"MƏNİM KİMLİYİMDİ MƏNİM ÜRƏYİM"

 

Vaqif Yusifli

 

Şahnaz Şahinin "O gözəcən..." şeirlər kitabının ilk şeiri bu misralarla başlayır: "Mənim ürəyimdi mənim kimliyim". İndi "kimlik" sözü "pasport"u əvəz edən rəsmi sözə çevrilib. Amma, məncə, əsas mənası bu olmamalıdır. Kimliyim, yəni mənim mənliyim, xasiyyətim, xarakterim və əlbəttə, duyğular aləmim. Duyğular aləmimdirsə, onu idarə eləyən ürəkdir. Şairlər üçün də ürək onların mənəvi dünyasıdır. Şahnaz xanımın bu təzə kitabında toplanan şeirlər onun mənəvi dünyasının etiraflarıdır - bu ktiraflarda sevincvar, kədər də, dünyaya, insanlara məhəbbət də var, dünyadan, insanlardan küskünlük də, narazılıq da. Şair ömrü təzadlıdır, gah dənizin coşqun ləpələri kimi sahilləri dəlir, gah payız küləyi kimi əsir-coşur, gah da sakitliyi ilə heyrət doğurur.

Kitabdakı şeirlərin böyük qismini sevgi etirafları adlandırmaq olar. Amma bu etiraflarda təkrar yoxdu, hər biri ömrün müəyyən anının, yaşanılan hisslərin təzahürüdür.

Ən böyük şairlərin də

ən gözəl şeirləri

elə sevgidən yaranır...

Sevməmişəm desələr,

İnanmayın...

Hər gecə bir ulduz

sevgisi doğulur

onların.

 

Sevgi etirafları təkcə nəyisə etiraf etmək, haqlı, ya haqsız olduğunu sübut eləmək deyil, bu etiraflarda sevən insanın həyatla, insanlarla və gerçəklikdə baş verən hadisələrlə bağlılıq da diqqətdən yayınmır. "Xatirə əzimli olur... Günəş kimi ləkəsiz, Ay kimi təmiz olur" - bu misralar şeirlərdə dinlənilən bütün etirafların başlanğıc nöqtəsidir. "Sənə demişdim axı, "Sənə bir söz deyəcəm". Varaqlanır yaddaşı, O sözdən bu sözəcən" - sevən insanın yaddaşı heç vaxt itmir.

İndi hər hansı şeir kitabını açırsan, sevgi şeirləri qarşılayır səni. Amma etiraf edək ki, doğrudan da kəmiyyət keyfiyyətə çevrilmir çox vaxt. Yalançı sevgilər inandırmır səni. Elə sevgilər ki, həyatdan, yaşarı duyğulardan yox, kitablardan gəlir. Sevgidə hisslər, duyğular "ay kimi təmiz" olmalıdır. Şahnaz Şahinin şeirlərində bu mənada hisslər süni deyil, təbii yaşantılardır.

 

Uzaq bildiyim yaxınım,

İzn ver sənə toxunum...

Hərdən şeir tək oxunum,

Hərdən də silinib gedim.

 

Bəxtindən küsən kimidi,

Həsrətdən bezən kimidi.

Buyur, ayrılıq dəmidi...

Gözünə görünüb gedim.

 

Ağac kölgəsində yoxam,

Yoxam, taleyində yoxam.

Hardadı o köhnə çuxam,

Ver mənə, bürünüb gedim.

 

Divardadı əksim yenə

Bu son yadigardı sənə.

Oyan, ta heç kimə demə,

Yuxundan sürünüb gedim.

 

Şahnaz xanımın şeirlərini janrca da izlədik onun yeddilik, səkkizlik hecalara daha çox müraciət etdiyini gördük. Bəzən bir şeirdə bilərəkdən, ya bilməyərəkdən bunlar bir-birinə qarışır, amma məna itmir. Sərbəstə meyli ötəri deyil. Ritmi, intonasiyanı, misralar arasındakı bağlılığı bir-birilə uyuşdura bilir.

Şahnaz xanımın "Mübariz" poemasını onun yaradıcılığında ciddi hadisə hesab edirəm. Milli Qəhrəmanımıza aid neçə poema, onlarla, bəlkə yüzlərlə şeirlər yazılıb. Hamısında da qəhrəmanlıq - MÜBARİZLİYİN vəsfi əsas yer tutur. Şahnaz xanımın poemasında qəhrəmanın atası Ağakərimlə söhbət maraqlıdır. Son səhnə- ölümdür, amma bu səhnə təqdim olunmur, sadəcə, qəhrəmanlığa şəhidliyə gedən yolda Mübarizin düşüncələri poemanın ideyasını, qayəsini canlandırır:

Burax məni, burax, ana,

Burax gedim, Aya sarı.

Məni içində əridən,

Əriyən dünyaya sarı.

Dolanım Yer kürəsini

Udum haqqın nəfəsini.

Qəm eyləmə ki, ölmüşəm,

Uçuram Tanrıya sarı.

Bu yolun o üzü ölüm,

Bu yolun sonu Vətəndi.

Əynimə geydiyim Bayraq,

Vücudum, ruhum Vətəndi!

Mən üzü qana gedirəm,

Can verib can alasıyam.

Dünyaya insan gəlmişdim,

Dönüb Vətən olasıyam!

 

Şahnaz Şahinin şeirlərində bir sıra obrazlar var ki, sayca bu beşinci kitabında da diqqəti cəlb edir. Məsələn, onun şeirlərində bir PAYIZ obrazı var. Bu obraz vasitəsilə o, həm payız fəslinin özünəməxsus cizgilərini canlandır, həm özünün içindəki payızlı duyğuları əyan edir. Elə onun sevgi şeirlərindən payızın nəfəsi gəlir.

"Var-dövlətini köhnə milyonçular kimi xərcləyib bitirdi payız, qaldı bir həsir, bir Məmmədnəsir" - bu, metaforadır, yəni insana məxsus xüsusiyyətlər payıza "köçürülür". Başqa bir "Payız" şeirində:

 

Özünü qapımdan

asıb getdi payız.

Qış dəfn edəcək, heyif,

nəm tutan yarpaqları.

Boz sərçələr ağlayacaq,

bumbuz əllər dikəldəcək

başdaşlarını.

 

Yenə metafora (ümumiyyətlə Şahnaz Şahinin şeirlərində təşbeh metaforalar bolluğuna sevinirsən, bunlar şeirə rəng qatır). Amma bu şeirin sonrakı bəndinə diqqət yetirək:

 

Salxım söyüdlər qocaldı,

Kölgəsində görüşən

sevgililər kimi.

Ara-sıra boyat

xatirələr tökülür

vitrindən indi.

 

Burada şairin içindəki duyğularla payız arasında bir assosiasiya yaranır.

AYRILIQ obrazı da diqqətdən yayınmır. Şeirlərin əksəriyyətində ayrılıq küləkləri əsir. Amma Şahnaz xanımın Ayrılıqla bağlı bir şeirivar ki, burada artıq o biri şeirlərdən fərqli bir düşüncənin şahidi oluruq: "Ayrılığın da vaxtı var, amma Həmişə vaxtsız olur ayrılıqlar. Atalı-analısı. Sevdiyi, sevmədiyi kimi". Ümumiyyətlə bu xanım yazarın şeirlərində təkcə hisslər tüğyan eləmir, həm də rasional çalarlar da az yer tutmur. Düşüncə ilə hisslər vəhdət təşkil edəndə isə əsl şeir yaranır. Məsələn, "Bir nəfəslik sevgi şeiri" onun ən tutumlu şeirlərindəndir.

Unudub evdə qoymuşam

göz yaşlarımı

Ağlamaq da gəlmir əlimdən.

 

üç misra nələr deyir? Gözəldir! Dərd haqqında yazır ki: "O, nə vardı, nə dövlət, nə paydı, nə əmanət... Dərd qat-qat sevgidi, eşqdi... Qədrini bilməyəndə ölür dərd" - yenə metafora, özüilk dəfədir dərdlə ölüm uğraşır bir-birilə. YAĞIŞ obrazı ilə tez-tez qarşılaşırıq. "Bu yaz yağan yağışlar yaz yağışı deyil. Bu yaz üzünə gülümsəməz kollar" - gözəl yazda gözəl bir qız bir qəlbi sındırıb getdi.

Şahnaz Şahinin "O sözəcən" şeirlər kitabı bironu sübut edir ki, şairlik istedadla zəhmətin vəhdətini özündə əks edirir. Şahnaz Şahin Sabirabadda yaşasa da, məsul bir dövlət qulluğunda çalışsa da, dəxli yoxdur, o, hər gün, lap idarədə də, küçədə də, icdasda da şairdir.

Onun yeni kitabında o qədər maraqlı, əsl şeir kimi oxunulası nümunələr var ki... Xüsusilə, bu xanım yazarın şeirlərində təbiətdən gələn gözəlliklər və təzadlar və bütün bunların insan hissləri ilə vəhdət təşkil etməsi diqqətdən yayınmır.

Xüsuslilə, poetik mənalandırmalar... Məsələn, "Yıxılır" şeirini götürək. Buna fəlsəfi şeir də demək olar, amma fəlsəfəni bir qırağa qoyaq, həyata, dünyaya, insana "yıxılmaq" çevrəsindən təzə bir boylanış var:

 

Dünya elə dolanır ki,

Hər şey bir ucdan yıxılır.

Alçağın tavanı çökür,

Hündür ucadan yıxılır.

Yıxılır kimsə adından,

Qurulu vaxt saatından.

Kimsə şər atdığı ahın,

Yeddi qatından yıxılır.

Yüz balta vurub gedən var,

Xəlvət pusquya yatan var.

Hələ bilmir adamlar

Adam içindən yıxılır.

 

Şahnaz xanıma arzum budur ki, şeirdə, söz aləmində heç vaxt yıxılmasın, beləcə gözəl şeirlər yazsın!

 

Ədalət  2018.- 10 mart.- S.15.