Üzeyir bəyin gözünün
nuru
Azərbaycan Cümhuriyyətinin
qurucularından sayılan Ceyhun Hacıbəylinin faciəli həyatından
bəhs edən tamaşa hazırlanıb
Dövlət
Musiqili Teatrı bu günlərdə yeni səhnə əsərinin
premyerasını tamaşaçılara təqdim etdi.
Kollektivin bir neçə aylıq gərgin zəhmətindən
sonra sənətsevərlərin mühakiməsinə verdiyi
tamaşa ilklərlə zəngindir. Bunlar barədə məqamı
gəldikcə ətraflı bəhs etməyə
çalışacağıq.
Tamaşa
Ceyhun Hacıbəylinin həyatından bəhs edir. Həmin
Ceyhun Hacıbəylinin ki, Şərqdə ilk demokratik
dövlətin-Azərbaycan Cümhuriyyətinin qurulmasında,
dünyaya tanıdılmasında müstəsna xidmətlər
göstərib. Həmin Ceyhun Hacıbəylinin ki, "Azərbaycan"
qəzetinin ilk baş redaktoru olub. Həmin Ceyhun Hacıbəylinin
ki, Versal Sülh Konfransında iştirak etmək
üçün nümayəndə heyətinin tərkibində
Parisə göndərilib və bolşeviklərin
istilasından sonra Vətənə dönə bilməyib. Həmin
Ceyhun Hacıbəylinin ki, qardaşı Üzeyir bəy hər
məktub yazanda ona "Nuri-didə Ceyhun"-yəni
"Gözümün işığı Ceyhun"-deyə
müraciət edib.
Azərbaycan,
"Azərbaycan",
Azərbaycan!
Tanınmış
yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Əli Əmirli yeni pyesini də məhz "Nuri-didə
Ceyhun" adlandırıb. Pyes Azərbaycan Cümhuriyyətinin
qurucularından sayılan Ceyhun Hacıbəylinin, müstəqil
dövlətimizin himnini yazan, dünya şöhrətli bəstəkar
Üzeyir Hacıbəylinin obrazlarının ilk dəfə səhnəyə
gəlməsinə bir vəsilə olub.
Tamaşanın
ideya müəllifi Dövlət Musiqili Teatrının
direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Əliqismət müəllim Ceyhun bəyin yazdığı
və maraqla qarşılanan "Bir il xəyallarda və
bütöv bir ömür" avtobioqrafik əsərini
oxuduqdan sonra cümhuriyyət qurucularının həyatı
barədə tamaşa hazırlanması təklifi ilə
Əli Əmirliyə və tanınmış rejissor, Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadəyə
müraciət edib.
Teatrın
kollektivi ötən ilin sonlarından "Nuri-didə
Ceyhun" pyesinin məşqlərinə
başlamışdı. Bu ilin əvvəlində dövlət
başçısı İlham Əliyevin Azərbaycan
Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar
ölkəmizdə "Cümhuriyyət ili" elan
olunması haqqında Sərəncam imzalaması
yaradıcı heyətin məsuliyyətini daha da
artırır. Gərgin məşqlərdən sonra
"Nuri-didə Ceyhun" teatr ictimaiyyətinə təqdim
edildi və Dövlət Musiqili Teatrı "Cümhuriyyət
ili"nə töhfə verən ilk teatr kollektivi oldu.
Səhnə
əsəri üzərində çalışan
yaradıcı heyət yeni tamaşanı pyes-metafora kimi
müəyyən edib. Tamaşa Ceyhun Hacıbəylinin
uşaqlıq xatirələri ilə başlayır, balaca
Ceyhun anası Şirinbəyim xanımın
danışdığı nağıllara qulaq asır. Hələ
keç kim, nə özü, nə də yaxınları
bilmir ki, onu qarşıda hansı tale, hansı məşəqqətlər
gözləyir. Ceyhun Hacıbəyli əvvəlcə
Sankt-Peterburqda, sonra isə Parisdəki Sorbonna Universitetində
ali təhsil alacaq. Şərq aləmində ilk demokratik
respublikanın-Azərbaycan Cümhuriyyətinin qurulmasında
qardaşı Üzeyir bəylə birgə yaxından
iştirak edəcək. İlk dövlət qəzetimizə-"Azərbaycan"a
rəhbərlik etmək məhz ona həvalə olunacaq. 28
yaşında yenidən Parisə göndəriləcək, bu
dəfə daha çətin və şərəfli bir
missiya ilə. Onun da daxil olduğu nümayəndə heyəti
yeni yaranan müstəqil Azərbaycanı tanıtmaq
tapşırığı ilə Versal Sülh Konfransında
iştirak etmək üçün Fransa paytaxtına yola
düşür. Ceyhun Hacıbəyli və nümayəndə
heyətinin digər üzvlərinin fədakarlığı
sayəsində Azərbaycan Cümhuriyyəti de-fakto
tanınır. Lakin bu sevinc uzun çəkmir, cəmi 3 aydan
sonra bolşevik Rusiyası Azərbaycanı işğal edir.
Üçrəngli
bayrağınla məsud yaşa!
Bu
işğaldan sonra Ceyhun Hacıbəylinin həyatının
ağrılı-acılı günləri başlayır. Vətəni
terrora məruz qaldığından Azərbaycana qayıda
bilmir. Həyat yoldaşı Zöhrə xanımla və iki
oğlu ilə birgə Fransada məşəqqətli illər
keçirir. Anasının, qardaşının,
bacısının digər doğmalarının və məsləkdaşlarının
həsrəti ilə yaşayır. Vətəndən
bir-birinin ardınca aldığı acı xəbərlər,
min bir əziyyətlə boya-başa
çatdırdığı oğlunun faşizmə
qarşı müharibədə həlak olması qürbət
eldə Ceyhun bəyin ürəyinə çarpaz dağlar
çəksə də o, son nəfəsinə kimi mübarizəsini
davam etdirir. Azərbaycanın öz müstəqilliyini yenidən
bərpa edəcəyinə inanır. Məhz Ceyhun Hacıbəyli
kimi mübariz, bütün ömrünü Vətənin
azadlığı uğrunda sərf edən insanların sayəsində
bu gün millətimizin imzası imzalar içində
görünür, üçrəngli bayrağımız
dalğalanır.
Yazının
əvvəlində qeyd etdiyimiz kimi, "Nuri-didə Ceyhun"
ilklərlə bol tamaşadı. Qürbətdə çox
çətinliklərə rəğmən Vətəninin
azadlığı və müstəqilliyi üçün
çalışan Ceyhun Hacıbəyli kimi Cümhuriyyət
fədaisi ilk dəfə məhz bu əsər sayəsində
tamaşaçıya tanıdılır. Bu günə kimi
müxtəlif teatrlarda uğurlu tamaşalara imza atan Əməkdar
incəsənət xadimi Mehriban Ələkbərzadə Ceyhun
bəyin obrazını Əməkdar artist Pərviz Məmmədrzayevə
həvalə edib. Bu, istedadlı aktyorun Dövlət Musiqili
Teatrının səhnəsində ilk işidir. Əminliklə
demək olar ki, tamaşanın quruluşçu rejissoru bu
obrazı Pərviz Məmmədrzayevə etibar etməkdə
yanılmayıb. İstedadlı aktyorun ifasında
tamaşaçı doğulduğu ocağa, ailəsinə
bağlı insanın qürbətdə acılar çəkməsinə
baxmayaraq daim Vətəninin müstəqilliyi
üçün çalışan bir mücahidin
yaşantıları, sevinci və kədəri ilə
tanış olur.
Dünya
şöhrətli bəstəkar, Dövlət Himnimizin müəllifi,
böyük maarifçi Üzeyir Hacıbəylinin obrazı
da ilk dəfə məhz bu tamaşa vasitəsi ilə səhnəmizə
gəlib. Aktyor Elçin İmanovun oynadığı
Üzeyir bəy qürbətdə çətin günlər
keçirən qardaşı Ceyhunla görüşmək
ümidi ilə yaşayır, hətta onun Bakıya
qayıtması üçün addımlar atır. Lakin siyasi
səbəblərdən buna nail ola bilmir, gücü öz
qonorarından qardaşının ailəsinə maddi yardım
göstərməyə çatır.
Tamaşada
Ceyhun bəyin həyat yoldaşı Zöhrə xanım
rolunu aktrisa Gülnarə Abdullayeva ifa edir. İstedadlı
aktrisa bu teatrın səhnəsində, teleseriallarda müxtəlif
rollar oynayıb, fikrimizcə Gülnarə Abdullayeva məhz
Zöhrə obrazı ilə sübut edir ki, o, dramatik, mürəkkəb
xarakterli rolların öhdəsindən gəlməyə
qadirdir.
Əməkdar
artist Şövqü Hüseynov son vaxtlar Dövlət Musiqili
Teatrı ilə sıx və uğurlu əməkdaşlıq
edir. Tanınmış aktyorun "Nuri-didə Ceyhun"
tamaşasında oynadığı Frençli adam obrazı həcm
etibarı ilə kiçik olsa da yaddaqalandır. Onun Üzeyir
bəylə görüş səhnəsi tamaşanın ən
konfliktli epizodlarındandır.
Uğurlu
tamaşada digər rolları Xalq artisti Fatma Mahmudova (Şirinbəyim
xanım), Ülviyyə Əliyeva (Zayad), Nicat Həbibov (Ceyhun
bəyin oğlu), Nadir Xasıyev, Firus Məmmədov, Şaban
Cəfərov (Parisdəki Azərbaycan nümayəndə heyətinin
üzvləri), Əməkdar artist Anton Ferşdant (Müsyo
Kambon), Mehriban Zalıyeva (Karmen), Hüseyn Nağıyev (Ceyhun
bəyin uşaqlığı), Fərid Rzayev (I məxfi
işçi) və Elməddin Dadaşov (II məxfi
işçi) oynayırlar.
Mehriban
Ələkbərzadənin quruluş verdiyi "Nuri-didə
Ceyhun" tamaşasının uğurundan söhbət
açarkən quruluşçu rəssam kimi Vüsal Rəhimin
yaradıcılıq işini xüsusi qeyd etmək
lazımdır. Quruluşçu dirijoru və musiqi tərtibatçısı
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev
olan tamaşada əsasən Üzeyir Hacıbəylinin, Soltan
Hacıbəyovun və Niyazinin musiqilərindən istifadə
olunur. Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva
quruluşçu baletmeyster kimi səhnə əsəri üzərində
çalışıblar. Xormeyster Əməkdar artist Vaqif Məstanov,
konsertmeyster Fidan Babayeva, işıq üzrə rəssam Vadim
Kuskov, rejissor assistenti isə Elməddin Dadaşovdur.
"Nuri-didə
Ceyhun" Azərbaycanın müstəqilliyi
üçün fədakarcasına çalışan, lakin
bolşevik işğalı üzündən Vətəninə
dönə bilməyib ömrünü qürbətdə
başa vuran bir insan faciəsindən danışan səhnə
əsəridir. Üzeyir bəy hər məktubunda
qardaşı Ceyhun Hacıbəyliyə "Nuri-didə
Ceyhun" yəni "Gözümün nuri Ceyhun"-deyə
müraciət edib. Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər
millətimizin gözünün nurudur. Bu gün qürbət
eldə uyusalar belə...
Ədalət 2018.- 17 mart.- S.10.