabağ
atıdır. Bu həmin Qarabağ atı
idi ki, İran şahı Ağa Məhəmməd
bütün hərəmxanasını bu şöhrətli
atın əvəzində verməyə hazır idi".
Əsərin aşıqlardan bəhs edən
hissəsi isə həm də Azərbaycan folklorunun təbliği
baxımında çox maraqlıdır. Şifahi xalq ədəbiyyatı
yazılı ədəbiyyat üçün zəmin, baza
rolunu oynamışdır. Müəllif bu cür də
yazır: "Bizim şairlər daha yaxşıdır. Onlar o qədər qürurludurlar ki, şeirlərini
kağıza yazmadan əzbər oxuyurdular". Qarabağlılar aşıqların deyişməsini
möcüzə adlandırırlar. Aşıqlar
Daş kənddə deyişməyə toplaşmışlar.
Həmin aşıqlar kənd sakinlərindən xüsusilə
seçilirmiş: uzun saçlı, ipək libaslı,
hündür boylu, qaşqabaqlı və s.
Aşıqların deyişməsinə baxmaq
üçün Qarabağın var-dövlətli
adamlarından tutmuş ta ermənilərə qədər gəlmişdilər.
Qarabağ aşıqları fərqli
göründüyü kimi, onların deyişmələri də
fərqlidir. İlk olaraq aşıqlar
bir-birilərinə küfürlü sözlər söyləyirlər.
Bunlar küfürlü sözlər söyləməklə
bir-birilərini gözdən salmaq istəyirlər. Aşıqlar deyişmədə çoxlu hünər
göstərirlər. Aşıqlar
deyişmələrində tarixi şəxsiyyətlər barədə
də söhbət açırlar. Bu
tarixi şəxsiyyətlərdən biri də Ağa Məhəmməd
Şah Qacar olur.
Uzun və çətin deyişmədən
sonra iki aşıqdan biri qalib gəlir. Müəllif Əli xan Şirvanşirin
dilindən aşığa sual verir ki, "İndi sən
diyarın ən yaxşı şairisən?".
Aşıq isə bu cavabı verir: "Yox, mən ancaq bir sənətkaram.
Mən əsl aşıq deyiləm". Belə bir sual yaranır ki, bəs əsl
aşıq necə olmalıdır? Bu suala aşıq belə
cavab verir: "Ramazan ayında" - deyə acıqlı
aşıq dilləndi. Bu gecədə təbiət
bir saatlığa yatır. Çaylarda
sular axmır, murdar ruhlar xəzinələrin keşiyində
durmurlar. Otların
böyüdüyünü və ağacların
danışdığını eşitmək olur. "Çaylardan su pəriləri çıxır
və o gecədə dünyaya gələn adamlar müdrik və
şair olurlar. Qədr gecəsində
aşıq gərək bütün şairlərin hamisi olan
İlyas peyğəmbəri çağırsın.
(ardı gələn
sayımızda)
İlkin ELSEVƏR
Ədalət.- 2018.- 28 iyun.- S.7.