YAŞAMAQ, YARATMAQ ONA YARAŞIRDI
QƏZƏNFƏR PAŞAYEV
filologiya elmləri doktoru, professor
Həyat
qəribədir, bəzən təsadüfən tanış olduğun adam səndə elə dərin
təəssürat yaradır ki, istər-istəməz onunla
indiyə qədər tanış olmadığına təəssüflənirsən.
İndiki kimi yadımdadır, bizi yazıçı Mustafa
Çəmənli tanış edəndə
o dedi: "Qəzənfər müəllimi yaxşı
tanıyıram. Onun Rəsul Rza ilə "Kərkük
bayatıları" kitabı çıxanda 8-ci sinifdə
oxuyurdum. "Altı il Dəclə-Fərat
sahillərində" kitabı çıxanda isə Maarif
Nazirliyi nəzdində mətbəənin direktoru idim".
Elə
ilk tanışlıqdan hiss etdim ki, o, müsbət enerjili,
müsahibi ilə asanlıqla münasibət qura bilən
insandır.
Bəxtə
bax, sən demə, mənimlə söhbət edən bu
gülərüz, bəstəboy adam
"Təhsil" nəşriyyatının direktoru Bəhruz
Axundov imiş.
O vaxt
Mişel Nostradamusla bağlı kitabım çapa hazır
idi. Bəhruz müəllim dedi: "Əlyazmanı mənə
gətirin, vərəqləyim. Xoşuma gəlsə,
yarıqiymətinə çap edərik". Bir həftədən sonra yanına getdim. Məni çox mehribanlıqla qarşıladı,
sanki yüz ilin dostu idi. Əsər
xoşuna gəlmişdi. Çox
böyük həcmli, çoxsaylı illüstrasiyalarla dolu
"Nostradamusun möcüzəli aləmi" (Bakı,
"Təhsil", 2007, 760 səh.) kitabım həqiqətən
də yarıqiymətinə nəfis şəkildə
çap olundu. Kitab Bakıda və xarici
ölkələrdə yarmarkalarda nümayiş etdirildi.
Kitabın titul vərəqinin arxasında
yazılmışdı: "Naşir - Bəhruz Axundov". Sonralar fikir verdim, az-az kitabda naşir olduğunu
göstərirdi. Üç min tirajla
çıxan kitab tezliklə satılıb qurtardı. Kitaba tələbat çox idi. Kitabın
ilk çapında Bəhruz müəllim mənə
böyük hörmət etdiyinə görə, gələcək
nəşrlərdə onun xeyrinə-şərinə
qarışmadım.
Taleyimdən razıyam ki, görkəmli naşirimiz
Əjdər Xanbabayev kimi nəşriyyat işini dərindən
bilən, onunla yaşayan ikinci bir peşəkar naşirlə
yaxın oldum.
Onlar kitabı duyur, sanki kitabla nəfəs
alırdılar. Kitaba olan məhəbbətləri
övlad sevgisi qədər tükənməz idi. Onların taleyində də bir oxşarlıq
vardı. Unudulmaz Əjdər müəllim
canını fəda etdiyi müstəqilliyimiz,
azadlığımız, Bəhruz müəllim isə
Qarabağ həsrətilə əbədiyyətə
qovuşdular.
Bəhruz müəllim dərin biliyə, hərtərəfli
dünyagörüşünə malik ziyalı idi. Mən nəşriyyata gedəndə
yanında nəşriyyatın işçiləri olsa belə,
məni qəbul edər, işçilərinə deyərdi:
"Gedin işinizlə məşğul olun. Siz
burda, mən burda. Qoyun Qəzənfər
müəllimlə dərdləşək" - deyərdi.
Şərq aləmi ilə çox maraqlanırdı. Bir dəfə
ərəblərin adət-ənənələrindən
söz düşmüşdü. Dedim ki, hüzn yerinə
xüsusi molla çağırmırlar. Məclisi istənilən
adam yola verə bilər. Gözləmədiyim
halda Bəhruz müəllim dedi: "Bizim Ağdam rayonunun
Əfətti kəndində toy məclislərində, kimsə
əhd eləməyibsə ki, oğlum və ya qızım
olsun toyuna filankəsi çağıracam, kəndin
camaatı deyir ki, bu gün məclisimizi filankəslər
aparsın". O danışır, mən isə
düşünürdüm: "İlahi, Qarabağın
ab-havası, suyu, təbiəti gör necədir ki, orada
hamı oxuya bilir, hamının ilahi səsi var".
Bir dəfə də söhbət Qərb aləmindən
düşmüşdü. Yana-yana dedi ki, xaricdə hər tində
kitab mağazası, bizdə isə qoşa-qoşa apteklər
var. Haqlı idi. Yerinə düşdüyünə
görə 1983-cü ildə ABŞ-da ixtisasartırma kurslarında
olarkən təsadüf etdiyim bir hadisədən söz
açdım. Arizona Universitetində
hamının ehtiram göstərdiyi prof. Sesil Robinson vardı.
Prof. Robinson mənim Azərbaycandan olduğumu biləndə,
ya qəsdən məni yoxlamaq üçün (ilk günlər
hamımızı KQB-nin agenti hesab edirdilər), ya da filoloq
olduğumdan ingiliscə şeir oxudu və soruşdu: "Bu
kimin şeiridir?".
Dahi şairimiz Səməd Vurğunun "Zəncinin
arzuları" poemasından oxuyurdu. Mən cavab əvəzinə
oxuduğu parçanı əzbərdən dedim:
O,
kürsüyə sinə gərdi: Danışmadı, susdu
bir dəm.
Çatıb qara qaşlarını fikrə getdi o bir
anlıq.
On il Türkiyədə, İncirlikdə işləyən,
türk dilini mükəmməl bilən prof. Cin Faust dedi:
"Professor, sizin oxuduğunuzu Dr.Paşayev öz ana dilində
əzbər dedi".
Professor Robinson məmnun oldu. Mən isə sevimli
şairimizlə qürur duydum. O da məlum oldu ki, Arizona
Universitetində 1974-cü ildə Moskvada çap olunan "Azərbaycan
poeziyası antologiyası"ndan bir nüsxə var imiş. Mən özümlə çox böyük həcmli
bu antologiyadan iki nüsxə aparmışdım. Birini prof. Robinsona, bir nüsxəsini isə
Universitetin kitabxanasına bağışladım. Bir gün şəhərdə gəzərkən
kitab mağazasına girdik.
Gördüm professor Robinson piştaxtanın arxasında
durub üç-dörd alıcı ilə şirin söhbət
edir. Məlum oldu ki, kitab mağazası ona məxsusdur.
Alıcıların zövqünü, hansı kitablara
üstünlük verdiklərini və s. öyrənir və
mühazirələrində istifadə edir.
Bu fikir Bəhruz müəllimi məşğul etdi. Vaxt
keçdi, bir də gördüm nəşriyyatda kitab
mağazası yaradıb. Kitaba tələbatı
öyrənir, imza günləri təşkil edirdi. Tanınmış şairlərimizdən Vaqif Bəhmənli
və Rəşad Məcidin imza günlərində
iştirak edərkən bunun əsl bayrama çevrildiyinin
şahidi oldum. Oxucularla müəlliflərin birbaşa təmasında
bundan yaxşı nə ola bilər?!
Sovet sistemi çökdükdən sonra kitab nəşri
və yayımı zəiflədi. Özəl nəşriyyatlar
səviyyəsinə, faydalılığına fikir vermədən
nə gəldi çap eləməyə başladılar.
Nə yaxşı ki, elə bir dövrdə Bəhruz
müəllim kimi bir naşir ortaya çıxdı. Sovet vaxtı nəşriyyatlarda yaxşı nə
vardısa öz nəşriyyatında bərpa etdi. Redaktorlar, korrektorlar, bədii və texniki tərtibat
şöbələri yarandı. Kitablar
öz nəşriyyatının mətbəəsində
çap olunmağa başladı.
Burada Abdulla Ələkbərov, Mustafa Çəmənli,
Akif Rüstəmov, Məleykə Əsgərova kimi
ömrünü kitab işinə həsr edən peşəkar
mütəxəssislər çalışırlar. Mən hələ
artıq püxtələşmiş Aqil Əmrahov, Mələk
Cəlilova, Səadət Quluzadə, Ülkər Şahmuradova
və başqalarını demirəm.
Bəhruz müəllim elə bir məktəb yaradıb
ki, elə bir kollektiv formalaşdırıb, müasir
avadanlıqla təchiz olunmuş elə bir müəssisə
qurub ki, burada ən yüksək keyfiyyətli kitablar çap
olunur. Xüsusi vurğulamaq istəyirəm ki, bəzi nəşriyyatlardan
fərqli olaraq burada kitaba təkcə biznes gözü ilə
baxmırlar. Ona təhsil, elm, mədəniyyət,
mənəviyyat daşıyıcısı, müqəddəs
varlıq gözüylə baxırlar.
Bütün bunlar Bəhruz müəllimin gərgin əməyi
sayəsində mümkün olmuşdur. Ömrünün
35 ilini kitab nəşrinə həsr edən bu peşəkar
naşir etiraf edirdi ki, kitab, özünü dərk edəndən
bəri duyduğu, sevdiyi və qarşısında hər an
ehtiramla baş əydiyi ən mötəbər
varlıqdır. Hər şey kitabdan başlayır: təhsil,
elm, mədəniyyət, mənəviyyat, inkişaf. Biz buna görə kitablara minnətdar
olmalıyıq - deyirdi.
İnanılası deyil, bütün kitabların bədii
tərtibatında, üz qabığının
hazırlanmasında, kağızın seçilməsində
şəxsən iştirak edir, qiymətli fikirlər söyləyir,
tövsiyələr verirdi. Hər biri 500 səhifədən
artıq olan 7 cildlik "Seçilmiş əsərləri"min
(Bakı, "Təhsil", 2012) nəfis şəkildə
çıxmasında, kitab sərgilərinə
aparılmasında Bəhruz müəllimin xidməti
böyük idi. Bəhruz müəllimin mədəniyyəti,
ziyalılığı, işə can yandırmağı,
müəlliflərə münasibəti inanılmaz dərəcədə
yüksək idi.
Bakı əhlində
mənalı kəlam var: "Qənimət adam!". Yəni hamının harayına hay verən,
işinə yarayan, qəlbi xeyirxahlıqla döyünən, əl
tutan, alicənab və güvənc yeri olan insana ikicə kəlmə
ilə "qənimət adam" deyirlər.
Bəhruz müəllim qənimət adam
idi.
Onun əsl müəllim kimi rəvan
danışmağı, elm adamı kimi mülahizələr
irəli sürməyi həmişə məni təəccübləndirirdi. Sən demə,
həqiqətən də müəllim imiş. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində dərs deyirmiş,
Universitetin dosenti imiş. Özü
haqqında danışmağı xoşlamırdı. Odur ki, bunları sonralar öyrəndim.
Bəhruz müəllimin vaxtında "Təhsil" nəşriyyatı
nəinki işçilərin, eləcə də müəlliflərin
doğma evinə çevrilmişdi. Bu doğma evə
ümidlə, inamla gələrək nə qədər elm
adamı, qələm sahibləri, bəstəkar və
musiqişünaslarla görüşərdik. Onun "Təhsil" nəşriyyatında nail
olduğu nizam-intizam, səliqə-sahman, kitaba sevgi, müəlliflərə
ehtiram sağlığında olduğu kimidir. Ayrı
cür ola da bilməz. Müqəddəs
saydığı işini oğlu Tural ləyaqətlə
yerinə yetirir.
Bəhruz müəllimin kitaba övlad sevgisi həm də bədii yaradıcılıqla məşğul olmasından qaynaqlanırmış. Onun çoxsaylı məqalələri, hekayələri, publisistik yazıları, şeirləri vardır.
Yazıçılar Birliyinin üzvü idi. Doğrudur, etiraf edirdi ki, heç vaxt özünü şair hesab etməyib. Lakin onun "Dünənki sabah" kitabında yer alan şeirlərini oxuyanda (s.201-270) etirafının təvazökarlıqdan başqa bir şey olmadığını düşünmək olur. Xüsusən də onun Qarabağ həsrətindən, Qarabağ möhnətindən, yurd itkisindən, didərgin və köçkünlərdən söz açan şeirləri adamı haldan-hala salır:
Vətəndə vətənsiz soydaşlarım var,
Çadırda inləyən qardaşlarım var,
Minlərlə şəhidim, sirdaşlarım var,
Soruşma halımı, qəlbi dağlıyam,
Torpaqsız, anasız qarabağlıyam.
və ya:
Bu il Qarabağa bahar gəlmədi,
Dağlar çiçək, düzlər lalə görmədi.
Qız-gəlinlər çələng hörə bilmədi,
Ağlama, bənövşə, toxtaq ol bir az,
Ağlama, Novruzda ağlamaq olmaz.
Əminəm ki, gün gələcək, Qarabağ azad olunacaq, dərd-ələmlə, ürək ağrısı ilə Qarabağa ağılar, qəmli şeirlər həsr edən Bəhruz müəllimin ruhu şad olacaq.
Bəhruz müəllim dünyasını dəyişəndə bu böyük insanla vidalaşmağa gələnlərin sayı-hesabı yox idi. Tanınmış ziyalılar, qələm sahibləri, alimlər, ağsaqqallar vida sözü dedilər. Türkiyədə Bəhruz müəllimi müalicə edən məşhur türk həkimi göz yaşlarını saxlaya bilmirdi. Sanki doğma qardaşını itirmişdi.
Uzun illərdən bəri tanıdığım, həqiqətən də dost münasibətində olduğum, Bəhruz müəllim haqqında mən də vida sözü dedim. Təsəllini onda tapırıq ki, Bəhruz müəllim kimi şəxsiyyətlər onu tanıyanların qəlbində əbədi yaşayırlar.
Yaşamaq, yaratmaq Bəhruz müəllimə
yaraşırdı. O, sevərək yaşadı, sevilərək
əbədiyyətə qovuşdu.
Ədalət.-2018.-29 mart.-S.6.