Novruz: ilkin qaynaqları və tarixi
inkişafı
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Novruz bayramı Azərbaycan xalqının zəngin maddi
və mənəvi dəyərlərinin mühüm bir hissəsini
özündə ehtiva edən böyük mədəniyyət
hadisəsidir.
Bayramın kütləvi halda keçirilməsi,
birlik və bərabərliyin təmin edilməsi, bayram
sevincinin qarşılıqlı bölüşülməsi
(bayram gedişində küsülülərin
barışması və s.) ritualları nəzərə
alsaq, əminliklə deyə bilərik ki, "Novruz" eyni
zamanda sosial hadisədir.
"Novruz" - hərfi mənada yeni gün deməkdir. Yeni gün,
yeni səhifə və ya yenidən doğulmaq motivlərini
özündə əks etdirən "Novruz" özünə
müxtəlif çalarların, mənaların verilməsinə,
tarixdə baş vermiş hansısa hadisələrlə əlaqələndirilməsinə
səbəb olmuşdur. Novruz haqqında məlumatlara
Əbu Reyhan Birunin "Asarul Baqiye", Mahmud Qaşğarinin
"Divanü Lugat-it Türk", Yusif Has Hacibin "Kutadqu
biliq", Ömər Xəyyamın "Novruznamə",
Nizamülmülkün "Siyasətnamə", Nizami Gəncəvinin
"İsgəndərnamə" və s. əsərlərində
rast gəlirik. Bundan başqa Novruzun gəlişi
yaz (bahar) fəslinin başlanğıcı hesab
olunduğundan "Bahariyyə" adlı əsaərlərin
ədəbiyyatımızda yaranmasına səbəb
olmuşdur.
Novruzun mənşəyi ilə bağlı müxtəlif
mülahizələr mövcuddur. Daha çox qəbul
edilən fikir Novruzun əkinçilik təqvimi ilə
bağlı olmasıdır. Bunun əsas səbəbi
"Novruz"un mart ayının 20-21
tarixində qeyd edilməsidir. Məhz şimal
yarımkürəsində 20-21 martda yaz gecə-gündüz
bərabərləşməsi baş verir. Günəş yenidən Ekvator xətdi üzərində
qərarlaşır. Bu hadisə şimal
yarımkürəsində yazın başlanması
anlamına gəlir. Təbiətin
oyanması, canlanması, bitkilərin yenidən öz
yaşıl rənginə bürünməsi, insanlarda
müsbət əhval-ruhiyyə yaratmaqla əkinçilik fəaliyyətinə
başlamağa stimul verir. Ehtimal edilir ki, məhz
buna görə həmin günü Novruz (Yeni gün)
adlandırıblar. Novruz yazın,
baharın gəlişinin bayram edilməsidir. İnsanlar təbiətin qışla ölüb
yazla dirilməsini bayram edirlər. Novruzda
biz bu simvolu "Kosa-kosa" oyununda görürük. Bu oyunda Kosanın ölümü
simvollaşdırılmışdır. Kosa
qış fəslinin simvoludur. Qış
keçir bahar gəlir.
Novruzun mənşəyi
ilə bağlı mülahizələrdən biri
"Novruz"un "yaradılış
bayramı" olmasıdır. Bu mülahizəyə
görə Tanrının dünyanı və insanı
yaratması təbiətin yazda dirilməsi ilə simvolizə
olunaraq həmin vaxtda bayram kimi qeyd olunur. Dünyanın
yaranmasında iştirak edən dörd ünsür dörd
çərşənbədə öz əksini
tapmışdır. Bu mülahizələrin
əsas dayanağı "Zərdüşt" dini və
onun müqəddəs kitabı sayılan
"Avesta"dır. Bayramın əsas simvolları od yandırılması (çərşənbələr)
və bu zaman dörd ünsürün vurğulanması,
süfrələrə boyanmış yumurta qoyulması və
s. rituallar atəşpərəsliklə əlaqələndirilir.
Belə hesab edilir ki, süfrəyə
(xonçaya) qoyulan təamlar arasında olan boyanmış
yumurta cansız aləmdən-canlı aləmə keçidi
simvolizə edir. Yumurtanın al rənglərə
boyanması da atəşpərəstlikdən irəli gəlir.
Ancaq unudulan əsas rituallardan biri odur ki,
yandırılan odun (çərşənbə
tonqalının) üzərindən atlanan mərasim
iştirakçıları
ağırlığım-uğurluğum burda qalsın
nidası səsləndirirlər. Bu ritual
atəşpərəslik təlqinləri ilə bir araya
sığmır. Belə ki, din
üçün müqəddəs hesab edilən odu
insanın günahlarını təmizləmək
üçün istifadəsi atəşpərəstlikdə
qadağandır. Tarixdə odun insanı
şər qüvvələrdə xilas edən, onu təmizləyən
vasitə kimi istifadə edilməsinə qədim türk ən-ənələrində
rast gəlmək olur. Rus alimi, məşhur türkoloq
Lev Qumilyov özünün "Qədim Türklər" əsərində
qeyd edir ki, Türk xaqanının qəbuluna gələn yad elli elçilər qəbuldan qabaq xüsusi
adamlar tərəfindən od üzərindən
keçirilirdilər. Bu da onların şər
ruhlardan azad olunması məqsədi ilə həyata
keçirilirdi.
Əl Biruninin yazdığı rəvayət isə
Novruzun yaranmasını Azərbaycanla bağlayır. Bu rəvayətə
görə Cəmşid Azərbaycana gələndə
qızıl taxta oturur və insanlar onu öz çiyinlərində
aparırlar. Günəşin
şüası Cəmşidin üzərinə
düşdükcə insanlar onu görürlər və
sevincdən həmin günü bayram edirlər.
"Novruz"un türklərin Ergenekon bayramının
davamı olması haqqında da fikirlər çox geniş
yayılmışdır. Bu mülahizəyə
görə, türklərin əskidən bəri
keçirdikləri "Ergenekon bayramı" müəyyən
bir dövrdən sonra "Novruz" adı ilə qeyd
olunmağa başlamışdır. Ergenekon bayramı təkcə
törəyiş deyil, eyni zamanda, əski türklərin 400 il əziyyət çəkərək
qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə
xilas olub çox gözəl bir yerə gəlib
çıxmaları və yerləşmələrinin
bayramıdır. Türklər xilas olduqları
günə və yerləşdikləri yerə
"Ergenekon" deyiblər. Türklər
həmin yerə gəldikləri günü, həmin gündə
və həmin yerdə ənənəvi olaraq qeyd ediblər.
Yeni zamanın və məkanın qeyd
olunduğu hadisə, Tanrıya alqışetmə
ritualıdır. Novruz rituallarından biri
olan "Kəndirbaz" oyunun "Ergenekon" dastanında
qeyd edilən Boz qurd arxasınca gedərək dar bir
keçiddən, dağ və ya qaya arasından keçilməsi
ilə əlaqələndirirlər.
Novruzun əsasında əski xalq mərasimləri
dayanır. Dünya xalqlarının bir çox mərasimləri
də belədir. Onlardan bəzilərinə
sonralar dini mahiyyət qazandırılır və beləliklə
də əski mərasim mədəniyyəti ilə dini adətlər
birləşdirilmiş olur. Bu baxımdan
Novruzun "İmam Əlinin taxta çıxdığı
gün" olması iddiası da var. Qeyd etmək
lazımdır ki, İmam Əlinin xilafətə gəlişi
miladi 656-cı ilin yay fəslində baş vermişdir.
Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi
dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı
İslamdan çox-çox əvvəllər meydana gəlib.
Yuxarıda qeyd edildiyi kimi "Novruzun" Zərdüştlüklə
əlaqələndirilməsi də əsassızdır.
Zaman keçdikcə insanlar imtina edə bilmədikləri
ibtidai dönəmin ənənələrini yeni dövrə
uyğunlaşdırıb dini bayramlar olaraq qəbul etmişlər.
Novruzun da rəsmi bayram kimi keçirildiyi qədim
və orta əsrlərdə o, dini əfsanələrlə əlaqələndirilmiş
və ona dini bir mahiyyət qazandırmağa cəhd göstərilmişdir.
Qədim dövrlərdə Novruz təkcə xalq
bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd
olunmuşdur.
Tarixi məlumatlara görə, Novruz bayramı
bir ay davam edirdi.
Biruninin əsərindən,
Ömər Xəyyamın "Novruznamə"sindən
aldığımız məlumatlara görə, Novruzda yerə
su səpərmişlər, yaxınlara hədiyyə verərmişlər,
yelləncəkdə yellənərmişlər, şirniyyat
paylayarmışlar, yeddi illik məhsulu müəyyənləşdirərmişlər,
ritual yuyunması, çimməsi və digər mərasimlər
icra edilərmiş. Novruz günündə
süfrəyə buğda, arpa, darı, qarğıdalı,
noxud, mərcimək, düyü, küncüt və ya lobya
unundan hazırlanmış çeşidli çörəklər
düzərmişlər. Süfrənin ortasına yeddi
cür ağacın (söyüd, zeytun, heyva, nar və s.)
zoğunu, yeddi ağ piyalə, ağ dirhəm
və ya yeni dinar qoyarmışlar.
Novruz bayramı şənliklərində kütləvi
gəzintilər, xalq oyunları, yarışlar, rəqs və
nəğmələr oxunması, məzhəkəçilərin
və kəndirbazların çıxışları olurdu. Novruz
bayramında müharibələr və
qarşılıqlı çəkişmələr
dayandırılır, sülh müqavilələri
bağlanır, hətta dəfn belə növbəti günlərə
təxirə salınırdı. Bu bayram o qədər
şad və şən bir bayram olmuşdur ki, o günlərdə
təkcə təmtəraqlı təntənələr deyil,
eyni zamanda, xəstələrə müstəsna diqqət və
qayğı göstərilmiş, qohum və dostlara baş
çəkilmiş, qohum və yaxınların məzarları
ziyarət edilmiş, bir-birinə qarşılıqlı inam
və simpatiya ifadə edilərək ümumbəşəri
dəyərlər üstün tutulmuşdur.Azərbaycan
xalqının dövlətçilik tarixinə nəzər
yetirsək Ağqoyunlular, Qaraqoyunlular və Səfəvilər
tarixi haqqında məlumat verən bir çox tarixi mənbələrdə,
dövrün tarixçilərinin əsərlərində
"Novruz" zamanı şəhərin gəlin kimi bəzədilməsi,
bayramın yüksək əhval-ruhiyyədə qeyd edilməsi
öz əksini tapmışdır.
Minilliklər keçməsinə baxmayaraq Novruz
bayramı bu gün də ölkəmizdə və ondan kənarda
yaşayan soydaşlarımız tərəfindən
yaşadıqları bölgələrdə yüksək təm-təraqla
qeyd edilir. Sovet hakimiyyəti zamanı Novruz bayramının
keçirilməsi qadağan edildiyi dönəmlərdə
belə xalqımız qeyri-rəsmi şəkildə,
çoxəsirlik ənənələrə sadiq qalaraq öz
ailəsi ilə bayramı qeyd edib. Məhz
bu fakt Novruzun Azərbaycan xalqının qanına, ruhuna ən
qədim zamanlardan hopmasını və əsirlər boyu nəsildən-nəsilə
ötürülərək yaşadılan birlik, sevgi, bərabərlik
və yenidən var olma bayramı olduğun sübut edir.
Bayram ərəfəsində
görülən əsas iş bayram
hazırlıqlarıdır. Buraya ev-eşiyin, həyət-bacanın
təmizlənməsi, yeni paltarların alınması, bayram
bazarlığı, bayram yeməklərinin hazırlanması
və s. daxildir. Bayramda müqəddəs
yerlər ziyarət edilir, qohumlara baş çəkilir,
bayramlaşılır, küsülülər
barışır, kasıblara yardım edilir, bayram payı
paylanır və s.
Bayram axşamı süfrə zövqlə bəzənirlər. Süfrədə
"s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən
sumax, sirkə, süd, səməni, səbzi və s.
olmalıdır. Bundan əlavə, süfrəyə
güzgü və şam qoyulur, güzgünün
qarşısına isə bəzədilmiş yumurta qoyulur.
Bunun da simvolik mənası var. Şam od,
işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq
rəmzidir.Ənənələrə görə, bayramın
ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə
görə, əgər Novruzun ilk günü evdə olmasan,
yeddi il evdə görsənməyəcəksən.
Qədim adətlərə görə, bayır
qapılar bağlanmır.
Novruzun
ilk gecəsi səhərədək şam
yandırılır: sönmüş ocaq, sönmüş
şam uğursuzluq əlamətidir. Novruzu qeyd
edərkən, kəndlilər növbəti ilin quraq, yaxud
yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını
müəyyən edirlər.
Adətlərə görə, Novruzun ilk günü yaz,
ikinci günü yay, üçüncü günü
payız, dördüncü günü isə qış hesab
edilir. Əgər
ilk gün külək və yağışsız olursa, deməli
il kənd təsərrüfatı
üçün uğurlu keçəcək. Əgər
külək olarsa, deməli bütün il
bu cür keçəcək. Son üç
gündə də ilin qalan fəsillərinin necə keçəcəyi
bu yolla müəyyən edilir.
Yeni
gün olan, yaşama sevinci, həyat enerjisi verən, təbiəti
oyadan, bayramlarin ən seviləni olan, milli bayramımız
novruz bayramınız mübarək olsun!!!
Hazırladı:
Babək ƏBÜLFƏTOĞLU
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2018.- 20 mart.- S.6.