Gürcü familiyası
Anar - 80
Hekayə
(əvvəli
ötən sayımızda)
Əsmər məni fikirlərimdən ayırdı:
- Bilirsən Moskvayla Bakının fərqi nədədir?
Bakı dənizə dirənir,
qatar son dayanacağa dirənən kimi. Bakı dənizdə qurtarır, bitir, necə
başa salım səni, belə elə bil ki, dənizə
tökülür, dənizə aşır, bax bu sahil evlərinin,
ağaclarının əksiylə birlikdə suya
düşür. Amma Moskva... Moskva qurtarmır, bitmir,
yavaş-yavaş yoxa çıxır, kənarlarında əriyib
gedir...
- Bəlkə
də sən düz deyirsən. Moskva tez-tez mənim yuxuma
girir, istəyirəm hər şeyi atıb minəm təyyarəyə,
lap sənin kimi, uçub gedəm.
- Belə
çıxır ki adam həmişə
hardansa harasa getmək istəyir.
- Dərin
fəlsəfi fikirdir.
- Bəsdir
məni doladın. İnciyərəm səndən
bax.
Bulvardan çıxıb İçəri şəhərə
tərəf getdik.
- Bir
adamnan kəzib eləyirsən - deyə o, qəfilcə soruşdu.
- Yox, -
deyə mən ani cavab, verdim, sonra düşünüb tələsik:
- "hə" demək istəyirdim, - dedim. Gördüm
ki, çox gic çıxdı və dərhal zarafata
saldım, - mən bəzən "hə" yerinə
"yox" deyirəm.
Əsmər
sakitcəsinə:
- Olur, -
dedi. - Mən də ömrümdə bir dəfə yox əvəzinə
hə demişəm. Amma bu başqa söhbətdir.
-
İçəri şəhəri sökürlər, Köhnə
evləri, küçələri...
- Sən
nə danışırsan, - onun üzündə dəhşət
ifadəsi vardı. - Ola bilməz. Bu, tarixdir,
keçmişdir. Başa düşürsən,
İçəri şəhər memarlığın
folklorudur, onu əsrlərlə tikiblər, müxtəlif nəsillər,
müxtəlif adamlar.
- Bilirəm,
bilirəm, əzizim. Hər halda axı mən də
memaram. Deyirsən ki, İçəri
şəhər memarlığın folklorudur. Bunların hamısını mən bilirəm.
Amma bir məsələ də var... Axı...
adamlar belə bir şəraitdə yaşaya bilməzlər.
Bu köhnə evlər, əyri-üyrü küçələr,
natəmizlik...
-Düzdür,
düzdür, razıyam səninlə. Qoy
adamları köçürtsünlər.
- Evlər
isə qalsın. Gözəl fikirdir, Bizim
müdir eşidəydi sənin bu sözlərini, Şəhərin
tən ortasında böyük, boş, adamsız bir ərazi
- sentimental uşaqlıq xatirələrinin abidəsi.
- Dayan,
Oqtay, dayan görüm. Bəsdir
yuyub apardın məni. Bura bax, deyəsən bu döngə
mənə tanış gəlir. Hə də,
əlbəttə, bax, bizim ev ordadır.
- Sizin ev orda yoxdur. Söküblər.
- Necə
yəni söküblər? Anam rəhmətliyə təzə
evdə mənzil verəcəkdilər, amma mən elə
bilirdim ki, bu ev qalıb.
Biz Əsmərgilin evinin xarabalarına çatdıq. Qarşıda
yarı-sökülmüş boş evin şüşəsiz-közsüz
pəncərələri bu xarabalara baxırdı.
- Bax bu
evi gərək tanıyasan, sizin evin düz
qabağındadır.
- Əlbəttə, tanıyıram. Məsmə
xala bu evdə olurdu. Novruz qabağı
şəkərbura, paxlava bişirəndə iyindən yata
bilmirdik. Bütün gecəni bişirərdi.
Bilirdik ki, səhər bizə də pay göndərəcək,
amma sabaha qədər dözə bilmirdik.
Əsmər çığıra-çığıra
danışırdı, çünki otaydakı üçmərtəbə
evi dağıdan buldozerin səsi qulaqlarımızı
batırırdı. Vaqon dəhlizləri kimi dar küçələr,
balkonları vaqon kupelərinin üst yerləri kimi az qala bir-birinə toxunan evlər. Bütün bunların yerində indi nəhəng
boş bir meydan qalmışdı daşlı, kəsəkli,
tozlu, əhəngli meydan. Orda, burda
atılmış lazımsız nimdaş əşya
qırıntıları, hifz olunmuş divar
parçasının gərəksiz şirli
naxışı, sınıq aftafa, qırıq krant,
paslı boru - boş meydan. Bu meydanın tən
ortasında qədim heyvanları xatırladan xortumlu buldozer
işləyir, sökür, dağıdır,
uğuldayırdı, nədənsə onun nömrəsi
yaddaşımda həkk olunmuşdu: QTP-44.
Bilmirəm, nədənsə, birdən şer oxumağa
başladım. Buldozerin səsini batırmağa çalışaraq
Əsmərə şer oxuyurdum:
Əyrin-üyrün,
Dar küçələrin,
Gündüzlər
otaqlarındakı bəyaz gecələrin,
damlarının yastısı,
içinin astası,
küçələrini
dolanan
addımların
həmişə tənha səsi,
gecələrini
dünyadan itən tarix tikəsi,
içindən bayır şəhərə,
böyuk
şəhərə çıxan təəccübüm,
oğrularından qorxan cibim,
ölüm ayağındadır indi.
Biçarə
şəhər,
İçəri
şəhər...
- Kimin
şeridir bu?
- Vaqif Vəkilovun, - dedim, - cavan şairdir. Yəqin sən
tanımırsan.
- Bilirsən,
- dedi, - İçəri şəhərdə biz elə bil
böyük kommunal mənzildə yaşayan kimiydik. Hamı bir-biri haqqında hər şeyi bilirdi.
Birinin radiosu çalırdısa, bütun məhəllə
üçün çalırdı. Birinin
dərdi, yası olanda ağlaşma səsi hamının
evinin içində idi. Xörəklərin
iyi də həmçinin. Bir uşaq
qızılca oldumu, bütün uşaqlara dəyəcəkdi.
Əsmərin sözləri mənimçün nə qədər
yaxın idi. Axı mənim aləmimdə də İçəri
şəhərin təkrarsızlığı məhz bunda
idi.
Biz İçəri şəhərə qala deyirik. Bir memar kimi, mənim fikrimcə, Qala - müasir şəhərlərdir, hərə öz qınına çəkilən kimi mənzilinə, öz hücrəsinə çəkilir, pilləkənlər, pilləkən meydançaları da yalnız körpüdür. Bu körpüdə qonşular yalnız təsadüfən körüşə bilərlər. Belə körüşlər heç vaxt tanışlığa, dostluğa, yaxınlığa səbəb ola bilməz. Körpülər, ya da vaqonlar arasındakı buferlər. Buferlərdə tanış olub dostlaşmaq olarmı? Hərə öz evinə - öz kupesinə çəkilir. Bu kupeli vaqonlar - müasir evlər müqabilində - İçəri şəhər ümumi vaqondur. Sevinci, kədəri, narahatlığı, yuxusu müştərək ümumi vaqon. Davaları, qeybətləri, iyləri - müştərək, toyları, yasları, qayğıları müştərək. Müasir şəhərin rahatlığı qarşısında İçəri Şəhərin nəyi var? Natəmizliyi, çirki, narahatlığı, yamaqları... Qoca sifətinin qırışları kimi əyri-üyrü küçələri. Yanpörtü; dayanmış şikəst, əlil evləri. Bəli... Amma bir də insaniliyi, ünsiyyət sevinci, ümumi taleyin əvəzsizliyi ki, onun yerini heç nə verməz. Bir də bizim uşaqlığımız. Hər daşda izi qalan uşaqlığımız. - Budur, İçəri şəhər.
Babalarımızın yaşayışı, diriliyi, ömrü-günü.
- Bütün bunları nəylə əvəz edəcəksiniz, Oqtay, - deyə Əsmər yenə də mənim fikirlərimə cavab verirmiş kimi soruşdu: - Şüşədən və betondan təzə evlər tikəcəsiniz, eləmi, modern qutular?
- Bəli, - dedim, - çalış ki, hisslərini bir balaca cilovlayasan və ağıllı-başlı fikir elə. Adamlar gərək rahat yaşasınlar, evlərində hər bir rahatlıq olsun. Ona görə də onları burdan köçürmək lazımdır. Bəs evlər nə olsun? Əlbəttə, tarixi əhəmiyyətə malik olan binalar saxlanılacaq.
- Tarixi əhəmiyyətə malik binalar! Mənimçün tarixi əhəmiyyətə malik olan bina - anadan olduğum evdir. Anadan olduğum, böyüdüyüm, yaşadığım ev.
O məni əsəbiləşdirməyə başlayırdı.
- Yaxşı, - dedim, - çox közəl, bəs onda niyə əlivə fürsət düşən kimi bu əziz-xələf evi tərk etdin? - Bunu deməyimə peşman oldum. Gərək deməyəydim.
O cavab vermədi. Bir neçə addım atdı. Keçmiş evləri səmtə. Dayandı. Evləri bax bu yerdə idi. Otağı da bax burda. Pəncərəsiz otağı. Çarpayısının yanına anası köhnə xalça vurmuşdu - evdə olan ən qiymətli şey bu xalça idi. Xalça Əsməri divarın rütubətindən qoruyurdu. Əsmər mənə sarı döndü.
- Gedək, - dedi.
İstədim onun başını qatam, qəmli xatirələrdən ayıram, İçəri şəhərin təzə planı haqqında danışmağa başladım.
- Dayan, -
dedi. Dayandıq. O, nəyəsə qulaq
verirdi. Mən də dinləməyə
başladım. Küçənin o tayından iki arvad
keçirdi və bir-biriylə danışırdı:
- Ağəz,
qaragünə deyirəm, başıvın çarəsini
qıl, şoğəribnən işin olmasın...
- Qadam
onun ağzına, başında ağlı olsaydı, gədəni
onun-bunun qapısına salmazdı ki...
Arvadlar
tini buruldular va Əsmər mənə
İngiltərədən danışmağa başladı.
İki il bundar qabaq onlar İngiltərədə
yaşayırdılar və Əsmər oranın səmasından
danışırdı, Orda göy, - deyirdi, elə
alçaqdır, elə bil əlini uzatsan - Həm də elə
bil solub. Elə bil buludları göyə divar
kağızı - oboy kimi çəkiblər.
Sonra biz Xan sarayının içinə girdik. Daxili həyətlərdən
keçdik, pillələrdə dayandıq. Görəsən institutda, işdə mən bu abidəni
neçə dəfə tədqiq etmişəm,
köçürmüşəm, çəkmişəm,
öyrənmişəm.
Amma elə bil indi onu ilk dəfə görürdüm. Mən onun səthlərinin
dahiyanə ahənginə, tənasüblərinin
simmetriyasızlığına sanki yenidən valeh olurdum.
Divanxananın mübhəm ala-qaranlığı,
daxili həyətlərin sakitliyi, sarayın əzəməti
- elə bil bütün bunlar ən dərin mənasını
mənə ilk dəfə açırdı. Xan sarayının böyük meydanında
dayanıb İçəri şəhərin mənzərəsinə
tamaşa edirdik. Mən daşın
müdrikliyi haqqında düşünürdüm. Düşünürdüm ki, bütün bunlar nə
böyük səadətdir. Mən
İçəri şəhər küçələrinin
ad lövhələrinə, hansısa diş həkiminin
elanına baxırdım və ağlıma gəlirdi ki, bu
yazılar İçəri şəhərin əbədi
daşlarını təhqir edir, ədəbsiz
görünür. Elə bil Miloslu Veneraya
naxış vurublar.
...O
axşam, aprelin 29-da bizdən dağılışanda, mən
də hamıyla birlikdə çıxdım. Əsməri
ötürəcəkdim. Bir az geri
qaldıq uşaqlardan, birdən tinbaşında Əsmərin
çəkməsinin dabanı çıxdı. Mən maşın saxladım və
ömrümüzdə bəlkə də ilk dəfə taksiyə
mindik. Özümü elə itirdim ki, sağa əvəzinə,
sola gedək dedim.
Əsmər:
- Buğda, arpa, - dedi.
Bizim idman müəllimimiz belə deyərdi. Məşqlər zamanı bir adam tələsəndə sağla solu çaşdıranda idman müəllimimiz deyərdi ki, solu-sağı yadında saxlaya bilmirsənsə, yadında saxla arpa bu yana, buğda o yana. Bu da onun zarafatı idi. Bz taksiylə Əsmərgilin evinə çatıb maşından düşdük. Qapılarının ağzında ayrılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı deyərdim ki, işvəylə) mənə baxıb xəbər aldı:
- Bəs sən mənə bir şey demək istəmirsən? Yenə də görünür ki, fikir axınımız bir mənzilə çatdı və Əsmərin sözlərinə bu səfər də təəccüblənmədim:
- Yadında o axşam mənim çəkməmin dabanı çıxmışdı, sən də məni ötürürdün. - Bir az susandan sonra əlavə etdi. - Hər şey başqa cür ola bilərdi.
Ancaq mən keçmişi çözələmək istəmirdim. Uşaqlıqdan biz daima nə isə itiririk. Bəzən adam lap mat qalır. Adam harda, haçan bu qədər şey yığıb ki, elə hey itirə-itirə yenə də nə nə isə saxlayır.
- Acmamısan ki, hələ?
- Hələ yox. Bir-iki saatdan sonra.
- Yaxşı.
İndi saat ikidir. İki saat
da vaxtımızı öldürək.
- Əcəb nəzakətlisən. Deməli, mənimlə
sən vaxtını öldürürsən.
-
Yaxşı, sözdən söz çıxartma. İstəyirsən, gedək kinoya.
- Kinoya? Gedək.
Biz filmin lap əvvəlinə çatdıq. Sənədli
film idi. "Yaponiya müharibələrdə".
Mən sənədli filmləri xoşlayıram - bu filmdə
isə yapon xronikasının nadir kadrları vardı:
ölümə məhkum pilotlar - kamikadzelər
uçuşqabağı. Adamın əti
ürpəşirdi.
- Bir
onların sifətlərinə bax, - deyə Əsmər
qulağıma pıçıldadı. - Dəhşətdir.
Uçuşdan qabaq onların hamısına sakeyapon
arağı verir dilər, təyyarəyə qalxa-qalxa
onları çəkən kino-kameraya baxarkən bilirdilər
ki, qarşıda onları yalnız ölüm gözləyir
və artıq heç bir şey onları bu ölümdən
qurtara bilməz.
- Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? - deyə Əsmər soruşdu. - Fikirlərini dəyişmirlərmiş ki? Ona diktor cavab verdi:
- Kamikadzelər yerdən qalxan kimi həyatla əbədi vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin tökmürdülər.
Sağ əlimdə Əsmərin
barmaqlarının əsəbi titrəyişini duydum. Sonra
sağ yanağımda onun saçlarını, sağ
çiynimdə onun başını hiss etdim. Lap yaxından
onun vurduğu ətrin xoş, məstedici qoxusu gəldi. Məndə
dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim,
amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim.
İşıq yandı. Film qurtardı.
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-15 mart.-S.6.