"ƏLİ VƏ NİNO" ROMANINDA FOLKLOR MOTİVLƏRİ

 

(əvvəli ötən sayımızda)

 

Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: "Bu gündən etibarən sən əsl aşıqsan və dünyada hər şeyi mənim gözümlə görəcəksən". Lakin haqq aşıqları heç vaxt mövcud olmayıb. Ona görə ki, bu günə qədər Qədr gecəsinin hansı gecə olduğunu heç kim bilmir. Buna görə də heç kəs haqq aşığı ola bilmir.

Romanda Şərq və Qərb mədəniyyəti sevgi konteksində də maraqlı detallarla qarşılaşdırılır. Məsələn, Əli Ninoya eşqini bu cür bəyan edib: "Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay küçəsində, məktəb yolunda rast gəlmişdim. Buna görə də bu eşq atamın, babamın və əmilərimin eşq macəralarından büsbütün fərqli olmalı idi. Şərqlilərin eşqi bulaqların başında - sakit şırıldayan kənd bulaqlarının başında, yaxud da səsli-küylü şəlalələrin yanında başlayır. Qızlar çiyinlərinə səhəng alıb hər axşam bulaq başına gedirlər. Bir az aralıda oğlanlar dövrə vurub oturur, döyüş və quldurluqdan danışır və yanlarından keçən qızlara heç gözucu da baxmırlar. Qızlar səhənglərini yavaş-yavaş doldurur və eləcə də yavaş-yavaş oradan qayıdırlar. Ağzına kimi su ilə doldurulmuş səhəng ağır olur. Büdrəməmək üçün qızlar örpəklərini dala atır və ədəblə gözlərini yerə zilləyirlər. Qızlar hər axşam bulaq başına gedirdilər. Oğlanlar da hər axşam meydanın bir küncündə otururlar. Şərqdə eşq macərəsi belə başlayırdı".

Əsərdə toy adət-ənənəmiz haqqında da məlumatlar öz əksini tapmışdır. Həmin dövrün adət və ənənəsinə görə, "Uzun koridordakı hər bir qapının ağzında üzü maskalı adamlar durur və ancaq onların əlinə pul qoyandan sonra çəkilirlər. Dostlar da gəlin otağına bir xoruz, bir pişik, yaxud da başqa bir gözlənilməz şey qoyub gedirlər. Mən gərək hər tərəfə yaxşı nəzər salım. Yoxsa elə olur ki, yataqda qoca bir qarı gizlənir və toy yatağını azad etmək üçün pul tələb edir..."

Əli xan Şirvanşir Ninonun atası Kipiani ilə görüşəndə də Şərq mədəniyyətini göz önünə gətirir. Məsələn, "Papağımı ona verdim, baxmayaraq ki, Şərqin gözəl adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropadakı adətlərdən xəbərim var idi". Müəllif burada yenə də Əli xanın dilindən Şərq və Qərb, yəni Avropa mədəniyyətini qarşılaşdırır. Şərq mədəniyyətinə görə, kişinin başı açıq, yəni papaqsız oturması o qədər də yaxşı xüsusiyyət deyil. Amma Avropa mədəniyyətində isə kişilərin və ya qadınların başı açıq gəzməyi xoş qarşılanır.

Əsərdə müəllif türklərin ilkin əcdadları haqqında da məlumat verir. Türk dastanlarında onların ilkin əcdadları barədə çoxlu faktlar var. Bizə məlumdur ki, türkün ilkin inanc sistemində qurdun da müəyyən rolu var. Hətta bir çox dastanlarda qurd yol göstərici, xilaskar, əcdad və s. rollarda çıxış edir. Məsələn, "Törəyiş" dastanında əcdad, "Ərgənəkon" dastanında yol göstərici, "Kitabi- Dədə Qorqud" dastanında isə həm yol göstərici, həm də əcdad kimi göstərilir. Türklərin ilk dövlətlərində dövlətin bayrağı üzərində Boz Qurd şəkli yer alır. Əsərdə də Boz Qurdla bağlı bu cür yazılır: "Bu darvaza, qum okeanının ortasında ucalan, türklərin əcdadı sayılan Boz Qurd o zaman Osmanlı türklərinin qabağına düşüb, onları bu baş keçiddən Anadolunun yaşıl yamaclarına aparmışdır".

"Əli və Nino" əsərində müəllif ermənilərin iç üzünü ifşa edərək, onların saxtakar olduğunu göstərir. Bir daha subut edir ki, ermənilərdən türk oğluna dost olmaz. Dədə Qorqudun söylədiyi atalar sözlərini bu məqamda vurğulasaq lap yerinə düşmüş olar. Məsələn, "Əski pambıq bez olmaz və yaxud qarı düşmən dost olmaz". Erməni əsilli Naxaryan, ilk öncə Əli ilə dostluq edir. Hətta Əli xana deyir ki, mən sizi Nino ilə evləndirəcəm. Ninonun atası Kipiani ilə danışıqlar apararaq, Əli ilə evləndirməyə razı salır. Ancaq Naxaryan ermənidir, belə bir atalar sözü var "Ot kökü üstə bitər". Naxaryan da öz kökünə uyğun olaraq pislikdən əl çəkmir. "Birdən kimsə pəncərəni həyəcanla döyməyə başladı. Mən ayağa sıçradım və bayıra baxdım. Qara, çopurlu bir sifət mənə zillənmişdi. Qapı tərəfə qaçdım. Seyid Mustafa özünü otağa atdı. Onun əmmaməsi əyilmişdi, alnından tər tökülürdü. Yaşıl kəməri açılmışdı, bürüncəyi toz içində idi. O, stula sərildi və ləhləyə-ləhləyə dedi:

- Naxaryan yarım saat bundan qapaq Ninonu götürüb qaçdı. Onlar Mərdəkan yolundadırlar. Naxaryan Ninonu zorla özü ilə aparır. Əli xan isə bilmir nə etsin. Bu zaman onun dostları Qarabağın ən məşhur atlarından birini verir ki, onların arxasıyla gedib Naxaryanı tutub məhv etsin. Əli xan ata minərək onların arxasıyla gedir və Naxaryanın arabasına çataraq belindəki silahla maşının təkərinə atəş açır. Müəllif burada incə bir məqama toxunmuşdur. Əli xan istəyir ki, silahla Naxaryanı vursun, ancaq bunu özünə yaraşdırmır. Silahı yerə ataraq onu belindəki xəncərlə öldürür. Sonra Əli xan Dağıstana getməli olur. Çünki onu polislərlə, ermənilər axtarırdı. Qısa zamandan sonra Nino da Əli xanın yanına gəlir. Hər ikisi üçün romantik bir həyat başlayır. Ta ki, Arslan ağadan məktub gələnə qədər. Əli xan işin fərqinə varmışdı. Artıq müharibədir və geri dönüş yoxdur. Nə qədər qaçmağa çalışsa da, yenə müharibə Əli xanı özünə çəkirdi. Nəhayət, müharibə başlayır, Əli xan Ninonu Tehrana göndərmək istəyir, lakin Nino bununla razılaşmır. Əliylə Nino yaranmış vəziyyəti necə dəyərləndirmək barədə çoxlu fikirlər irəli sürürlər. Lakin müharibə qaçılmaz idi. Müharibə müharibəni törədənlərə çox şey qazandırır, lakin müharibə qurbanlarına yalnız və yalnız ölümlər və onun ardınca gözü yaşlı adamlar qoyur. Nino da Əli xan Şirvanşir üçün gözü yaşlı qalanlardandır...

Romanda Azərbaycanın əzəli torpaqlarından, mədəniyyətindən, ailə-məişət həyatından, adət-ənənələrimizdən soraq verən məlumatlar geniş bir şəkildə yer almışdır. Əsər həmçinin tarixi nöqteyi -nəzərdən də əhəmiyyətlidir.

 

İlkin ELSEVƏR

 

Ədalət.-  2018.- 29 iyun.- S.7.