Nurəngiz GÜN

 

MƏNƏ SOYUQDUR GÜNƏŞ

 

Günəş!.. Mənə soyuqdur,

Axı mən qütbə gedən tək gəminin

məzlum mənzərəsinə dözümsüz oluram.

Axı üşüyürəm mən hərdən

azad qanad yoluna atəş açan

zalım ovçu üzündən.

gGünəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə xəyalımda

səninlə öpüşəndə,

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!gg

Yerdə mənə yaman soyuqdur, Günəş!

Niyə gəldim

Nilufərlər solan çağı

Mən bu gölə niyə gəldim?

Niyə axı bura gəldim?

Gəlmişdimsə niyə gəlib,

Niyə getdim?

Ah, bilən yoxdur

bağrım başı nədən belə

bölük-bölük?

Nədən axı qəmgin olur

Könül belə o göl sarı?

Bəs üçün çıxdım getdim

Nilufərlər solan çağı?

 

Yol gedirəm

 

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm, yorulanadək.

Ovcumda sirr,

Barmaqlarımda qabar,

Ürəyimdir... varım-yoxum

Yol gedirəm, saplağından qırılanadək.

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim

Yol gedirəm, sinəm qaralanadək.

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm titrəyişim...

Yol gedirəm, yol olanadək.

 

 

Döydüm qapını

 

Şəngülümsüz, Şüngülümsüz

bir Məngülüm var, bir bəmbəyaz gülüm var.

Qürbətdən gəlirdim.

Döydüm qapını, utana-utana.

Oxudum mahnımı, mən yana-yana:

- Məngülüm! qapını, mən gəlim.

Döşümdə ağrı gətirmişəm,

başımda təzyiq...

Buynuzlarım ki, yoxdur?

Olsaydı, ot yox,

At gətirdim, həyat gətirərdim,

At ucalıqdır, həyat - qanadlı bir nağıl!..

At gətirərdim, həyat gətirərdim.

 

 

Boşluq

 

Bomboş bir səssizlik,

bomboş...

Boşluqda sevgi, nifrət, səadət,

hiss, səs!

Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?

Atım sizə qalsın. Qaytarın qamçımı!

Qamçılamaq istəyirəm

bu boşluğu!

 

Ədalət  2018.- 8 mart.- S.6.