Bəyaz
gecələrdən parlaq sabaha
İstedadlı müğənni, Azərbaycan
milli estradasının inkişafında özünəməxsus
xidmətləri olan
Səyyad Əlizadənin 60
yaşının astanasında düşüncələrim
Vaqif Bəhmənli
Şair, Əməkdar
mədəniyyət işçisi
Bu yazı müasir milli estrada musiqisinin
tanınmış nümayəndəsi,
çıxışları tamaşaçılar tərəfindən
hər zaman coşqu və sürəkli alqışlarla
qarşılanan müğənni Səyyad Əlizadə
haqqındadır.
Onun yaradıcılığına insanların bu sayaq
həssas yanaşmasının səbəb və mənbələrini
tam təsvir etmək üçün bəzi zəruri məqamlara
toxunmaya bilmirəm.
Hansılardır bu məqamlar?
Öncə hər kəsin
bildiyi həqiqəti xatırladım ki, mədəniyyət sərvətləri
insanın düşüncəsi, hiss və
duyğularının bəlli sənət növləri ilə,
ən müxtəlif şəkillərdə ifadəsidir. Yəni, peşəkar sənətçilər
(aktyor, bəstəkar, müğənni, rəssam,
yazıçı...) tərəfindən təqdim edilən əsərlər,
istər rəngkarlıq, istər ifaçılıq, istər
yazı nümunəsi və s. olsun, onların hər notu, hər
cümləsi, hər rəng çaları sənətkar
qəlbindən qopur, yekun mükəmməldirsə, bədii
məhsul düşüncə və duyğunun özü
olmaq səlahiyyəti qazanır. Belə əsərlər bir
növ zamanı maddiləşdirir, ümumdünya mədəniyyətinin
tərkib hissəsinə çevrilərək onu zənginləşdirir.
Bu, sənətin əbədiyaşarlıq
sirri, təsir gücüdür. Məhz göstərilən
bu meyara görə yaradıcı insanların estetik nailiyyətlərinə
diqqət və maraq heç zaman azalmır.
Heç
özümün də bilmədiyim səbəbdən, amma, hər
halda, yaddaşımın çox erkən
çağlarından qaynaqlanan bir əminliklə digər incəsənət
növlərilə müqayisədə musiqinin daha üstün
təsir gücünü ayrıca dəyərləndirmək
istəyirəm. Niyə, bəlkə ona görə ki,
musiqi insanla təmasa girən ilk harmoniyadır? Bəlkə
kimlərə görəsə başqa ahənglər daha
ilkindir? Əslində yaxşı məzmunu olan bütün bədii
əsərlərin təsir gücünü zəngin
yaradıcılıq təcrübəsinə əsaslanan qəliblər
təmin edir. Bu musiqiyə də şamildir, həqiqətən
də musiqinin dili ürək döyüntülərinin,
damarlardakı qan çırpıntısının ritmi ilə,
az qala üst-üstə düşür. Bütün digər
bədii sərvətlərdə olduğu kimi, musiqinin də
dili fövqəl dildir. Və onu da düz deyirlər ki,
bütün bədii sənətlərin sözünün
bitdiyi yerdə musiqi başlayır! Bu, ikinci mqam idi...
Qoy Səyyad Əlizadənin sənətini
dəyərləndirməyə başlamazadan əvvəl
toxunmaq istədiyimiz üçüncü məqam
aşağıda söylənənlər olsun. Məsələ
burasındadır ki, Azərbaycan xalqı əsrlər boyunca
dünyanın mədəniyyət, incəsənət və ədəbiyyat
xəzinəsinin zənginləşməsi mərhələlərinə
əvəzsiz töhvələr verib. Bu
geniş mövzudur, yazımızın məqsədinə
uyğun olaraq düşüncələrimi bir qədər
cilovlayır və demək istəyirəm ki, kökündə
ana laylası, xalq havaları, el-elat nəğmələri və
təbii ki, muğamat qalası dayanan milli musiqimiz milli mədəniyyətimizin
qızıl tacıdır. Böyük
Üzeyir Hacıbəyli milli professional musiqi aləmində,
ötən XX yüzilliyin başlanğıc illərində
elə bir sarsılmaz bədii-estetik sistem yaradıb və
oranı elə bir ruhla doldurdu ki, xalqımız, onun
yetişdirdiyi istedadlı insanlar zəngin bir musiqi xəzinəsinin
həm yaradıcısına, həm də
halal sahibinə çevrildi. İkinci Dünya müharibəsindən
az sonra Üzeyir Hacıbəyli cismən canından artıq
sevdiyi xalqından ayrılsa da onun açdığı yol elə
həmin XX yüzilliyin ikinci yarısında milli peşəkar
musiqinin şərəfli bioqrafiyasını yaratdı. Hələ
bir baxın, yalnız muğam və xalq musiqisi
ifaçılığını deyirəm, orada
Qarabağ-Şuşa məktəbindən qidalanan, nəğmələrimizə
çağdaş nəfəs verən neçə-neçə
ifaçı ulduzlar var...
Bura qədər
deyilənlər bir qədər mətləbdən aralı
düşmək kimi görünsə də, əslində zəruri
saydığım giriş sözlərdən sonra lap gənc
yaşlarından başlayaraq milli musiqimizin inkişafında
özünəməxsus xidmətlər göstərən,
sevilən
müğənni, mənim həqiqi dostum Səyyad Əlizadənin
adını çəkirəm. Ona görə
yox ki, mən bu düşüncələrimi Səyyad
Əlizadənin 60 illik yubileyi münasibəti ilə qələmə
alıram, ona görə ki, dəqiq inandığım bir həqiqəti
(o, yəni həqiqət kiminsə inanıb
inanmamağından asılı deyil, həqiqət həmişə
həqiqətdir) ifadə edim. Sözümün canı budur ki, Səyyad Əlizadə
Azərbaycan milli ifaçılıq sənətinin
dost-doğma övladıdır, böyük Üzeyir bəyin
açdığı peşəkar musiqi yolunda kimlər,
hansı uca sənətkarlar olmuşdursa, onların hər
birinin dəyərli təcrübəsini əxz edən,
onları dərinliklərinə qədər araşdıran və
bu özül üzərində özünün
yaradıcılıq mərhələlərini meydana qoyan
çağdaş ruhlu bir müğənnidir.
Bax, mən bu barədə
danışmaq istəyirəm. Düzdü, yaşım Səyyaddan
iki-üç il artıqdı, amma söz adamları ilə
müqayisədə müğənnilərin daha tez
parlamaları səbəbindən bu bənzərsiz müğənninin
ifalarını lap gənclik illərində dinləmişəm.
O illərdə ki, orada gənc xanəndələr
sayılan İslam Rzayev, Yaqub Məmmədov, Süleyman
Abdullayev, Arif Babayev, Sabir Mirzəyev, Teymur Mustafayev, Qədir
Rüstəmov, Nəzakət Məmmədova, Niyaməddin
Musayev... (əslində ötən əsrin 60-80-cı illərində
meydana gələn xanəndələrin hərəsi yalnız özü olan zirvə idi, parlaq sənətkarlar
kifayət qədər çoxdur, indi təəssüf ki,
onların hamısının adını çəkə
bilmirəm) öz təsirli səsləri ilə radio,
televiziya, konsert tamaşaçılarının damarında
axan qanı dondururdular. Bax həmin o
60-80-ci illərdə lap gənc Səyyad Əlizadə də
ali məktəb müsabiqələrində, el şənliklərində,
müxtəlif gənclik tədbirlərində, hərdən
Filarmoniyanın, digər konsert salonlarının səhnəsində
ilk addımlarını atır, gənc ifaçı kimi
radio və televiziya verilişlərində
görünürdü.
Səyyad Əlizadənin təqribən
35-40 il ərzində oxuduğu muğamları, xalq mahnılarını
dinləməklə yanaşı, haqqında yazılan
çoxlu yazılarla, müxtəlif mətbuat orqanlarında
dərc olunan müsahibələrlə də tanışam.
O, klassik xalq musiqisi ifaçılarından İslam Rzayevin və
Niyaməddin Musayevin onun sənət yolunda inkişafına
göstərdiyi təsirdən ayrıca söz açır.
Bəllidir ki, hər iki müğənni yenilikçidir.
Onların səsi də, repertuarı da başqalarına bənzəmir.
Mən bu sözü tam yəqinliklə ustaddan görk alan Səyyad
Əlizadənin yaradıcılığına da şamil edərdim.
Səyyad Əlizadə, səsim var, tanınıram deyə
oxumaq xatirinə oxuyan sənətçilərdən deyil. O,
musiqinin fəlsəfəsini anlayan, musiqiyə insanların
estetik zövqünü formalaşdıran bir elm,
yaradıcılıq sahəsi kimi baxan müğənnidir.
Deməliyik ki, Səyyad
Əlizadənin oturuşmuş ifa dəst-xətti elə belə,
havadan yaranmayıb. O, Azərbaycanın zəngin musiqi mədəniyyətinin
yetirməsi və qoruyucularından biridir. Qüdrətli xanəndə
Cabbar Qaryağdıoğlu deyirdi ki, oxumaq yalnız səsdən
ibarətdir. Bu deyimin bəlkə də yüz ildən
çox yaşı var. Cabbar Qaryağdıoğlu bu
sözü mikrafonun, estrada anlayışının
olmadığı bir vaxtda söyləyib. Həqiqətən
də öz ifasının bütün incəliklərini
musiqi məclisinin ən ucqar yerində dayanan dinləyiciyə
çatdırmaq üçün səsdən özgə bir
vasitə yox idi. Solo ifaçılığının
sonrakı mərhələsi göstərdi ki, səsin 3
oktavadan yuxarı olması bəlli bir Allah vergisidir, xüsusi
dəyərdir, lakin orta və pəs səslərin olması
da faciə deyil. Burada musiqi yaddaşı, daxili istedad məsələsi
üzə çıxır. Səs mütləq
olmalıdır (zil, orta, pəs), bununla yanaşı, o səsə
harmoniyanın məzmuna uyğun quruluş vermək isə
istedad məsələsidir.
Səyyad Əlizadənin,
xüsusilə 80-90-cı illərdə, yetərincə
qüvvəli oxunmuş ifaları indi də qulaqlarımda səslənir.
Bunlar muğam parçaları, təsniflər, xalq
mahnıları idi. İndinin özündə də
radiolarımız insafa gələndə, bu ifaları təkrar
efirə verirlər. Məncə, bu ifaları Səyyad
Əlizadənin yaradıcılığının birinci mərhələsinə
aid etmək olar. Bununla belə, məhz həmin
ifalar, həmin çalışmalar istedadlı müğənninin
yaradıcılığının "Bəyaz gecələr"
erasının da əsasında dayanır və sənətkarın
ümumən bədii fəaliyyətini bir bütöv
halına gətirir.
Səyyadın səsindəki bənzərsiz
şirinlik, yumşaqlıq, nəcabətlilik, Qarabağ ifa ləhcəsinə
xas məlahət təbii qaynaqlardan gəlir, daha doğrusu,
anadangəlmədir. Müğənni illər boyu
qazandığı təcrübəyə arxalanaraq səs
imkanlarından ustalıqla istifadə edir. Bax bu, istedadla
peşəkarlığın vəhdəti deməkdir.
Səyyad Əlizadənin ifa
üslubu, belə deyək, musiqi dili, həm də kifayət qədər
dinamik və mütəhərrikdir. Bunu necə
izah edək? Əgər fərqinə varsanız, dərhal
etiraf edəcəksiniz ki, Azərbaycan xalq musiqisinə daxil
olan təsnif və mahnıların, eləcə də bəstəkar
mahnılarının demək olar ki, bütün əhəmiyyətli
örnəkləri onun repertuarında yer alıb. Bu,
heç də asan məsələ deyil. Hər
mahnının öz xarakteri, öz quruluşunun olması
müğənnidən tələb edir ki, məhz həmin o
bəlli quruluşu və xarakteri öz ifasında təcəssüm
etdirə bilsin. Repertuarındakı mahnıların sayına,
məzmun istiqamətinin çoxşaxəliyinə görə
Səyyad Əlizadə bizim, məhz öndə olan nadir sənətkarlarımızdandır.
Onun indiyə qədər musiqi silsilələrindən ibarət
neçə-neçə albomu işıq üzü
görüb. Onların bir çoxu mənim kitabxanamın
fonotekasında var. Tez-tez dinləyirəm onları.
Səyyad Əlizadə bəstəkar
mahnılarını sevə-sevə və məharətlə
oxuyur.
Səyyad Əlizadə xalq
mahnılarını xalqa ehtiramla ifa edir.
Səyyad Əlizadə populyar
estrada aranjmanlarını minlərlə tamaşaçı
toplaşan böyük salonlarda təsirlənərək,
ifaçını alqışlamaqdan yorulmayan insanlara təqdim
edir. Səyyad Əlizadə özünün bəstələdiyi,
yaxud yeni tərzdə quruluş verdiyi nəğmələri
də ürək istisinə bələyərək oxuyur...
Onun repertuar mövzuları və
janrları müxtəlifdir. Lakin bunların hamısında sənətkarın
fərdi üslubu dərhal nəzəri cəlb edir. Məncə,
Səyyad Əlizadəni Azərbaycanda, eləcə də vətənimizin
hüdudlarından kənarda sevdirən də elə budur; fərdi
üslub, Səyyad Əlizadə musiqisinin xarakterik olması!
Müğənninin
yaradıcılığının, şərti də olsa,
ikinci mərhələsi "Bəyaz gecələr" silsiləsindən
olan ifalarla davam edir, bu silsilə onun
populyarlığını daha da artırır. Bu dəfə
də müğənni mövzu və janr baxımından
polifoniyanı qoruyub saxlayır, hətta bir qədər də
zənginləşdirir.
Səyyad Əlizadənin retro
mahnılardan ibarət iki diskdə musiqi albomu var. Müğənni
bu albomda bir neçə nəslin lap uzaq illərdən
eşidə-eşidə gəldiyi mahnıları ifa edərək
yazdırıb. Deyim ki, həmin mahnıların xalq
yaradıcılığına məxsus bir neçə
örnəyini Hacı Hüsüdən, Cabbar
Qaryağdıoğludan üzü bəri, ta Alim Qasımova qədər
yüzlərlə müqtədir sənətkar oxuyur.
Çoxlu, unudulmaz bəstəkar
mahnılarını Bülbülün, Polad
Bülbüloğlunun, Şövkət Ələkbərovanın,
İslam Rzayevin, Flora Kərimovanın və digərlərinin
ifasında dinləmişik. Mən bu cümlələri
ona görə yazıram ki, Səyyad Əlizadənin nə
boyda məsuliyyətin altına girdyini, eyni zamanda milli musiqi
irsinə necə böyük ehtiramla
yanaşdığını təsəvvür edəsiniz.
Ümumiyyətlə deməliyəm ki, Səyyad Əlizadə
dinləyicilərə təqdim etdiyi bütün musiqi
albomlarını xüsusi zövqlə, məsuliyyətlə
hazırlamış, onların ərsəyə gəlməsi
üçün aylar, həftələr boyu böyük zəhmət
çəkmişdir. Yeri gəlmişkən, Səyyad
Əlizadənin musiqi albomları mövzu aktuallığı
ilə də diqqəti çəkir; sevgi, vətən, təbiət,
zaman... təbii ki, insan və onun nəhayətsiz duyğu və
düşüncələri sənətkarın
yaradıcılığına geniş miqyas və xüsusi
çəki verir. Bir dəfə o, Türk
xalqlarının birliyini tərənnüm edən mahnıdan
ibarət xüsusi albom təqdim etdi. Müğənni qazax,
türkmən, türk, Azərbaycan, uyğur, qaqauz, tatar,
qırğız və s. türksoylu xalqlara məxsus
mahnıları toplayıb öyrənmiş və ifa
etmişdi. Bu türk soyunun birliyini düşünən bir sənətkarın
töhfəsi deyilmi? Sözün düzü, mən bu albomun
möhtəşəmliyə, möhkəm birliyə,
böyük qardaşlığa çağıran ritmlərində
sarıslmaz türk ruhunu gördüm, hiss etdim.
Səyyad
Əlizadə musiqi ifaçılığı sənətinə
peşəkar yanaşması ilə həmişə
seçilir. Əslində belə də olmalıdır.
Çünki hər bir sənətçi yalnız
idrakın, düşüncənin köməyi ilə
professionallıq mərtəbəsinə qalxa bilər. Səyyad
Əlizadənin orta məktəb illərindən başlanan, əvvəlcə
rayon miqyaslı müsabiqələrdə, el şənliklərində,
məktəb tədbirlərində bəyənilən səsi,
sonradan respublika səviyyəsində bəyənildi, sevildi.
Yenə də deyirəm, bu özbaşına baş vermir. Həqiqi sənət adamlarının
qazandığı hər bir uğurun, əldə olunan
irili-xırdalı nailiyyətlərin arxasında peşəkarlığa
istiqamətləndirən sənətkar zəhməti, təcrübələrin
mənimsənilməsi prosesi və əlbəttə ki,
istedad dayanır. Və bütün bunların birliyi
kütləyə təqdim olunan əsərin təsir
gücünü yaradır.
Dəfələrlə
müşahidə etmişəm, saat boyunca susqun, kontaktsız
yaşayan auditoriya Səyyad Əlizadənin səhnəyə
çıxmağı, musiqisinin ilk akkordlarını səsləndirməsilə
canlanır, salona coşqunluq gəlir. Bu o deməkdir ki, bizim
dostumuzun ifası təsir gücünə malikdir və elə
buna görə də ürəkləri tərpədir.
Səyyad Əlizadə o
müğənnilərdəndir ki, mahnının musiqisi ilə
yanaşı, sözlərinin bədii keyfiyyətinə bərabərlik
meyarı ilə yanaşır. Müğənniyə görə
mahnı sözləri axıcı, mənalı,
düşündürücü olmalı, musiqinin
mövzusunu, bəstəkar və müğənni niyyətini
tam şəkildə açmalıdır. Bu
çox vacibdir. Əvvəllər, xüsusilə sovet
dövründə elə gözəl musiqi parçalarına
elə boz, gülüş doğuran, məntiqsiz mətnlər
calayıblar ki, indi onların çoxunu silib atmaq, gözəl
musiqilərin düşük sözlər ucbatından təkrar-təkrar
gözdən-urvatdan düşməsinə imkan verməmək
istəyirsən.
Səyyad Əlizadənin
yaradıcılığında ölçü hissini daim
qorumaq, bu zilli-bəmli dünyada, bu yüksələn-enən
sənət yolunda heç zaman əndazəni aşmamaq
prinsipinə də göz yummaq olmaz...
Əlbəttə, musiqi əsərinin
uğurlu ifasının saysız-hesabsız, bununla belə,
konkret səbəblərini açıb göstərən
musiqi mütəxəssisi deyiləm. Səyyad Əlizadə
haqqında bu düşüncələrimi çoxillik
müşahidələrimin, onunla olan yaradıcılıq əməkdaşlığımın
təəssüratları əsasında qələmə
alıram. O, ləyaqətli, yüksək əyarlı sənətkar
olduğu kimi, qürur duyula bilən bir vətəndaş,
daxili aləmi ilə xarici görünüşü demək
olar ki, bir-birinin eyni olan təmiz azərbaycanlı, mərd və
xeyirxah şəxsiyyətdir.
O, poeziyanı musiqi qədər sevir.
O, Azərbaycan musiqisində dövran sürmüş hər
bir layiqli sənətkar qarşısında ehtiramla baş əyməyi
özünün ucalığı sayır.
O, Azərbaycan adını, millətin
varlığını bütün maraqlardan üstün
tutmağı bacarır.
O, balaca kəndinə, vətən torpağının
müqəddəsliyinə, ata ruhuna, ana gözəlliyinə,
ailə qalasına, övladlarına, dostlara, bütün
yaxşı adamlara sitayiş eləməyə gücü yetə
bilən dərəcədə məğrurdur!
Yeri gəlmişkən, bu xarakterli
düşüncə yazıları xatirə və
olaylarsız ötüşmür. Mədəniyyət və Turizm Nazirliyində
çalışdığım ilk günlərin birində
yüksək səviyyəli mədəniyyət xadimi, dostum,
həm də kurasiya üzrə rəhbərim, nazir müavini
Ədalət Vəliyev daxili telefonla zəng edib yanına
çağırdı. Getdim. İçəri girəndə müğənni Səyyad
Əlizadənin də onun qəbulunda olduğunu
gördüm. Ədalət müəllim dedi ki, Səyyad
Əlizadə mənim sevdiyim ifaçıdır. Həm də el üçün, vətən
üçün ürəyi yanan, bu yolda çalışan
dostumuzdur. Eşitdiyimə görə, səninlə
də qonşu kənddəndi. Məsələ
nədir? - Ədalət müəllim sözünə
davam elədi, - Səyyad Əlizadə Rusiyada, Sankt-Peterburqda
sponsor tapıb, azərbaycanlıdır. Mirzə Ələkbər
Sabirin seçilmiş əsərlərini ("Hophopnamə"ni) rus dilində 2000 tirajla çap ediblər. İndi də istəyirlər ki, kitabın 500
nüsxəsini bizim kitabxanalara hədiyyə etsinlər.
Təcili qaydada kömək göstər.
Ədalət müəllimin ikinci
tapşırığı Səyyad Əlizadənin digər,
həm də çox dəyərli layihəsinin
reallaşmasına kömək göstərməklə
bağlı idi. Sonralar biz bir neçə dəfə cəhd etdik bu
layihənin həyata keçməsinə. Səyyad
Əlizadə uzun illər "Bəyaz gecələr"
studiyasının xəttilə Azərbaycan xanəndə və
müğənnilərin mövcud səs yazılarını
toplamış, əsasən vaxtın, saxlama mühitinin təsiri
ilə zədələnmiş musiqiləri kənar küylərdən,
xışıltılardan təmişləmiş (xüsusi səsişləmə
qurğularının və kompüterlərin köməyi ilə)
onları yararlı hala salmışdı. İşin
geniş miqyasda aparılıb sona çatdırılması
üçün maliyyə mənbələri tapmaq
mümkün olmadı. Lakin Səyyad
Əlizadə ruhdan düşmədi. İndi onun səs
arxivində yüzlərlə müğənninin ifasında
50 il, 60 il bundan irəli səslənən
nadir ifaların təmizlənmiş, qüsursuz
köçürmələri var.
Səyyad Əlizadənin fikri odur ki, bu səs
yazıları mümkün sayda çoxaldılaraq, ən
azı bütün ali və orta dərəcəli
musiqi məktəblərinə, musiqi kollektivlərinə
çatdırılsın.
Səyyad Əlizadənin
yaratdığı "Bəyaz gecələr"
studiyası sənət yanğılı, istedadlı
müğənnilərin, ədiblərin, bəstəkarların,
jurnalistlərin görüş yeridir. Divarları Azərbaycan
bayrağı, milli musiqi alətləri, mahnı albomları,
korifey sənətkarların portretləri ilə süslənən
bu studiyada dostum, qardaşım Səyyad Əlizadə mənə
də çox "qan uddurub". Az
qala məni məcburən səsyazma kabinəsinə salaraq
öz ifamda şeirlərimi diskə yazdırıb. Onlara yüksək səviyyəli musiqi tərtibatı
verib. Disklərin iki tirajı (hər tiraj
min nüsxə) "Səndən özgə",
üçüncü disk isə "Artırma"
adlanır. Bu poeziya albomları sürətlə
yayıldı, hələ də dinlənilir, insanlar bu disklərə
sahib olduqlarına görə tez-tez telefon açıb təşəkkürlərini
bildirirlər.
Bu hələ hamısı deyil. Səyyad Əlizadə
gözəl bəstəkar Tahir Əkbərlə (Allah rəhmət
eləsin, ruhu şad olsun) birgə əməkdaşlığımızı
yaratdı. Tezliklə mənim sözlərimə
iki mahnı doğuldu. "Bir gün varsan, bir gün
yoxsan", "Sındırdın şüşə könlümü"...
Hər iki mahnı Səyyad Əlizadənin
ifasında yazıldı, efirlərdə səsləndi.
Onun inadkarlığı sayəsində bizim
müştərək, yeni mahnılarımız dünyaya gəldi.
Bunlar günün ruhuna, millətimizin
çağdaş məramına uyğun mahnılar idi;
"Azərbaycan əsgərləri", "Qarabağ",
"Dərbənd". Bütün bu əsərlərin sözləri mənə,
ifası, rejissorluğu, aranjmanı Səyyad Əlizadəyə
məxsusdur.
Heç şübhəsiz, bütün sənətkarlar
kimi o da əsərlərini dəyərləndirən sözləri,
fikirləri xoşlayır. Amma mən hər dəfə müxtəlif tədbirlərdə
olarkən hiss etmişəm ki, haqqında deyilən ən
xoş sözlərin belə tez bitməsini istəyir, tərifdən
sıxılır. Belə davranış
insanın daxili yetkinliyindən, əxlaq təmizliyindən irəli
gəlir. Ona görə də uzun söhbətimi
istəməsəm də qısaltmağa məcburam.
Sonda mütləq qeyd etməliyəm ki, Səyyad
Əlizadə milli adət-ənənələrimizin irsən,
tarixən gələn mənəvi dəyərlərimizin,
sözün yaxşı mənasında, əsiridir. O siqaret çəkmir, içki
içmir, deyəsən nadir hallarda nəsə yeyir... O, Allah
adamıdır. Əgər belə olmasaydı
dinimizə ehtiramdan savayı heç bir məqsəd güdmədən,
ölkənin ən güclü səhnə ustalarını
studiyaya dəvət edərək Müqəddəs
kitabımız "Qurani-Kərim"in azərbaycancaya tərcüməsini
başdan sonacan qiraət etdirib disklərə
yazdırardımı? Sonra müqəddəs
İslamın təbliği naminə o səsli kitabı insanlara
təmənnasız olaraq hədiyyə edərdimi?
Bütün bu deyilənlər bir daha əsas verir ki, biz
bir dost, bir həmkar olaraq etiraf edək: Səyyad Əlizadə
60 illik bir kişi ömrünü vətəninin
və özünün adına layiq yaşayıb. Bizim hər birimiz onun Vətən sevgisi və
özünə inamı arasındakı mənəvi ərazidə
yer almışıq. Ən azı bu səbəbdən
hər birimizin Səyyad Əlizadənin şəxsiyyəti və
sənəti ilə fəxr eləməyə
ixtiyarımız çatır!
Ədalət.-
2016.- 29 iyun.- S.5.