Gürcü familiyası

 

Hekayə

 

Anar - 80

 

(əvvəli ötən sayımızda)

 

Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa - bir az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu otağın divarını deşib küçəyə pəncərə açmaq olardı. Belə pəncərədən dəniz görünərdi.

Müharibə çağının başqa uşaqları kimi, Əsmərin də uşaqlığı çətin olub.

- Bəs niyə deməmisən Camala?

- Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb? O heç dəyişməyib.

Yox, mənim yadımdan çıxmamışdı. Əsmər məktəbi bitirən kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif yoldaşlarıyla görüşməyi qadağan etmişdi.

Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı baxışlarını tuturdum. Əsmər yoldaşlarıyla çox deyib güləndə. Bizim yaşımız - bizim ümumi vətənimiz idi və bu vətəndə Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar başa düşdüm.

Əsmər Xarici dillər institutuna daxil oldu Camal orda dərs deyirdi, bir ildən sonra evləndilər, Camal ailəsindən ayrı, tək yaşayırdı, Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə zəng elədi və hamımızı qonaq çağırdı. - Ancaq düz 12-də ha"

Biz hamımız gəldik - oğlanlar, qızlar, bir yerdə böyümüş, bir-biriylə qapaz-qapaz oynayan uşaqlar. İndi də gözümün qabağındadır, ö gün.

Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir əşyası.

Əsmər Camalın adını belə çəkmədən: "Leksiyadadır, - dedi, - ikiyə qədər leksiyada olacaq. İki saat vaxtımız var", Bu sözlərdən hamı özunü daha da pərt, narahat hiss etdi. Ən çox da Əsmər özü.

Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlar isə otaqda qalmışdıq, eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür mexanizmlər və cihazlar quruldayır, hardasa su axıdılır. Biz özümüz də ağzımızı açıb servantın içinə tamaşa edirdik. Servantın içi növbənöv ekzotik içkilərlə və çeşid-çeşid xarici markalı siqaretlərlə dolu idi.

Sonra Əsmər hamımızı masanın arxasında oturtdu. Özü mətbəxə keçib, bir boşqab gətirdi. Boşqabda isə... İndi də bunu xatırlayanda boğazım qəhərlənir - boşqabda yeddi dənə ucuz kağıza bükülmüş dondurma var idi - hərəmizə biri. Əsmər düşüb, onları bizimçün almış və buz dolabının bir güncündə gizlətmişdi. O bizi bircə buna qonaq edə bilərdi.

O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm və birdən istədim onu götürüb burdan qaçam, heç bilmirəm hara, bəlkə yenə İçəri şəhərə.

Bundan sonra onu görmədim, bəlkə də təsadüfən bir-iki dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər.

- Bax deyəsən şəhərə çatmışıq. Evləri görürsən, bu lap təzə rayondur.

- Biz hara gedəcəyik?

- Bizə, əlbəttə, bizə.

- Yox, yox, nə danışırsan? Evdə anan, qardaşın.

- Bacım, - dedim, - qardaşım Moskvadadır. Oxuyur.

- Harda?

- Memarlıq institutunda.

- Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan?

- Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən illər keçdikcə adamın ağlı gəlir başına. Daha özünü bəşəriyyətin dahisi hesab eləmirsən, Dərk eləyəndə ki, sən də başqaları kimi sən, başqalarından birisən, rahatlaşırsan. Əsəbiləşmirsən, hövsələdən çıxmırsan.

- Gözəl fəlsəfədir. hansı dinə tapınmısan? Zaqorska gərək sən gedəydin.

- Bax, bu təzə şeydir. Məni indiyəcən bir çox şeylərdə ittiham ediblər - köhnəpərəstlikdə və yalançı novatorluqda, konservatizmdə və modernizmdə, ənənələrin əsiri olmaqda və ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan geri qalmaqda və sairə və sairə. Amma dindarlıqda hələ ki, ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin.

- Belə de. Harda belə səni ittiham ediblər. Deməli, sən böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn Pikasso kimi.

- Yox, yox, ağlın ora getməsin. Bütün bu qızğın mübahisələr bizim şöbənin daxilində cərəyan edir. Şöbəmizdə də cəmi-cümlətanı səkkiz adam var. Bəndənizin şəxsiyyəti və işi də orda müzakirə olunur.

- Yaxşı, axı sənin işin nədən ibarətdir?

- Rayon mehmanxanalarının layihələrini çəkirəm.

- Oy, Oqtay, əgər bilsəydin dünyada necə mehmanxanalar var. Bir mehmanxanalarda yaşamışıq, iki göz istəyir baxasan. Bolqarıstanda bilirsən necə otellər tikiblər, Zolotıye peski, Solneçniy bereq - adamın ağlı başından çıxır. Sən gərək görəsən onları. Camalnan mən...

"Camalnan mən" ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki, mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım.

- Yaxşı, nə deyirsən, bizə gedəcəyik?

- Yox, yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən başqa bir kimsə görməsin. Tanış-bilişi nəzərdə tuturam. Gəl elə belə şəhəri gəzək, göstər mənə Bakını, kecə də uçub kedəcəm. Geriyə bilet də almışam. Yaxşımı?

- Bəs şəhəri necə gəzəcəksən ki, istəmirsən səni görən olsun?

- Budey, bax, - deyə o, qara eynəyini gözünə keçirdi, - kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o Əsmərəm? Tanısalar da qoy isbat eləsinlər ki, mənəm, görək neçə isbat edəcəklər.

Sürücü mənə tərəf döndü:

- Yaxşı, xalaoğlu, - dedi. - Hara gedəcəyik.

- Bax, burda saxla, - dedim. - Gəlib çatdıq. Çox sağ ol.

Biz Dağüstü parka getdik, açıq yay kafesində yemək yedik. Bütün şəhər ayaqlarımız altında idi. Bütün şəhər. Göy dəniz, gömgöy dəniz, bir də , ağappaq gəmi. Krasnovodska gedən "Qırğızıstan" gəmisi.

Bütün oğlan uşaqları kimi, biz də dəniz sərgüzəştləri haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və okeanları arzulayardıq. Belə vaxtlarda coğrafiyanı da unudurduq. Unudurduq. Unudurduq ki, Xəzər ancaq böyük bir göldür. Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib bir göl - təbiətin əcaib eksperimenti. Dünyanın ən böyük gölü. Ən böyük hovuzu. Ən böyük akvariumu.

"Qırğızıstan" açıq dənizə tərəf yönələrək uzun-uzadı fit verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb əriyirdi.

- O adanın adı nədir? - Əsmər əlini üfüqə tərəf uzatdı.

- Nərgiz.

- Nərgiz?

- Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm.

- Hə, hə, Nargin. Yadıma düşdü. Uşaqlıqda o mənə çox sirli və əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim. Ora getmək olar?

- İstəyirsən dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq, amma onu lap yaxından görəcəksən.

- Nə yaxşı, gedək də onda.

- Axşam gedərik. Daha romantik olsun. - Hiss elədim ki, istehza ona toxundu.

- Gedək, - dedi.

- Gedək. Ya bəlkə bir şey istəyirsən?

- Yox, yox, nə danışırsan? Bilmirsən arıqlamaqçün nə müsibət çəkmişəm. İndi, deyəsən, normadayam. Elədir?

- Yüz faiz.

- Mən yoq sistemiylə arıqlayırdım. Bilirsən yoq sistemi nədir?

"Yoq sistemi". İndi o, fransız xalçalarından, Kafkadan və Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. Aman allah, bu həmin o Əsmərdirmi? Həmin o Əsmər ki, səkkizinci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif curnalını yandırmışdı. Ədəbiyyat müəllimi ona üç qoymuşdu. Bu Əsmərin həyatında birinci "üç" idi. O, bütün dərslərdən əla alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat müəlliminin bu "namərdliyi" Əsmərə elə yer eləmişdi ki, curnalı yandırmaqla onun ürəyi soyumadı. Ədəbiyyat müəllimindən dəhşətli intiqam aldı. Nədisə bu müəllimdən heç birimizin xoşu gəlmirdi, özü də bilirdik ki, o, arvadından oddan qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq vermir, həm də yaman qısqancdır. Əsmər də bunu bilirdi. Bir gün - o gün ədəbiyyat müəllimi səhərdən ikinci növbənin axırına qədər məktəbdə dərsdə olurdu - Əsmər kişinin evinə gedib yazıq bir görkəmlə (masqa taxmağı uşaqlıqdan bacarırdı) müəllimin arvadından soruşub: "Müəllimə nə olub, nigaran qalmışıq, xəstə deyil ki? Bu gün məktəbə gəlməyib".

Bir fısqırıq qopmuşdu, gəl görəsən. Əsməri məktəbdən qovacaqdılar. Babayev birtəhər girdi qanının arasına. Ədəbiyyat müəllimi isə bir neçə gün özünə gələ bilmədi. Gözlərinin altında qapqara dairələr vardı.

- Əsmər, yadındadı ədəbiyyat müəlliminin başına nə oyun açardıq? Ocaqçının əhvalatı yadında?

Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər dəfə o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda da bu nədir, cavab verirdik ki, biz nə bilək, yəqin aşağıda ocaqçı işləyir. O, bizi başqa sinif otağına keçirtdi və biz hər şeyi təzədən başladıq. "Bu nədir, ocaqçı da bizim dalımızca gəzir", deyə o, təəccüblənirdi.

Əsmər:

-Yox, - dedi. - Ocaqçı kimdir?

Ancaq mən onun yadına salmadım. Belə əhvalatları unutmusansa, danışmağın heç bir mənası yoxdur. Bütün təfərrüatıyla xəyalında yaşamırlarsa, indi onları danışarkən sənə nə gülməli gələcək, nə maraqlı, nə məzəli. Başa düşməyəcəksən ki, bunun duzu nədədir.

Dənizə tərəf çıxdıq. Səhərin bu çağında dəniz bağı qoca qarıların, qucağı körpəli anaların, uşaqların ixtiyarında idi. Bir azdan sonra bura pensionerlər gələcək, təsbehli qoca kişilər. Əyinlərində köhnə pencəklər, əllərində təzə qəzetlər, arxalarında ötüb getmiş ömürləri. Sonsuz söhbətlər İldən-ilə, gündən-günə davam edən söhbətlər. Bəlkə də söhbətlər heç dəyişmirdi, söhbət edənlər dəyişirdi. Hər gün bura gələn qocalardan biri günlərin bir günündə gəlmir. Sonra başqa birisinin yeri boşalır. Bu yeri təzələri tutur. Təzə qocalar. "Yenibaşlayan" pensionerlər. Kimsə gəlir. Kimsə gedir.

Sonra axşam düşür. Bulvar orta yaşlıların olur. İş günündən sonra faydalı gəzintiyə - terrenkura çıxmış adamlar. Dəniz havasıyla ciyər dolusu nəfəs alan mötəbər kişilər, qadınlar... Ala-qaranlıq gizli xiyabanlarda isə cavanlar - sevişənlər skamyaların üzünü o biri tərəfə çevirib öpüşürlər.

Sonra kecə düşür. Gecənin bir yarısında tamamilə boş, adamsız bulvarda milisionerin addımları aydın eşidilir. O tərəfdən halay-valay vuran bir kefcil uzun çəkmiş məclisdən qayıdır. Sayıq milisioner diqqətlə onu izləyir. Amma kefcil kecəquşunun heç kəslə işi yoxdur. O heç bir qanunu pozmur. Özü üçün pəsdən oxuya-oxuya yoluyla gedir.

Amma indi səhərdir. Açıq, aydın bir səhər. Uzaq, seyrək ağ buludlar göy üzünə pərən-pərən dağılıb, günəşi tutmurlar, işığı gizlətmirlər. Bulvar da uşaqların ixtiyarındadır. Uşaqlar oynayırlar. Koslarını, oyuncaqlarını bir-biriylə bölüşürlər, Qoğallarını, bulkalarını bir-biriylə bölüşürlər. Bir də ötən gün ərzində dünya haqqında öyrəndikləri təzə xəbərləri, məlumatları bir-biriylə bölüşürlər.

Müəyyən lövhələr müxtəlif adamlarda bir-birinə bənzər düşüncələr oyadır, odur ki, Əsmər sualını verəndə fikirlərimizin eyni mənzilə gəlib çatmasına təəccüblənmədim.

- Sən niyə evlənmirsən?

Gülümsündüm və çiynimi çəkdim. Nə mənzil şəraitimdən söz açmaq istəyirdim, nə də ailə vəziyyətimdən. İstəmirdim deyəm ki, evin böyük kişisi mənəm, anam qocadır, bacım Çimnaz Bakıda oxuyur, qardaşım Ceyhun Moskvada. Həm də bütün bunlar səbəb deyildi. Həqiqətin ancaq bir hissəsi, bir çərəyi idi. Tam həqiqət deyildi.

- Yoxsa and içmisən ki, subay qalacaqsan?

Bəlkə də haqlıdır. Mənim xasiyyətim ailə həyatıyla, uşaqla, arvadla çətin uyuşa. Amma birdən istədim Əsmərə danışım ki, bir may günü, işıqlı, aydın bir may günü küçədə bir "Moskviç" gördüm. Mavi "Moskviç" bir evin qarşısında dayanmışdı. Maşının dal pəncərəsindən bir tor bağlama görünürdü. Bağlamada cürbəcür yemək-içmək şeyləri, meyvə, göyərti vardı. Maşının yanında sağlam bədənli, küləş sifətli, cavan bir kişn dayanmışdı. Əynində qısa qollu yüngül köynək vardı. Yanında arvadı dayanmışdı. Üzdən sifayi, səliqəylə və zövqlə geyinmiş cavan bir gəlin idi arvadı. Yanında da uşaqları. Gül kimi tərtəmiz, səliqəli geyinmiş, daranıb sığallanmış uşaqları - yeddi-səkkiz yaşlı oğlan və dörd-beş yaşlı qız. Bir qədər kənarda bu ailənin dostları, onlar da arvad uşaqla dayanmışdılar və yəqin maşın gözləyirdilər. O vaxt birdən ani bir fikir keçdi başımdan ki, bütün bu şeylərdə bayağı heç nə yoxdur və mən özüm də azacıq istəyirəm bütün bunları.

 

(ardı gələn sayımızda)

 

Ədalət.-2018.-14 mart.-S.6.