Mədəniyyət
nümunələri etiraf edir
Öz
keçmişini bilməyən gələcəyi
üçün də vuruşmayacaq
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Öncə tarixdən başlayaq.
O tarixdən ki, o
yazılıb. Biz də orta
məktəbin aşağı siniflərindən auditoriyalara qədər bu
tarixi az-çox
öyrənmişik və hər imtahandan
sonra da bizə elə
gəlib ki, biz tarixi bilirik. Amma sən demə, biz
yanılırıqmış. Doğrudur,
deyirlər ki, şairlər fəhmli olur. Görünür elə
buna görə də böyük
Səməd Vurğun məşhur əsərlərinin
birində yazırdı:
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin!..
Sonra böyük Məmməd Araz yazdı ki, hər daş parçası bir tarixdi. Və onun ardınca da arxeoloq alimə üz tutub öyrəndiyi və təqdim etdiyi tarix üçün ona minnətdar olduğunu xatırladırdı.
Mən butun bunları və ümumiyyətlə, tarixlə poeziyanın təmasını istənilən qədər davam etdirə bilərəm. Lakin indiki halda ehtiyac görmürəm. Çünki bizim bugünümüz əslində tarixi bilməyin nə qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yəni zorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin uydurma arqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi, tariximizi özümüz kimi tanımağı və ona istinad etməyi bizdən tələb edir.
Mən Dağlıq Qarabağda doğulmuşam. Dünyanın zaman və tapıntıları baxımından ən böyük abidələrindən biri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir. Amma ən qədim insanın çənə sümükləri tapılan bu mağara böyük arxeoloq alim, tarixçi mərhum Məhəmmədəli Hüseynovun böyük zəhməti nəticəsində dünya arenasına çıxarıldı. O sovet dönəmində də ermənilərlə vuruşa-vuruşa bu mağaranın şöhrətini dünya tarixçilərinin, arxeoloqlarının diqqətinə çatdırdı. Böyük alimin zəhməti hesabına Azıx mağarasından cəmi beş-altı kilometr məsafədə yerləşən ikinci bir mağara da tarixə bəlli oldu. Bu da Böyük və Kiçik Tağlar mağaraları idi. İndi bu qədim abidələr işğal altında olmaqla yanaşı, həm də ermənilərin informasiya maşınının təqdimatında düşmən ölkənin mədəniyyət nümunələri kimi, ulu tarixin vərəqləri kimi təqdim olunur və burada Azərbaycan Elmlər Akademiyasının icazəsi olmadan tədqiqatlar aparılır. O cümlədən də Dağlıq Qarabağda və digər işğal altında olmuş ərazilərimiz də həmin acı taleyi yaşayır.
Yolum Ağcabədiyə düşmüşdü. Açığı yayın istisindən son yağışların gətirdiyi bir dinclikdən və bütövlükdə bir az torpağa, kəndə-kəsəyə yaxınlaşmaq istəyindən bəhrələnən bu səfər mənim üçün gözlənilməz sürprizlərlə yadda qaldı. İlk sürprizim az qala iki ilə yaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki tikinti-abadlıq, özü də planlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman qəflətən gözlərim önündə açılan gözəlliyi mənə yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksər şəhər və rayonlarında tikinti-abadlıq işləri aparılır. Ancaq bəzi şəhər və rayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çox eyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür, qəbul edə bilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman məndə bir ev sahibinin, bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı adamın canıyananlıqla, öz ailəsi üçün gördüyü işi xatırlatdı. Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın qədim bir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağacların sırası da bu işlərə əlavə bir yaraşıq verir.
Ağcabədinin qədimliyini tarixdən də bilirəm, oxuduğum bədii əsərlərdən də. Ancaq bu rayonda olarkən dost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılar qrupu işləyir. Özü də bu beynəlmiləlçi qrupa Almaniyadan olan bir xanım professor rəhbərlik edir. Maraq güc gəldi və elə o dostların təqdimatı ilə də millət vəkilləri Tahir Rza və Aqil Abbasla birlikdə arxeoloqların görüşünə getdik. Yol boyunca bizimlə həmsöhbət olan Tahir Rza və Ağcabədinin digər tanınmış insanları bu arxeoloji qazıntılar barəsində həvəslə, ağızdolusu danışdılar. Eşitdiklərim məni əməlli-başlı səbirsiz edir, tələsdirirdi ki, həmin ünvana tez çatım, deyilənləri öz gözlərimlə görüb, şahid olum.
Bu da Ağcabədi rayonunun Aşağı Aran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramı düzü. Burada bizi arxeoloqlarla yanaşı, yerli sakinlər də qarşılayır. Bu qarşılanma məqamında millət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən, üz-gözündən yorğunqluq, həm də maraq tökülən bir nəfərin sevinci, canfəşanlığı diqqətimi çəkir. Öyrənirəm ki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunla birlikdə çalışan Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın rəhbəri doktor Barbara Helvinqi bizə təqdim edir. Türk dilində rahat danışa bilən Barbara xanım millət vəkillərinə gördükləri işlər barəsində həvəslə, həm də xüsusi bir maraqla məlumat verir. Hiss olunur ki, millət vəkillərinin ekspedisiyanın çalışdığı əraziyə gəlişi onu bir az da sevindirib, ürəkləndirib. Elə sözarası da deyir ki, Ağcabədi rayon rəhbərliyi, xüsusilə rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədov onlarla demək olar ki, hər gün maraqlanır. Zəruri ehtiyaclarının ödənilməsinə, iş və yaşayış şəraitlərinin qənaətbəxş olmasına diqqət yetirir. Barbara xanımın dediklərindən məlum olur ki, bu gün Ağcabədi ərazisində Kamiltəpə deyilən arxeoloji abidələr - kurqanlar var. Sayı 37-ə çatan bu kurqanların beşində tədqiqatlar aparılır.
Qazıntı işləri zamanı məlum olub ki, bu kurqanların yaşı eradan çox-çox əvvəllərə - 7600-8000 il əvvələ gedib çatır. Çox qəribədir ki, qazıntı aparılan kurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyət nümunələri tapılıb.
Burada hətta nərə balığının, eləcə də digər canlıların sümükləri, muncuqlar, küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaq yerinin ətrafında tapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeri olduğunu göstərir. Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.
Öz qədimliyi ilə hətta Mesopotomiya tarixini də xatırladan, bəzən isə onunla müqayisə edilə biləcək bu maddi-mədəniyyət nümunələri arxeoloqlarda belə bir təsəvvür yaradıb ki, Kamiltəpə ərazisi dəniz sahili olubdu. Doktor Barbara xanımın beynəlxalq ekspedisiyası Yaponiya, İngiltərə, Türkiyə, İran alimlərindən ibarətdir. Onların qazıntılar zamanı aşkar etdikləri bütün nümunələr ən yüksək səviyyədə laborator analizlərindən keçirilir.
Eləcə də bu abidələri görmək, buradakı gerçəkliklərə şahid olmaq üçün əraziyə tarixçi tələbələrin, arxeoloqların səfərləri də təşkil edilib. Elə bu günlərdə Münhen Universitetinin 25 nəfər tələbəsi buraya təcrübə mübadiləsinə gəlmişdi.
Biz ərazidəki 3-cü,
4-cü və 5-ci Kamiltəpə kurqanlarında aparılan
qazıntıları gəzə-gəzə buradakı həm
yerli sakinlərlə, həm də arxeoloqlarla təmasda olduq.
Onlar bizə
kərpic divarları da göstərdilər,
bişmiş kərpicdən olan nümunələri də, dəvəgöz
daşını da,
bıçağı da, bizi
də və digər tapıntıları da.
Ümumiyyətlə, bu səyahət
şəxsən məni məmləkətin hələ də
gün işığı
düşməyən qoca və uzaq tarixinə apardı. Gördüm
ki, biz hələ öz tariximizin, öz keçmişimizin olsa-olsa, bir vərəqini
oxumuşuq. Amma hələ
oxunası vərəqlərin sayı oxunanlardan
min dəfələrlə çoxdur.
Mədətoğlu, Əbülfət.
Ədalət.-2018.- 30 iyun.- S.5.