Ömür də bir kitabdır...
Yazıçı-publisist Mustafa
Çəmənlinin "Ürəyimdən kimlər
keçdi" xatirələr kitabı barədə
düşüncələr
...Kitab - zamanın dalğaları
üzərində səyahət edən və öz qiymətli
yükünü ehtiyatla nəsillərdən-nəsillərə
yetirən fikir gəmisidir.
F.Bekon
Yaxşı kitab ən qiymətli
xəzinədir.
H.B.Zərdabi
Bəşəriyyətin ən dəyərli kəşflərindən
sayılan kitab haqqında zamanında da, sonralar da çox qiymətli
fikirlər söylənib, yenə də söyləniləcək. Çünki
onun insana bəxş etdiyi duyğuların saflığı,
aşıladığı nəcibliyi vəsf etməklə
bitən deyil. Kitab insan ağlının,
düşüncəsinin bəhrəsidir. Bu əvəzolunmaz nemət öz dövrünün
"məhsulu" olsa da, həmişə sabaha, gələcəyə
ünvanlanmış olur. Məhz bu cəhətinə
görə, insan cəmiyyəti öz mənəviyyatını,
ümumbəşəri dəyərlərini,
keçmişini, tarixini qoruyub saxlaya, yaxşı ənənələrini
yaşada, sonrakı nəsillərə ötürə bilir.
Kitabı haqlı olaraq, zəmanəsinin
daşlaşmış yaddaşı sayanlar da var.
Yaddaşı itirmək isə böyük faciədir - deməli,
keçmişini itirmisən, dünənindən xəbərin
yoxdur; deməli, bu gününə hansı tarixlə,
hansı mənəvi sərvətlə, əxlaqi dəyərlərlə
gəldiyini bilmirsən. Onda təbii ki, sabahına, gələcəyinə də
hansı mənəviyyatla gedəcəyin məlum deyil... Deməli, yaddaş əsasdır. Bu yaddaşı qoruyub saxlayan, yaşadıb tarixə
çevirən isə kitabdır.
Söhbət, əlbəttə ki, yaxşı kitabdan
gedir. Mənalı yaşanmış ömrü də
qiymətli bir kitaba bənzətmək olar. Ötüb keçən günləri, ayları,
illəri göz önünə gətirdiyin kimi, kitabın da
səhifələrini vərəqlədikcə sanki vəcdə
gəlir, hissin, duyğuların coşub-çağlayır,
intəhasız bir məkana düşür, orada aramla var-gəl
edir, düşüncələrinlə baş-başa
qalırsan. Bu ecazkar aləmin hüdudlarından
çıxdıqdan sonra da yenə uzun müddət onun təsiri
altında qalır, aldığın zövq, keçirdiyin
hisslər, yaşadığın duyğular səni tərk
etmək bilmir, sənə rahatlıq, həyat eşqi, həyat
sevgisi bəxş edir.
Mənalı
ömür özü bir həyat dastanıdır - kitab səhifələrində
əbədiləşməyə, yaşamağa layiq...
"Ömrümü kitaba həsr
etmişəm..."
"...Elə
bir dövr çatır ki, tez-tez keçib gəldiyin
ömür yoluna boylanır, özün-özünə
hesabat verirsən, olub-olmuşlar bircə-bircə xəyalında
canlanır. Bəzən sevinir, bəzən kədərlənirsən.
Qismət elə gətirib ki, mən
ömrümü kitaba, kitabçılığa, nəşriyyat
işinə sərf etmişəm. Hərdən
düşünürəm: bəs bu şərəfli sahədə
saç ağartmaqla nə qazanmışam, nə itirmişəm?
Yəqin ki, ömürünü nəşriyyat
işinə həsr etmiş bir çox həmkarlarım da elə
mənim kimi düşünürlər". - Bu fikirlərin
müəllifi tanınmış yazıçı - publisist,
oxucuların qəlbində özünə çoxdan yer
tutmuş istedadlı qələm sahibi Mustafa Çəmənlidir.
Lakin bəziləri, bəlkə də onun təcrübəli
redaktor-naşir olmasından xəbərsizdirlər. Bu barədə bir qədər sonra.
Məlumat
üçün bildirim ki, kitabın müəllifi M.Çəmənli
ilə universitetdə beş il birgə təhsil
almış, sonra isə on ildən artıq bir müddətdə
"Yazıçı" nəşriyyatında redaktor kimi
çiyin-çiynə çalışmışıq. Qayğılarımız bir,
iş-gücümüz bir olub. Sonralar mən
hərbi mətbuata keçmiş və hazırda da fəaliyyətimi
bu sahədə davam etdirirəm. Həmkarım
isə öz işinə sadiq qalaraq nəşriyyatdan
ayrılmamış, bu yolda saç ağartmış,
ömrünü kitab mədəniyyətinin inkişafına
həsr etmişdir.
Qələm dostum yaradıcılığa erkən
çağlarından başlamışdır. Hələ tələbəlik
illərində dərc olunan "Ləpirlər" hekayəsi
maraqla qarşılanmışdır. Sonralar
respublika radiosu ilə incəsənət mövzusunda səsləndirilən
verilişləri, vaxtaşırı mətbuatda
çıxan oçerk və hekayələri ilə dinləyici
və oxucuların rəğbətini qazanmışdır.
1982-ci ildə buraxılan "Mənim
dünyamın adamları" kitabı ona böyük
yaradıcılıq ruhu bəxş edir. Bu yolda daha həvəslə,
müntəzəm çalışan müəllifin sonralar
bir-birinin ardınca "İtirilmiş səs",
"Şövkət Ələkbərova", "Səs qərib
olmur", "Nəğməli xatirələr",
"Burdan bir atlı keçdi", "Mən olmayanda dostum
ol", "Sənətkar ömrünün izləri",
"Ruhların üsyanı", "Yaddaşlarda yaşamaq
haqqı", ümumiyyətlə otuzdan artıq kitabı
işıq üzü görür. Qarabağ
xanlığının tarixindən bəhs edən
"Xallı gürzə" romanı, sözsüz ki, ona
daha çox şöhrət gətirir. Ardınca nəşr
etdirdiyi "Ölüm mələyi" tarixi romanı, Azərbaycanın
Milli Qəhrəmanlarına həsr olunmuş "Fred
Asif" romanı, "Mübariz" povesti də onun
uğurlarını artıran əsərlər
sırasındadır. Bunları sadalamaqda məqsədim
heç də qələm dostumun bədii
yaradıcılığı barədə ətraflı
danışmaq deyil. Bir halda ki, dövri mətbuatda
bu mövzuda kifayət qədər yazılıb, bəhs
olunub. Hətta
yaradıcılığının ayrı-ayrı istiqamətləri
barədə (qadın obrazları, millilik ruhu, tarixi şəxsiyyətlər
və s.) təhlillər edilib, araşdırmalar
aparılıb. Bütün bunlar öz
yerində. Məqsədim bu kiçik
anonsdan sonra müəllifin yaxınlarda işıq üzü
görmüş "Ürəyimdən kimlər
keçdi" xatirələr kitabı (278 səh.) haqda
düşüncələrimi oxucularla bölüşməkdir.
Yeri gəlmişkən qeyd edim ki, kitaba "həyat vəsiqəsi"
verən "XAN" nəşriyyatının həyata
keçirdiyi bu layihə həqiqətən təqdirəlayiqdir. Çünki
tarixi keçmişimizlə yanaşı, müasir
dövrümüzün görkəmli simaları haqqında
yazılan memuarları vaxtaşırı, sistemli şəkildə
nəşr edib oxuculara təqdim etməklə həm dünənimizi
bu günümüzlə bağlayır, həm də dəyərli
varislik ənənəsini yaşatmış olur. Sözügedən nəşr "Xatirə ədəbiyyatı"
silsiləsinin otuz yeddinci "addımı"dır.
Onu da
bildirim ki, kitabdakı yazıların böyük əksəriyyəti
ilə hələ əlyazması şəklində dövri
mətbuatdan tanış idim. Lakin onu əlimə
alan kimi bir daha başdan-ayağa oxudum, səhifələrini
təkrar-təkrar vərəqlədim. Bir vaxtlar mənimçün
də doğma ocaq olmuş "Yazıçı" nəşriyyatında
keçirdiyim gənclik illəri yenidən gözlərim
qarşısında canlandı, keçmiş həmkarlarımla
yenidən "görüşdüm"...
O illərdə
kitab nəşri üzdə olan bir məsələ idi. Heç nə gözdən qaçmırdı.
Nəşr olunan hər bir kitab bədii səviyyəsindən,
ictimai-tərbiyəvi əhəmiyyətindən tutmuş
texniki icrasınadək bütün parametrlər üzrə
qiymətləndirilirdi. Korrektura, yaxud redaktə
səhvindən söhbət belə gedə bilməzdi. Aləm dəyərdi bir-birinə. "... Bu
şərəfli və ağır işdə hər adam sona qədər duruş gətirə bilməzdi.
Ancaq kitabı sevən, saatlarla oturmağı,
gözləri qıyılana qədər əlyazmaları
üzərində işləməyi, müəllifə
öz haqlı iradlarını qəbul etdirməyi bacaranlar nəşriyyatlarda
zəhmətlə çalışıb şərəflə
qocala bilərdilər". - Mustafa Çəmənlinin
"nəşriyyat ömrü" buna canlı nümunədir.
O
dövrdə mütaliəyə sonsuz həvəs, kitaba
geniş tələbat kütləvi oxucu ordusu yaratmışdı.
Yaxşı kitab maraqla qarşılanır, əl-əl
gəzir, müəllifinə böyük şöhrət
qazandırırdı. Lakin nə qədər paradoksal
olsa da, heç kim onun araya-ərsəyə
gəlməsində mühüm xidməti olmuş
böyük bir kollektivin (korrektordan tutmuş redaktor-naşirədək)
əməyini göz önünə almır. Halbuki, bu amil
heç də az əhəmiyyətli
deyil. Axı müəllif əlyazmasını ilk olaraq
redaktor qəbul edir, onu dəyərləndirir, lazımi
prosedurlardan keçirir, redaktə edir, çapını nəzarətdə
saxlayır, bir sözlə, kitab şəklində meydana
çıxanadək bütün mərhələlərdə
onu ardıcıl "izləyir", nəhayət, hazır məhsul
şəklində oxucuya təqdim edir. Redaktor-naşir
yalnız onda rahat nəfəs alır ki, hər şey öz
qaydasındadır, heç bir xətaya yol verilməyib.
Bax, əsl sevinc də onda yaşanırdı.
Məlumatlı oxucu yaxşı bilir ki, nəşriyyat
redaktoru olmaq elə də asan iş deyildi. Sadalananlarla
yanaşı, bu sahədə çalışandan kifayət
qədər savad, bilik, yüksək bədii zövq, geniş
mütaliə, bir də zəngin təcrübə tələb
olunurdu. Təcrübə isə birdən-birə
qazanılmırdı. Dözməyə səbr, öyrənməyə
həvəs lazım idi... Nəşriyyatda
korrektor kimi fəaliyyətə başlayan M.Çəmənli
də bu işin incəliklərinə aramla yiyələnmiş,
uzun müddət redaktor, böyük redaktor, şöbə
müdiri vəzifələrində
çalışmış, baş redaktor vəzifəsinədək
yüksəlmişdir. Heç şübhəsiz,
bu gün onun təcrübəli naşir kimi
danışmağa çox sözü var.
Kimlər gəldi... kimlər getdi...
80-ci illərin əvvəllərində
"Yazıçı" nəşriyyatı öndə
gedən nəşriyyat idi. Yenicə yaranmasına
baxmayaraq, təcrübəli naşir Ə.Xanbabayevin rəhbərliyi
sayəsində kitab nəşri işinə dəyərli
töhfələr vermiş, hətta o vaxtkı İttifaq səviyyəsində
keçirilən kitab sərgi-yarmarkalarında
respublikamızı layiqincə təmsil etmiş, yüksək
yerlər qazanmışdır. O illərdə nəşriyyatda
kifayət qədər yaradıcı insan
çalışırdı: S. Rüstəmxanlı, V. Babanlı,
M. İsgəndərzadə, İ. Vəliyev, M.
Şükür, C. Zeynal, M. Aslan, S. Mustafa, A. Cəmil, İ.
Türkay, Z. Yaqub, R.Behrudi, N. Cabbarov, İ. Hümbətov, N. Səfərov,
M. Mirkişiyev, S. Budaqlı, N.Yaqublu, S. Hüseynova, F. Rzabəyova,
M. Əliyeva, Z. Hüseynova, N. Rüstəmli, R. Abbasova, N.
Bayramova, T. Vəliyeva, O. Süleymanova və daha onlarla insan
gözlərinin işığını Azərbaycan
kitabının səhifələrinə qoymuşlar. Keçmiş həmkarlarını minnətdarlıqla
xatırlayan müəllif yazır ki, "... sən demə,
nə qədər vaxt keçsə də, uzun illər bir
yerdə çalışdığın, hətta
yaxşı münasibətdə olmadığın
adamları da unutmaq olmurmuş". Səmimi
etirafdır, deyilmi?..
Sonralar bu
nəşriyyatda fəaliyyət göstərmiş Ə.
Kürçaylı, V. Səmədoğlu, T. Bayram, S.
Dağlı, C. Əlibəyov, M. İsmayıl, O. Salamzadə,
Q. İsabəyli, Ağasəfa və b. şair və
yazıçılar da kitab nəşri işinə layiqli
töhfələrini vermişlər.
O vaxtlar
"Yazıçı" nəşriyyatı, əgər
belə demək mümkünsə, ədəbi mühitin bir
parçası idi. Buraya kimlər müraciət etmirdi:
yazıçılar, şairlər, tənqidçilər,
incəsənət xadimləri, musiqişünaslar, tərcüməçilər,
tədqiqatçılar və b... Bir-bir xatırlasaq,
yaradıcı insanların böyük bir pleyadası gözlərimiz
önündən gəlib keçər: R. Rza, İ. Əfəndiyev,
B. Bayramov, İ. Şıxlı, Anar, Elçin, Ə. Cəfər,
T. Əhmədov, Q. Paşayev, E. Əlibəyzadə, M.
Sultanov, V. Vəliyev, A. Nəbiyev, B.Abdullayev, M. Seyidov, C. Səfərov,
Q. Məmmədli, Ə. Hüseynzadə, K.Məmmədov,
Ə. Nicat, M. Süleymanov, Ə. Əmirli, B. Məmmədov,
aşıqlardan H. Saraclı, M. Azaflı və daha kimlər,
kimlər...
Müəllif,
yaradıcı insanlarla təmasdan aldığı təəssüratlarını
belə ifadə edir: "Doğurdan da, başa düşən
üçün istedadlı adamlarla bir yerdə olmaq, söhbət
etmək, işləmək çox xoşdur. İnsanın mənəvi
dünyası zənginləşir, söz sözü çəkir,
xatirələr çözələnir, bir də
görürsən ki, yüz illərin, min illərin
ardından Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah
İsmayıl Xətainin, Molla Pənah Vaqifin, Qasım bəy
Zakirin, Seyid Əzim Şirvaninin, Xan qızı Natəvanın...
bir kəlamı, bir misrası tövşüyə-tövşüyə
uçub gəldi yanına, oldu səninlə həmsöhbət,
həmfikir..."
M. Çəmənli,
bir redaktor olaraq, müəlliflərnən necə işləməsindən,
yeri gəldikcə onların yaradıcılıq xüsusiyyətlərindən,
şəxsi keyfiyyətlərindən söz açır, həyat
yollarından səciyyəvi misallar gətirməklə
yazılarının məzmununa rəng qatır. Yaradıcılıq söhbətləri bəzən
bir mövzu çərçivəsini aşır, ortaya yeni
fikirlər, ideyalar çıxır, bu istiqamətdə
axtarışlar isə yeni kitabların yaranması ilə nəticələrnirdi.
"...Min
illər boyu yazılan heç bir kitabın səhifəsində
var-dövlət deyilən mirasdan kiçik bir zərrə də
yoxdur, ancaq insan ehtirasını, düşüncəsini,
hissiyyatını özündə yaşadan, bu gün belə
sənin əhvalınla həmahəng olan SÖZ var. Bu
sözü səhifələrində qoruyub saxlayan isə
KİTAB-dır. Ona görə də həmişə
kitaba ən qiymətli dəyər kimi baxmışam", -
deyən müəllif əslində bütün naşirlik fəaliyyəti
boyu bu prinsipinə sadiq qaldığını sübut edir.
Müəllifin qələmə aldığı
mövzular yalnız nəşriyyatın hüdudları ilə
məhdudlaşmır. M.Çəmənli yeri gəldikcə
özünün də iştirakçısı olduğu ədəbi
görüşlərdən söhbət açır, cəbhə
bölgələrinə səfərlərindən,
torpaqlarımızı yağılardan qoruyan əsgər və
zabitlərimizin fədakarlığından ağız dolusu
danışır. İki dəfə
Tehranda keçirilən Beynəlxalq kitab sərgisində
iştirak etməsini isə yaddaşında qalacaq əlamətdar
hadisələrdən sayır. Bu zaman illərlə həsrətində
olduğu Cənubi Azərbaycanla, doğma Təbriz şəhəri
ilə, soydaşlarımızla görüşlərindən
aldığı zəngin təəssüratlarını
oxucularına çatdırır, onları tarixi
torpaqlarımıza, qiyabi də olsa, "səyahətə
çıxarır".
Kitabın əsas məziyyətlərindən biri,
mövzu dairəsinin genişliyi ilə yanaşı, sadə
dil və üsluba, aydın və axıcı təhkiyə tərzinə
malik olmasıdır. Müəllif öz müşahidələrini
o qədər səmimi təsvir edir ki, oxumaqdan yorulmur, əksinə,
mütaliə həvəsin daha da artır. Ayrı-ayrı məqamlar, ilk baxışda fərqli
görünən mövzular bir-birinə elə peşəkarlıqla
bağlanılır ki, sanki vahid süjet xətti üzrə
yazılmış bitkin bəddi əsər oxuyursan.
(ardı gələn
sayımızda)
Ədalət.-2018.-29 mart.-S.7.