Dəyərli tədqiqat əsəri

 

Azərbaycanın 1917-ci ildən sonrakı tarixini düzgün anlamaq üçün iki əsas şəxsiyyət var: Nəriman Nərimanov və Məmməd Əmin Rəsulzadə. Onların dövründə və onlardan sonra taleyimizdən keçən böyük hadisələrin hər biri onların qoyub getdiyi irslə bağlıdır. Rusiyada vətəndaş müharibəsi gedişində tarix N. Nərimanovun seçimini təsdiqlədi: biz Rusiyaya bağlı olaraq qaldıq. Lakin Rusiya yolunu seçən N. Nərimanovun öz taleyi faciəli oldu.

1922-ci ilin dekabrında onu yarı zor Moskvaya "böyük" vəzifəyə apardılar. Çünki N. Nərimanov Bakıda əsl müsəlman hakimiyyəti, xristianlarla bərabərlik istəyirdi öz xalqı üçün. V. Leninin ona vəd etdiyi Müstəqil Azərbaycan Sovet Sosialist Respublikasını ləğv etdilər, Bakıdakı hakimiyyəti isə 1918-ci ilin martında əliyalın müsəlmanları qıran erməni zabitlərinə və tacirlərinə verdilər.

N.Nərimanov Moskvaya gedən kimi Bakıda Azərbaycan respublikasının müstəqilliyinə aid bütün qurumlar ləğv edildi, o cümlədən Milli Ordu. N. Nərimanov Bakıda olduğu vaxtda bunları etmək çox çətin olardı, onun şiddətli müqavimət göstərəcəyi labüd idi.

SSRİ dağılandan bizdə N. Nərimanov haqqında mübahisələr gedir: ona satqın deyənlər də, xalq adamı sayanlar da var. Bu baxımdan professor Teymur Əhmədovun "Nəriman Nərimanov" kitabı ( Nurlar, 2016) diqqəti cəlb edir. Bilirik ki, o N.Nərimanovun 1956-cı ildə bəraət aldıqdan sonrakı dövrdə ən yaxşı tədqiqatçılarından biridir. 0, 1961-cı ildə Elmlər Akademiyasının aspiranturasına girmişdi və ona "N. Nərimanovun dramaturgiyası" mövzusunu təsdiq etmişdilər. Otuz yaşlı cavan tənqidçi olan Teymur Əhmədov odun içinə girdiyini heç axıracan bilmirdi. Çünki 1937-ci ildən bəri N. Nərimanovun adı millətçilik sinoniminə çevrilmişdi. Güllələnən müsəlman bolşeviklərin hamının cinayət işində Nərimanovdan qalma "millətçi və pantürkist təşkilatın" uydurma mifologiyası keçirdi. Qoca nəsil bolşevikləri N. Nərimanovun adından qorxurdular. Hamı bilirdi ki, Nərimanov haqqında namizədlik işi təsdiq üçün Moskvaya gedəcək. Orda isə Nərimanovun erməni və rus millətindən olan düşmənlərinin xeyli hissəsi sağ idilər.

Azərbaycanda N. Nərimanov fenomenini araşdırıb üzə çıxaran adamların birinci ardıcılı professor Teymur Əhmədovdur və buna görə biz ona minnətdar olmalıyıq. Düzdür, ondan sonra saxtakar partiya tarixçiləri də bu işə qoşulub akademik oldular. Amma onlar şaumyanizmin sifarişlərini yerinə yetirirdilər. Teymur Əhmədov isə 1920-ci illərin əvvəllərindən, hələ öz sağlığında millətçi damğası vurulan N. Nərimanovun ancaq ən yaxşı əməllərini, böyük bədii irsini xalqımıza qaytarmaq istəyirdi. Yəqin indiki cavanlar bilmir ki, N. Nərimanovun adı ermənilərin köməyi ilə qadağan edilmişdi, ancaq 1956-da keçən XX qurultaydan sonra onun dram əsərlərinin təzədən çap edilməsinə icazə verdilər. Amma bunu etmək də asan deyildi: Nərimanovla bağlı faktlar və materiallar siyasi arxivlərdə gizlədilmişdi.

Amma dürüstlük üçün deməliyik ki, N. Nərimanova Moskvada Nikita Xruşşovun şəxsi iştiraki ilə bəraət veriləndən sonra bu qərar 1956-da Bakıya gəldi. Bakıda da Moskvadaki qərarı təkrar edən qərar çıxdı: Sadəcə İmam Mustafayev, Mirzə İbrahimov və digərlərinin üzvü olduğu MK bürosunun Qərarı ilə yüzlərlə qadağan edilmiş müəlliflər sırasında N. Nərimanovun bədii əsərlərinin çapına qadağa aradan götürüldü. 1956-ci ildə N. Nərimanov haqqında 20-yə qədər qəzet və jurnal məqaləsi çıxdı. Teymur Əhmədov bu siyahını öz kitabında verib və maraqlananlar ora baxa bilər. Bu kampaniya idi, ona görə ki, N. Xruşşov qurultayda Stalini ifşa edəndən sonra sovet partiya aparatı ikiyə bölündü. İmam Mustafayev xruşşovçu idi, peşəkar partiya işçisi olmasa da, buna görə hakimiyyətə gətirilmişdi. Amma partiya aparatının 85 faizi gözlüyürdü ki, bu gün-sabah çevriliş olacaq və partaya həyatında Lenin-Stalin prinsipləri bərpa olunacaq. Bu halda N. Nərimanov da burjua millətçiləri siyahısına qayıdasıydi.

N. Nərimanovun bədii yaradıcılığı haqqında ilk namizədlik işi Elmlər Akademiyasında ancaq 1961-ci ildə təsdiq edildı. 1961-ci ildə EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olan Teymur Əhmədov Akademik Mirzə İbrahimovun ilk aspirantı oldu. Onun tövsiyəsi ilə "Nəriman Nərimanov dramaturgiyası" elmi tədqiqat işi kimi təsdiq edilsə də, əsl həqiqətdə Mirzə İbrahimov öz tələbəsinə Nəriman Nərimanovu bütövlükdə araşdırmağı tapşırdı. Məhz ona görə də Teymur Əhmədov Bakıda oturub müəllifin pyeslərini təhlil etməklə məşğul olmadı: İlk günlərdən "unudulmuş qadağan olunmuş" Nəriman Nərimanovun sorağı ilə Tbilisiyə, Həştərxana, Kazana, Moskvaya, Sankt-Peterburqa, Krıma səfərə çıxdı. Toz basmış arxivlərdə, qatı açılmamış 1890-1937-ci illərin mətbuatını - jurnal və qəzetlərdə "Nəriman izini" onun səsini-sorağını - arı çiçəkdən-çiçəyə nektar yığan kimi yığıb topladı. İctimai-siyasi xadimin mükəmməl obrazını yaratdı. Bu çox əzablı, ağır iş onu yormadı.

Teymur Əhmədov yorulmaz tədqiqatçı alim kimi bu sınaqdan şərəflə çıxdı: topladığı zəngin, hər kəsə məlum olmayan materiallar əsasında Bakı, Naxçıvan, İrəvan mətbuatında çıxış etdi, kitab, albom-kitab yazdı. Nərimanovun foto-şəkillərini arxivlərə, muzeylərə hədiyyə verdi. O zaman bütün bunlar fədakarlıq tələb edirdi, rəsmi dairələrdə o qədər də hüsn-rəğbətlə qarşılanmırdı. Baxmayaraq ki, Azərbaycan MK-nin Birinci katibi Heydər Əliyev gərgin mübarizədən sonra Nəriman Nərimanovun əzəmətli heykəlini yenicə ucaltmışdı... "Ədəbiyyat və incəsənət" qəzeti (mənim arxiv sənədlərim və N.Nərimanovun müxtəlif fotoşəkilləri, heykəlində əzəmətli foto-surəti birinci səhifədə verilməklə) bir nömrəsini N.Nərimanova həsr etmişdi. Ertəsi günü redaktora şiddətli töhmət verildi, məsul katib şair Məmməd Araz işdən çıxarıldı.

O Mirzə ki, Moskvanın qərarı ilə 1958-ci ildə Azərbaycan KP MK bürosu üzvlüyündən və Ali Sovetin sədri vəzifəsindən millətçi kimi, Azərbaycan dilinin müdafiəçisi kimi çıxarılmışdı. O zaman Mirzə İbrahimov yeganə adam idi ki, Moskvadakı ermənilərdən qorxmurdu. Çünki İosif Stalin özü Mirzəni tanıyırdı, onu 1945-ci ilin yazında öz məxfi qərarı və imzası ilə S. Pişəvəri hökumətini təşkil edən məxfi Üçlüyün sədri təyin etmişdi. Hətta Moskva erməniləri bilirdi ki, ermənilərin də üzv olduğu İran Kommunist Partiyasından ayrılan azərbaycanlıların ilk milli kommunist partiyası olan "Azərbaycan Demokrat partiyası"nın Nizamnaməsini Mirzə İbrahimov yazmışdı və İ.Stalin də bu proqramı öz əli ilə redaktə eləmişdi. Bu, Stalinin İranı sosialıstləşdirmək planı idi və ermənilər bu planı Mirzə İbrahomovun planı kimi ifşa edən yüzlərlə danoslar yazmışdılar, Stalinə yollamışdılar. Amma Teymur Əhmədovun elmi rəhbəri öz yerində idi. Üstəlik N. Nərimanov mövzusu ona ermənilərlə yeni intriqalara girmək üçün fürsət idi. Üçüncü də, Mirzə bəlkə yeganə adam idi ki, onu Moskva erməniləri qaralaya bilməzdilər, çünki onun siyasi çəkisini bilənlər orda da kifayət qədər idi. Ona görə 1966-cı ildə Teymur Əhmədov öz dissertasiyasını uğurla müdafiə etdi və sonrakı elmi fəaliyyətində N. Nərimanov mövzusuna sadiq qaldı. Bu mövzuda necə kitabı və biblioqrafiyası çıxdı. Sözügedən kitaba geniş bir biblioqrafiya da əlavə olunub və bu barədə istənilən mənbəni tapmaq olar.

Kitabda ən maraqlı fəsillərdən biri 1960-ci ilə qədər N. Nərimanovun öyrənilmə tarixinə həsr edilmişdir. Bu fəsildə müəllif özünə xas pedantlıqla N.Nərimanov haqqında həm çap olumuş, həm də arxivlərdə qalmış araşdırmaları işıqlandırmağa çalışıb. Həm də bu işi Firidun bəy Köpçərlidən başlayıb yazıçının erməni müasirlərinə qədər hamını əhatə etmişdir. Teymur Əhmədov ilk ədəbiyyatşünaslardan olan Firidunbəy Köçərlini yeri gəldikcə tənqid də etmişdir. Çünki onun təhlillərində "rəsmi tənqidin" təsiri çox güclü olubdur. Rəsmi tənqid nədir? Bu XIX əsr rus ədəbi mətbuat tarixinə məxsus termindir. Qısaca desək, rəsmi tənqidin nümayəndəsi öz fikrini deyil, tənqid məfhumu altında rəsmi dövlət sənədlərinin nöqteyi-nəzərini təbliğ edir. Bu faktiki dövlət təbliğatının Rusiyaya məxsus formasıdır. XIX əsrdə Rusiyada həqiqi tənqid də vardı: bu aşağı təbəqələrdən çıxan, raznoçin nümayəndələri inqilabçı-demokratlar idilər: Belinski, Dobrolyubov kimiləri.

Biz bu barədə ona görə danışırıq ki, N. Nərimanova münasibətdə qabarıq üzə çıxan bu məsələ tənqidimizdə uzun müddət yaşamış və Azərbaycan maarifçilik hərəkatına və onun milli dəyərlərinə və əksər nümayəndələrinə səhv qiymətlərə səbəb olmuşdur. XIX əsrdən bəri xalqımız iki yeni ideologiya mənimsəmişdir: maarifçilik və marksizm. Biz maarifçiliyi keçməsəydik marksizmi mənimsəyə bilməzdik. Necə ki, əksər müsəlman xalqları bəsit müsəlman marifçiliyindən irəli gedə bilməyib hələ.

Gənc Teymur Əhmədov əz sələfi Firidunbəy Köçərlinin N. Nərimanov haqda qiymətlərinə çatan kimi bu məsələni qaldırır. Firidunbəy Köçərli "Nadanlıq" pyesinin qəhrəmanları Məhəmmədağa və Öməri az qala mənasız qəhrəmanlar kimi qiymətləndirir. Nəyə görə belə olur? Axı bunların hər ikisi mühitimiz üçün təzə olan Avropa tipli maarifçi ziyalılar idi. Çünki Firidunbəy qısqanc müstəmləkə məmuru mövqeyindən çıxış edir, yəni ancaq Çar üsul-idarəsini maarif və mədəniyyət yayan mənbə sayır. Məhəmmədağa və Öməri isə müstəmləkə maarifçiləri ilə bir sıraya qoymaq istəmir. N. Nərimanov çox cavan olsa da, milli maarifçi kadrların, kənd müəllimlərinin xalqın gələcəyi üçün mütərəqqi əhəmiyyətini anlayırdı. Sadə bir şeyi başa düşürdü ki, kənardan balaca bir zümrə maariflənə bilər. Amma mədəni bir xalqa çevrilmək üçün xalqın öz milli məktəbi, müəllimi və maarifli kadrları olmalıdır. Tarixən də belə oldu: nadanlığa - bizim öz milli məktəbimiz və müəllim kadrlarımız son qoydu. Ona görə gənc Teymur Əhmədovun Firidunbəy Köçərli və sonraki N. Nərimanov tənqidçiləri ilə polemikaları bizə tutarlı və doğru görünür.

Tədqiqatçı Nərimanovun bədii irsinə qiymət verəndə Azərbaycan maarifçiliyinin dönyagörüşü kimi böyük əhəmiyyətindən çıxış edir. Maarifçi görüşlərə qədər bizdə islam və onun allaha təvəkkül əxlaqı hakim idi. Amma maarifçilik müasir məktəbin və təhsilin əhəmiyyətini dərk etməkdən başlamaqla dünya və onun siyasi-iqtisadi xəritəsi barədə müasir təsəvvürlərin yayılmasına doğru aparırdı. Teymur Əhmədov göstərir ki, maarifçilər cəmiyyət haqqında müasir bilikləri yayır, Azərbaycan məişətini qonşu və qabaqcıl xalqlarla müqayisə edir və köklü əhəmiyyəti olan bir məsələyə gəlib çıxırdılar: bu, milli tərəqqi ideyası idi, dünyada millətlərin yarışına və rəqabətinə qoşulmaq ideyası idi. N. Nərimanovun bütün irsi Azərbaycanın bu yöndə inkişafına həsr edilibdir. Birinci Dünya müharibəsinin sonlarında, xüsusilə 1917-ci ildə N. Nərimanov bu yöndə öz siyasi publisist məqalələri, kütləvi mühazirələri ilə fəal çıxış edirdi.

N. Nərimanovda Çar hökuməti ilə konfliktdə olan el qaçaqlarına da müəyyən rəğbət vardır və bu, Firidunbəy Köçərlinin birmənalı tənqidinə tuş gəlir. Və bu tənqidə də müəllif etiraz edir. Kəbinli arvadları oğurlamağa haqq qazandırmır, amma ümumilikdə el qaçaqlarını xalqın ayrılmaz hissəsi, hətta namuslu bir hissəsi hesab edir və belə adamlara hüquqi yardım edən Ömərə ədəbiyyatımız üçün yeni tipli bir qəhrəman kimi baxır. Sovetləşməyə qədər N. Nərimanova münasibətdə bu tip ədalətsizlik halları bir mühüm problemlə bağlı idi: müstəmləkə məmurlarının qısqanc hissəsi Azərbaycanın öz milli kadrlarına əsaslanan maarifçi hərəkatı və ideologiyanı, ədəbiyyatı düzgün qiymətləndirə bilmirdilər. Onlar üçün maarifçiliyin yeganə mənbəyi və timsalı rus-Avropa mədəniyyəti idi. Onlar öz xalqımızın zərdüştilikdən bəri gələn mədəniyyətini anlamır, onun milli xüsusiyyətlərini zənginlik kimi görmürdülər.

Lakin bir cəhalətin müqaviməti vardı, bir də komprador yerli məmurların mədəniləşib müstəmləkəçilərə qarışması illüziyası. Və ikinci birincidən təhlükəli idi, çünki əslində milli tərəqqi ideyasına inanmırdılar və ona inananlara yuxarıdan aşağı baxırdılar. Əlbəttə, bizdəki kosmopolitizm və rəsmi tənqid intellektual dayazlıq, ifrat ruspərəstliyin bir şəkli idi və sovet dövrü ədəbi fikrində də kosmopolitizm və nihilizm meylləri kimi 60-cı illərə qədər davam etdi. 1955-ci ildə Azərbaycan KP MK-nin Cəfər Cəfərovun görüşlərindəki kosmopolitizm haqqında xüsusi qərarı çıxdı. İ. Mustafayev - M. İbrahimov cütlüyünün milli hakimiyyəti dövründə, Pişəvəri hərəkatında ana dilinə görə, 30 min Azərbaycanlı qurban gedəndən sonra kosmopolitizm milli elitaya, xüsusilə S. Vurğun, S. Rəhimov kimi vətənpərvərlərə dözülməz göründü. Çünki milli maarifçiliyin zəruriliyi məsələsi həyatın özündə həllini tapmışdı. Bu mənada Böyük Vətən müharibəsindən sonra S. Vurğunun "Aygün", "İnsan" kimi əsərlərinə irad tutan rəsmi tənqid eybəcər bir anaxronizm idi və MK aparatından idarə olunurdu.

Faciə onda idi ki, rəsmi tənqid sovetləşmədən sonra da ziyanlı işini davam etdirdi. Həm də N. Nərimanova münasibətdə yaşadı. Ölümündən sonra N. Nərimanovu nəinki inkar etməyə, hətta onu millətçi adlandırmağa başladılar. Bunlar ermənilərlə ittifaqda karyera quran ideologiya məmurları idi. Bolşevik partiyasının quruluşu rus çarları vaxtındakı ideoloji siyasəti davam etdirirdi. Çar sarayı bolşevik MK-sı və Bürosu ilə əvəz edildi. Bürodan, Moskvadan gələn direktivlər müzakirə olunur və səhər "Kommunist" və "Bakraboçi" qəzeti, Azərinform tərəfindən tirajlanırdı. Ona görə 20-30-cu illərdə "Kommunist" və ""Ədəbiyyat qəzeti"ndə çap olunan aqressiv yazıların əksəriyyəti onların müəlliflərinin deyil, rəsmi tənqidin nümunəsi sayılmalıdır. Moskva və Bakı MK-sındaki bir ovuc adamın iradəsini əks edirdi. Yəni rus çarları zamanı yaranan rəsmi mətbuat və ədəbi tənqid, əyər belə demək doğrudursa, sovet şəraitində də çiçəklənirdi. O cümlədən N. Nərimanova qarşı iyrənc kompaniya şəklində.

Bunun da konkret səbəbi var idi. V. Lenin və bolşeviklər tərəfindən namərdcəsinə aldadıldığını dərk edən N. Nərimanov Moskvada ağır mənəvi böhran yaşayır və Siyasi büroya məktublarında açıq-aydın yazırdı ki, 1920-1923-cü illərdə Bakıda müsəlman əhaliyə qarşı qərəzli rus-erməni bolşevik ittifaqı formalaşıb və əməli olaraq müsəlmanların bütün hüquqlarını pozurlar. Çoxlarının dərk etdiyi bu həqiqəti açıq deyən yeganə müsəlman idi.

N. Nərimanov. Həm də adi müsəlman yox, şərq müsəlmanlarının kommunist əqidəli lideri, şərqin Lenini deyirdi.

Bu ərəfədə N. Nərimanovun faciəsini ağırlaşdıran ikinci amil onun cavan bolşeviklərlə konflikti və Ç. İldırım, D. Dünyadzadə, Q Musabəyov, M. D. Hüseynov, R. Axundov və digər cavan bolşeviklərin də Nərimanovun millətçi kimi damğalanması kompaniyasında iştirakı idi. M. S. Ordubadi bu barədə "Nərimanovçuluq nədir?" adlı məqaləsində gözəl bəhs edib. Çünki Ordubadi özü də yırtıcı ardıcıllığnan vəzifə və səlahiyyət istəyən cavan, amma nadan Azərbaycan bolşeviklərinin təzyiqinə məruz qalmışdı. Sadaladığımız bolşeviklər özləri də Moskva tərəfindən kifayət qədər "istifadə" edildikdən sonra 1937-də güllələndilər. N. Nərimanovun faciəsini təkrar etdilər.

Böyük ədib səmimi beynəlmiləlçi olubdur. Bu sadəlövh səmimiyyətin bir mənbəyi də onun bir müsəlman ziyalısı, müsəlman zehniyyəti daşıyıcısı olmasında idi. Dində millət yoxdur. N. Nərimanov sürgün illərində Həştərxan və Volqa tatarları arasında yaşamışdır. Çoxlu qayğıların içində fürsət tapıb tatar xalqının milli teatrının yaranmasına da töhfə vermişdir.

Professor Teymur Əhmədov böyük ədib haqqında məhəbbətlə yazır. Onun milli tərəqqi arzuları yolunda mübarizələrini xırda faktlarına qədər üzə çıxarır. Alim bu araşdırma üsulunda çox haqlıdır: Bu abidələrin hər sətri xalqımıza, onun işığa çıxmaq arzularına xidmət ehtirasları ilə doludur. Bu ehtirasların səmimiliyinə heç bir şübhə ola bilməz. N. Nərimanov bizi feodal zehniyyətindən ayıran, müasir cəmiyyətə çevirən on minlərlə xalq müəllimlərinin müəllimi idi.

 

Rəhim Əliyev,

filologiya elmləri doktoru

 

 

Ədalət $g 2018.- 28 mart.- S.6.