Sözünə hörmət etmək,
özünə ən böyük hörmətdir…
Söz İlahi işarədir.Sözün
gücü var. Bir də söz sahibləri var. O söz sahibləri
ki, sözün dəyərini bilir, onun üzərində zərgər
dəqiqliyi ilə işləyir.Belə söz
adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim
"söz” haqqında anlayışımıza yeni bir məna
gətirir."Söz adamı” layihəsinin
növbəti qonağı şairə Nuranə Nurdur.
- Sözlə, ədəbi mühitlə
tanışlığınız hansı dövrə təsadüf
edir?
Yəqin
ki, sözlə tanışlığım adımı
anamın dilində, laylalarında eşitdiyim günlərə
təsadüf edir.Ədəbi mühitlə
tanışlığım "Sözün sehri” və
"Pərvanə” ədəbi birliyində yarandı.Yeni əsrin
ilk illərindən mətbuatda mütamadi olaraq çap
olundum, ədəbi mühütə daxil oldum.
Qısqanclıqlarla qarşılaşdım ,
bəzən yazdıqlarımı gizlətmək, mühiti tərk
etmək istədim. Uğurlarım olduqca
düşmənlərim artdı.
İlk qələmə
aldığınız şeirlərdə hansısa bir
şairin yaradıcılığından təsirlər
olubmu?
- İlk şeirlərimi yazdığım, daha
doğrusu qoşduğum məqamlarda hərfləri
tanımırdım.Aydındır ki, siz daha sonrakı
şeirlərim barəsində soruşursunuz. Təbii ki, ola
bilər və olub. Məşhur şairlərin məşhur
şeirlərindən təsirləndiyim məqamlar olurdu.Amma
bir şeyi dərk edirdim ki, şeirlərimdə özüm
olmalıyam.Oxuduqlarım, bildiklərim təsir etsə də,
onları təkrarlamamağa çalışırdım.Bir
müddət yazandan sonra özüm özümü təkrarlamaqdan
qorxurdum.Açıq qapıları döymək ancaq etik
davranışlara görə lazımdır.Bağlı
qapıların arxası daha maraqlıdır.Hamının
baxdığı şeyə sən təkcə baxmırsan,
həm də görürsənsə yazmağa dəyər.
Ən təhlükəlisi odur ki, mütaliəsiz adam ancaq yazmaqla məşğuldur.
- Bir şairin yaradıcılıq
uğurunun əsasında hansı amillər dayanır?
İstedad və zəhmət uğurun
açarıdır. Güclü müşahidə qabiliyyəti, maraqlı
yazı üslubu , həyatı
mövzulara müraciət yaradıcılıqda mühüm
ştrixlərdir. Uğurun əsasında dayanan
ən real amil isə təqdimat və təbliğatdır.
Necə
düşünürsünüz şeirin bu günki durumu və
oxucu auditoruyası hansı vəziyyətdədir?
Bizim
oxucularımızı seçmək şansımız
yoxdur.Amma yetişdirmək imkanlarımız var. Hər
dövrün öz qanunları, öz yaşam tərzi, öz
dəbi, öz düşüncə trayektoriyası var. Demək
ki, həm də öz şeiri var. Şeirin bu günkü
durumu təbəqələrə görə dəyişir.
Adi oxucunu yox, ali oxucunu qane edəcək səviyyədə
şeirlər azdır. Tamada janrı və
kütləvi məhəbbət şeirlərini nəzərə
almasaq ümumi mənzərə maraqlıdır.Şeir
zamanı ilə zamanın şeiri arasında get- gəldəyik.
Yeni kitab çapı
gözlənilirmi?
Yeni kitab dünyaya gəlməyə gecikir .Artıq
dörd ildir ki, abituriyent övladlarım repetitor müəllimlərlə
hazırlaşdığı üçün kitab
çıxartmağa imkan olmur.Onların təhsilinə
yatırdığımız sərmayənin daha mühüm
olduğunu düşünürəm. –
Bir sıra mətbu orqanlarında
şeirləriniz dərc olunur.Buna görə qonorar
alırsınızmı?Ümumiyyətlə,
qonorar işi necə təşkil olunmalıdır ki, söz
adamı bundan razı qala bilsin?
Bəli ,
qonarar aldığım mətbu orqanları var. Təbii ki,
hamısına aid deyil .Qonarar isə qənaətbəxş
deyil. Söz adamını razı salmaq asan iş deyil. Təşkilatçılıq
işlərində isə demək olar ki, səriştəm yoxdur .
"Söz adamı” olmaq nə
deməkdir?
Sözə əsir olmaqdır -söz adamı
olmaq.Dünyanın ən uzun yolu ürəkdən barmaqlara qədər
gələn yoldur.Söz vasitəsilə biz digər insanlara təsir
edə bilirik.
Sözü anlatmaq da, anlamaq da istedad tələb
edir .Söz adamının qüdrəti və gələcəyə
ən etibarlı əmanəti yazdıqlarıdır.Xoş o
söz adamının halına ki, sözü özündən
çox yaşaya.
Niyə müasir dövr ədəbi
nəslin nümayəndələri özlərindən əvvəlki
dövr ədəbi nəslini bəyənmir?Bu
inkarı inkar qanunudur ya necə?
Bu tendensiya həmişə olub və olacaq.Təkcə ədəbiyyatda
deyil, adi həyat təcrübəsində də hər zaman
rast gəlinən prinsipdir.Övladlar valideynlərindən daha
çox bildiklərini güman edirlər və adətən
bu belə olur.Biz həmişə valideynlərimizdən
keçmiş zamanlarda hər şeyin daha yaxşı
olduğunu eşidirik, onlar da öz valideynlərindən belə
eşidiblər.Biz də öz övladlarımıza belə
deyirik.
Bütün zamanlarda gənclik üçün hər şey
indi , yaşlı nəsil
üçün keçmişdə yaxşıdır. Və bu həmişə təkrarlanır, indiki
yaxşı keçmişdə qalır. Bəli,inkarı inkar qanununu səciyyələndirən
əsas anlayışlar inkar, varislik və inkişafdır.
Dolayısı ilə köhnəliyin bir çox cəhətlərinin
yenidən təkrarlandığını ifadə edən
umumi qanundur.Yeni nəsil yeni dövrə yeni düşüncələr
gətirir.Əslində isə həmin düşüncələr
qəbul etmədikləri köhnəliyin yeni formasıdır.Yəni
, yenilik -yaxşıca unudulmuş köhnəlikdir.
- Heç "söz adamı”
olmağınıza görə peşman olmusunuz?
- Yox hələ
ki , olmamışam. Amma
bilmirəm gələcəkdə necə düşünəcəm.Bu
günüm gələcəyimin keçmişidir. Bilsəm
ki, neçə yaş ömür sürəcəm, təxmini
hesablayıb deyə bilərdim ki, hansı yaşımda
peşman ola bilərəm. Onsuz da
"söz adamı” da , digər peşə
adamları da həmişə söz- söhbətin
qurbanlarıdır . Sözün ən
yaxşı mənasında belə, sözdən qaçmaq
qeyri - mümkündür.
- Bir qadın yazar üçün cəmiyyətdə
baş verən hadisələri qələmə almaq nə dərəcədə
çətindir?
Son dərəcə çətindir.Qadın olmaq qədər
çətindir. Hələ, bir də söhbət ailəli qadından gedirsə , bu məsələ daha qəlizdir.
Cəmiyyətimizdə qadınların söz
azadlığının ailədə nə dərəcədə
boğulduğu nəzərə alsaq , təbii
ki, ədəbiyyatda da çox fərqli mənzərə ilə
qarşılaşa bilmərik. Hər hansı
bir hadisəyə səmimi münasibət bildirmək istəyəndə
xatırlayırsan ki, atan, qardaşın, yoldaşın,
oğlun var. Biz qadınlar nələrisə və ya kimlərisə
itirmək naminə azadlığı istəmirik.Nəticədə
ailəyə sədaqətimizlə ədəbiyyata xəyanət
edirik. Əslində ədəbiyyat
çılpaq hisslərin sərgisidir .Lakin və həm də
əsl ədəbiyyat bu hissləri kübar qiyafədə təqdim
etməyi bacarmaqdır.
Siz həm də
anasınız.İstərdinizmi övladlarınız da
"söz adamı” olsun?
Söz adamı olmaq peşə seçimi deyil,
istedaddır.Övladlarım başqa peşəni seçiblər,
amma yazmaq istəsələr yalnız kömək edərəm.Təbii
ki, söhbət mənəvi köməkdən gedir. Onsuz da bayaq dediyim kimi , övladlarımız özlərini bizdən
daha istedadlı hiss edirlər və bu adətən belə
olur. - Kitab işində dəmüəyyən qədər
sözün yaxşı mənasında irəliləyiş
var.
Necə
düşünürsünüz müasir texnikanın
inkişafı kitab sənayesini nə vaxtsa unutduracaqmı?
Kitab bizə nə qədər doğma olsa da, nə qədər
onu təbliğ etsək də, təəssüf ki, müəyyən
vaxtdan sonra sıradan çıxacaq. Bunun
qarşısını ən çox 100-150 ilalmaq
mümkündür. Texnikanın
inkişafı bizə kitabın başqa formalarını təqdim
edir. Yanımızda 5-10 kitabdan artıq gəzdirə
bilmədiyimiz halda , planşetimizdə bir
kitabxana kitabı gəzdirə bilirik. "Sehirli
xalat” filmində Rəşidin gələcəkdən gətirdiyi
kitabları xatırlayırsız yəqin. Əlini
üstünə sürtür , hərflər
görünür. O dövrdə bundan artıq orijinal kəşf
düşüncəsi ola bilməzdi. Lakin, filmin tarixi yaxın keçmiş olmasına
baxmayaraq, ordakı gələcək bizə çox bəsit
gəlir.
-Kimləri mütaliə edirsiniz? Gənc yazarlardan istedadı görüb, qiymətləndirdiyiniz
imzalar varmı?–
Rastıma
kim çıxsa oxuyuram. Bəyənmədiyim
müəllifi bəzən ikincıi dəfə də
oxuyuram, yenə bəyənmirəmsə yenidən
oxumağı vaxt itkisi hesab edirəm.Bəli istedadlı gənclər
çoxdur, tədbirlərdə tanışlıqlar
olur.Yazarla tanışlıqdan çox mətnlə
tanışlıq daha önəmlidir. Redaktorlarla tanış edib, çap olunmasına vəsilə
olduğum gənclər çox olub. Vaxtı ilə
mənə olunan köməyi mən də gənclərə
etməyə çalışıram. Adlar çəkmirəm,
bu müsahibəni oxuyub özünü tanıyanlara salam olsun.
- Hansı şeirinizi oxucular
üçün paylaşmaq istərdiniz?
-
Hazırda ruhuma ən yaxın şeir oğluma
yazdığım şeirdir. Allah bütün əsgər
balalarımızı qorusun, Emin balam da onların içində.
Oğlum,
bəlkə darıxmağın
Həddini çoxdan aşmışam.
Səni
üşütməsin deyə,
Bu il qışla dostlaşmışam.
Sevmədiyin
yeməkləri
Bişirirəm sən gedəndən.
Gedən
gün yemək yeyəndə,
Tikəni saldın əlindən.
O tikəni
yeyib doydum,
İl yarım sonra acaram.
Darıxmaq
orucu tutdum,
Sənin qoxunla açaram.
Sən
olanda evdə hər şey,
Qarışardı bir-birinə.
İtirdiyin əşyaları,
Tapıb qoymuşam yerinə.
Sənin paltarların mənə
Deyirlər, yaman yaraşır.
Zəngini
gözlədiyim an,
Fikrim o dağları aşır.
İgid
oğlum, Vətən sənin
Sən Vətənin əmanəti.
Bu bir
şeir deyil, balam
Bu bir qürur əlaməti.
Səni gətirən
yollara
Mən baxıram, sən heç baxma.
İkimizin
yerinə də ,
Darıxaram , sən darıxma.
- Ədəbi
mükafatlara münasibətiniz...
Hələ ki, münasibətim münasibətsizdir.Nə
vaxtsa layiq görülsəm etiraz etmərəm.Yetər ki,
özüm utanmayım o mükafatdan.Kimsə deməsin ki,
ondan da çox layiq olan kənarda qaldı.Diplomlarım var,
amma onları bir oxucunun zərif hisslərinə toxunmağa dəyişmərəm. Yaxşı həkimin
otağının divarlarında asılan diplomlara ehtiyacı
olmadığı kimi...
Dünya ədəbiyaytından
oxumağa vacib bildiyiniz əsərlər...
Cek London " Həyat eşqi " , Patrik Züskind
" Ətriyyatçı” , Qabriel Markes "Yüz ilin tənhalığı”
, Ernest Hemenquey "Qoca və dəniz” , F.M. Dostoyevski "
Cinayət və Cəza”.
Son olaraq
"söz” haqqında sözünüz...
Söz...
Təkcə müqəddəs hesab etdiyimiz nəsnə deyil
ki... Alqış da, qarğış da, qeybət
də, söyüş də sözdür.Əsas olan
sözü kimin harda və necə işlətməsidir.Bəstəkarlar
səslə, heykəltəraşlar gillə, rəssamlar rənglərlə
işləyir. Bizim iş alətimiz isə
sözdür. Hansı ki, bütün insanlar
istifadə etsə də, onunla ancaq biz işləyə
bilirik. Sözü də qənaətlə
işlətmək gərək .Həm yazıda, həm
danışanda sözlərə darısqallıq, fikirlərə
genişlik vermək lazımdır.Az bilib çox
danışmaq yoxsul adamın bədxərclik etməyinə bənzəyir.
Sözünə hörmət etmək,
özünə ən böyük hörmətdir.
Söhbətləşdi: Tural Cəfərli
Ədalət 2018.- 10 mart.-
S.13.