Sabir Rüstəmxanlının şeirlərində bütöv Vətənin obrazı

 

Bahar

Bərdəli

Filologiya

üzrə fəlsəfə

doktoru

 

Şairlər öz ilkin ilhamını təbiətdən, onun gözəlliklərdən alırlar. İlk qələm təcrübələrini də məhz bu təbiətin vəsfinə, tərənnümünə həsr edirlər. Xüsusilə bu Vətənin göz oxşayan quşqonmaz dağları, al-yaşıl dərələri, sıx meşələri, buz bulaqları olanda. Elə Yardımlının təbiəti kimi. Bu yerlər S.Rüstəmxanlının poeziyasında özünəməxsus şəkildə təbii, real, incə, zərif boyalarla yetərincə təsvir, tərənnüm olunub:

 

Suların sinəsində kölgə olub axırıq,

Gözəlliyin önündə dayanıb, lal baxırıq,

Zirvələrin başına dolanırıq, qalxırıq,

Yardımlı yollarında...

 

Dağların başına dolanıb qalxan yollar boyu təbii gözəllikləri görmək bir duyğulu hissdirsə, onu özününküləşdirib vəsf etmək xüsusi istedad tələb edir. "Yarıb dumanı, çəni zirvədən qartal uçur...// Meşələrin sükutu adamları qorxudur... // Yardımlı yollarında..."

Təbiətlə üz-üzə, göz-gözə dayanan şair öz arzusunu, niyyətini, istəyini də dilə gətirir. Ən azından o da təbiətin bir parçasıdır, bir hissəsidir. Deməyə haqqı var ki,

 

Min illik palıdlardan bir ömür borc alaydım,

Keçilməz dərələrə özüm körpü olaydım,

Buz sulu, saf aynalı bulaq olub qalaydım,

Yardımlı yollarında...

 

Əbədi olanların yanında, təəssüf ki, insan ömrü çox qısadır, anidi, ötəridi. Bunu bilən şair öz ömrünü söz ömrünə calayır. O söz ki, lirik qəhrəmanın mənəvi dünyasıdır, qəlbinin özüdür. Elə bu dağlar, dərələr, yollar qədər zəngindir, füsunkardır, sevgiyə sədaqətlidir və əbədidir:

 

Azərbaycan yollarının ilqarı dönməz,

Bu yol ilə düzlük gedir, həqiqət gedir.

Azərbaycan yollarının sonu görünməz,

Əvvəlisə nəğmə kimi qəlbimizdədir!

 

Yardımlı yollarının bütöv Azərbaycan yollarına gedib çıxdığını göstərən şair onların əbədiyyət olduğunu bir daha vurğulayır. Sonu görünməyən bu yolun əvvəli ululardan keçib gəlib, Azərbaycanın bütövlük rəmzidir. Əriş, arğac kimi Vətənin belinə dolanan yolların, təəssüf ki, bu gün çoxu qırıq-qırıq, kəsik-kəsikdir.

"Tufanların qılıncıyla qırılmayan yol, // Füzulinin məzarında qırıla bilər..." Və ya başqa bir istiqamətdə, başqa bir yöndə talan edilən, dağılan, yağmalanan yol da var: "Bir yol gedib itkinlərlə itib uzaqda, // Bir cüt yol da Babəkimin kəsik qolları!" - deyir şair. Cənuba, Şərqə uzanan yollar kəsik-kəsik, qırıq-qırıq olsa da iti yaddaşlarda, böyük ulu sözdə yaşayır hələ! Yəqin sabahların birində o yol bərpa ediləcək! O, qırıq, kəsik yollar birləşəcək, bütövləşəcək! Xalq şairi Qabilin məşhur misraları yada düşür:

 

Astara yolları uzanıb gedir

Təbrizə birbaş!

Geri dönməliyik bu yolu qardaş!..

S.Rüstəmxanlının lirik qəhrəmanı bu yolun kəsiyindən hayqıraraq sanki deyilənlərə, olanlara cavab verir:

 

Geri dönməliyik! - Asanmı məgər?

Düzlərə gör necə duman enibdir!

Təbrizə uzanan bu yollar təki,

Tarixin özü də çəpərlənibdir!

 

Düzlərdən keçən yollar çoxdan dumana bələnib və çəpərlənib! Keçmisə dönmək, o yolları bərpa etmək çətincə, yenisini çəkmək, yaratmaq daha asan və mümkündür!

Amma, şair olanlara başqa rakusdan da yanaşır:

 

Yollarım qırılmaz, baharım solmaz,

Araz qırağında batmayaq yasa!

Sərhəd çəkilməklə millət ayrılmaz,

Ruhunda ayrılıq yaranmayıbsa!

 

Təbii yollar çəpərlənib bağlanıbsa, ürəkdən-ürəyə gedən, ruhumuzda yaşayan, əbədi olan bir yol da var! Demək, bu yolu olan milləti, xalqı ayırmaq, parçalamaq mümkün deyil! Ruhumuz sərhədsiz olduğu üçün payımız da elə o sərhədsiz göylərdən enib gələcək!

Bununla bərabər şair həm də ümidlə danışır:

 

Yollar açılacaq bir gün bilirəm!

Bəlkə Yardımlının dağları üstdən!

Bəlkə Cəbrayılın, bəlkə Culfanın,

Bəlkə, Astaranın bağları üstdən!

 

Sabir Rüstəmxanlının sırf təbiət şeirləri, yəni yalnız təbii gözəllikləri vəsf eləyən poetik nümunələri o qədər də çox deyil. Çünki, o təbiət şeirlərini dərhal vətənləşdirir və ya insaniləşdirir.

Bəzi halda isə onu siyasiləşdirir. Məsələn, təhlilə cəlb etdiyim "Yardımlı yollarında", "Zirvənin dərdi", "Yollarımız", "Geri dönməliyik", "Yardımlının dağları", "Boş qalmış yuvalara dəyməyin", "Ata haqqında iki əfsanə", "Biçin nəğməsi" kimi onlarca poetik əsərində şair təbiətdən çox vətənin ağrı-acılarını, onun tarixini dilə gətirir, yada salır.

Şair öz tarixi yaddaşındakı düşüncələrini, fikirlərini təbiətə müraciətən deyir.

Yəni sözünü oxucusuna bu yolla ötürə bilir və istəyinə çatır. Son dövrlərdə onun yazdığı təbiət şeirləri də bu mənada saf duyğu - düşüncələrinin əks-sədasıdır.

"Bakı küləyi", "Bakı", "Dünya gözəldi, ancaq...", "Oğuz bəyləri", "Əriyib gedəcək", "Qış", "Ayla üz-üzə", "Qar işığı, ulduz unu", "Kənd gecəsindən bir işartı" kimi şeirlərində şair təbiət hadisələrini insaniləşdirir, sanki adi, təbii qar-yağışla, dağ-daşla deyil, insanla danışır, insanla dərdləşir, insana müraciət edir:

 

Salam, qoca dağlar, qocaman dağlar

Bu uzun ayrılıq keçdi an kimi.

Min ildən sonra da qayıdacağam,

Ana qucağına qayıdan kimi!

 

Həmçinin, Sabirin, "Dünyadan umduqlarım", "Təsəlli", "Min ildən bir", "Şükür ki, bu dağlar öz yerindədir", "Yenə kənd yolunda" kimi şeirlərində həm Vətən, həm də insanlar təbiətin qucağında, bir yerdə, bir arada təsvir, tərənnüm olunur.

 

Ey gün, daş olub, durma,

Keç, sənə yalvarıram!

Hicranın qədəhini

Iç, sənə yalvarıram!

Qayçıyla saatları

Biç, sənə yalvarıram!

Yarım gəlsin, sonra gör,

Heç sənə yalvarıram?

 

Şairin lirik qəhrəmanı öz sevgilisini gözləyir. Amma vaxt, zaman keçmir, sanki, günəş də öz yerində "daş"a dönüb, tərpənmək bilmir. Aşiq üzünü günəşə tutub yalvarır ki, daşa dönməsin, tez keçib getsin, hicranın qədəhini içsin ki, onun vəziyyətini başa düşə bilsin, saatların əqrəbini biçsin ki, o da tez ötsün. Əgər yarı gəlib çıxsa, görüşsələr,bir də ona yalvarmayacaq.

Əgər keçən əsrin 70-80cı illərində şairin yaradıcılığında sırf təbiət şeirləri - peysajlar, lövhələr, təbii gözəlliklərin təsvirləri çoxluq təşkil edirdisə, sonralar, yəni müstəqillik illərində təbiət şeirlərində Vətənin, insanların problemləri çuğlaşmış, qarışmış şəkildə əks olunmağa başladı. Bu mənada Sabir Rüstəmxanlının təbiət lirikasında İnsan, Vətən, Dünya, həyat, cəmiyyət baş-başadır.

 

Buludu yağışdan, çayları seldən,

Ağlı kəsərindən, qılıncı əldən,

Tanrını ilhamdan, nəğməni dildən,

Gözü işığından, ağlı zəhmətdən,

Ayırmaq istəyən qopsun millətdən!

 

"Əriyib gedəcək" şeirində söhbət təkcə qışda yağan, dünyanı bürüyən qardan getmir. Şair yenə bir zaman, məkan içində cahana ayrılıq nəğməsi çaldıran soyuq havalardan danışır: "Qar yağır... dəyişir vaxtın axarı. // Ağ iplər tor hörür sanki zamana..." Və ya "Qar yağır, heyvanlar, quşlar yuxuda, // Qar yağır, ağarır dünya qorxudan.." Qar dənizində özünü canlı alova bənzədən lirik qəhrəman düşünür ki, "Nəğməm susmadıqca mənim üstümdə // Ayrılıq nəğməsi oxunmayacaq!"

Xəlil Rza Ulutürk Sabir Rüstəmxanlı haqqında yazarkən göstərir ki, "Rüstəmxanlı poeziyanın geniş və böyük yoluna çıxmaqdadır. Və, əlbəttə, o gözəl bilir ki, böyük poeziya yalnız tərənnüm ilə yetinə bilməz. Böyük poeziya tərənnümçü olduğu qədər də ittihamçı, ifşaçı və tələbkar poeziyadır".

"Dünyadan umduqlarım", "Təsəlli", Min ildən bir", "Şükür ki, bu dağlar öz yerindədir", "Yenə kənd yolunda" kimi şeirlərində şairin məramı, məqsədi təbiətlə baş-başa olarkən qəlbindən keçənləri rahatlıqla söyləməkdi:

 

... Bir bax, o qayalar qaşında mənəm,

Nə olsun bir yolun sonu yetişdi,

Yenə bir cığırın başında mənəm...

Yollara can verdim yol aza-aza,

Yenə kənd yolunda yapayalnızam...

 

Şəhər yolunu kənd yolu ilə birləşdirən şairin lirik "mən"i tək, yapayalnız olsa belə bu yollara can verə-verə onu dağ cığırlarına calayır. Bu lirik qəhrəman həm kəndlə şəhər arasında, həm nəsillər arasında, həm öz nəsli-şəcərəsi arasında, həm də bütöv Vətənin sərhəddi boyunca körpü rolunu oynayır. Körpülər də insan kimidir. Sağ, sol qolları var. Sahilləri birləşdirən körpülər də tək-tək salınır. Tək-tək olur. Şair özü də "Zaman məndən keçir" şeirində bu fikri əyani şəkildə bir daha göstərir:

 

Keçirtdim tarixi əsəblərimdən,

Dünənlə sabahın körpüsü mənəm.

 

Və ya:

 

... Bitmişəm yer ilə göy arasında -

Bu süzgəc ilahi iradəsidir...

... İlk nədi, son nədi - ürəyim duyur,

Keçmişə yol alan köçürmüş məndən.

Zamana qoşulub bir ömür boyu

Tanrının özü də keçirmiş məndən.

 

Demək, şairin lirik qəhrəmanı, eyni zamanda, yerlə göy arasında da körpüdür. O, ilahi varlıq - yaradan arasında əlaqələndirici vasitədir - yəni peyğəmbər rolunu da yerinə yetirir. Bəlkə də insan oğlu fərqində deyil ki, onun ruhu yerlə göy arasında əbədi yaşarlıq qazanıb. "Zamana qoşulub bir ömür boyu, // Tanrının özü də keçirmiş məndən!.." - deyən şair elə bunu nəzərdə tutur.

S.Rüstəmxanlı yaradıcılığının tədqiqatçılarından biri Sabir Bəşirov yazır ki, "Mən S.Rüstəmxanlı şeirlərini mövzusuna görə qruplaşdırmaq istədim: şeirlərin yarıdan çoxu Vətənlə, yurdla bağlıdır. Çox az şeirlər tapmaq olar ki, ana dilindən, yurddan, Vətəndən danışmasın" .

S.Rüstəmxanlının bir şeiri də belə adlanır: "İsa Həbibbəyliyə". Maraqla oxunan bu şeir bir fikri də ifadə edir: Yaxşı insanlar arasında da mənəvi körpülər mövcuddur. Bəlkə də həyatın düzgünlüyünü, saflığını, təmizliyini bu körpülər qoruyur, pislərdən uzaq saxlayır və xilas eləyir. Bir sözlə, yaxşılar həyatı, cəmiyyəti, vətəni, vətəndaşı tənzimləyir.

 

Ya dəniz ləngərdə ol, gözlərində dan yeri,

Ya sinən hədəf olsun, ömrün düşmən çəpəri...

 

Şair təəssüf hissiylə etiraf edir ki, bəzən qiyməti səndən başda, yuxarıda dayanan nadan sərsərilər verir.

Dünyanın ixtiyarlı sərsəriləri, nadanları isə çoxdur. Lakin əsas odur ki, həyatın ləngərli dənizləri də var və dan yerindən boylanan al günəşi də.

 

Bu çalışan əlimiz, bu danışan dilimiz,

Bu dağılan yuvamız, bu dözümlü elimiz,

Hər şeyi hökm ilə bölübdür adilimiz...

Uca sandığın alçaq, müdrik dediyin naşı...

 

Heç də hər şey göründüyü kimi deyil həyatda, qənaətinə gəlir şair.

Beləliklə, S.Rüstəmxanlı təbiət şeirləri ilə bütöv Vətənin obrazını yaradıb desək, yanılmarıq. Azərbaycanı qarış-qarış gəzən şair təbiətdən yazaraq Vətəni tərənnüm edib, Vətəni vəsf edib. Bu da təbiidir. Çünki, S.Rüstəmxanlı sadəcə vətəndaş şairidir.

 

Ədalət  2018.- 17 mart.- S.14.