Coşğun hisslərin poeziyası: Nurəngiz Gün

 

İstedadlı şairə Nurəngiz Gün poeziyasına ötən əsrin son on illərindən bələdəm və bunun bir səbəbi yaşımla bağlıdır. Sakit, dəbdəbəsiz və coşğun şeirləri onun fərdi yaradıcılıq xüsusiyyətlərilə bağlı idi. Digər qadın şairlərimizdən şeirlərindəki təbii hissləri, fikir tutumu ilə seçilirdi. Görünür, Nurəngizin poeziyası haqqında həmin illərdə də yazmaq olardı. Amma tale cari illərimizə qismət etdi, bu, o mənada mənim üçün maraqlı oldu. Poetik kökündən düşmədi, nə yazdısa Məni oldu, lirikanın ən zərif yarpaqlarını soldurmadı, payızlaşmadı; heyif ömrü ömrün bu fəslinə qovuşdu. Allah qəbrinə nur çiləsin...

Mən şairənin poeziyasını gül ağacının ilk dəfə açdığı yarpağa bənzədərdim. Hələ gülünü gətirməmiş budağa bülbül yox, yırtıcı quş qonubdur. Və bununla da o gül ağacının taleyi gətirməmişdir. Bəli, Nurəngiz Gün şeirimizdə ən ilhamlı şair olmaqla, yaşamaqdadır.

Mən onu şeirlərində həzin bakirəlik və içində xəbərsiz ağlayan şairə kimi tanımışam. Vallah, belə hissli-emosiyalı şairə yoxdur, təbiəti poeziyasına hopmuşdur. Məndən yəqin ki, inciməzlər, çünki şeir aləminin bir yazılmamış qanunu da var: şairə, xüsusilə, şeirini özünə oxşatmalıdır, özünün daxili aləminə etibar etməlidir, sonra yazmalıdır. Bizim Nurəngiz Gündən fərqli olaraq şairlərimiz var - şeirlərini oxuyanda bilmirsən təfəkküründən gəlir, yoxsa emosional təxəyyülündən. Halbuki, hər iki qanad o şeiri uçurmalıdır. Birşeir "ah-uf" da deyil: "Gedərəm, yana-yana qalarsan", "Gələrəm, gözlərinə baxmaram", "Daha məni axtarma" və ilaxır - əslində soyuq yalvarışlardır! Qadın hissiyyatından gəlib, yoxsa kişi zabitəsindən?! Poeziya belə deyil. Xüsusilə, qadınların şeir dünyası tez inciyən, küsəyən, üz döndərən olmalıdır, etiraf edilmiş zəriflik olmalıdır, kübar qadın sevgisi, səadət və şöhrət nuruna boyanmalıdır. N.Gün poeziyasında mənəviyyat və əxlaqi təmizlik timsalını, duyğu azadlığını özündə təcəssüm etdirməlidir. Və bu mənəvi mərdliklə yol getməlidir:

 

Saçlarımda rüzgarım,

Ruhumda ana laylası,

Başımda məğlub eşqim

Yol gedirəm, sinəm qaralanədək.

Önümdə silsilə dağlar,

Sərt qayalar, soyuq dəniz

Qərib canla, bu tək cana, qürub çağı

Yol gedirəm, öləziyib saralanadək.

Arxamda sarp enişlər,

Çiynimdə Günəş tayası,

Ağuşumda Jaləm və titrəyişim,

Yol gedirəm, yol olanadək.

Nurəngiz Günün poeziyasında qadın-xanım cəsarətinin, kövrək ziddiyyətlərin anatomiyası, astadan pıçıldamaq səriştəliyinin vərdişi, işıq süzülən nöqtəni axtarıb tapmaq fəhmi olmalıdır.

Biganəliklə çox yaşamaq ehtirasının obrazı gizlənməməlidir. Bu baxımdan şairənin bir şeirini etiraf dəyərində qiymətləndirərdim; hansı ki, üzünü günəşə tutur. Dünyanı, Yer kürəsini qızdıran Günəş bir şairəni isidə bilmir, səbəb nə?

 

Günəş! Mənə soyuqdur...

Axı, mən qütbə gedən tək gəminəm.

Məzlum mənzərəsinə dözümsüz olaram.

Axı, üşüyürəm mən hərdən,

Azad qanad yoluna atəş açan

Zalım ovçu üzündən.

 

Şeirin zahiri çaları poetik funksiyasını ödəyir, daxili mətləbə varanda şairin psixoloji və həyat qütblərinə güclü istəyi oxucunun əhvalına sığal çəkir və yenə də Günəş obrazı, amma bu dəfə yanar "planet" yuxularda şairə ilə görüşür, sadəcəmi?

 

...Günəşim! Tez-tez röyalarımdasan!

Bir dəfə də xəyalımda

səninlə öpüşəndə

qucaqlaşıb demişdim:

Məhvəşim! Atəşim! Sahib dur!..

Məşum toxunur hər şey.

Çək məni, apar məni.

Apar, apar!...

Yerdə mənə yaman soyuqdur, Günəş!

 

Şairlərin iddiası ilahi umacağıdır, - desəm yanılmaram; onlar fərəhsiz zülmət işığında məftun təbəssüm axtarırlar, qüssə içində ruhi həyata qovuşmaq istərlər, xüsusilə, qadın şairlərimiz. Müəllifi isidə bilməyən günəş obrazı məntiqə uyuşmayan bir predmetdir formalığından, maddiliyindən çıxır. Bir axı, şairəni Yerdə içində boşluq kabusu gəzdirən bir ovuc adamlar, paxıllar istedada qısqananlar rahat buraxmamışlar. Bir şahid kimi Nurəngiz Günü bu baxımdan izləmişlər.

Özü isə ovqat ifadəsini, sözün dəyər dərəcəsini yüksək tutmuş qayəsini kinayə, məcaz rəmzi yozumlarla pıçıldamışdır. Totalitar ideoloji düşgünü olmamışdır.

Mərdanəliklə həyatının mənəvi maddi iztirablarını yaşamışdır. Nurəngiz Günün oxuculara çatdırdığım bu şeir daima məni düşündürmüşdür: öz poetik həzinliyi fəlsəfi yükünə görə:

 

Açılıb uzanan hər sap düzümü

ömür deyilmiş,

ömrün hər dözümü ömür deyilmiş!

Bağışla!

Aldandıq, aldatdıq, nələrdən döndük.

nələrdə yanıban, nələrdə söndük.

Bilməzdim bu qədər üzü dönükdük!

Bağışla!

Pisi əzizləyib, yaxşını atdıq,

Olub ki, bəzən xeyrə şər qatdıq,

Beləcə sivişib ömür uçdu ki!

Ömür quşdu ki!

Sevdalı yolları unutmuşuq ki!

Bağışla!

Bağışla!

 

Bu poetik fantom-etiraf-bax epiqraf budur! Həyatın iti baxışını, ağılın ayıq dəlillərini, hətta dünyaya ironik baxışını sezmək, poeziyaya gətirmək.

Nurəngiz Günün bəzi şeirlərinin adlarını xatırlayıram. "Gümüş köçü", "Bəyaz qiyafə", "Boz dünya", " qanadlar"... Şeirlərin lirik-fəlsəfi mahiyyəti qədər orijinaldır, mövzu ilə məntiq yozumunda "barışmayan" şair düşüncələrinin qənaəti. O, təxəyyülünə "daman" mövzularla o halda razılaşır - mütləqa qəlb kövrəkliyindən, həzin duyğularından keçirməlidir; şairənin fərqli bir orijinallığını da bu hisslər diqtəsində axtarmalıyıq! Mən deyərdim, bu məftunluq onun analıq qüdsiyyətindən bir paydır.

 

İlahi! Kömək ol! O təkdir! Anadır,

Tək qalıb torpağın üstündə, biçarədir...

 

Yaxud:

 

Gör ki, vaxtdır

Qolları, əlləri oğul arayır.

Bir gör vaxtdır

Bu ananın saçını

Qərib küləklər darayır...

Kimsə yoxdur, bir nəfəs,

bir səs!

Haraylar açılır o ananın

qulaqlarında

Damlalar quruyar yanaqlarında.

 

Təşvişli həyəcanlı misralarında belə, şairə öz özəl poetik üslubundan ayrılmır, sanki şeirləri ondan keçəcək ki... Küsüb hörümçək torunun qəfəsinə üz tutacaqlar. Bu, Nurəngiz Günün qəlb paklığından, bahar üçün darıxan kəpənəyin arzusundan çiçəklərə, güllərə çevrilən ömür intizarından doğan taleyidir. Yaşadığı şeiriyyət ömrünün tükənməzliyindən gələn səsidir. Şairənin səsində bir duyğulu hıçqırtı vardı, səsi şeirlərindən qopurdu, misralarına himayəlik edirdi, küləkdən, çovğundan qoruyurdu. Hayıf ki, poeziyaya hələ çox-çox gözəl şeirlər bağışlayacaqdı; buna haqqı çatırdı. edəsən ki...

Nurəngiz Gün poeziyasının dolu nəfəsi son şeirində belə, boşalmadı, çün o, tənhalığı xoşlamırdı, insan ünsiyyəti üçün darıxırdı. Bunu şairə-xanımın iç-daxili dünyası diqtə edirdi. bir şeirindən:

 

Bomboş bir səssizlik

bomboş...

Boşluqda sevgi, nifrət,

səadət, hiss, səs!

Atlıydım. Bəs hanı?

Qamçım vardı, bəs hanı?

Atım sizə qalsın -

qaytarın qamçımı!

Qamçılamaq istəyirəm

bu boşluğu!

 

Şairə heç zaman səssizliyi sevməzdi, poetik ovqatına arxayın idi, şeiri onun üçün darıxırdı; o isə yox. Çün istedad, ilahi pay onda anadangəlməydi! Adətən, qadın şairlər ayrılıqdan qorxurlar o mənada - qəlb kövrəkliyi, itkiləri övladlarının taleyi xofu rahat buraxmır. Nurəngiz xanımın payına "ayrılıq" çox düşmüşdür, xüsusilə, repressiyanın intiqamı! O, bir şeirində bu hissini poetikləşdirmişdir:

 

Ah, ayrılıq!

Biz ki, çoxdan tanışıq!

Elə əvvəlki tək hamımız

sopsoluq...

Xoş gəldin son ayrılıq,

qolboyun olaq -

artıq qorxum yox!

 

Şairədəki güclü yaşamaq yazmaq hissindən doğan paradoks! Daha nədən qorxmalı? Qorxmalı-darıxmalı bir nəsnə üçün: öz qəhrəmanın düşdüyü vəziyyət üçün. Tarixən belə bir psixoloji hal yaşanmışdır müəlliflər tərəfindən. Onere de Balzak ağır dəqiqələrində - ölüm ayağında başına yığışan yaxınlarından, dostlarından çılğınlıqla tələb edir ki, əzrayılı qovmaq üçün Doktor Byanşonu çağırın. Parisi ələk-vələk edirlərsə, belə bir doktoru tapmırlar. Yazıçınınsa solğun baxışları qapıdadır ki... Kim idi Doktor Byanşon? Balzakın əsərinin qəhrəmanı - obrazı! Müqayisədə heç bir şişirtmə yoxdur istedadlı şairənin, yazıçının qarşılaşdığı bir həqiqət.

Nurəngiz Gün görünür, daxilindəki çılğınlıq, poetik narahatlıq, haradasa onu gözləyən ayrılığın illüzyalarında "Tanrı bəşər övladları" povestini qələmə almışdır; qəhrəmanı valideynlərini itirmiş növrəstə qızın taleyi təsvir olunmuşdur: bir ailədə qulluqçuluq edir, əzabla günlərini yaşayır... Yazıçı-şairənin qızı Jalə xanımın şəhadətinə görə, anası bu qızın - obrazının taleyindən çox nigarançılıq keçirirmiş, kədərlənirmiş.

Nurəngiz Gün çağdaş şeirimizin ləyaqətli istedadlı nümayəndəsidir. Şahidiyəm: O, adi danışığında, şeir oxuyanda da həzin, səmavi həsrətini büruzə verən xanım idi. son şeirinə son ömrünəcən bu munis hissi saxladı. son sözümü yazıçı-şair Vaqif Nəsibin Nurəngiz Günə həsr etdiyi şeirilə tamamlayıram.

 

Hər məzar doğmalara

Boylanır acı-acı.

Bəlkə ziyarətlərdi

Onların ehtiyacı.

O iki gözə dönüb

Heç zaman tək qoymayın.

Günəşli günlərdə heç

Üstə çiçək qoymayın.

Adını ondan alıb

O günəş balasıdı.

Odlu çiçəklərini

Göylərdən alasıdı.

Çiskinli günlərini

İlk bahara döndərin.

Sevimli gülləriylə

Günə salam göndərin.

 

Ədalət  2018.- 17 mart.- S.6.