“Ramil Usubov incəsənətə
meyilliydi, sonra müəllim işlədi”
AzEDU.az saytının "Sinif
yoldaşı” layihəsində ölkə miqyasında
tanınan ictimai-siyasi xadimlər, elm, mədəniyyət və
ədəbiyyat adamları haqqında onların sinif
yoldaşları danışır.
Layihənin ilk qonağı Azərbaycan
Respublikasının daxili işlər naziri, general-polkovnikRamil
Usubovunsinif yoldaşı Rafael Teymurludur. Adalet.az
həmin müsahibəni təqdim edir. O, müsahibəsində
nazir haqqında olduqca maraqlı faktlar açıqlayıb.
Rafael müəllim əvvəlcə
özü barəsində məlumat verir:
- Mən
1948-ci ildə Şuşanın Malıbəyli kəndində
anadan olmuşam. İlk təhsilimi 8-ci sinfə
qədər orada almışam. Kəndimizdə orta məktəb
olmadığına görə, Xankəndində Nizami adına 4 saylı orta məktəbə
getmişəm. Orada təhsilimi davam etdirmişəm.
Orta məktəbi bitirəndən sonra 1966-cı ildə o vaxt
Lenin adına Azərbaycan Pedaqoji
İnstitutuna daxil olmuşam. 1970-ci ildə
oranı bitirmişəm. 1972-ci ilə qədər təyinatla
Xankəndinin Daşbulaq kəndində iki il
işlədikdən sonra hərbi xidmətə getmişəm.
1973-cü ildə xidməti başa vurub,
Xocalı kənd orta məktəbində müəllimlik fəaliyyətimi
davam etdirmişəm.
1983-cü
ilədək 10 il Xocalıda, daha sonra
qonşu Quşçular kəndində 1992-ci ilə qədər
işləmişəm. 1992-ci ildə kəndimiz
işğal olunub. Ondan sonra Bakıya gəlib,
Zuğulba sanatoriyasında məskunlaşmışam. 15
il həmin sanatoriyada qalmışıq. Sonra prezidentimizin səyi nəticəsində bu qəsəbə
salınıb və bura köçmüşük. Müəllimlik fəaliyyətimi də
Pirşağı qəsəbəsində yerləşən
həmin Quşçular kəndinin əhalisi həmən o
Giləvar sanatoriyasında yaşadığına görə
oradakı 10 saylı internat məktəbində fəaliyyətimi
davam etdirmişəm. 18 il də
2010-cu ilədək orada çalışmışam. 2010-cu ildə xəstələnmişəm. Ürəyimdən əməliyyat olunmuşam.
Onunla əlaqədar olaraq da təqaüdə
çıxmışam.
- Daxili işlər naziri,
general-polkovnik Ramil Usubovla sinif yoldaşı olmusunuz. O günləri,
məktəb illərini necə xatırlayırsınız?
- Mən
Ramil Usubovla 3 il - son sinifləri birgə
oxumuşam. Bu illər ərzində onunla bir
partada əyləşmişəm. O vaxtlar nə
Xocalı, Malıbəyli, Kərkicahan, Kosalarda, nə də
Quşçularda orta məktəb yox idi. Amma
erməni kəndlərinin hamısında məktəb
olardı. Biz də orta təhsilimizi davam
etdirmək üçün ya Şuşaya, ya da Xankəndinə
getməli idik. Daha yaxın olduğundan
Xankəndindəki 4 saylı məktəbi seçdik. Orada yalnız oxumaq məqsədilə gələn
uşaqlar təhsil alırdı. Zəif
oxuyanlar elə 8-ci sinfi bitirib kənddə - kolxozda və ya
sovxozda işləyir, hərbi xidmətə
yollanırdılar. Biz isə oxumaq
üçün başqa rayona gedirdik. Orada
şəhər uşaqları ilə sanki
yarışırdıq. Kənddən gələn
uşaqların onlardan yaxşı oxuması şəhərdən
olanlara qəribə gəlirdi. Güclü
rəqabət var idi, demək olar, günümüz vilayət
kitabxanasında keçirdi. Həmişə
dərslərimizi oxu zalında hazırlayardıq.
Çünki yataqxana şəraitində oxumaq çox
çətin idi; On iki nəfər bir
otaqda qalırdıq. Milli qəhrəmanımız
Şirin Mirzəyev də həmişə yanımıza gələrdi.
O, bizdən bir sinif yuxarı oxuyurdu. Dəqiq fənlərdə
bizə çox kömək edirdi. Xüsusilə
də həndəsini gözəl bilirdi. Məsələni
deyən kimi o dəqiqə şəklini çəkərdi.
Ramil Usubovla da yaxın dost olmuşuq. Səmimi
münasibətimiz olub.
- Yataqxanada Ramil Usubov da sizinlə
qalırdı?
- Bəli,
hamımız bir yerdə qalırdıq. Dəhlizdən
iki otağa keçid var idi. Hərəsində
altı nəfər yaşayırdı.
- Onunla
tanışlığınızı necə
xatırlayırsınız?
- İlk günlər hər kəs yaxın
yoldaşını seçirdi. Dərslərdə aktiv
olduğumuzu, xasiyyətimizin uyğunluğunu
görürdük. Bu səbəbdən,
onunla söhbətimiz tutdu, bir partada əyləşdik. Onu da deyim ki, Ramil elə orta məktəbdən
çox prinsipial, haqqı-ədaləti sevən idi. Hiss
olunurdu ki, bu adamda yalana, fırıldağa meyl yoxdur.
- Bu
gün də həmin dostluq əlaqəniz qalıb?
- Bəli!
Həyat yoldaşım Ramil müəllimin
dayısı qızıdır. Biz sonradan
qohum olmuşuq.
- Bəs, ən çox hansı fənnə
maraq göstərirdi?
- Hər
ikimiz humanitar fənləri çox sevirdik. 9-da
oxuyanda Vahid müəllim vardı; o, bizə ədəbiyyatı,
humanitar fənləri sevdirmişdi. Təsəvvür
edin ki, müəllim dərsdən sonra yeni
çıxmış əsəri bütün uşaqlara
oxutdurur və müzakirəsini keçirirdi. Xüsusilə, Füzulidən dediyi şeirlər qəlbimizdə
ona olan məhəbbəti birə on artırırdı.
O, həm də yataqxanada tərbiyəçimiz idi. Bizi həmişə səhər idmanına
oyadardı. Asif Cahangirovun atası ədəbiyyat
müəllimimiz olub.
- Bəs, onun gələcəklə
bağlı planları nələr idi?
-O vaxtlar
müəllim yanına getmək yox idi, özümüz
hazırlaşırdıq. Sözün düzü,
üçümüzün də-rəhmətlik Şirin Mirzəyev,
Ramil və mənim həvəsimiz teatra idi. Çünki
biz məktəbdə Vahid müəllimin rəhbərliyi ilə
Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli
bəyi canlandırdı. Vilayət
teatrında məktəblilər arasında yarış
keçirilirdi. Biz "1905-ci ildə”
tamaşası ilə birinci yeri tutduq. Açığı,
mənə teatr sahəsinə getmək üçün evdən
imkan vermədilər. Amma birinci il
Ramillə Şirin teatr institutuna imtahan verdilər. Nədənsə, onların işi alınmadı.
Odur ki, Ramil bir il müəllim işlədi.
Deməli, o vaxtı kəndlərdəki
fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda
qalmasın deyə, məktəblər
açılmışdı. Müəllim
çatışmazlığı vardı. Ramil orta məktəbi bitirmişdi, kifayət qədər
savadlı idi. Ona görə Ballıca məktəbində
bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz
burdan başladı.
Bir ildən sonra hərbi xidmətə, Almaniyaya getdi. Onun məndə
yaxşı şəkilləri vardı. Heyf
ki, qaçqınlıqda hamısı məhv oldu. Heç nə gətirə bilmədim. Bircə "vinetka”nı bir tanışım vasitəsilə
tapıb surətini çıxarmışam.
İki il sonra hərbi xidmətdən qayıtdı,
Xankəndində milis məktəbinə daxil oldu. Vilayətdən göndərildiyinə görə
onu rus qrupuna salmışdılar. Orada adətən,
ermənilər oxuyurdu. Milis məktəbinin
rus qrupunu fərqlənmə diplomu ilə bitirdi. Bitirəndən sonra sıravi serjant kimi işə
başladı. Sonralar Əsgəran
rayonunda əməliyyatçı, sahə müvəkkili kimi
çalışdı. Rostovda milis
akademiyasını bitirdikdən sonra isə Şuşada rəis
müavini kimi fəaliyyət göstərirdi. Sonradan Vilayət Daxili işlər orqanlarında
müavin, Şirvan şəhərində rəis oldu. Naxçıvanın daxili işlər naziri
seçildi. DİN Cinayət
Axtarış Şöbəsinin rəis təyin olundu. Beləcə, Ramil Usubov pillə-pillə yüksəldi.
- Bayaq
teatra çox marağı olduğunu qeyd etdiniz. Necə oldu ki, bu istiqamət birdən dəyişdi?
Onda güc strukturlarına marağı hərbi
xidmət oyatdı?
- Bəli!
O, dediyim kimi çox prinsipial, haqqı ədaləti sevən
biri idi. Məsələn, sinif yoldaşlarımız arasında
dava düşəndə, kim haqlı idisə
gücsüz olsa belə, onun tərəfini saxlayırdı.
- Başqa hansı xüsusiyyətlərini
sadalaya bilərsiz?
- Dəcəlliyi
yox idi. İdmana çox meyilli idi. Yaxşı tennis, voleybol oynayırdı.
- Bəs, ailəsinin maddi durumu necə
idi?
- Kasıb
idilər; Ramil kiçik yaşından atasını
itirmişdi. Amma zəhmətə çox
qatlaşırdı. Üç qardaş
olublar. O, həmişə ev işlərində
anasına kömək edib. Elə mənim də bacım
olmayıb, beş qardaş olmuşuq. Anama həmişə mən də kömək
etmişəm.
- Ramil Usubovla bu günəcən aranızda hansısa
inciklik, anlaşılmazlıq olubmu?
- Yox!
Heç vaxt! Almaniyadan göndərdiyi
açıqcalar vardı. Hər bayramda,
doğum günündə mən ona göndərirdim, o da mənə.
Çox səmimi, isti münasibətimiz olub.
Bir-birimizi hər cəhətdən başa
düşmüşük.
-Məktəb
illərində hansısa müəllimlə problemi olub?
- Bəli,
olub. Bir tarix müəllimimiz vardı; bir az
kobud adam idi. Uşaqlarla sərt rəftar edirdi.
Bir dəfə Ramilə nə isə xoşagəlməz
söz dedi. Ramil cavab verdi ki, mənim şəxsiyyətimə
niyə toxunursuz? Müəllim kinayə ilə Stalinin şəxsiyyətə
pərəstişindən danışmağa başladı:
"Şəxsiyyət olub bu, Stalin olub”. Ramil dedi ki, bəli,
mən şəxsiyyətəm, hamı özü
üçün şəxsiyyətdir. Belə
haqsızlıqlara heç vaxt dözmürdü.
- Onunla ən yadda qalan xatirəniz nə
olub?
- Biz
uşaqlıqda güləşirdik. Şirin
aramızda ən sakit təbiətlisi idi. Biz
onunla zarafatlaşırdıq, o isə heç vaxt zarafat
etmirdi. Fiziki cəhətdən çox
güclü idi. İkimiz birləşib
onu yıxmaq istəyirdik, amma bacarmırdıq. Hərəmizi bir tərəfə atırdı.
Həm də boyca bizdən hündür idi.
-
Hansısa müəllim nə vaxtsa R.Usubovu cəzalandırıb?
- Yox,
özünə söz dedirtməzdi. Məsələn,
orta məktəbdə oxuyarkən pambıq yığmağa
getmişdik. Biz orada
ağrılı-acılı günlər keçirirdik,
ac-susuz qalırdıq, amma yenə də nizam-intizamımız
yerində idi. Elə bilməyin ki, ancaq
sözə baxan idi, hara buyurdular gedirdi, yox. Sadəcə, üzərimizə düşən
işin məsuliyyətini dərk edirdik. Çox
işgüzar insan idi. Qardaşları
kiçik olduğundan, həyətyanı sahəni
özü becərirdi.
Ramil
Usubovun dayısı qızı, Rafael müəllimin həyat
yoldaşı Gülsurə Kərimova da bu yerdə söhbətə
qoşulur:
Gülsurə
Kərimova:- Mənim atam onun
dayısıdır. 6 uşaq olublar. Ən böyüyü atam idi. Amma
Xocalı faciəsi zamanı atam Kətik meşəsində
itkin düşdü. Meyitini belə tapa
bilmədik. Yadımdadır, Ramil həmişə
bizə gələr. atamdan məsləhətlər
alardı. Saatlarla söhbət edərdilər.
Atam çox dünyagörüşlü, dəqiq,
dürüst insan idi. Ramil də bir qədər
ona bənzəyib. Təhsildən,
dünyamiqyaslı mövzulardan,
dünyagörüşündən danışardılar.
- Bədii ədəbiyyata, mütaliəyə
marağı necə idi?
Rafael
Teymurlu:- Çox yaxşı, yeni
çıxan əsərlərin hamısını oxuyurduq.
- Ən
sevdiyi yazar kim idi?
- İlyas Əfəndiyevi çox xoşlayırdıq. Onun pyeslərini
səhnələşdirirdik. Məsələn
"Müsibəti–Fəxrəddin” əsərini
oynamışdıq. Mən Fəxrəddini, Ramil isə
Mahmud rolunu oynayıb. "Vaqif” pyesində isə
Vaqifi Ramil, Vidadini Şirin, Qacarı isə mən
canlandırmışam.
Bəlkə
də incəsənət üzrə oxusaydıq yaxşı
aktyor olardıq...
-Bədii ədəbiyyatla maraqlanan
biri kimi hansısa əsərdəki obrazlarda 3 dost kimi
özünüzü görmüsünüzmü?
-
İlyas Əfəndiyevin "Dağlar arxasında
üç dost" əsəri. Biz orta məktəbdə
oxuyanda əsər təzə çıxmışdı.
Müzakirə edirdik.
- Sinifdə ən yaxın dostu kim olub?
- Ramil mənim
sinif yoldaşım olsa da, Şirinlə daha yaxın idi. Halbuki, Şirin bizdən bir sinif yuxarı oxuyurdu.
O, bizə böyük qardaş olub, bizi çox işlərdən
çəkindirib.
- Gələcək arzuları haqda
sizə nəsə danışıb?
- Bəli,
söhbət edirdik. İdarə rəisinin
müavini işləyəndə deyirdi ki, Rafael, bu çətin
işdir. Amma həm də çox
maraqlıdır.
Hərdən
deyirəm: "Ramil, heç birimiz arzuladığımız
yolla getmədik. Şirin hərbçi oldu, sən
polis, mən də müəllim. Necə
oldu belə? Qismət...”
- Sonuncu dəfə nə vaxt
görüşmüsüz?
- Təxminən
5-6 il əvvəl. Görüş
deyəndə açığı, heç onun vaxtı
olmur. Gedib deyirəm ki, gəlmişəm
sənlə salamlaşam, görüm, əhvalın necədir.
- Qarabağ müharibəsi
başlananda doğma yurdunuzdan ayrılmalı olduz. Bəs, Bakıda bir-birinizi necə tapdız?
- Bizim kənd
işğal olunanda Ağdama gəldik. Ramil o
vaxt DİN Cinayət Axtarış İdarəsinin rəisi
işləyirdi.
20-25 km yol getdik. Hər tərəf erməni idi. Sonuncu postu yarıb kənddən çıxdıq.
Abdal-Gülablı kəndinə düşdük.
9 şəhid verdik. Qadın,
qoca və uşaqları çıxara bildik. Ağdamda da dedik ki, biz birtəhər
canımızı qurtardıq. Xocalını
bizdən betər aqibət gözləyir.
1994-cü ildə Zuğulba sanatoriyasında H.Əliyevin
bizimlə görüşü oldu. O vaxt Ramil yeni nazir təyin
olunmuşdu. İlk görüşümüz
orada oldu. Yox, ondan əvvəl də
görüşmüşdük. O "OVİR”də -
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi - rəis
işləyirdi.
- Hansısa istedadının
şahidi olmusuz?
- Kumiri
böyük müğənni Rəşid Behbudov idi. Ramil həmişə onun mahnılarını
oxuyurdu. Aramızda mübahisə
düşürdü. Mən muğamı
sevirdim, Arif Babayev, İslam Rzayevi yamsılayırdım.
O isə Rəşid Behbudovu.
- Son zənginizi necə
xatırlayırsınız?
- Heyf ki,
son zəngi erməni, rus uşaqları ilə birgə
keçirməli olduq. Yalnız bizim sinif
olmadı. Düzdür, onların
arasında bizə yaxşı münasibət bəsləyənlər,
yoldaşlıq etdiklərimiz də var idi. Amma əksəriyyəti bizə türk olduğumuza
görə düşmən gözü ilə
baxırdılar. Bizim
uğurlarımızı heç vaxt qəbul etmirdilər.
Tamaşaları göstərəndə
çalışırdılar ki, mane olsunlar. Amma alınmırdı. Çünki
Xankəndində yaşayanların çoxu-valideynlər
tamaşaya baxmağa gəlirdilər.
- Məktəbdə, adətən,
uşaqların ilk məhəbbət macəraları olur.
Ramil Usubovun ilk sevgisikim idi, belə hislərinisizinlə bölüşürdümü ?
- Elə
şeylər olmayıb. Əvvəl sinifdə
22 nəfər idik. Son sinfi isə 9 nəfərlə
bitirdik. Qızların çoxu, oxuya bilmədi,
bəziləri nişanlandı. Cəmi bir qız bizimlə
məktəbi bitirdi; O da Ofeliya... Hazırda Ali Məhkəmədə
işləyən Ramella Allahverdiyevanın bacısıdır.
Sonradan Ağdamda Çörək Muzeyinin
direktoru, Təhsil Şöbəsinin müdiri oldu, indi rəhmətə
gedib.
- Ramil Usubovun universitetə qəbulunu,
ümumiyyətlə, o illəri necə xatırlayırsınız?
- O, Xüsusi Polis Məktəbinə daxil olmuşdu. İlk növbədə, boy-buxun uyğun olmalıydı. O vaxt Arif Heydərov daxili işlər naziri idi. Ramil dedi ki, bizi sıraya düzmüşdülər, Arif müəllim gəldi. Keçəndə elə bildim ki, mənim boyum nisbətən balaca olduğuna görə seçilməyəcəm: "Amma baxdı, baxdı keçdi. Deməli, məni də qəbul etmişdi. Əvvəlcə daxili işlər naziri özü yoxlayırdı. Sonra tarix, Azərbaycan dili və ədəbiyyatdan imtahan verirdilər. Bir də fiziki hazırlıq var idi. Ramilin dediyim kimi idmana marağı çox idi. Ona görə yüksək nəticə göstərmişdi. Burada da yaxşı oxudu. Fərqlənmə ilə bitirdi. Buraxılışda mən də ordaydım. Yadımdadır ki, bayrağı birinci o götürmüşdü.
- Ən çox çətinlik çəkdiyi fənn hansı idi?
- Çətinlik çəkdiyimiz fənn cəbr idi. Humanitar fənlərə meylli idik, amma çalışırdıq ki, 4-dən aşağı qiymət almayaq. Bu fəndən Şirin rəhmətlik bizə kömək edirdi. Onun yaxşı rəsm çəkməyi də var idi.
-1993-cü ildə
R. Usubov daxili işlər naziri təyin edildi. Münasibətiniz
necə oldu? Onda bu potensialı görürdünüzmü?
- Bəli, gözləyirdim. Bilirdim ki, o irəli
gedəcək. Ramil professional sistem işçisidir. O, ən aşağıdan
başlayaraq bacarığıyla bu pilləyə gəlib.
Heydər Əliyev bilirdi ki, bu adam
işinin ustasıdı. Bu gün də
sabitliyin qorunması onun zəhmətinin nəticəsidir.
Daxildə sabitlik olmasa, nə iş görmək olar ki?! İqtisadiyyat da inkişaf etməz.
Gülsarə
Kərimova:-Bir dəfə Qənirə Paşayeva ulu öndərə
Ramil Usubova aid sual vermişdi. Heydər Əliyev
bildirmişdi ki, neçə daxili işlər nazirləri ilə
işləmişəm, amma beləsini görməmişəm.
Rafael
Teymurlu:-Respublikanın əməliyyat şəraitini əlində
saxlamağı bacaran nazirdi. Dostum olduğuna
görə demirəm. Hətta müxalifətdə
olanlar etiraf edirlər ki, R.Usubov peşəkar işçidir.
- Hansısa məsələylə
bağlı Ramil Usubovun sizdən məsləhət
aldığı olub?
-Tam
xatırlamıram. Amma Şirin Mirzəyev Yerəvanda
qulluq edəndə ona məktub yazmışdım ki,
Bakıya dəyişilmək üçün imkanın
yoxdusa, Ramillə mən gücümüz
çatdığı qədər pul göndərək.
Ramillə də bu haqda məsləhətləşmişdik.
- Ailə
üzvləri ilə əlaqəniz var idimi?
- Kiçik qardaşı Mütəllim Usubov Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Xocalıda işləyəndə, 9-10-cu siniflərdə ona dərs demişəm . Ortancıl qardaşıyla da həmişə münasibətimiz olub. Xocalıda məktəb bağlananda uşaqları bir aylıq üzüm yığmağa aparırdıq. O da sürücü idi. Üzümləri daşıyırdı. Böyük oğlu isə yanında işləyir. Səhv etmirəmsə, polis polkovnikidir.
- Son olaraq, Ramil
Usubova nə arzulamaq istəyərdiniz?
-
Uğurlar! Ona birinci can sağlığı arzu edirəm! Can
sağlığı olsun ki, qalan işləri həll edə
bilsin. İnanıram ki, öhdəsindən gələcək.
Çünki onda bu bacarıq, dəyanət
var.
Ədalət.-2018.-10
mart.-S.9.