Soldun günahımdan, məni bağışla

 

ADİL QASIMLI - 80

Müasir poeziyamızda öz poetik səsi, orijinal deyim tərzi ilə seçilən Adil Qasımlı ədəbiyyatımızın 60-cı illər ədəbi nəslinə mənsub olan şairlərdəndir. Şeirləri ilə müntəzəm olaraq respublika qəzet və jurnallarında çıxış edən şairin "Pıçıltılar" adlı ilk kitabı 1969-cu ildə işıq üzü görmüşdür. Hələ ilk poetik nümunələrindən oxucu və ədəbi tənqidin nəzər-diqqətini çəkən şairin sonrakı illərdə çap olunan "Biz görüşəndə", "Dağlar, qalalar, babalar", "Qaranquş ömrü", "Sənə dönərəm" kitablarını, Azərbaycan radiosunda səhnələşdirilərək dinləyicilərə təqdim edilən "Cəsarət" və "Yaşılobanın nağılları" poemalarını, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulan "Aylı gecənin qaranlığında" pyesini oxucular, dinləyici və tamaşaçılar məhəbbətlə qarşılamış, ədəbi tənqid yüksək qiymətləndirmişdir. Şairin bir sıra şeirləri xarici ölkələrin ədəbi orqanlarında çap edilmişdir.

 

 

HANI MƏNİM AND YERİM

 

Öz imanımdan dönüb, özgəsinə haqq dedim,

Gör kimə səcdə edib, gör kimə Allah dedim.

Həqiqəti biləndə köks ötürüb: - Ah! - dedim, -

Kimə etibar edim, inanım bundan belə?!

 

Yalan dərzləri axır döyülüb toza çıxdı,

"Cənnətə" aparan yol quru bir düzə çıxdı.

Yalançı allahların astarı üzə çıxdı, -

Kimə etibar edim, inanım bundan belə?!

 

O kəs ki hay-harayla təkrar edir bir andı,

Axı, hardan biləsən sədaqəti bir andı.

Bu gün təpik vuran da dünən çəpik vurandı,

Kimə etibar edim, inanım bundan belə?!

 

Təzəni tərifləyib, yamanlama boyatı,

Ha yoğur, ha kündələ, maya həmin mayadı.

Hörmət deyilən şey loxmayadı, payadı,

Kimə etibar edim, inanım bundan belə?!

 

Hanı mənim and yerim, varmı elə bir ocaq?

"Göy üzü damar-damar", göydən nur dammır ancaq.

Kürəyimdə titrəyir "qardaşım" vuran bıçaq,

Kimə etibar edim, inanım bundan belə?!

 

BAŞ AÇMIRIQ

 

qəmliyik, ki şad,

doğmayıq, ki yad.

Özümüzə verək ad,

Baş açmırıq özümüzdən.

 

Beynimizi bir səs yeyir:

"Xeyir Şərdi, Şər Xeyir",

İçimizdə qəm göynəyir,

Gülüş yağır üzümüzdən.

 

Sönür maraq, ölür heyrət,

Gəlir qorxu, gedir cürət.

Hansı qüvvə, hansı qüdrət

Xilas edər bizi bizdən?!

 

Zalım bizik, fağır da biz,

Qalay bizik, paxır da biz.

olarıq axırda biz,

göyərər izimizdən?!

 

 

MƏLİKMƏMMƏD HARAYI

 

Hanı harayıma hay verən bəndə,

Kəsib kəndirimi namərd qardaşlar.

Dilimə bir kəlmə haqq söz gələndə

Üstümə yüz yerdən ələnir daşlar,

Hardasan, hardasan, a Simurq quşu?

 

Divi yelpikləyən gözəl aldanıb,

Onunla nəşədə, kefdədi indi.

Şüşədə gəzir, divlərin canı

Qılınc parçalamaz seyfdədi indi.

Hardasan, hardasan, a Simurq quşu?

 

Qırx otaq açardım, alıb qırx açar,

İndi kimdi sayan, ha qılınc sıyır.

Tilsimli qapılar açmağa var,

Meşin qapıları açmaq olmayır.

Hardasan, hardasan, a Simurq quşu?

 

Elə düşünürdüm günün birində

qoçla qara qoç gələcək qoşa.

Qara qoç hərlənir həndəvərimdə,

qoçu vaxtdan çəkiblər şişə;

Hardasan, hardasan, a Simurq quşu?

 

Ayırıb ağzını hey hədyan deyir,-

Dünyanın elə bir əjdahası var.

Gündə bir adamla o doyan deyil,

Ərzi bütöv udmaq iştahası var;

Hardasan, hardasan, a Simurq quşu?

 

Divləri yuxuya vermək müşgüldür,

Yuxlayan baxtımdır, hələ yatır.

Barı səsin gəlsin, yerini bildir,

Gümanım tək sənin qanadınadır.

Hardasan, hardasan, a Simurq quşu?!

 

 

AVTOPORTRET

 

Sanar ki, dünyanın əhli-kefiyəm

Dəli gülüşümü eşitsə hər kim.

Boyum bir balaca qısadır, qəm,

Dilim qısa olsa dərd eləyərdim.

 

Sərtlik sıxsa məni məngənə kimi,

Sınmaram, içimdə qəzəb hayqırar.

Polad bərkliyimi, möhkəmliyimi

Zəriflik sındırar, yumşaqlıq qırar.

 

Deyirlər ki, təkəm, Robinzon təki,

Bu sözdə həqiqət, bu sözdə haqq var.

Hər əli əyriyə əl vermirəm ki,

Əlimdə əlinin ləkəsi qalar.

 

Düşünən tapılar, nə vaxtsa guya,

Axarına axan su olacağam.

Belə doğulmuşam, nəyəmsə buyam,

Axıra kimibu olacağam.

 

 

MƏNİ BAĞIŞLA

 

Qızların gözüyüdün, göyçəyi idin,

Xəyalı sevgimin gerçəyi idin.

Baxtımın açılmış çiçəyi idin,

Soldun günahımdan, məni bağışla,

Sönər gün ahımdan, məni bağışla.

 

Harda olsan sənə çatası idim,-

Vergiydin - məhəbbət butası idin.

Mən səni qızıla tutası idim,

Olmadı o ləlim, məni bağışla,

Bağışla, gözəlim, məni bağışla.

 

Coşğunluğu bənzər çaya sevginin,

Dayanmaz önündə qaya sevginin.

Çıxdım qarşısına dərya sevginin

Damla məhəbbətlə, məni bağışla,

Danla məhəbbətlə, məni bağışla.

Məndən yüz qat artıq sən gərdin sinə

Evin qayğısına, çölün işinə.

Cavabım nə oldu nəvazişinə?!..

Yansın acı dilim, məni bağışla,

Bağışla, sevgilim, məni bağışla.

 

O yol ki, tutmuşdum, geri dönmədim,

Qüruru qorudum, arı danmadım.

Səni ürəyimcə yarıdammadım,

Nə qədər istədim, məni bağışla,

A tale qismətim, məni bağışla.

 

Mənim ucumdandır, bunu bilirəm,

Gözlərin altında kölgələnən qəm.

Dünyadan tək sənə borclu gedirəm,

Bilməsin bir kimsə, məni bağışla,

Bağışla, mümkünsə, məni bağışla!..

 

 

ŞEİR PƏRİSİNƏ

 

Qırılıb qanadım, qalmayıb tabım,

Bir səmalarda uçan deyiləm.

Taleyin əlilə çırpılıb qapım,

Yüz kərə döysən açan deyiləm.

Məndən uzaq dolan, şeir pərisi.

 

Soyuyan, söngüyən ocağam indi,

Necə soyuq külün altından çıxım?

Söz düzüb- qoşmaqdan uzağam indi,

Daha şairliyim yadımdan çıxıb.

Məndən uzaq dolan, şeir pərisi.

 

Şeirsiz, ilhamsız qəmli gecələr

Bir bayquş sədası qulağı dəlir.

Şair sözlərindən sevgi saçılar,

Mənim sözlərimdən qan iyi gəlir.

Məndən uzaq dolan, şeir pərisi.

 

Şairlər köksünü gərər qurşuna,

Şairlər doğular dərdə dözümdən.

Hanı qoşulanı haqq vuruşuna?..

Şairlər düşübdü elin gözündən.

Məndən uzaq dolan, şeir pərisi.

 

 

İlahi söz gəzir əlimdə qələm,

Gərilmiş bir yaydır əsəb tarımda.

Üzü göylərəyəm, bir kimsə bu dəm

Olammaz Allahla mənim aramda.

Məndən uzaq dolan, şeir pərisi.

 

YALQIZ QOYMARAM SƏNİ

 

Gedirəm, yenə dönərəm,

Sönürəm, yenə yanaram,

Çiçəklər boy verəndə

Torpaqdan boylanaram,

Yalqız qoymaram səni.

 

Gözlərin dolmasın yaşla,

O qəmi, qüssəni boşla.

Durnalarla gedərəm,

Dönərəm qaranquşla,

Yalqız qoymaram səni.

 

Qorxma ki, gözdən itərəm,

Qəmli anında yetərəm.

Qonaram pəncərənə,

Cəh-cəh vurub ötərəm,

Yalqız qoymaram səni.

 

Bax, saysız ölüm köçünə,

Qapılıb qalma içinə.

Darıxsan eyvana çıx,

Ay olub, gəlləm gecənə,

Yalqız qoymaram səni.

 

Ürəyin qoy olsun aram,

Yoxluğun özündə varam.-

Xəyalında dolanar,

Xatirəndə yaşaram,

Yalqız qoymaram səni.

 

 

QUŞLAR QOŞALAŞAR

 

Qanadlanan iki quşduq,

Havalanıb uçduq...uçduq...

Quşlar qoşalaşar, bizsə,

Qoşalaşmadıq,

qovuşduq!

 

Baxma ki, həmin adamıq,

Biz indi bütövük, tamıq,

Səninkidir bu qəlb, bu can,

Mənimkidir o əl, ayaq.

Barmağına batan tikan

Ürəyimi qanadacaq.

Mən- sənəm,

Sənsə- özümsən,

Deyilsən ki, bir özgəsi.

Gözümsən, mənim gözümsən,

Üstündən çəkilməz bir an

Kipriklərimin kölgəsi.

 

Ədalət 2018.- 13 mart.- S.6.