SƏDAQƏT
(esse)
Əlibala Rəhimov,
"Qızıl
qələm" mükafatı laureatı
Ovçubərədə "dərin" dostlardan birinin baxçasında hər şeydən bol məclisimiz arəstədi. Danışırıq, gülürük, isti-isti kabab gəldikcə, hərəyə bir tikə götürüb, badələri qaldırırıq. Oğul-uşaq, əzizlər, dostlar qurtardı, bəs indi kimin sağlığına tost deyək?... Təklif verirəm mən:
-Bax, o zəncirdə it var ha, qaralayıb məni, arabir acıqlı-acıqlı baxır və hürür. Gəlin o itin sağlığına da 50-50 vuraq! Çox bəd itdi.
Sözüm qəribə səslənir, amma hamının ürəyincə olur. Gizlətmirəm, o qədər Günəşin, Ayın, yağışın, qarın...sağlığına içmişəm ki,
"Dərin"
dost-ev sahibi deyir:
-İt bəd
olar də... Bəlkə sizin...
Sözünü
yarımçıq qoyuram:
-İtimiz yoxdu. İt sarıdan bizimki gətirmir. Hansı sortdan olur-olsun, həyət-bacada
qaçmır, orda-burda sülənir, hərdənbir ac olanda
gəlir qapıya.
Dostum
baş barmağını qaldırır havaya:
-Bax,
qardaşın sənə bir küçük verəcək.
Tay onnan yoxdu. Çalada obaçı Qəzi var ha, bu
küçük obanı, mal-heyvanı qoruyan, canavar boğan itlərin sortundandı.
Yalançı, hap-gopçu deyilmiş, sözü
bütöv kişilərdənmiş dostum. Mənə qulaqları,
quyruğu kəsilən ağappaq küçük verdi o. Bəs adın nə qoyaq? Toplan,
Toppuş, Pələng...
Axır
yekdil fikrə gəldik: küçüyün adı oldu
Turac.
Bəddi, həyət-bacada yaxınına düşə
bilmir toyuq-cücə, qaz-ördək. Evə qonaq gələndə,
səsi qonşulara gedir...
Heyf, qəfil vaqiə ucbatından, onun böyüyüb
it olmasını görə bilmədik. Niyə?
Nə oldu, nə baş verdi?
Bir səhər
səs yayıldı ki, bizdən iki ev
aralı əmioğlunun hinində 15 baş quşu kiminsə
iti boğub. Bəlkə çaqqal,
tülkü imiş, hə? Yox, ola
bilməz, o vəhşilər kəndin ucqarına gələr!
Hamıdan qabaq üzü üzlər
görmüş qonşudakı qadın hay-haray saldı ki, bəs
ziyankar bizim küçükdü. Guya öz gözləriylə
görüb... Əmioğlu yüngülvari giley-güzar elədi
orda-burda, tay ucun alıb ucuzluğa getmədi.
Əmigəlni isə (toyuq-cücəni adətən
qadınlar saxlayır) bizim xanımla bir-iki dəfə
acılı, gileyli danışdı və... mənə elə
gəldi, tay hər şey ötüb
keçdi, narahatlıq üçün əsas yoxdu... İstədik onlara bazardan bir neçə hind
quşu alıb verək, razı olmadılar.
Beləcə, qal yatdımı? Yox, sən demə, əsl mərəkə,
dava-dalaş hələ qabaqda imiş!... Səhər-səhər
mal-heyvanı örüşə, naxırçının
qabağına aparan əmigəlni ucadan danışır,
quş balalarını boğan itin sahibini
yaş yuyub quru sərirdi. Qonşular, lap
uzaqdakılar bu həngaməyə qulaq asırdılar.
Birdən
əmigəlini əlini bizə sarı uzadıb ucadan dedi:
-Mən
ölü, siz diri, bax buların küçüyüdü mənim
quşlarımı boğan... Sonra başladı nalə, qarğış, rəngbərəng
söyüşlər, bir sözlə, dirimizi
ölümüzə qatdı, ölümüzü dirimizə.
Hövsələm,
dözümüm bir əlcə oldu və bütün
körpüləri uçurub, yandırdım: qohumluq,
qonşuluq... qaldı arxada, cumdum onun üstünə,
yapışıb saçından ağzı üstə
sürüdüm... şillə, yumruq, təpik... Bayaqdan
gözaltı bu rüsvayçı tamaşaya baxan,
"arzularına" çatan qonşular əlimdən
aldılar o həyasızı... Sonra cumdum qapıya,
bizim davamıza hürən Turacı ipdən açıb,
başladım onu kötəkləməyə. Vur ki,
vurasan... Güc-bəlayla, qıçını sürüyə-sürüyə,
zingildəyə-zingildəyə baş götürüb
qaçdı uzaqlara...
İndi hərdən, ayda, ildə bir dəfə,
güzar düşəndə, görüşürük əmigəlnilə. Tay qol
götürüb hər havaya oynayan vaxtı deyil. Yan-yörəsində nəvələr boy-boya.
Ötənləri xatırlayır, sataşır mənə:
-Yadındadı
davamız? Məni sürüdün ha... Heç əmioğlun
heylə döyməmişdi məni...
-Bəs
hardan bilirdin sənin quşlaruvu bizim küçük
boğub?
-Hə, hə,
düz deyirsən, indiki ağlım var idi... lap sonralar bildim,
o məni körükləyən ifritə qonşu -
qocalıb tay, əldən düşüb, amma elə
araqarışdırmağından əl çəkmir -
qadıngilin itiymiş bizim hinə soxulan, quş
balalarını boğan... O dünyada çətin
bağışlayaram səni.
Düz sözündü?
-Yox, yox,
zarafat eləyirəm də...
Gülüşürük.
Üç
il ötüb həmin vaqiədən. Uzaqlarda işləyirəm. "Azərbaycan"
kolxoz partiya komitəsinin katibi. Anam
demiş, altı kəndin raykomu. Səhər
tezdən xidməti maşın məni aparır kolxoza,
axşam saat 10-da, 11-də gətirir evə. Bütün fəsillərdə beləcə
ömür-gün. Partiyanın sadiq əsgərlərindən
birisi...
Evdə üzüm danlaqlıdı. Rəhmətlik
anam (o, ailənin rəhbəri, sözü hamımız
üçün qanun olan bir şəxs idi. Təkcə
dünən yox, elə bu gün də o fikirdəyəm ki,
ailə kiçik, ya böyük, dəxli yoxdu, onun mütləq
irəlidə duranı, rəhbəri olmalıdır, yoxsa hərənin
ağzından bir avaz gəlsə, sükanı biri sağa, o
biri sola yönəltsə, onda daxili nizam, qayda-qanun pozular,
ruzi-bərəkət ərşə çəkilər)
töhmətləyir mənciyəzi:
-Hamı
həyət-bacanı suladı, bizdən başqa... Qonşu
uşaqları qarpız, yemiş, mer-meyvə yeyəndə mənimkilər
onların ağzına baxacaq... Bilmirəm tez ol, ya
özün get, ya adam tap, su gətir bağ-bostana..
Həqiqətən su işi bizdə çətindi. Gərək azı iki
kilometr uzağa, yuxarılara gedəsən, özü də
gecə, motorla "ağ qızıl" tarlalarına
ötürülən, ciddi nəzarət edilən sudan açıb gətirəsən, daha
doğrusu, pambıq şoğəribin suyuna şərik
çıxasan.
Gəzdim bağ-bostanı səhər-səhər. Solğun mənzərədi,
avqustun nəfəs kəsən istisi rəngini dəyişib
hər şeyin. Anamın, həyat
yoldaşımın əkin əkib, becərdikləri, bar
gözlədikləri bağ-bostan ürək
ağrıdır. Mənə elə gəldi qarpız,
xiyar tağları, lobya, qarğıdalı bitkiləri,
qoca-cavan meyvə ağacları ağzını
açıb, "Su, su" deyə haray çəkir, məni
- evin kişisini köməyə səsləyir... Kim gedəcək
uzaqlara su ardınca:
Anam, ya gəlin?.. Özü də gecə
vaxtı. Ürəyimdə dedim: "bu günlük nəfəs
dərin, dözün, elə bu axşam sizi sulamaq,
gül-darağınızın tökülməsinin
qarşısını almaq mənciyəzin boynuna.
Gecədən
bir az ötmüş, kənd şirin yuxuda ikən əlimdə
bel, yeyin-yeyin yollandım arx boyu yuxarıya..
Öz-özümə şeşəllənirdim: sudan lap qapıya qaçırdacam, qoy balalar
yuxudan duran kimi sevinsinlər, atalarını aciz,
bacarıqsız bilməsinlər. Əl
çalıb, gülüşsünlər. Bazar
günüdü, dərsə tələsməyəcəklər
onsuz da...
Amma ilk axşamdan gördüyüm yuxu yamanca əndişləndirdi,
diskindirdi məni. Toy idi, elə deyəsən öz toyum
idi. İçkili halətdə qol
qaldırıb süzürdüm ortalıqda. Dayandım-durdum yox idi. Hey, nəfəs dərmədən
atılıb-düşürdüm. Nə
olmuşdu mənə? Bəy oğlan təkbaşına
bir beləcə, məclisdə böyük-kiçik yeri bilməyib,
sazəndələr hansı havanı çalsalar, yorulmadan,
usanmadan çəkinməyib, dəmbədəm rəqs eləyər?
Ayıb döyülmü?
Sonra... hə,
sonra nəfəsim təngiyəndə, az
qala ürəyim ağzımdan çıxanda kimsə ərkyana
qolumdan yapışıb məni otuzdurdu əvvəlki yerimdə...
Qəribə
yuxuydu!..
...Budu, az qalmışam, 20, 25 metr, indicə
çatacam böyük arxa, açacam tirə vurulan bəndi
və su axacaq bizim tərəfə, heç bir saat ötməmiş
bağ-bostanımız doyunca su içəcək... Birdən nə görsəm yaxşıdı?!
Ay aman bu
nədir? Asfalt yolun sol tərəfindən
uzanıb gedən arxın ətraflarında bitən tut,
çinar, yulğun, böyürtkən, qarağat
ağaclarının arası ilə bir sürü it ay
işığında görüb məni. 10-du, 15-di, nə bilim, hürə-hürə gəlirlər.
Elə indicə çatacaqlar və parça-parça
eləyəcəklər. Əsl müsibət.
Qorxudan başıma ağrı
sıçrayır, alnıma soyuq tər gəlir.
Köməyə kim gələcək?
Sağa-sola boylanıram, harayıma kim yetəcək?
Bellə birini vura bilərəm. Bu boyda it sürüsünün qabağında
duruş gətirmək olar? Asfalt yola baxıram, gecənin
bu aləmində maşın nə gəzir... Titrəmə
tutub canımı. Sondu, sondu, heyf belə
tezbazar oldum. Ürəyim dayanır, nədi.
Hər yana zülmət çökür,
qaranlıq, dibi görünməyən quyuya düşürəm
sanki...
İndicə, bax elə indicə çatacaqlar mənə. "Əşhədüənna
ilahə-illəllah"...
Və
birdən möcüzə!.. Möcüzə!
Bu nədi, öndə gələn iri, ağappaq köpək əllərini
dirəyir yerə, zingildəyir.. və qucaqlayır məni, ayağımı,
üz-gözümü yalamağa başlayır. O biri itlərə
sanki "dayanın" komandası verilib, biri də
yaxınıma düşmür, ətrafımda hərlənir,
mənə yox, göylərə hürürlər... Həqiqətən, Allahın möcüzəsidi,
ölüm kabusu deyən uzaqlaşır məndən?! ağlım gəlir başıma, qorxu, vahimə
çıxır canımdan... Baxıram, baay, baay, bu ki,
Turacdı, döyüb qapıdan qovduğum Turac... Boynuna sarılıram xilaskarımın.
Üç il qabaq, küçük olanda
günahı olmayan bu dilsiz-ağızsız heyvanı az qala
döyüb öldürmüşdüm... Sədaqətinə
bax, bunun!
...Pambığın
suyuna şərik çıxıram.
Turac da mənimlə gəlir bizə, dəstəsi də
sağ-solunda.
Həyətdə dayanır, üzünü
göylərə tutub bir-iki ağız hürür. Sonra öz komandasına qoşulub gedir meşəliyə.
P.S. Adolf
Hitler "Mən insanları hərtərəfli, yaxından
tanıdıqdan sonra itləri sevməyə
başladım".
1945-ci ilin 5 mayı. Əli
silahlı əsgərlər Reyxstaqın
aşağısında, təxminən 50-70 metr dərinlikdə
fürerin yaşadığı bunkerə daxil olarkən nə
görsələr yaxşıdı: 2 itinin, zövcəsi
Yeva Braunun və özünün nəşi yan-yana,
keçiblər tarixin səhnəsinə.
Ədalət 2018.- 14 mart.- S.6.