Zakir Fəxrinin poetik "Mən"i

 

Nizami Cəfərov

 

Adalet.az moderator.az-a istinadən Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun tanınmış şair, tərcüməçi Zakir Fəxri haqqında yazısını təqdim edir:

Azərbaycan poeziyasında şairin dünyagörüşünü, əqidəsini, ən müxtəlif (hətta xaotik!) təzahürlərində həyata münasibətini, daxili enerjisinin - ruhunun təbiətini, nəhayət, ənənəvi (və populyar) terminologiya ilə desək, üslubunu bütün aydınlığı, eləcə də, nə qədər paradoksal olsa da, mürəkkəbliyi, çoxspektrliliyi, rəngarəngliyilə göstərən bir əsas obyektiv, mübahisəsiz ideya-estetik anlayış-paradiqma varsa, o da şairin poetik "Mən"idir.

Və görünür, bu məsələyə daha geniş kontekstdə də baxmaq, bütövlükdə Azərbaycan poeziyasının, eyni zamanda onun müxtəlif dövrlərinin, mərhələlərinin, yaxud cərəyanlarının, məktəb-üslublarının ümumi poetik "Mən"indən də bəhs etmək olar. Hər şeydən əvvəl ona görə ki, bir şairin poetik "Mən"i ilə onun mənsub olduğu xalqın (etnik-mədəni sistemin) poetik "Mən"i arasında həm dialektik, həm də metafizik vəhdət vardır. Lakin bu, prinsip etibarilə, heç bir mübahisə doğurmayan mülahizə-formulun daha mükəmməl dərki üçün bir mühüm məqam nəzərə alınmalıdır ki, dünya poeziyasının da ümumi "Mən"i yox deyildir. Və hər bir şair mənsub olduğu etnosun övladı olmaqla yanaşı, dünyanın övladıdır.

Bizim nümunəvi, ölçülü-biçili, səlis (və pedant) təfəkkürümüz mövqeyindən sual oluna bilər ki, bu qədər akademik (və dəbdəbəli! )girişdən sonra bu günümüzün kifayət qədər iddialı, daha adlı-sanlı (və həqiqətən, daha layiq ola biləcək!) şairlərindən birinin yox, niyə məhz Zakir Fəxrinin poetik "Mən"indən söhbət açır, misal çəkirik?..

Əlbəttə, burada, hər sahədə olduğu kimi, şərtilik də var, subyektiv münasibət də... Ancaq elə şərtlər də var ki, bizi Zakir Fəxri poeziyasına çəkdi.

Hər şeydən əvvəl ona görə ki, Zakir Fəxri, əgər təbiri caizsə, sözün geniş mənasında, modern şairdir, həyatı hər cür keşməkeşlərdən keçib, daim ədəbi prosesin içərisində olub, dünyanın isti-soyuğunu görüb, acısını-şirinini dadıb. İkincisi, Azərbaycan poeziyasının, deməkolar ki, hər bir janrında qələmini (və ürəyini!) sınamış təvazökar bir poetexnoloq olmaqla bərabər, özündən kənara çıxıb bütövlükdə Azərbaycan poeziyasını "öz yaradıcılığı" qədər mənimsəyib. Üçüncüsü, dünya poeziyasını eninə-uzununa (və duya-duya) ana dilinə çevirib.

Odur ki, Zakir Fəxrinin poetik "Mən"indən danışmaq günümüzün poeziyasının səciyyəvi bir "Mən"i ilə ehtiyac hiss etdiyimiz mükalimədir.

 

Başdan aşdı dərdi-sərin,

Qalmadı canda təpərin;

Yox idi xəbər-ətərin,

Səsin də gəlmirdi, balam,

Salam, Zakir Fəxri, salam!

 

Zakir Fəxrinin poetik (şairlik!) "Mən"inin necə doğulduğunu, hansı qaynaqlardan gəlib hansı təsirlər altında formalaşdığını keçən əsrin 70-ci illərinin əvvəllərində Ramiz Rövşənə yazdığı bir məktub, elə bilirəm ki, aydın ifadə edir. Ramiz Rövşən xatırlayır ki, "məktubunda sevdiyinə qovuşmasa, intihar edəcəyini yazan, buna təkcə özünü yox, sevdiyi o yazıq qızı da inandırıb zar-zar ağladan o cavan şairin şeirlərinin çoxu ölümdən, ayrılıqdan olsa da, ürəyi yaşamaq, yazıb-yaratmaq, şeirlərini çap elətdirib "adam arasına çıxmaq" arzusuyla doluydu".

Zakiri ədəbiyyata, poeziyaya sonralar formalaşıb poetik "Mən"ə çevriləcək insan (xarakter!) "Mən"i gətirirdi.

 

Gördüm, dörd yanı su basıb,

Ha əlləşdim, keçəmmədim...

Bir az susuzdum mən kasıb,

Bir qurtum su içəmmədim...

 

Bu misralar, bu cür düşüncə tərzi bir dərviş, sufi yolu ilə gedəcək, ancaq hələ yanğılı, doymamış, təkmilləşməmiş bir ruhun təzahürüdür. Və natamam poetik "Mən" hələ "kan"dan gəlib "məkan"a gedir...

 

Doğmalarım döndü yada,

Evim oldu qərib ada...

Dolaşıb payi-piyada

Bir az da gəldim yaxına...

 

Zakir, təbii ki, müasir, modern şairdir, o nə qədər imitasiya etsə də, nə qədər Rumidən, Yunus Əmrədən (və yaxud onların dahi sələflərindən) gəldiyini güman eləsə də, klassik sufilərin yerişini yeriyə bilməzdi. Ancaq unutmaq olmaz ki, günümüzün poeziyasının ümumi "Mən"i, günümüzün insanının "Mən"i kimi özünütəsdiq (və özünüifadə) axtarışlarında çoxlu istinadlar içərisində sufizmə istinadı da istisna etmir. Və bu günün şairi heç də qəribə, antimüasir, antimo- dern görünmədən deyə bilər ki.

 

Gözlərimi bağla, Tanrım,

Adam olan bağlamasın...

Ağla məni, ağla, Tanrım,

Məni bəndə ağlamasın...

 

Tanrım Afaq Məsudun ömrünü uzun, qələmini, həmişə olduğu kimi, iti eləsin!.. Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" kitabına elə bir ön söz yazıb, onun "Mən"inin "arxitektoni - ka"sını elə ustalıqla, mövzuya bələdliklə interpretasiya edib ki, mən bilmirəm nə deyim ki, bu, şairdən güclü insanın, insandan güclü şairin haqqında bir az da dərinə gedim. Zakir elə bil bu dünyaya ona görə gəlib ki, hamının doğmalarını tapa-tapa öz doğmalarını itirsin. Yox, Afaq xanım daha dərin demişdi. Demişdi ki, Zakir doğmalarını tapmamış itirir.

Ancaq nə vaxtsa, dünyanın hansı dilindəsə Afaq Məsuddan daha dərin deyənlər olub ki, bu dünya bir quru səsdir. Nə bilirsən, nəyi tapdın, nəyi itirdin.

 

Çəkər məni yuvasına,

Oynadar öz havasına.

Vallah, alışa bilmərəm

Dərmanına-davasına...

Bu səsin əlindən al məni,

Tanrım!

 

... Yetər bu gördüklərimin

Gözlərimi böyütdüyü...

Ürəyim dəyirman olub,

Dərddi, qəmdi üyütdüyü...

Bu səsin əlindən al məni,

Tanrım!

 

Zakir Fəxrinin poetik "Mən"i nə qədər gerçəkliyin mistikasıdırsa, o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, o qədər də reallığın irreallığıdır. Və ona görə də gözləmədiyi səsi eşidir, gözlədiyi səsi eşitmir.

 

Çəkilmişəm özümə,

yığılmışam içimə...

Kədər məni səsləmir,

səsləmir sevinc məni;

Kimsə səsləmir məni,

bu darısqallıqdan bir hovur

çıxam eşiyə...

 

Zakirin "Mən"i kədərlə sevincin səsini ona görə eşitmir ki, o, nəyin kədər, nəyin sevinc olduğunu, sadəcə, fərqləndirə bilmir... Hətta Ana səsi olsa belə... Dua olsa belə... Yalvarış olsa belə...

 

Qulaq asmadım xeyirxah

dualarındakı yalvarışlara.

Damar-damar qəmə

dönüb çökdüm alnındakı qırışlara.

Xəbər tutammadım düşəndə xəstə,

Saxlaya bilmədim gözümün üstə...

Qara torpaq, muğayat ol anamdan.

 

Zakirin "Mən"i məsuliyyət daşımır, çünki onun genotipinə məsuliyyət daşımaq məsuliyyəti qoyulmayıb. Və ona görə də ağrılı (və ruhi polemik!) bir cəsarətlə bütün məsuliyyəti anamız "Qara torpağın" boynuna qoyur. Sonra Allahın!.. Sonra da Poeziyanın!..

 

Yaş ötür, ömür keçir,

Yüz yol Allahı çağır...

Sərxoş olub şeirdən

Ayılmadım mən fağır.

 

Zakirin poetik "Mən"i bu məqamda müasir poeziyanın klassik poeziyadan (və ya xələfin sələfdən) bir mühüm fərqini ortaya çıxarır. Klassik şairlər üçün şeir vasitə idi, müasir şairlər üçünsə məqsəd. Müasir şairin "Mən"i elə bil özünün bütün metafizik təzahürlərilə həyatdan yox, sənətdən (şeirdən!) doğulur. Həyat qədər zəngin bir qeyri-səlis sistem unudulur. Və belə bir təsəvvür yaranır ki, şair "Mən"i həyatın yox, sənətin (şeirin) övladıdır. Odur ki, şair "Mən"i başlayır özündən deməyə.

 

Xoş günlər o günlər ki, könül, yar ilə keçdi,

Yarsız günümüz bizim ahu-zar ilə keçdi.

Məhrəm olalı zülfünə mən şanəyə döndüm,

Mizrab telə bənd oldu, günü tar ilə keçdi.

.Şeiriyyətə uydun, unutdun aləmi, Fəxri,

Ömrün-günün ancaq sənin əşar ilə keçdi.

 

Zakin Fəxrinin yalnız poeziyasında yox, məqalələrində, müsahibələrində, hətta çox sevdiyi məclis söhbətlərində də poetik "Mən" var. Buraya onun etdiyi çoxlu poetik tərcümələri də əlavə eləsək, Zakirin "Mən"inin, əgər belə demək mümkünsə, yaradıcı universallığım görərik. Məsələn, Emil Verxarndan da dilimizə elə şeirləri çevirir ki, orada "Mən" güclüdür.

 

Mənim gözəlim!

De görüm o anı görürsənmi?

Mənim çevriləcəyim

alaq otunun üzərində

əlində oraq qara kabus olan

zamanı görürsənmi?

 

Və dünyanın müxtəlif yerlərində, müxtəlif zamanlarda yaşamış şairlərin tərcümeyi-hallarına öz tərcümeyi-halı qədər həssas yanaşır...

 

Şair yandırılıb külü göyə sovruldu,

Şair yurdundan qovulub

qürbətdə qovruldu,

Şair soyuldu...

Şair dəli sayıldı...

Şair öz içinə qısıldı,

Şair asıldı...

Hərəsi də bir cür şair oğuldu,

Hamısı da öz ölümündən doğuldu.

Amma... və ilaxır və sairə...

Ölüm dünyaya qaldı, dünya şairə!

 

Ancaq Zakir Fəxrinin (və dünyanın sahibi olduqlarını iddia edən bütün şairlərin!.. İddia etməyənləri isə, təbii ki, yoxdur) poetik "Mən"ində, nəticə (və mahiyyət!) etibarilə, qeyri-adi bir təvazökarlıq da var ki, onun məzmununu ən açıq (və ümumiləşdirilmiş) şəkildə dahi klassik Füzuli belə ifadə etmişdi: "Mən kiməm? Bir bikəsü birpərvavü bixaniman." Müasir şair "Mən"i isə öz təvazökarlığını ümumiləşdirmir, bütün "fizionomiya"sı ilə göstərməyə çalışır. Çünki müasir dünya Füzulinin "amorf", yanaqlarına yox, daxilinə axan göz yaşlarına inanmır.

 

Üzünə, gözünə saçı dağılmış,

Taxtı viran olmuş, tacı dağılmış

Qonur göz, qara qaş bir qara oğlan

Dolaşar dünyanı, gəzər biçarə,

 

Axtarar, dərdlərə tapammaz çarə.

...Beləcə, beləcə yaşar dünyada,

Gözündən, sözündən, özündən daşar.

Külündən püskürüb közündən daşar,

Dünyayla üz-üzə bir oğlan yaşar.

 

Zakir Fəxrinin poetik "Mən"i nə qədər təzadlı, təbəddülatlı, zahirən daha çox mistik olsa da, dünyayla üz-üzə durmaq, həsb-hal etmək (yaşamaq!) qüdrətində olan, həm kədərində, həm də sevincində qürurlu (və təvazökar) "Mən"dir. Hətta demək olar ki, fəlsəfi "Mən"dir.

 

Ədalət.-2018.-29 mart.-S.5.