TALEYİNİN ŞAİRİ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Ədəbiyyata XX əsrin yetmişinci illərində gələn, 25 il ədəbi fəaliyyətdə olan, vaxtsız dünyasını dəyişən, özündən sonra "İydə çiçəyi", "Üçtəpə bayatıları", "Allı qız, ballı qız, xallı qız", " saçların işığı", "Qara ilə qaracanın nağılı", "Deyə bilmədiyim sözlər" adlı poeziya, "Atlı oğlanlar" adlı nəsr, "Ölüsü ilə ərəbcə, dirisi ilə rusca" adlı lətifələr kitabını, hələ çap olunmamış nə qədər əsərlər yadigar qoyub gedən istedalı şair, nasir, jurnalist, publisist Eldar Baxışın yaradıcılıq yolu zəngin, çoxşaxəlidir. O, hər şeydən əvvəl, öz taleyinin, bənzərsiz ömür yolunun şairi idi...

Eldar Baxış "Əli Qara oğlunun tabutu başında" şeirini aşağıdakı misralarla bitirirdi:

 

Hövsələmiz çatacaqmı

səksən iki il oturub

bizi öldürəcək

o böyük ağrının

yolunu gözləməyə?

 

Poeziyası təpədən-dırnağa ağrıyla, əzabla yoğrulan, daima narahat Eldar Baxışın hövsələsi çatardımı 82 il o ağrının yolunu gözləməyə? Bu ağrı ömrünün qırx doqquzuncu baharında yaxaladı onu. Bu ağrı onun Müskanlı kəndindən başlayıb, Xırdalan qəbiristanlığında sona çatan ömrünün daimi yol yoldaşı oldu...

Eldar atasını uşaq ikən itirmiş, yetimçiliklə böyümüş, ali məktəbi bitirmiş, Güzdəkdə müəllim, radioda, televiziyada redaktor, "Səs" qəzetində, radionun uşaq verilişləri redaksiyasında baş redaktor vəzifələrində işləmişdi.

Eldar özü ipə-sapa yatan adam olmadığı kimi, onun şeirləri də çevikdir, şıltaqdır, ancaq mərddir, inadkardır, döyüşkəndir... Eldar bir az Çili müğənnisi Viktor Xaraya bənzəyirdi, bir az fələstinli şair Muin Bsisuya, Mahmud Dərvişə, Nazim Hikmətə, Valexo Sassara, Sarı Aşığa, Qarsia Lorkaya, Məhəmməd Hadiyə, bir az da Səməd Behrəngiyə... Ancaq Əkrəm Əylisli demişkən, Eldar Baxış öz sözünün, öz qəlbinin, öz taleyinin şairi idi...g

Eldar Baxışın poeziyasında ən aparıcı mövzulardan biriölümdür. Bu da təsadüfi deyildi. Ata ölümündən tutmuş övlad ölümünə qədər, ona doğma olan şairlərin ölümündən tutmuş öz ölümünə qədər bütün ölümlər sınağa çəkmişdi onu. Bəlkə elə buna görə idi ki, son ucu ölümlü dünyaya həmişə ayıq, filosofanə bir nəzərlə baxırdı: "Nəsə, nəsə çatmır bu yer üzündə, ölüm-itim çatır ancaq hamıya"... "Tale şeirləri" - şairin qızı Şeydanın, oğlu Andayın, Qasım Qasımzadənin oğlu Fəxrəddinin nakam ömürlərinə həsr edilsə də, bu şeirlərin hamısı əslində ölüm haqqında fəlsəfi düşüncələri idi şairin. Viktor Xaranın, Muin Bsisunun, Məhəmməd Hadinin, Səməd Behrənginin... ölümündən yazanda da Eldar elə bil özünü şərəfli, ləyaqətli bir ölümə hazırlayırmış. "Qara göz yaşları" şeirindən: "Qara torpaqdasan, kəfəndəsən"...

Eldar Baxış namuslu qələmi ilə özünü şərəfli ölümə hazırlamışdı. Bu qələm neçə-neçə ölməz şeirlərin, poemaların, nəsr əsərlərinin, publisist yazıların memarı idi...

Ömür qısa olsa da, söz uzundu... Şairin ömrü isə söz ömrü ilə ölçülür...

Həyatını xalqımızın azadlıq uğrunda mübarizəsinə, ədəbiyyatımızın inkişafına həsr edən bu namuslu, istedadlı qələm sahibinin yaradıcılıq nümunələri indiöz aktuallığını saxlamaqdadır.

Yeni nəsil bu istedadlı qələm sahibini tanısın deyə onun həyatının müəyyən məqamları haqqında danışmaq ehtiyacı var... Eldar Baxış 1947-ci il iyun ayının 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olmuşdur. Atası Baxış kişini erkən yaşlarından itirən Eldar anası Şeyda xanımın himayəsində böyümüş, ev işlərində ona yardımçı olmuşdur. Hələ uşaq yaşlarından zəhmətlə məşğul olması onun xarakterini formalaşdıran başlıca amillərdən birinə çevrilmişdir. Öz uşaqlıq yoldaşları ilə Bərgüşad çayında çimən, balıq tutan Eldarın ürəyinə ilk poeziya qığılcımını salan da elə Qubadlının füsunkar təbiəti, dağları, meşələri, çayları, bulaqları olmuşdur.

İbtidai təhsilini öz kəndlərində alan Eldar sonralar bütün kənd uşaqları kimi öz təhsilini Qubadlıda - rayon mərkəzində davam etdirmişdir. Rayonun ayrı-ayrı kəndlərindən təhsil almaq məqsədilə Qubadlıya gələn uşaqlarla ünsiyyəti, təcrübəli müəllimlərdən dərs alması, mütaliəsi onun dünyagörüşünün yeni istiqamətdə formalaşmasına zəmin yaratmışdır. Hələ orta məktəbdə oxuyarkən Eldarın humanitar fənlərə marağı müəllimlərin diqqətini cəlb etmişdir. Tarixi hadisələrlə daha çox diqqət yetirməsi onun həyat yolunun axarını yeni istiqamətə yönəltmişdir. 1965-ci ildə Qubadlı qəsəbə orta məktəbini bitirən Eldar Baxış tərəddüd etmədən öz sənədlərini o zamankı Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə vermiş, yaxşı qiymətlər aldığına görə adı tarix fakültəsinin tələbələri siyahısına daxil edilmişdir. Bakı mühiti, universitet mühiti adi kənd uşağının bir şəxsiyyət kimi formalaşmasında müstəsna rol oynamışdır. Eldar o günlərin poetik əksini "Gözünə döndüyüm Bakı şəhəri" şeirində maraqlı, orijinal ştrixlərlə verə bilmişdir.

 

Dayın varsa,

yuxarı məktəbə girəcəksən,

demişdilər,

dayın varsa, qiymət alacaqsan,

dayın varsa, oxuyacaqsan,

demişdilər,

canım-ciyərim Bakı!

Camaatın bir dayısı vardı,

mənim iki dayım, -

hərəsi də girmişdi bir qoluma,

Umud dayım bir qoluma,

Arzu dayım bir qoluma.

Bir qolumda Umud dayım,

Bir qolumda Arzu dayım

yuxarı məktəbin qapısını açıb

girdik içəri -

camaatın dayıları qaldı

qapının ağzındag

Ədəbiyyatdan "5" demişdim,

Aldım!

Tarixdən "5" demişdim,

Aldım!

Yazıdan "2" demişdim,

"4" aldım.

Aldığım iki "5"i, bir "4"ü

qoydum ayağımın altına,

çıxdım üstünə!

"4"ün, "5"in üstündən baxıb

kənddə anamı gördüm,

bacımı gördüm,

qapımızdakı şam ağacını

gördüm...

 

Bu misralar Eldar Baxışın formalaşmaqda olan xarakterindən, dünyagörüşündən, həyata baxışından, eləcə orijinal bədii üslubundan xəbər verirdi. Bu şeirdə yetimçiliklə böyüyən, dayısına, əmisinə yox, öz ümidinə, inamına güvənən öz zəhməti, yuxusuz gecələri hesabına uğur qazanan bir gəncin mükəmməl bədii portreti gözlərimizin qarşısında canlanır. Özü bu portretdə zahiri görünüşdən çox həmin gəncin daxili dünyası, düşüncələri ön planda idi...

"Ümidin balası, ümidin oğlu" şeirində Eldar Baxış yetimçiliklə keçən ömür yolunun qaranlıq məqamlarına işıq salır:

 

Atam son anında aşırma kimi

Çiyninin üstündən aşırdı məni.

Gümanı ümidə gəlirdi bircə,

Elə ümidə tapşırdı məni.

Mən bir arı oldum elə o gündən,

Ümid oldu bir arı pətəyi.

Mənim başım oldu, onun yastığı,

Mənim əlim oldu, onun ətəyi.

Əlişə dedilər: Həşimin oğlu,

Vəlişə dedilər: Həmidin oğlu.

Mənə də dedilər, hara getdimsə

Ümidin balası, Ümidin oğlu...

 

Bu misralar da həyatda hər şeyi dişlə, dırnaqla qazanan, həmişə öz zəhmətinə, istedadına, ümidinə, inamına güvənən bir şairin ömür yolunun misralara köçən poetik məqamlarıdı... "Ümidi təndir çörəyi kimi yeyən", "bulaq suyu kimi içən", "ümid atını yəhərləyib", "ümid qılıncını qurşayan" lirik qəhrəman qarşısında açılan "sirli-sehrli ümid sarayları"na çatana qədər nə qədər mübarizə aparmalı, vuruşmalı olur, ağacla ağac dilində, yarpaqla yarpaq dilində, daşla daş, otla ot, çiçəklə çiçək dilində danışmağı öyrənir və onun şairlik yolu da elə bundan sonra başlayır. Ümid oğlu indi o biri tay-tuşlarından çox güclüçox vüqarlıdı:

 

...İndi özlərinə yer tapa bilmir,

İndi qurcalanır Həşimin oğlu.

İndi dingildəyir Həmidin oğlu.

İndi deyirlər, gör fikirləşir

Ümidin balası, ümidin oğlu...

 

Ümumiyyətlə, Eldar Baxışın şeirlərinin əksəriyyətində onun özünün daxili dünyasının cizgiləri vardır bu cizgilər birləşərək vətənpərvər bir şairin mükəmməl bədii obrazını gözlərimizin qarşısında canlandıra bilir.

 

(ardı gələn sayımızda)

 

Rafiq Yusifoğlu,

şair, Əməkdar mədəniyyət işçisi,

filologiya elmləri doktoru,

professor

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət  2018.- 2 mart.- S.7.