"Tut ağacı"nın sehri və
mehri
Nizami
Tağısoy
Üç
dildə (gürcü, rus, Azərbaycan) şeirlər
yazıb, bədii-poetik fikrini dürüst ifadə etməyi,
hər üç dildən bir-birinə mükəmməl, ən
başlıcası orijinalın qayəsinə sadiq qalıb tərcümə
etməyi bacaran, qeyri-adi təfəkkür tərzi, xarakter
kamilliyi, insanlığı ilə çoxlarına örnək
olmağı bacaran gürcü qardaşım, dəyərli
qələm əhli Giya Paçxataşvili ilə
tanışlığımın əyani yaşı 15 ildən
o yana keçmir. Onu tanıyandan sanki
özümçün maraqlı bir dünya kəşf
etmişəm. Dostluğa sədaqəti, insanlığa
mehri, yaradıcılığa özünəməxsus
şövqü ilə yanaşan qeyri-adi şirmayi adam. Adam olduğu qədər
insan, insan olduğu qədər ziyalı, ziyalı olduğu qədər
şair, şair olduğu qədər səriştəli
mütərcim, söz sərrafı Givi. Gözlərinin
ziyası anadangəlmə zəif olsa da, fitrətən
ziyası tükənməyən fikir, təfəkkür
daşıyıcısı. Azərbaycan mədəniyyətinin,
ədəbiyyatının, incəsənətinin, tərcümə
sənətinin məsuliyyətini şərəf və ləyaqətlə
daşıyan, daxili istəyi ilə onu yaymaq hissi ilə
yaşayan Azərbaycanımızın gürcü oğlu
Giya, yaxud hamının müraciət etdiyi kimi, Givi!
Sənin haqqında danışmağa qərar verəndə
fikirlər burulğanında dolaşıram. Ona görə ki, səninlə
bağlı içimdə o qədər sözlərim var
ki... Sən söz aləminə öz
"açar"ınla gələnlərdənsən.
Təkrarçılıq sənlik olmayıb.
Hər halda iki dildə (rus və Azərbaycan)
yazıb yaratdığın nümunələrə nəzər
salanda mən belə qənaətlərdə bulunmuşam.
Givi,
qardaşım, bizdə adətən belədir ki,adı çıxanlar, sənətin lap zirvəsində
qərar tutanlar haqqında (uyğun gəlsə də, gəlməsə
də, onlar buna layiq olsa da, olmasa da) daha çox deyir, danışır,
yazırlar. Böyük türk aşiqi,
aşığı, şairi Yunus Əmrə demişkən bəzən
"kor olur münkirın gözü". Niyə belədir?! Onun
cavabını sən məndən də yaxşı bilirsən,
lakin mən sənin haqqında danışmaq istəyirəm.
Çünki sən bir neçə il
bundan öncə qələmə aldığın "Eloğlu,
bu evin yiyəsi hanı" şeirinlə əslində
öz vətəndaşlıq mövqeyini
bütünlüyü ilə ortaya qoymaqla, əsil millət təəssübkeşkiyini
vücudunla nümayiş etdirmişdin. Səninlə
bağlı danışmağının səbəbi
heç də yalnız bu deyildir. Mətləb
daha dərindədir. Sən əsrlərin
dolanbaclarından bu yana, bu günə qədər Azərbaycan-gürcü
dostluğunun (hətta Nizamidən, Rustavelidən belə), XX əsrdə
bu yolda xeyli zəhmət çəkmiş Leyla Eradze qədər
irəliyə gedə bilmisən, hər iki xalqın təfəkkür
örnəklərini bir-birinə elə calamısan, elə bağlamısan
ki, bununla olduqca gərəkli bir işə imza atmısan. Bu imza uzun zamanlar yaddaşlardan silinməyəcək.
***
Givi, mən sənin hər yeni kitabını maraqla
oxumuşam. Həmin kitab istər Azərbaycan dilində olub, istər
rus dilində. Hər iki dilin orada
dadını, duzunu görmüşəm. Həmin kitabların hər bir sətrini sanki
içimə çəkmişəm. Bu dəfəki
kitabın isə məzmunu və mündəricəsi
baxımından əvvəlkilərdən daha
hüzünlü oldu mənim üçün. Bu dəfəki
kitabının - "Tut ağacı"nın
iki qəhrəmanı ilə səni məni üz-üzə
qoydun. Biri onun Tut ağacının
özüdürsə, digəri uzun illər sənin
nazını çəkmiş, hər ədana,
şıltaqlığına dözmüş,
dünyasını vaxtsız dəyişmiş Lamara
Tartaraşvilidir.
***
Əzizim Givi, tut ağacı ilə bağlı
mifologiyada, folklorda, müqəddəs kitablarda, tarixi məxəzlərdə
xeyli məlumatlara rast gəlmişəm. Onların əksəriyyəti
ilə tanışam. Qəribədir, sən "Tut
ağacı"nı oxucunun gözü
qarşısında elə uğurlu əyaniləşdirmisən
ki, bütün kitab boyu Tut ağacı Lamara xanımla eyniləşib.
Birinin iç dünyası, həyata münasibəti digərinin
içində əriyib. "Tut
ağacı" kitabında sən çağdaş
dövrümüzün yeni dastanını yaratmısan.
Bu "Giviylə Lamara dastanı"dır.
Bu dastanın qəhrəmanları,
aparıcı obrazları o qədər həyati və
inandırıcıdır ki, klassik Şərq və türk ədəbiyyatlarını
yaxşı bilənlər əsrlərdən bəri
mövcud olan ənənənin yeni formatda, yeni obrazlarla, yeni məkanda
(Bakıda və Qaxda) ortaya çıxdığının
şahidi olurlar. Mən "Tut ağacı"nı oxuduqca məhəbbət
dastanlarının hansı şəraitdə və nə səbəbdən
yarandığı haqqında yenidən düşünməyə
meyillənmişəm. Çünki
dastanlaşmada, hər şeydən öncə, canını
fədavermə, qurbangetmə var. Axı sən qeyri-adi insan
xarakteri daşıyıcısısan. Səndə
insana bağlılıq, sevgiyə dəyərvermə, ona
ömrünün fədaetmə - sənin mənəvi
varlığının fərqli və fərdi təzahürləridir.
Givi, qardaşım, ölənlə ölmək olmur. Həm də,
mənim fikrimcə, sən möhkəm şəxsiyyətsən,
çətinliyə sinə gərməyi bacaransan. Buna görə qəddini əyməməlisən.
Mətin dayanmalısan. Sən
bizlərə və gürcülərə çox
lazımsan. Gör hələ səni
neçə-neçə folklor örnəklərimizin tərcüməsi,
bayatılarımız, ağrı-acılarımıza məlhəm
qoya biləcəyin Qarabağ fəryadımızın digər
xalqlara çatdırılması gözləyir. Axı sən mütərcimliyindən, şairliyindən
də öncə Vətəndaşsan. Sənin
vətəndaşlığını mən Nikolay Nekrasov, Məmməd
Araz, Xəlil Rza Ulutürk vətəndaşlığı ilə
eyniləşdirirəm. Axı sən Azərbaycan
milli şüurunu, milli heysiyyatını bütün
içinə, damarlarına çəkmisən.
Sənin
vücudunun xarakterik eskizlərini qurmaq istəyərkən dəyərli
aydınımız, davranış və ziyalılıq
ölçüləri ilə çoxlarına örnək ola biləcək İşıqlı Atalının
dedikləri onları daha uğurlu tamamladı. O, səninlə
bağlı öz fikrini daha lakonik və hədəfə dəyən
şəkildə ifadə edib. Onun incə
müşahidələrinə görə səni fərqləndirən
keyfiyyətlər "...mənəvi həyanlıq, təmənnasızlıq,
şöhrət aludəçisi olmamaq, dəbdəbəni
sevməmək, təbiətə anadangəlmə
bağlılıqdır". Zənnimcə,
sadalanan cəhətlərə bəzi əlavələr etmək
mümkün olsa da, burada göstərilən cizgilər sən
mahiyyətini daha tam şəkildə açmağa qadirdir.
Hə, bir də bunu da əlavə edim ki, Givinin Azər-baycana,
azərbaycançılığa bağlılığı,
heç də Gürcüstana və gürcülüyə
bağlılıqdan az əhəmiyyət kəsb etmir və
bu məqamı qabartmaqda zəruri görünməkdədir.
***
Lamara
xanım dünyasını dəyişəndən sonra Givi
daim "sükutun qara rəngində" ("Tut
ağacı", s.45), "dərdinin adqoydusunda olub",
"Lamaranın ruhu ilə baş-başa qalıb" (s.54),
"O, sanki Lamarasız tükənib" (s.58),
"Ölüm ifadəsinin indiyə qədər vərdiş
etmədiyiniz kalamburunu yaradıb", dirçələn
sevgi nurundan "ölümsüz ölüm
ölürdü" (s.64) və s. kimi söz birləşmələrini
yoğura bilib.
Giya
Paçxataşvili "Tut ağacı" kitabının
"Ön söz"ündə faktik olaraq öz ərşə
bülənd olan ah-vayını ortaya qoyub:
Bu kitab -
Əllərini
göyə qaldırmış
gileyimdir...
Lamarasızlıqla
hasara
alınmış
yubileyimdir (s.3).
Bu sətirlərdən başlayaraq, "Tut
ağacı" kitabının bütün səhifələrində
Givinin həmdəmi, onun yolyoldaşı dərd, kədər,
ay-vaydır.
İki
rubrikadan ibarət olan "lamaranın gülləri" və
"Dərd ortaqlarıma" hissələri də məzmun,
mahiyyət baxımından o qədər bir-birindən fərqlənməsə
də, hər iki hissədə dərd-kədər Givi ilə
yanaşı addımlayır, onu təqib edir, bədəni
alovlar içində yanır, özü yarının
başdaşından asılır. Buna görə də
Givinin bayatı,epitafik yazı ruhunda qələmə
aldığı misralarında da
Yas
düşəndə el ağlar,
Dodaq ağlar, dil ağlar.
Məzar
qazılan yerdə
Külüng ağlar, bel ağlar (s.10).
şairin
kövrək iniltisi eşidilməkdədir.
Lakin arada "Lamaranın ruhuna" şeirindəki
lakonik nisgilin içindən şairin bədənindəki
dustaq ruhundan "Yenidən özünə adaxla məni"
nikbinlik ruhu da boy vermək istəyir. Kitabda təqdim olunmuş nümunələrin
hər biri özü-özlüyündə Givinin şairlik
səriştəsi ilə dərdə don biçmə
bacarığı bir-birini izləyir. Bu baxımdan
"Lamaranın gülləri", "Hələlik,
Bakı", "Bəxtim", "Tut ağacı",
"Lamaranın telefonu", "Neyləyim",
"Ölümün ölümü", "Dərd namərd",
"Səndən sonra", "Deyirlər
torpağın", "Qorxuram" və s. kimi şeirlər
kifayət qədər hüzünlü, o dünya və bu
dünya haqqında mükalimələr kimi nəzərləri
cəlb etməkdədir. Məsələn, "Lamaranın
gülləri" şeiri şairin öz sevgilisinə həsr
etdiyi əvəzsiz ağısıdır:
Sevgili
ürəklə sulanardılar,
Bakirə
qız kimi allanardılar,
Toylara,
bayrama yollanardılar -
Lamaranın
gülləri...
... O
getdi... sahibsiz qaldılar...
Giya kimi
yetim oldular...
Məzarına
yol aldılar
Lamaranın
gülləri... (s.47-48)
***
Givi təhsilini
rus məktəbində alsa da, onun Azərbaycan dilində
işlətdiyi ifadələr, ibarələr, bənzətmələr,
söz oyunları, metaforik deyimlər o qədər təbii, o
qədər orijinaldır ki, Azərbaycan dilindəki sözlər
ovxarlı, urvatlı və ürəklərin içində
özünə məskən salıb, xoş ovqat yarada bilir. Düşünürəm ki, Giya
Paçxataşvilinin digər çoxsaylı kitabları kimi
"Tut ağacı"da öz oxucularının qəlbinə
yol tapacaq. Bunun biz nəinki "Tut
ağacı"nı oxuyanda, həm də Beynəlxalq
Atatürk Mərkəzində Azərbaycan mədəniyyəti,
ədəbiyyatı və media nümayəndələrinin
iştirakı ilə keçiri-lən təqdimat mərasimində
çıxış edənlər də əsərin bu
xüsusiyyətləri üzərində yetərincə
dayandılar. Bu kitab da onun əvvəlki əsərləri
kimi gürcü qardaşımın zəngin və
özünəməxsus təfəkkür tərzini oxucular
qarşısında bəyan və nümayiş etdirməkdədir.
***
Giya Paçxataşvilinin yaradıcılıq
şövqü, ehtirası onun tərcümə
kitablarında "100 aforizmov Sameda Vurquna. Aforizm
- udelçeniev" (o, bu kitabçadakı tərcümələri
böyük Səməd Vurğunun anadan olmasının
100-illiyinə həsr etmişdi) və yenə də Səməd
Vurğundan etdiyi tərcümələri "Qolos"
adlı kitabında rusdilli oxuculara təqdim etdikdə
S.Vurğunla bərabər Givinin də mütərcimlik
orkestri eşidildi. 2010-cu ildə rus dilində nəşr
etdirdiyi "Qruzinskiy xor" kitabı isə müəllifin
şeirə, sənətə dərindən
bağlılığını sübut edə bildi.
"Qruzinskiy xor" kitabını oxuyarkən mən oradan
sanki Aleksandr Blok, Sergey Yesenin və başqa bu kimi rus şairlərinin
nəfəsini duymuşdum. Givinin tərcümələrində
milli ruhumuzu, ornamental naxışlarımızı, koloritli
poetik aləmimizi rus oxucusuna yaxından sevdirməyi bacaran
söz sahiblərinin dəst-xəttini görüb dəyərləndirmişdim.
İndi də "Tut ağacı" həmin yolun yeni
döngələrini, dolanbaclarını və zirvələrini
oxucuların sərvətinə çevirməkdədir.
Giyanın ədəbiyyatımız, mədəniyyətimiz
önündə biz hələ yeni uğurlarının
şahidi olacağıq. Əhsən sənə Azərbaycanın
gürcü oğlu Giya Paçxataşvili.
Ədalət 2018.- 6 mart.- S.6.