HANI FƏRMANIN,
DAĞLAR?
Cəmi
52 il yaşadı Fərman Kərimzadə-indi ruhu Azərbaycan
torpağını, Vedini, Gəncəbasarı, Beyləqanı,
Təbrizi, Dərbəndi, Bakını dolaşan böyük
yazıçı, ipək xasiyyətli insan, dostlarının
və oxucularının xatirindən heç vaxt silinməyən
şəxsiyyət.
1937-ci ilin 3 mart günündə qədim Azərbaycan torpağı Vedidə dünyaya göz açmışdı. Yarandığı gündən müharibələr meydanına çevrilən Vedi torpağı XX əsrdə ən faciəli tarixini yaşadı. Təkcə Vedi yox, İrəvan xanlığının digər Azərbaycan torpaqları da bu cür müsibətlə, xəyanətlə üzləşdilər. Ancaq Vedinin o zaman Abbasqulu bəy Şadlinski kimi nadir, bəlkə də bir daha dünyaya gəlməyəcək sərkərdə, ağsaqqal oğlu vardı. Öz döyüşçü məharəti və ağıllı tədbirləri ilə Abbasqulu bəy iki il erməni generalları ilə vuruşdu, vedililəri mühasirədən çıxarıb Cənubi Azərbaycana apardı, ara sakitləşəndən sonra 1921-ci ildə geriyə-öz doğma torpaqlarına qaytardı. Heyif, Abbasqulu bəydən, yaşasaydı, bəlkə də bu faciələr baş verməzdi. (Sonralar Fərman Kərimzadə Abbasqulu bəyin bu tarixi xidmətini "Vedinin yanı dağlar" publisistik yazısında qeyd edəcəkdi).
İllər keçəcək,taleyin sərt qılıncı həmişə Veinin başı üzərində dolanacaqdı. Nəhayət, 1951-ci ildə Fərmangil də sonuncu köçürülənlərdən olacaqdı. Onlar səfalı Vedidən Azərbaycanın isti, qızmar bir aran rayonuna-Beyləqana gəldilər. Yerli şəraitə, təzə iqlimə alışa bilməyənlərin çoxu buradaca ömürlərini tapşırdılar. Amman ə etmək, bura da Azərbaycan torpağı idi. Fərman burada orta təhsil aldı, sonra Bakıda Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirdi. Qayıdıb Beyləqanda müəllim işlədi, rayon qəzetində çalışdı. Amma ürəyi, canı, ruhu Vedidə qalmışdı.
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar,
Burda bir
el var idi,
Siz deyin,
hanı, dağlar?
Hərdən Vediyə-öz kəndinə
qayıdırdı Fərman. Görürdü ki,
uşaqlıqda qoyub getdiyi ağaclar quruyub, çeşmələr
axmır. Bunlara dözmək olardı, amma
qədim Azərbaycan kəndlərinin adları hamısı
erməniləşdirilmişdi. Hiss edirdi ki, bütün
bunların axırı faciə ilə bitəcək,
çünki o dəhşətli gün anbaan
yaxınlaşırdı.
Fərmanın "Vedinin yanı dağlar" etnoqrafiq
eskizləri ("Azərbaycan" curnalı, 1988, № 9) Vedi və
vedililər haqqında böyük məhəbbətlə, həm
də ürək yanğısı ilə qələmə
alınıb.
"Mən bu yerdə doğulmuşam. Üzü güneyə baxanda iki əzəmətli
zirvə görünür. Zirvənin biri
hündürdü, başında qar buz parıldayır.
Zirvənin bizə tərəf baxan üzündə
nəhəng uçurumlar var. Elə uçurumlardı ki, ona
düzəndə dayanıb başını qaldırıb
baxanda ürəyində xof, qorxu yaranır. O birisi zirvə
isə nisbətən kiçikdir. Tərsinə
qoyulmuş fırlanğaca oxşayır. Amma
o fırlanmır, buludlar onun başına hərlənir.
Bu, Ağrı dağıdı". Fərman Kərimzadənin şeir
yazdığını bu yazı çap olunana qədər mən
də bilmirdim. Amma həmin yazıda Fərmanın
şair olduğuna da inandım. Köçürülmə
siyasətindən sonra Vediyə gələn Fərman sanki dərdini
söyləməyə adam tapmır,
üzünü suyu quruyan çaya tutub deyir:
Bulaqları
guruydu,
Nurdan
doğan nuruydu,
Pəhləvandan
zoruydu-
Bu çay niyə qurudu?
Ağır
elləri vardı,
Coşqun
selləri vardı,
Pələng
qolları vardı,
Bu çay niyə qurudu?
Sağı
dağ, solu qaya
Kimi salardı saya?
Bəyəm göz dəydi çaya?
Bu çay niyə qurudu?
O
naşı ki deyildi,
İlbaşı
ki deyildi,
Göz
yaşı ki deyildi
Bu çay niyə qurudu?
F.Kərimzadə
yazırdı ki, Vedinin adına ilk dəfə
1514-cü ildə "Sultan Səlimin səfər ruznaməsi"ndə
rast gəlirik. Vedi Azərbaycanın ən qədim
adət-ənənələrini, yaşayış tərzini
özündə parlaq şəkildə əks etdirən bir məkan
idi. Yazıda çox mətləblərdən
söz açılır. Amma bir ştrix üzərində
dayanmaq istəyirəm: "Vedi toylarının öz adətləri
vardı. Toya çağıran at belinə qalxıb bir torba
qırmızı alma götürüb
toya çağırılan adamlara verirdi. Qırmızı alma verilən adam toya sahibinə kömək eləməliydi.
İndiyə qədər vedililər arasında belə bir zərbül-məsəl
var: "Dalıncan qırmızı alma
göndəririk". Gəlini
üzüaçıq ata mindirərdilər. Qaynata da atın yüyənindən tutub, dartıb
aparardı. Nə indiki kimi yemək vermək
imkanı vardı, nə də qızıl-filan istəyirdilər".
1988-89-cu illərdə Vedinin qara günləri
başlandı və o qədim Azərbaycan torpağında
daha azərbaycanlı izi-tozu qalmadı. Bircə xatirələrdən
başqa. O iki ildə şəxsən mən Fərman Kərimzadənin
əzablarının, mənəvi ağrılarının
şahidi olmuşam. Biz hamımız Fərmanı təbiətən
şux, nikbin, deyib-gülən bir dost kimi
tanıyırdıq. O iki ildə (əslində iki il yox, bir il yarımdan da az), Fərmanın
zahirində cddi bir dəyişiklik görmədik, sən demə,
onun yuxusu ərşə çəkilirmiş, gecə-gündüz
rahatlığı yox imiş, bütün bu
ağrı-acıları içinə, ürəyinə
yığırmış. Fərman həmişə
torpaqlarından qovulmuş vedililərin yanında olurdu, bəzən
onların müsibətlərini çatdırmaq
üçün Moskvaya qədər gedib
çıxırdı.
Və günlərin birində bu ağrılar, müsibətlər
Fərmanın ürəyinə güc gəldi, o ürəyi
əbədi dayandırdı.
1989-cu ilin 17 mart günüydü (təsadüfə
bax, martda doğuldu, martda da dünyadan getdi), Fərman Kərimzadə
təzəcə 52 yaşını arxada qoymuşdu. Yeni tarixi
romanlarını qələmə alacaqdı. Artıq o, bu canrda bir yazıçı kimi
sözünü demişdi, amma ürəyi dolu idi.
Fərman sağ qalsaydı, 20 Yanvar və Xocalı
qırğınlarının şahidi olacaqdı. O, dünyasını dəyişəndə
hələ torpaqlarımızın çoxu əldən getməmişdi,
Fərman onları da görəcəkdi. Neçə
belə fəlakət və müsibətlə üzləşəcəkdi.
Amma Fərman onları görmədi, görsəydi
ürəyi bunlara tab gətirərdimi? Onun
cüssəsi, boy-buxunu əsl igid cüssəsiydi, amma bu nəhəng
insanın ən zəif yeri onun ürəyiydi. O ürək
ki, daş deyildi, qaya deyildi, zərif güldü,
çiçəkdi...
Fərman Kərimzadə müstəqil Azərbaycan
yolunda ilk şəhid yazıçılarımızdan oldu. Sonra Hafiz Baxış şəhid
oldu, sonra Nizami Aydın, sonra Xəlil Rza Ulutürk.. onların
ölümü bir daha sübut etdi ki, doğrudan da, Vətənin
ən ağır günlərində sənətkar xalqın
dərdinə necə yana bilər, ömründən keçər.
Fərman Kərimzadə dünyadan yetkin, kamil bir sənətkar
kimi köçdü. Gəlin təsəvvür edək ki, o,
"Qarlı aşırım"dan başqa heç nə
yazmayıb. Elə bircə bu roman kifayətdir
Fərmanı yaşatmağa.
O,
yaradıclığa 60-cı illərin əvvəllərində
başlayıb. Daha doğrusu, ilk kitabları da
("Sonuncu eksponat"-1961,
"Ömrümüz-günümüz"-1963, "Heykəl
dilə gəlir"-1965) o illərdə işıq
üzü görüb. Ancaq etiraf etmək
lazımdır ki, bu kitablarda toplanan hekayələr Fərmanı
o qədər də tanıtmadı.
1971-ci ildə isə Fərman Kərimzadə
"Qarlı aşırım"la (kitab halında
çapından əvvəl "Uluz"da dərc
edilmişdi) Azərbaycan tarixi romanında yeni bir səhifə
açdı, çox tezliklə yetmişinci illərin
sayılan yazıçılarından birinə çevrildi və
həmin roman əsasında film də çəkildi, bu da onu
daha da məşhurlaşdırdı.
"Qarlı aşırım"a qədər Azərbaycan
tarixi romanı İsmayıl Şıxlının "Dəli
Kür" romanı ilə yeni bir mərhələyə qədəm
qoymuşdu,-bu artıq danılmaz faktdır. Uahandar ağa
öz milli qüruru, bəylik, kişilik missiyası ilə Azərbaycan
ədəbiyyatında yeni bir hadisənin əsasını
qoydu. İnsanı təkcə sinfi-siyasi ədəbi
platformadan deyil, həm də bir insan kimi, yaxşı və
naqis cəhətləri ilə vəhdətdə təsvir etmək
lazımdır. Milliliyi bolşevik
obrazlarında, kommunist xarakterində axtaranların əksinə
olaraq İ.Şıxlı Uahandar ağada da kəşf etdi.
"Qarlı aşırım" da bu yolu, həyatı
və insanları sinfi mənsubiyyətindən asılı
olmayaraq, həm də bütün insani keyfiyyətlərilə
təsvir üsulunu seçdi.
"Yoxuşlar" (Əbülhəsən),
"Saçlı" (Süleyman Rəhimov), "Tərlan"
(Mehdi Hüseyn), "Qəhrəman" (Əli Vəliyev)...bu
romanlar otuzuncu illər kollektiv təsərrüfat uğrunda
gedən mübarizələri əks etdirirdi və nə qədər
maraqlı, sənətkarlıq baxımından gözəl
romanlar olsa da, hər halda, dövrün ədəbi
ştamplarından xali deyildilər.
"Qarlı aşırım" romanında da hadisələr
keçən əsrin iyirminci-otuzuncu illərində cərəyan
edir. Burada da sinfi mübarizədən söhbət gedir.
Amma müəllif sinfi toqquşmaların təsvirindən
daha çox, bu konfliktdə, bu toqquşmada iştirak edənlərin
ürək dünyasına enir. Kərbəlayı
İsmayıl quruluşla barışmır və onun məntiqi
də tutarlıdır: "Mənə dəyən kimə dəysəydi,
indiyə qədər on dəfə silah götürərdi. Adamın varına da toxunarlar, torpağını da
götürərlər, nə olar, elə bilərəm əl
çirkidi. Bəs hörmətə
sözün nədir? Kişiliyə sözün nədir?Axı, birdən-birə hər şeymi
adamın əlindən almazlar". Onun dostu,
amma indi bolşevik mövqeyini qəbul edən Abbasqulu bəy
də öz inadında haqlıdır. Çünki
o, nahaq qan tökməyin, qırğının əleyhinədir.
Beləliklə, iki dünyagörüşü
üz-üzə gəlir.
"Qarlı aşırım" xarakterlər
romanıdır. Fərman Kərimzadə obrazların adi hərəkətlərini
də ustalıqla canlandırır, həm də bu hərəkətləri
üzdə, zahirdə deyil, daxili aləmdə də əks
etdirirdi.Romanda təsirli səhnələr çoxdur. Kərbalayı İsmayılla Abbasqulu bəyin
görüşü yaxud Qəmlonun qəddarlığını
üzə çıxaran səhnələr romanı oxuyan hər
kəsin yaddaşındadır. Xüsusilə, Abbasqulu bəyin
qətlə yetirilməsi səhnəsi çox ustalıqla qələmə
alınıb, burada hər bir cümlənin, hər bir
ştrixin öz məna yükü var. əgər belə demək
mümkünsə, Fərman Kərimzadə bu səhnəni təsvir
edərkən böyük bir kətan üzərində cizgilər
yaradırmış, bu cizgilər get-gedə toranlıqdan
çıxıb Qəmlo ilə Abbasqulu bəyin -birincisinin qəddar,
ikincisinin ölərkən də qürurlu olduğunu-
obrazlarını canlandırırmış.
"Qəmlo Abbasqulu bəyin
sürüşdüyü yerə gəldi. Qar tapdalanmışdı. O isə yox idi. Qəmlo qarın üstündə qırmızı
ləkələr gördü. Bu ləkələr,
izlə bərabər, çayın o biri sahilinə gedirdi.
Qəmlo izi tutub yeridi. Qoca
bir palıd kötüyünün yanına gəldi.
...Başını qaldırıb palıdın budaqlarına
baxdı. Ağacın içində
çobanlar ocaq qalayıb ortasını
yandırmışdılar. Deyəsən,
təzə yandırmışdılar, oradan hələ də
tüstü çıxırdı. Qəmlonun
ağlına gəldi ki, bu, Abbasqulu bəydir, papiros çəkir.
Qəmlo kötükdən qorxurmuş kimi geri çəkildi. Tüfəngi
üzünə qaldırdı. Tətiyi
yavaş-yavaş dartmaq istədi, barmağının
gücü çatmadı. Qüvvəsini
toplayıb birdən-birə dartdı. Güllə
palıdın qabığından bir parça qoparıb
qarın üstünə saldı. İkinci
gülləni atmamış yenə geriyə çəkildi.
Elə bil palıdın gövdəsi
böyümüşdü, üstünə gəlirdi. Güllə yenə də əvvəlki yerdən dəydi.
Qarın üstünə ağac ovuğu səpələndi.
Üçüncü gülləni bir neçə
addım da kənardan atdı. Ona elə gəlirdi
ki, kötük yerindən qopub şaqqıldayacaq,
dağı-daşı titrədəcək, onu altına
alıb əzəcəkdir. Bu, adi
kötük deyil, adamdı, Abbasqulu bəyi öldüyü
anda ayaq üstə saxlamaq üçün dayanıb.
Güllənin beşi də qurtardı. Tüstü
kötüyün üstündə hələ də
yavaş-yavaş burulurdu. Yavaş-yavaş axıb gedən
qandan buğ qalxırdı".
Roman
haqqında görkəmli tənqidçi Yaşar Qarayevin bir
fikrini xatırlatmaq istərdim: "F. Kərimzadənin
"Qarlı aşırım"ı-ölüm,
qorxaqlıq və onların hər ikisindən ucada duran
İnsan və onun ləyaqəti barədə ibrətli hekayədir.
Konkret inqilabi-tarixi motiv burada məhz ümumbəşəri
əxlaq və mənəviyyat problemi səviyyəsinə
qalxa bilir".
Səksəninci illərin əvvəllərində Fərman Kərimzadə Şah İsmayıl Xətainin həyatından söz açan "Xudafərin körpüsü" və "Çaldıran döyüşü" dilogiyasını qələmə alır. Xatırladaq ki, həmin illərdə Şah İsmayılın anadan olmasının 500 illiyi qeyd olunurdu. F.Kərimzadə ilə yanaşı Əlisa Nicat "Qızılbaşlar", Əzizə Cəfərzadə "Bakı-1501" romanlarını yazdılar. Xətaiyə -bu böyük sərkərdəyə, dövlət xadiminə və gözəl şairə birdən-birə dörd roman həsr edilməsinin səbəbi məlum idi: Xətai Azərbaycan tarixinin ən önəmli səhifələrini yazsa da, Azərbaycan ədəbiyyatında onun bədii obrazı yaradılmamışdı. Bir sıra tarixi mənbələrdə isə Xətainin xidmətləri kiçildilir, yanlış məlumatlar çatdırılırdı. Azərbaycan alimi Oqtay Əfəndiyevin tədqiqatlarında isə bu yanlışlıqlar aradan qaldırıldı. F.Kərimzadənin romanı da bu mənada bədii ədəbiyyatın Xətaiyə, onun şəxsiyyətinə böyük marağın ifadəsi idi. "Xətai möcüzəsi" adlı məqaləsində F.Kərimzadə yazırdı: "Hərdənbir yolumuz rayonlara düşür. Bir rayonun katibinin hərəkəti məni lap heyrətə gətirdi. O, özünü çox məşğul göstərir, heç kəsi yanına buraxmırdı. Hətta Respublika Dövlət mükafatına layiq görülmüş bir şairi də (şairin məqsədi o idi ki, təzə çıxan kitabını katibə hədiyyə eləsin) saatlarla qapı dalında gözlədib qəbul etmədi. Amma nə rayonun planı dolub, nə də sosial inkişaf var. Bəs Şah İsmayıl Xətai bütün işləri görə-görə şairlərlə, rəssamlarla, rəiyyətlə görüşməyə necə vaxt tapırdı? Onun da sutkası 24 saat deyildimi? 24 il ərzində öz ölkəsini bütün dünyaya tanıtmadımı? Öz əsərlərini necə, yazmağa vaxt sərf etmirdimi?"
Çoxplanlı, çoxobrazlı, süceti və konflikti çoxşaxəli bu dilogiyada Şah İsmayıl Xətainin həyatı, hakimiyyəti Çaldıran döyüşünə qədər təsvir edilir, müəllif həm tarixi mənbələrin gözü ilə, həm də bədii təxəyyülü vasitəsilə Şah İsmayılı vahid milli dövlətin ilk qurucusu kimi canlandırır. Şeyx Heydər,Ağqoyunlu Sultan Yaqub,Şah İsmayılın nənəsi-Uzun Həsənin anası Sara xatun, Əbu Səid, Uzun Həsən, Məsih Mirzə, Aləmşahbəyim, Rüstəm Mirzə, Hüseyn Lələ bəy...bunlar hamısı tarixi şəxsiyyətlərdir və hər birinin taleyi sonadək izlənilir. İstər "Xudafərin körpüsü", istərsə də "Çaldıran döyüşü" tarixi hadisələrə və tarixi şəxsiyyətlərə utilitar baxışdan çox uzaqdır. Doğrudur, F.Kərimzadə Şah İsmayılın vurğunu idi, ancaq onun bu əsəri yazmaqdan məqsədi populyarlaşmaq deyildi. Bu romanlar F.Kərimzadənin Vətənçilik ideallarını ifadə edirdi.
Ömrünün son illərində Fərman Kərimzadə daha iki tarixi roman yazdı-"Təbriz namusu" və "Qoca qartalın ölümü".
Görünür, Azərbaycan tarixinin hələ də bəzi qaranlıq qalan, tam açılmayan, lazımınca izah olunmayan mətləbləri Fərman Kərimzadəni çox düşündürürmüş. Kərbalayı İsmayıl-Abbasqulu bəy-Qəmlo-Talıbov dövrünün təsviri canlı yaddaş və xatirələrdən gəlirdi. Şah İsmayıl dövrünin təsviri isə oxuduğu mənbələrdən və böyük hökmdarın poeziyasından əxz olunmuşdu. "Təbriz namusu"nda isə F.Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır.Başlıca mənbə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin əsəridir. Bu əsərdə Elxani hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Ancaq F.Kərimzadə Rəşidəddindən fərqli olaraq tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.Görkəmli yazıçı-tənqidçi Mehdi Hüseyn vaxtilə yazırdı ki: "Tarixçi dövrün ümumi ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz". Fərman Kərimzadə də məhz bu yolla getmişdir.
Fərman Kərimzadənin sonuncu tarixi romanı "Qoca qartalın ölümü" idi. Bu romanda XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə, "Qarabağnamə"lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır-yazıçı rus imperiyasına işarə edir.O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı İmperiya əvəz edir.
...Fərman Kərimzadə ədəbiyyatda, dostlarının xatirəsində həmişə diridir. Ömrü boyu-52 il ərzində o, çox aşırımlardan keçdi, çox maniələrlə üzləşdi, amma axırıncı aşırımı-xalqın, əzizləri vedililərin böyük dərdləri qalaqlanın axırıncı aşırımı keçə bilmədi. O aşırımda Fərman Kərimzadə heykələ döndü. Ruhu məni bağışlasın ki, onun bayatısını bu cür oxuyuram:
Vedinin yanı dağlar,
Ürəyi, canı dağlar.
Burda Fərman
yaşardı,
Siz deyin,
hanı, dağlar?
Ədalət 2018.-
20 dekabr.- S.7.