SÖZÜN
İŞIĞINI TUTUB GEDƏN ŞAİR
Qurban
Bayramov,
tənqidçi-ədəbiyyatşünas,
professor
Vəliyulla Novruzun şeirləri
ilə əvvəllər tanış deyildim. Ustadımız,
professor Qəzənfər Kazımovun təqdimatında oxudum
və mənə olduqca maraqlı gəldi və özümə
inanmadım ki, mən niyə bu günə qədər bu imza
ilə qarşılaşmadım?!. Şeirlərini
respubilkamızın ən mötəbər mətbuatlarında
oxuyarkən ulu, XX əsr poeziyamızın korifeyi Səməd
Vurğunun keçən əsrin istedadlı gənc şair
Adil Babayevin "Çinar" şeirindən təsirlənərək
yazdığı "Mənim arzum" (1945) şeirinin ilk
misraları yadıma düşdü: "Şair! Nə incədir
rübabın sənin! Uçurdu ruhumu
çaldığın bu saz. "Şəxsiyyəti nəhəng
yaradıcılığından da ucada duran böyük
şairin indi defisitə çevrilən alicənablığından,
qayğıkeşliyindən bir daha qürur duydum! Vaxtilə
ulu şairimiz Səməd Vurğunun iyirmi yaşlı Adilə
şeir ithaf etməsinin səbəbini də elə bunda
görürəm - alicənablıq və istedadlının
qayğıkeşi olmaq kişiliyi...
Doğrusu, ahıllıq
çağını haqlayan şair Vəliyullanın
şeirlərini oxuduqca onun şeir rübabının, poetik
avazının incəliyini hiss etdim... Hisslərimi
bölüşmək qərarına gəldim və bu adı
da sərlövhəyə çıxardım...
Hər
şairin poeziyasını səciyyələndirən, onu
özünəməxsus obrazı ilə yaddaqalan edən təkcə
vəzn, üslub, məcazlar sistemi və digər sənətkarlııq
xüsusiyyətləri deyil, həm də şeirin ovqatına
çökən ruhun və hissin özüdür... Lap bu
günlərdə oxudum, Sovet dövrü Rus
poeziyasının korifeyi Andrey Voznesenskinin tez-tez təkrarladığı
sözüdür: "Poeziyanı təkcə sözlə
yazmırlar, onu əməllə də yazmaq
mümkündür, necə ki, bu poeziyanı Puşkin duellə
yazdı... Bir də, deyillər ki, rus poeziyasında Voznesenski
ilk dəfə poeziyanı təkcə mətnlə deyil, həmçinin
mətnlə birgə birləşdirdiyi şairin səs-obrazı
ilə təqdimini kəşf etdi... Estrada poeziyası belə
yaranmışdı...
Vəliyulla Novruzun şeir
oxumasını eşidəndə bu əhvalat da yadıma
düşdü... Onun qəribə bir səslə, tələffüzlə
şeir oxuması var... Elə bil, səsini, səsinin
avazını şeirinin avazına hopdurur...
Onun belə bir misrası da var,
Vəliyullanın yox, Andreyin: ""No vse ravno,
daje esli isçeznu sam, ə isçeznutğ tebe ne dam, ne
isçezay" - tərcüməsi təxminən belədir:
"Əgər, birdən özüm yox olsam da, hər halda
qoymaram sən yox olasan, ona görə yox olmağa tələsmə..."
Vəliyulla da, şeirin ruhunu
yox olmağa qoymur... Yəni, Vəlyulla Novruz, mənə
görə, deyəsən şeirin arxitektoru mövqeyində
işləyə bilir, yəni sözdən şeir yapır,
necə arxitektor yaradacağı obrazın ilkin modelini gildən-gipsdən
yapır... Başqa sözlə, Vəliyullanın şeirlərini
həm öz dilindən eşidirkən, həm də oxuyurkən,
bilmirəm, yanlış-düz, belə bir hiss keçirdim...
Mənə elə gəlir ki, onun bir çox şeirləri,
xüsusən, payız obrazı ilə süslənən
"Nədən gecikdin, payız?", "Payızda nə
gözəl olur meşələr", "Bu payız
gözümdə qızıl payızdı" qəbildən
şeirləri arxitektonik formatlı şeirlərdir...
Bu payız necə də gözəldir, Allah!
Ağaclar sarışın bir qıza bənzər.
Budaqdan asılan sarı yarpaqlar,
Gecələr sayrışan buluda bənzər.
"Ağaclar sarışın bir qıza bənzər"
- orijinal obrazdır, sarı saçlı Selcanxatundur!..
Sarı libasını geyinir meşə,
Dünyanın ən gözəl
qızı payızdı.
Günəşin şöləsi yayılır
döşə,
Bu payız gözümdə qızıl
payızdı...
O, poetik hissi rəssam dəqiqliyi ilə təsvir etməyə
yox, arxitektor dəqiqliyi ilə canlandırmağa daha çox
cəhd edir, burda onun iç dünyasına özünə
ustad hesab etdiyi Məmməd Arazdan, Musa Yaqubdan bir işıq
şüləyi ayrılıb qaranlıqda
çırpınan iç dünyasını
işıqlandırır... Elə bu
işığın hesabına da, onun şeirlərinin
kompozisiyası duyumlu, düşündürücü, təsirli
məzmun və mahiyyət kəsb eləyir.
"Uçuruma yuvarlanmaqdan bizi inam
saxlayır!" - müdriklərdən birinin sözüdür.
Əslən cənub bölgəsindən - Cəlilabaddan olan
Vəliyulla Novruzu da həyata, gerçəkliyə, əxlaq
və mənəviyyata bağlayan, poeziya köhlənindən
yıxılmağa qoymayan onun qələminə, poetik
sözünə, idealına və imanına, inandığına
inamıdır... Müntəzəm olaraq 1980-ci
ildən respublika miqyaslı mətbuatda çıxış
etməyə başlayıbdır. Ədəbiyyat
müəllimidir. Cəlilabad rayon orta məktəbində
tədrislə məşğul olur. Respublika mətbuatını
ardıcıl izləyir, tanımadığı, yəni
oxumadığı şair, yazıçı, alim, demək
olar ki, yoxdur... Fenomenal yaddaşa malikdir, özünəməxsus,
obyektiv təhlil üsulu var... Sözə, mətləbə
ehtiramla yanaşır...
Hissimi, duyğumu vermişəm sözə,
Söz mənim qəlbimin parlaq aynası.
Səyyar xəyalımı uçurur göyə,
Yaxşı söz bir həzin ana
laylası.
O, sözü "and yeri, öyüd yeri, qala yeri",
"şair duyğusunun libası" hesab edir və
qaranlıqlar aləmində "sözün
işığını tutub" sözə - haqqa doğru
gedir:
...Sözün işığını tutub gedərlər,
Sözə qiymət verən, söz
anlayanlar.
Sözün qarşısında səcdə edərlər,
Sözün məqamını düz anlayanlar...
İnsafən, şair Vəliyulla Novruz "sözün
məqamını düz anlayanlar" cərgəsindədir...
Onun bu günlərə qədər "Bu dünyada nə
görmüşəm hələ mən", "Bu gecə
gecənin içindən keçdim", "Lalələr
tonqal təkin yanır" şeirlər kitabı var.
Dördüncü kitabı çapa hazırlanır...
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür... Qapı-pəncərə döyənlərdən
deyil... Səmimi və təvazökardır...
Yaradıcılığı haqqında mötəbər ədəbiyyat
adamları - Fikrət Qoca, Musa Yaqub, Məmməd İsmayıl,
Qəzənfər Kazımov, Qəşəm Nəcəfzadə,
Vaqif Yusifli, Ədalət Salman, Əlizadə Nuri, Əlirza Həsrət,
Meyxoş Abdulla, Əfrahim Abbas, Əlirza Xələfli,
İsmayıl Kazımov və başqa qələm dostları
rəğbətlə söz açıblar, fikir söyləyiblər...
Şairliyin, yaradıcı adamın ən
mühüm cəhətlərindən biri də odur ki, o,
heç kəsin görə bilmədiyini, duya bilmədiyini
görə və duya bilsin. Bu hələ işin bir tərəfidir.
Yaradıcı şəxs bu gördüyünü,
duyduğunu əks etdirə bilsin - şair sözüylə,
rəssam fırçası-rəngilə, bəstəkar
notla, arxitektor tişəsi ilə... Vəliyulla sözə
sığına bilir, dərdinə ağlaya bilir:
Ağlayıram öz dərdimi,
Gözlərim boşalır, dolur.
Külək qovur buludları,
Buludlar saçların yolur.
Yenə də ağ yağış
yağır,
Boz buludlar gör nə deyir?
Çölümü isladan yağış,
İçimi isladan deyil.
Gözlərimin axır yaşı,
Bu yaş gör necə durudur!
Axıb gəlir ürəyimdən,
Axıb içimi qurudur...
Vəliyulla təbii istedada malik lirik
şairdir, onun yaradıcılıq barəsində heç
bir kompleksi yoxdur. Gerçəkliyin nəbzini tutan, öz
sözünü kompromissiz deməyi bacaran müəllifdir.
Mənə elə gəlir ki, onun
yaradıcılığı ilə şəxsiyyəti
arasında ziddiyyət, disharmoniya yoxdur. Nəyi və necə
düşünürsə istedadının imkanları
daxilində onu da olduğu kimi qələmə alır, ən
ümdəsi sosial asılılığı yoxdur... Onda
daxili bir sərbəstlik var. O, mənəviyyatı kor edən
zülmətdə işıq axtarmağı bacarır və
elə ona görə də onun şeirlərinin bir qismi gecə
obrazı ilə bağlıdır, "Bu gecənin sonu
yoxdu", "Gecə keçib yarıdan", "Bu gecə
gecənin içindən keçdim" qəbildən
şeirlərində olduğu kimi:
Bu gecə gecənin içindən keçdim,
Gördüm ki, hər tərəf geyinib
qara.
Dağlara dırmanan cığırı seçdim,
Yorulmaq bilmədən yüyürdüm
ora.
Bu gecə gecənin içindən keçdim,
Tamam islanmışdım şehli çəməndə.
Üzümü ətirli otlara sürtdüm,
Yeni bir həvəs də oyandı məndə.
Onun poetik statusunda cəmiyyətlə diskurs yoxdur, mənəviyyatla,
insani faktorlarla, zaman-dünya amili ilə isə ciddi
diskursdadır... Onun şeirlərində mənəviyyat
və milli əxlaqi məsələlər prioritetdir, ən
ümdəsi onda eyforiya, pafos yoxdur, hadisələrin sakit
axarda səmimi poetik şərhi var.
Vəliyulla Novruzun şeirləri
ağrılarının yüngülləşməsi,
daşıdığı kədərdən azca da olsa təsəlli
tapması, üstəgəl, həqiqətlərin və
yalanların fəlsəfi motivlərinə impulsiv
reaksiyasıdır:
Nədən bəxtim yatıbdır,
Əl açıram göylərə _
Dərdimi hara səpim,
Bəlkə dərdim göyərə!!
Vəliyulla belə poetik yorum-yozumla işığa da can atır, "Gözlərimə işıq
verdi, Qəlbimə nur saçan baxış"larda ovunmaq
istəyir, "Bu gün sizdən ötrü çox
darıxmışam" şeirində olduğu təkin təəssüratlarını
nostalji ovqatla oxucuları ilə bölüşür:
Bu gün sizdən ötrü çox
darıxmışam,
Axı necə vaxtdır görmürəm
sizi.
Ağlım da çaşıbdı, lap
karıxmışam,
Özümdə, sözümdə deyiləm,
düzü.
Vəliyulla Novruzun mövzu sferasında əlahiddə
elektorat yoxdur. Ona görə
də onun baxışlarında idealizə də yoxdur,
gerçəklikdən ala biləcəyi nə varsa odur... Real
məntiqə söykənir... Onun
yaradıcılığı azad düşüncə və
sərbəst yanaşma formatındadır. Heç bir məqamda
həyatdan ümidi üzülmür:
Nə yaxşı arxalı bu dağlar varmış,
Axarlı, baxarlı bulaqlar varmış.
Arxamca əl edən budaqlar varmış,
Gözəldir yurdumun çölü, çəməni,
Bir arzu, bir ümid yaşadar məni.
Onun şeirləri ölümlə üz-üzə
dayanan, amma əsil simasını saxlamaq uğrunda mücadiləyə
qalxan insanların hisslərinə həsr edilibdir... Vəliyulla
üçün siyasi yox, sosial-mədəni və əxlaqi
mühit maraqlıdır...
Onun üçün insanın əxlaqi-mənəvi
xisləti "Gəldim xeyir-duamı ver" şerində
olduğu kimi daha maraqlıdır:
...Mən piyada, kədər atlı,
Kəməndini mənə atdı,
Bu da belə bir həyatdı,
Gedim göy üzündə yatım,
Ömrün o üzündə yatım!
Vəliyulla, göründüyü kimi, hissin,
duyğunun, fikrin yan-yörəsindən yox, içindən
keçməyi və poetik obrazlarına ictimai-sosial enerjini
yükləməyi bacarır... Şairin şeirlərinə
nəzər salanda burada işlənən əksər bədii
təsvir vasitələri, onun şeirlərinin bədii təsir
gücünü, poeziya nümunəsinə çevrilməsini
şərtləndirən başlıca amilə
çevrilir...
Canlı bədii təsvir vasitələri,
metafora, təşbeh və mübaliğələr onun
poeziyasına xüsusi bir rəng qatır. Şeirin bədii səviyyəsi
insanda xoş ovqat yarada bilir. Məişətimizə
daxil olan predmet və əşyanın təsviri heç də
yorucu təsir bağışlamır, əksinə, bu adi təsvirlər
elə təqdim edilir ki, müqayisələr fonunda əsil
poeziya yaranır. Vəliyulla dilə, obraza həssasdır
- "həsrətim çiçəkləyib", "mən
piyada, kədər atlı", "gözümün cilovunu
çəkib yollardan yığım", "Ay sevgisi",
"ürəyin aynası söz", "Ayı oraq edib gecəni
biçdim", "Bəxtimi hara səpim, bəlkə bəxtim
göyərə" qəbildən onlarla poetik obrazlar,
xırman, vəl, sovulmaq, kəmənd, quşteli,
çatı, örüş, kövşən, küt və
s. sözlər ki, vaxtilə kənd həyatında işlənmiş
arxaizmlərdir onun şeirinə qəribə bir ovqat
aşılayır, köhnədə, keçmişdə
qalmış kənd məişətini, bu məişətin
səmimiyyətini bu obrazlar hesabına yenidən
canlandırır... Lakin bu səmimiyyət, bu həlimlik arxada
qalıb, şair demiş, daha "bu payız
ömrümüzə o yaz bir də açılmaz":
Bu payız ömrümə o yaz açılmaz,
Soyuqdan, sazaqdan ayaz açılmaz.
Bir də o yerlərə şəfəq
saçılmaz,
Dağların soyuğu dondurur məni.
Şaxtada dolaşan qar quşu kimi
"Eləmədiklərim yandırar məni".
Vəliyullada vətəndaş
hüquqları yox, mənəvi hüquqlar pozulanda baş
alıb dünyadan getmək üsyanı baş verir. Onun ədəbi-estetik
zövqü buna bağlıdır.
Vəliyullanı cəmiyyət qanunlarının -
hüquqi qanunların pozulması düşündürmür
və ya, az düşündürür,
daha doğrusu, bunun fərqinə baxmır. Onu
narahat edən insanlıq üçün Allahın bəxş
etdiyi dəyərlərin itirilməsidir və bunun fərqində
olanlar çox azdır. O inanır ki, bu dəyərlər
itməsə cəmiyyət qanunları da dürüst olar...
İnsanın mənən zədələnməsi, mənəviyyatca
deqradasiyaya uğraması onu az qala öz
axarından çıxarır... O, siyasi azadlığı
yox, mənəvi asudəliyi istəyir... Və bunlarla əlaqəli
olan məsələləri poetik təfəkkür süzgəcindən
keçirərək şeirə çevirir...
Dünənimdən güc almışam,
Bu günümə ucalmışam.
Ağlamağı bacarmışam,
Gülməyi öyrədin mənə.
Şairin leksikonunda ümumxalq
danışıq dilinin nümunələri şeirə
hopdurulur. Onun
şeirlərini oxuduqca, kitablarını vərəqlədikcə
oxucu bir şeyi hiss edir ki, Vəliyulla Novruz təsvirçilikdən,
yerli-yersiz təmtəraqlı və pafoslu sözlərdən
istifadə etməkdən çox uzaqdır. "İllər
sığal çəkdi ağ saçlarıma",
"Yenə də ağ yağış yağır",
"Artdı dərdim", "Bilməliyik", "Bu gecə
gecənin içindən keçdim", "Bu
ömür", "Çəkil yolumdan", "Bu
payız içimi üşüdür mənim", "Sizə
güvəndiyim dağlar", "Bu Yalançı
dünyanın", "Musa Yaqub"a, "Mən kəndə
gələndə uşaqlaşıram", "Bu
dünyanın əlindən", "Şah İsmayıl Xətainin
məzarı önündə düşüncələr",
"Hamı yalandan ağlayır", "Bu dünya
qocaltdı məni" və digər şeirlərindəki bərcəstə
ifadələr şairin poetik düşüncə tərzinin
gözəlliyindən xəbər verir.
Vəliyulla Novruz bica yerə öz bölgələrində
nəşr olunan "Sözün işığı" ədəbi
jurnalı və Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi
ilə bir qrup qələm dostları ilə birgə
2016-cı ilin ədəbi yekunlarına görə diplomla təltif
edilib. Bu diplom ona ən
yaxşı təbiət şeirlərinə görə
verilibdir. Onun "Bahar duyğuları" təkin təbiət
duyumu, doğrudan da mükafata layiqdir:
Yazın müjdəçisi gəlir qaranquş,
Dağların başına çəkilir
bu qış.
Ağaclar gör necə puçurlayıbdı,
Qönçənin dodağı
uçuğlayıbdı.
Şeir bütövlükdə poetikdir, lakin
"Ağaclar gör necə puçurlayıbdı,
"Qönçənin dodağı
uçuğlayıbdı" misraları obrazlarının
yeniliyi ilə görümlüdür, duyumludur, lətifdir,
incədir... Və yaxud, "Çoxdan bu yerlərə gəlməmişdim
heç" şeirindəki duyum da incədir, nostalji hissləri
ilə kövrəkdir:
Yamanca kövrəldim, yamanca düzü,
"Mən sizi görəndə
özümü gördüm".
Gəzdim qarış-qarış yamacı, düzü,
O yerlərdə itən izimi gördüm.
Vəliyulla Novruz bölgədə
istedadları ilə fərqlənən gözəl bir ədəbi
mühitdə yaşayıb yaradır. Onun qələm dostlarından Azərbaycan
Yazıçılar Birliyinin üzvlərindən Ədalət
Salman, Mirkamil Mirxəliloğlu, Əfrahim Abbas, Gülbala
Teymur, Meyxoş Abdullah, Əlirza Həsrət, Əlizadə
Nuri, Böyüş Yaquboğlu, Mübariz Məftun və digərləri
bu qəbildəndir...
Vəliyullanın
yazı manerası, dili, poetik təhkiyyəsi, obrazların
mükəmməlliyi və sonucda oxucuya çatdırmaq istədiyi
mesajlar da öz ədəbi mühitinin parlaq nümunələrindəndir...
Çağdaş poeziyamızda ədəbi mühitinin nəfərləri
cərgəsində onun öz yeri, öz nəfəsi
duyulmaqdadır...
Bu isə Vəliyulla Novruzun avtoportretidir:
Gecələr nur saçan ay həmin
aydı,
Kükrəyib axan çay həmin
o çaydı.
Nədən həlimləşib
indi lal axır,
Sular qəmli-qəmli
üzümə baxır.
Elə bil hissimlə,
duyğularımla
O dərin sularda çimməmişəm
mən.
Uşaq inadımla,
uyğularımla
Öz qarğı atımı
minməmişəm mən.
Həyatda qəm-kədər,
qüssə çəksəm də
Dərdimi kimsəyə
danışmamışam,
Ağrımı, acımı
oda töksəm də
Özgə ocağında
alışmamışam.
Bir kimsədən küssəm
qan vurar məni,
Hardasa xeyirxah insanlar kimi
"Eləmədiklərim
yandırar məni".
Vəliyulla Novruz şeirlərinin
birində bu misraları söyləyir: "Aylarım, illərim
nə tez ötüşdü, Gecəm gündüzümlə
gəlib görüşdü..." Bu, 60 yaşını
haqlayan bir şair ömrünün axarıdır... Bu axarda Vəliyulla
Novruz üstünə ədəbi-poetik missiya
götürmür, sakit bir
tərzdə öz qələm dostları ilə birgə
öz yaradıcılıq ömrünü yaşayır və
bu ömrü yaşamaqda ona uğurlar arzulayıram...
Ədalət.-
2018.- 29 iyun.- S.8.