"MƏNİMDİR SÖZ MEYDANI"

 

AĞACAVAD ƏLİZADƏ - 90

 

Əlövsət BƏŞİRLİ

 

"Ağacavad Əlizadənin poeziyadan ayrı həyatı yoxdur. O, ümumən Azərbaycan və dünya poeziyasının mahir təbliğatçısıdır".

 

XƏLİL RZA

 

Yaş öz işini görür. Ahıl kövrək olur, tez-tez olub keçənləri xatırlayır. Çox vaxt elə xatirələrlə yaşayır. Sanki dünən olub, əlini uzatsan çatar o illərə...

...Orta məktəbdə oxuyurduq. O vaxt Salyan rayon mərkəzi kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi. Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb mərkəzi kitabxananın oxu zalına baxanda ön sırada "Kürün töhfələri" ədəbi birliyinin üzvlərini, rayonda məşhur olan, şeirləri qəzetlərdə çap edilən Əliağa Kürçaylını, Xəlil Rzanı, Ağacavad Əlizadəni, Oqtay Rzanı görürdük.

"Kürün töhfələri" ədəbi birliyi oxucularla, zəhmət adamları ilə, məktəblilərlə görüşlər keçirirdi. Bizim 3 nömrəli məktəbdəki görüşdə Soltansəlim müəllim özünün təbirincə "yazıb-pozan" şagirdlərdən söz salanda mənim adımı xüsusi vurğuladı. Ertəsi gün Ağacavad Əlizadə məktəbə gəlib bizimlə yaxından tanış oldu, yazılarımızı diqqətlə nəzərdən keçirib iradlarını bildirdi, məsləhətlər verdi, çoxlu mütaliə etməyi tapşırdı.

Bir qədər sonra o, Bakıya getdi və Azərbaycan Dövlət Universitetinin (indi BDU) filologiya fakültəsinə qəbul olundu. Amma bilməzdim ki, zaman gələcək, mən də bu təhsil ocağının tələbəsi olacağam. 1957-ci ildə universitetin jurnalistika şöbəsinə qəbul olunanda Ağacavad artıq 5-ci kursda oxuyurdu, eyni zamanda çoxtirajlı universitet qəzetində məsul katib işləyirdi. Bir gün dərsdən sonra redaksiyaya getdim. Məni görçək gözləri güldü:

- Təbrik edirəm, - dedi, - həm qızıl medalını, həm də tələbə olmağını. Professor Əli Sultanlının sorğu-suallarına doğru-dürüst cavab vermək zarafat deyil ha... Yəqin yazı-pozunla da maraqlanıb.

- Elədir, soruşdu ki, yazırsan? Kiçik etüdlərimin, hekayələrimin adını çəkdim. Birinin məzmununu danışdım. İndi gətirmişəm ki, siz baxasınız.

Həftə sonu yazım qəzetdə çıxdı. Çox sevindim. Bu, mətbuatda dərc olunan ilk yazım idi. Ağacavad müəllimin əli yüngül oldu. Tələbəlik illərində respublika qəzetlərində yazılarım çıxdı, efirdən səsim gəldi. "Bakı" axşam qəzetində məsul katib işləyən Ağacavad müəllim məndən köməyini əsirgəmədi. O, "Azərbaycan" jurnalında şöbə müdiri, sonra isə məsul katib işləyəndə mən Salyanda "Qələbə" qəzetində redaktor müavini idim. O, imkan tapan kimi doğma rayona gələrdi. Birlikdə təsərrüfatda olardıq. İstedadlı, sinədəftər şairin qibtəediləcək publisist qələmi vardı. Gözəl oçerkləri, aktual mövzularda yazdığı məqalələri diqqət çəkir, maraqla oxunurdu.

Əməkdar həkim, tibb elmləri namizədi, ali dərəcəli cərrah Əvəzağa Məlikov haqqında yazdığım oçerki Ağacavad müəllim bəyənmiş, "Azərbaycan" jurnalının 1965-ci il may nömrəsində dərc etdirmişdi.

 

***

Ağacavad Əlizadə çox dostcanlı insandı. Onu Əliağa Kürçaylı Xəlil Rza Ulutürk ilə qırılmaz dostluq telləri bağlayırdı.

 

Dost, qoca dünyada zirvə sözü var,

Ora ox çatar, güllə çatar.

Zirvələr önündə gücsüzdür düşmən,

Zirvə bir qaladır, zirvədəyəm mən -

deyən Əliağa Kürçaylının həmişəyaşar poeziyası fəth etdiyi zirvədə günəş kimi parlayır, solmaz çələng kimi xoş ətir saçır.

Mən bu sözləri biz tələbə ikən "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıram, gərək qıram-qıram!" deyə hayqıran xalq şairi Xəlil Rza Ulutürkə aid edirəm.

Rayonda Ağacavad Əlizadə ilə birlikdə əziz qonağım olan Xəlil Rzanın o vaxt məşhur gündəliyini vərəqləyib ailəm, uşaqlarım haqqında şövqlə yazdığı anları, məşəl kimi parlaq, qaynar gözlərini, xoş təbəssümünü, tunc rəngli çöhrəsini unuda bilmirəm.

Yadımdadır, Ağacavad əlini Xəlil Rzanın çiyninə qoyub balaca qızlarım oğlum haqqında çox səmimi bir şeir dedi. Biz ailəvi dost idik. O, Cəlilabada gələndə mütləq bizə dəyər, uşaqlarımın xatirini çox istəyərdi. Mən şəhərə gedəndə onlara baş çəkərdim. Tale elə gətirdi ki, mən Bakıya qayıdıb "Mədəni-maarif" jurnalının baş redaktoru təyin olunandan sonra birlikdə işlədik.

Əsil söz sərrafı olan Ağacavad Əlizadə redaksiya heyətinin üzvü, "Publisistika" şöbəsinin müdiri kimi yorulmaq bilmədən çalışır, jurnalın hər nömrəsində alovlu publisistik yazıları ilə çıxış edirdi.

Erməni faşistlərinin Qarabağda törətdikləri vəhşətə qarşı etiraz səsini ucaldan şair-publisist səhhəti yaxşı olmasa da, ön cəbhəyə gedib döyüşçülərimizi ruhlandırırdı:

 

Gəzdim qarlı səngərləri,

Gördüm bizim əsgərləri -

Qorxubilməz o ərləri

Ruhlandırdım şirin dillə.

Eşqim atəş, sözüm güllə!

 

Ağacavad Əlizadə 1992-1993-cü illərdə hərbi-vətənpərvərlik mövzusunda ən yaxşı şeirlərin müəllifi kimi iki dəfə müsabiqədə birinci mükafata layiq görülmüşdü.

 

***

 

10 kitab müəllifi olan Ağacavad Əlizadənin şeirləri müxtəlif dillərə tərcümə edilmişdir.

Yaşlı olmasına, xəstəliyinə gözünün zəif görməsinə baxmayaraq yuxarıda qeyd etdiyim kimi ən qaynar nöqtələrdə əsgərlərimiz qarşısında odlu-alovlu çıxışları ilə onları ruhlandırır, işğalçılara qarşı amansız olmağa səsləyirdi.

Görkəmli qələm sahibi, yazıçı Mustafa Çəmənli bu barədə yazır: "Ağacavad Əlizadə təzəcə tanış olduğu döyüşçüləri isti-isti, elə toplanmış dəstənin qarşısında vəsf edirdi:

 

Postda duran Bilaldı,

Sovqatımdan bal aldı.

İgid Vətən oğludur!-

Bu ad ona halaldı!..

 

Bu, Abbasov Suracdı,

Yaraşıqda turacdı!

Qarlı təpə aşanda

Mənimçün cığır açdı!..

Görən kimi Nazimi -

Gördüm güllü yazımı!

Cavanlıq mizrabıyla

Çaldı könül sazımı!..

 

Bakıya qayıdandan sonra Ağacavad Əlizadə "Səfər yolum-məslək yolum" adlı məqalə yazdı. "Dalğa" qəzetinin 1993-cü il 2-8 fevral nömrəsində çap etdirdi. Bu məqalə o ağır günlərin xatirəsi kimi mənim üçün çox əzizdir."

Şair ayrı-ayrı mərd döyüşçülərlə görüşüb, onlara həsr etdiyi şeirləri yığıb, kitab halında çapa hazırlamış, lakin "Şəhidlərin biri mənəm" kitabı maddi imkansızlıq səbəbindən çap edilməmişdir. Kitaba daxil edilən şeirlər müxtəlif qəzetlərdə jurnallarda dərc olunmuşdur.

Ağır xəstə olan şair 1995-ci il aprel ayının 25-də dünyasını dəyişmiş, indiyədək işıq üzü görməyən "Şəhidlərin biri mənəm" kitabının xəyali şəkli məzarı üstünə həkk edilmişdir.

Anadan olduğu Salyan şəhərinin küçələrindən birinə şairin adı verilmişdir.

Ağacavad Əlizadənin böyük oğlu Mətin yazır ki, "Atamdan bir qədər sonra anam rəhmətə getdi. Təsəllimiz odur ki, anamı atamın yanında dəfn etdik. İki qəbri yan-yana görəndə atamın məşhur şeiri yadıma düşür".

 

SƏN YANIMDA OLANDA

 

Yüz sınaqdan çıxaram -

Sən yanımda olanda!

Dağı belə yıxaram -

Sən yanımda olanda!

 

Mənimdir söz meydanı,

Səsim tutar hər yanı.

Səsim tutar cahanı -

Sən yanımda olanda!

 

Çaylar kimi daşaram,

Sahilləri aşaram.

İki ömür yaşaram -

Sən yanımda olanda!

 

Ədalət  2018.- 17 mart.- S.12.