Anam gəlib!..

 

 (Esse)

 

Əlibala RƏHİMOV,

 

"Qızıl qələm" mükafatı laureatı,

publisist

 

Sevgiyə, sədaqətə, düz ilqara bax - o dünyadan anam gəlib dərdimə dərman olmağa! Bağlılığa, vəhdətə bax - o dünyadan anam gəlib! Şəfqət dolu ürəyimin ağrılarını, son zamanlar sağ-solumda hərlənən, yaşamaq həvəsimi söndürməyə, bu fani dünyaya vaxtsız əlvida deməyə məni səsləyən sarsıntılarımı azaltmağa Anam gəlib!

Mən kiməm ki, Qəlbi qara, kinlə dolu ürəklərin nifrətinə uyanlara qəzəbliyəm, bəzisinin əməlindən hirslənsəm də, yad olmuram! Özündən müştəbeh adamcıqlara bənd olmuram.

Mən kiməm ki! Anamın yanından qəbir evinə tərəf uzanan böyük yolun yolçusu! Bəzən qəribə, qəlbimə sevinc bəxş edən hisslər, duyğular yaşayıram: elə bil təzəcə dünyaya təşrif gətirmişəm, bu fani dünyaya sevgi, gözəllik, məhəbbət bəxş edəcəm!

Anam üzünü görmədiyim, boy-buxununa baxıb fərəhlənmədiyim, səsini, söhbətini eşitmədiyim atamı - qəlbən, ruhən vurulduğu, sevdiyi, cəmi-cümlətanı iki il bir yastığa baş qoyduğu o cavanı müharibəyə yola salıb və qara kağızını alıb. Nakam, acı taleyindən nə küsüb, nə inciyib. Sədaqət, namus simvoluna çevrilərək bəxtiyar günlərinin yadigarı, nişanəsi kimi məni, bircə balasını böyüdüb, oxudub, kişi eləyib qoşub kişilərə.

Uşaqlıq canlı xatirədi hər zaman, solub-saralmayan xatirə. Buyurun, baxın, odu, özüdü: Yun şalla məni belinə bağlayıb pambıq tarlasında ketmənlə alaq vurur.

...Bir ovuc arpa unu tapıb, horra bişirib. Mən iki qab yeyirəm, o, baxır. Axırda qazançanın dibində horradan qalsa, o da yeyəcək! Qalmasa... Vaxtilə atamın ona aldığı lola sırğanı dəyər-dəyməzinə satıb, mən ayaq tutub yeriyəndə qurban kəsib qonşulara pay verib.

Yazağızı özüm kimi yetim, atasız uşaqlara qoşulub kənddən xeyli aralı çöllərə qaçıb gedərdim, yağlıca, quşəppəyi, yemlik, əməköməci tapıb yeməkdən ağız-burnum göm-göy olardı. Evə gələn kimi anam məni bağrına basar, yaşıl rəngli üz-gözümdən dönə-dönə öpərdi bu vaxt onun yanaqları boyu göz yaşı süzülərdi. Mən indi bilirəm o niyə ağlayarmış.

Toyuma bir ay qalıb, dedim ki, kənd heç, ya Məzahim, ya Əlican atla qapı-qapı düşüb hamını dəvət eləyəcək... İstəyirəm rayonda dostlara, xeyir işinə getdiyim adamlara sənin adına dəvətnamə verəm.

-Yox-yox, - dedi, - qəzetdə işləyirsən, səni tanıyırlar. Arvad adına dəvətnamə olmaz, gülərlər, lağa qoyarlar səni, mən bir şey fikirləşərəm.

 

***

Xatirələrin tozunu çırpmamış səsini eşidirəm:

-Noolub? Nədi səni üzən, incidən, kefinə soğan doğrayan? Bəlkə imanım Allah əmanəti, övladların üzünə qayıdır, bir sözünü iki eləyir, ? Zəmanənin üzü dönsün ay bala, döz, döz...

-Yox! Yox, ay tövbə, sənin ruhuna and içirəm, kürəyində, boynunda gəzdirdiyin, təqaüdünü qəpik-qəpik bölüşdürdüyün, tərbiyə verdiyin nəvələrin çox sevirlər məni. Hərdən bir-birilərindən xəbərsiz paltar alırlar. İndi 8 kostyumum, 12 köynəyim asılqandadı... O gün birisi dedi:

-Gəl köməkləşib səni göndərək Məşhəd, Kərbəla, Həcc ziyarətinə.

Sərt üz göstərdim ona. "İstəmirəm, öz adım özümə bəsdi. Mənə qondarma ad, titul lazım deyil".

Pərt oldu oğlum, rəngi qızardı. Tez könlünü aldım onun:

-Ay bala, məni yaxşı tanıyırsız. Bilirsiz ki, yekəxana, hoqqabaz, yaltaq, çoxüzlü deyiləm. , tutaq ki, getdim ziyarətə qayıtdım. Gələndən sonra oldum Hacı Əlibala, başıma qoydum ya budyonnu, ya da buxara papağı, kimə lazımdı bu hoqqabazlıq? Üzümə deməsələr arxamca lağa qoymazlar məni? Ömrün gözəlliyi, şirinliyi sadəlikdi, səmimiyyətdi. Ağıllı insanlar sənin geyiminə, zahiri parıltına yox, düz sözünə, əqidənə qiymət verirlər axı. Ad günümdə - mən artıq sən yaşdayam ana - yığışmışdılar başıma. Qucaqlayıb öpdülər məni. Hələ nəvələr atılıb-düşür, "Mənim babam" şeirini söyləyirdilər. Balacalar üzümdən öpmək üçün bir-birini o yan, bu yana itələyirdi.

Süfrə arxasında yenə söhbət hərlənib-fırlanıb ora gəldi ki, məni uzaqlara, ziyarət yerlərinə göndərsinlər... Hamıya məramımı açıqladım:

-Bilin, agah olun, mənim ziyarətgahım lap yaxındadı, - şəhər qəbiristanlığında. Gedirəm ora, anamın məzarının üstünə - dönə-dönə öpürəm kiçik mərmər lövhəni. Şəkildən mənə baxır dünyada heç kimə bənzəməyən gözəl, müqəddəs anam... Biz danışırıq. Uşaqlıq, gənclik, qısası, onunla yaşadığım zaman kəsiyi xatirə dəftərimdən boy verir. Heç zaman solub saralmayan, yaşamaq, sevmək sevilmək həvəsimi artıran şirin-dadlı xatirələr... Görürsünüzmü, mənim ziyarətgahımda anam var. Uzaqlarda əlimi zəncirə uzadıb ad almaq, sonra da gəlib bu yerlərdə təzə arvad almaq, dünya malına tamah salmaq. Həlləm-qəlləm işlərlə məşğul olmaq...

Günahımı başa düşürəm: qaranlıq, mübhəm məqam yoxdu. Bu gün həftənin 5-ci günüdü. Cümədi, dünən isə cümə axşamıydı. 1993-cü ildən bu yana, yəni anam behişt əhli olandan- mən buna Günəşə, Aya inandığım kimi inanıram. İlk dəfə qəbiristanlığa, anamla görüşə gedə bilmədim. Kiçik çillə boz üzünü göstərdi. Bütün günü sısqa, arabir gurşad yağışlar. Yollar, keçidlər sel-su, zığ-zımrıq... Dostlarımdan birinin sözü yadıma düşür: "Soyuqdan üşüyürsənsə, özünü yandır, soyuğun da canı dincəlsin, sənin də..."

Görünür nigaran qalıb bu gün, şirin səhər yuxuma gəlib ANAM!

Qara torpaq, muğayat ol anamdan!

 

Ədalət.-2018.-1 mart.-S.7.