Ömür də
bir kitabdır...
Yazıçı-publisist Mustafa
Çəmənlinin "Ürəyimdən kimlər
keçdi" xatirələr kitabı barədə
düşüncələr
(əvvəli
ötən sayımızda)
Mübahisələr
də olurdu,
çətinliklər
də
Təbii ki, nəşriyyat-poliqrafiya düzənində heç də həmişə hər şey öz qaydasında, öz axarında getmirdi. "Hər yerdə olduğu kimi, bu sahədə də çəkişmələr, mübahisələr, umu-küsülər olurdu. Burada da təvazökarlarla yanaşı, özündən müştəbehlər, narazılar, çılğınlar, qrafomanlar ... vardı. Bir sözlə, yaxşılı-pisli, mənfili-müsbətli böyük bir insan mənzərəsi nəşriyyatlarda da özünü göstərirdi". Məsələn, yaşı yetmişi ötmüş məşhur birisi əlyazmasının tematik planda nəzərdə tutulduğundan dörd-beş çap listi çox çıxdığına görə ixtisar olunduğunu bilincə qəzəblənir. Nə qədər izah, nə qədər dil-tavaza edilirsə, razılaşmaq bilmir. Hələ bu azmış kimi "yuxarı"ya şikayətə gedir, əlyazması üzərində son dərəcə əziyyət çəkmiş redaktorun zəhmətini yerə vuraraq adını kitabdan çıxartdırmağa nail olur... Başqa birisi, müəllifinin adını bircə yerdə belə çəkmədən kitabın böyük bir hissəsini çalışdığı gündəlik qəzetdə öz imzası ilə dərc etdirir. Məsələ aşkarlandıqda isə inadla "mən istinad etmişəm" deyir. Bir başqası da onun kimi. "Özəlləşdirmə"nin qarşısı vaxtında "düzəliş" verməklə alınır.
Müəllif yazır ki, illər öncə "Gənclik" nəşriyyatında buraxılmış "Xacə şah" romanını sonralar "Hüquq ədəbiyyatı" nəşriyyatı heç bir dəyişiklik, əlavələr etmədən, olduğu kimi təkrar çap edir. Nə kitabın redaktoru bilinir, nə əvvəlki redaktorun adı verilir ("Nəşriyyatdan" başlıqlı bələdçi yazı saxlanılsa belə), nə də nəşrin götürüldüyü mənbə göstərilir. Bu da müəlliflik hüququnun pozuntusuna daha bir nümunə! Belə hallar isə az-az baş vermirdi. Sadalamaqla bitən deyil. Peşəkarların işləmədiyi yerdə bu cür hüquq pozuntularına yol verilməsi gözləniləndir.
İllərlə formalaşmış kitab nəşri ənənələri 90-cı illərin əvvələrindən etibarən tədricən tənəzzülə doğru getməyə başlayırdı. Yeni sistemə keçid, bazar münasibətlərinin formalaşması, iqtisadi və maliyyə çatışmazlıqları, texniki bazanın köhnəlib sıradan çıxması, yeni çap texnologiyasının tətbiqinə olan ehtiyacın artması və s. kimi problemlər özünü daha kəskin şəkildə göstərirdi. Bütün bunlar işin texniki, maddi-iqtisadi tərəfi. Başqa, həm də qətiyyən az əhəmiyyətli olmayan bir məsələ isə dəyər və meyarın dəyişməsi, çap məhsulunun bədii tələbata nə dərəcədə cavab verib-verməməsi ilə bağlı idi.
Kitabın səhifələrini vərəqlədikcə təəssüf hissi doğuran mənzərələrin şahidi olursan. Müəllif haqlı olaraq qeyd edir ki, belə bir vaxtda nəşriyyatda işləmək çox çətin idi. "... Bazar münasibətlərinin bəhrələrindən biri də nəşriyyatlarda sifariş ədəbiyyatı şöbələrinin yaranması oldu. Əlyazması illərlə nəşriyyatların qovluğunda yatıb qalmış, mənfi rəy almış qrafomanlar haradansa "sponsor", "xeyriyyəçi" tapıb ədəbi meydana atılmışdılar. Hamı yazıçı-publisist, şair -publisist, yazıçı-dramaturq olmuşdu. Adi bir oçerk hekayəyə, kiçik bir hekayə povestə, povest əlli səhifəlik romana çevrilirdi. Ağac kölgəsində yatmış "dahi" tapılırdı ki, guya filan-filan yazıçılar, naşirlər vaxtında onun "dahiyanə" əsərlərinin çapına mane olublar. Bax, beləcə, bu dövrdə hər xasiyyətdə "yazarlar"la üz-üzə gəldik. Hər dürlü sifətə əl atan, şantaj yolu ilə cızma-qarasını həyata keçirmək istəyən, başındakı şapkasını götürüb yerə çırpan, özünü pəncərədən atmaq istəyən "yazar" bəndələr vardı". Nə qədər qəribə də olsa, başqasına pul gücünə yazdırdığı romanı, povesti kitab şəklində nəşr etdirib özünü cəmiyyətə yazıçı kimi sırımağa çalışanlar da peyda olmuşdu.
"Gənclik"dən
"Təhsil"ə
bir yol
gedirdi
1993-cü ildən "Gənclik" nəşriyyatında
baş redaktor vəzifəsində çalışmağa
başlayan müəllif, xatirələrində
vurğulayır ki, vaxtilə səlahiyyət sahibi
olmadığından kitab çapı ilə bağlı həyata
keçirə bilmədiyi bir çox niyyətlərini
artıq reallaşdırmaq imkanı əldə edir. "... Müstəqilliyimiz
bizə bir vaxt yasaq olmuş mövzulardan bəhs etməyə,
tarixi keçmişimizə yenidən nəzər salmağa,
yanlışlıqları, təhrifləri düzəltməyə
şans vermişdi. Müstəqil bir
ölkənin vətəndaşı, yazarı, naşiri
olmaq, doğrudan da xoşbəxtlik imiş. Biz indi şanlı keçmişimizdən, Azərbaycan
Xalq Cümhuriyyətindən, onun cəfakeş
qurucularından, bizə "burjua mühərrirləri"
kimi tanıdılan... ziyalılarından iftixarla söz
aça bilərdik".
Belə
bir niyyətlə işə girişən naşir tezliklə
ilk istəyinə nail olur - "Azərbaycan
milyonçuları" seriyasından gənclər
üçün Manaf Süleymanova sifarişlə
yazdırdığı "Ağa Musa Nağıyev" və
"Hacı Zeynalabdin Tağıyev" kitabları 1994-cü
ildə 25.000 nüsxə tirajla işıq üzü
görür. Lakin təəssüf ki, bu
uğurlu addımı davam etdirmək mümkün olmur.
Kitabı yazdırmaqdan çox, çap eləmək
müşkülə düşürdü.
Bazar münasibətləri artıq nəşriyyatların
da qapısını döyürdü. Belə bir
vaxtda yalnız dəyərli və daha çox gəlir gətirən
kitablara ehtiyac vardı. Tezliklə L. Qumilyovun "Qədim
türklər" əsəri, J. Gevrin "Xacə
şah", M.H. Qüddisinin "Nadir şah" romanları,
F. Əsədovla S. Kərimovanın birgə yazdıqları
"Çarizmi Azərbaycana gətirənlər" adlı
sanballı kitablar oxucuların ixtiyarına verildi.
Müəllif
yazır ki, o daha çox uşaqlar üçün, bir də
çapı çox vacib olan, lakin sonuncu nəşrindən
30-40 il keçmiş kitabların təkrar
nəşrinə üstünlük verirdi. Beləliklə,
M.S. Ordubadinin "Qılınc və qələm"
romanı, "Top və çovkan" əsəri,
Ə.Sultanlının "Antik ədəbiyyat müntəxəbatı",
Bülbülün redaktorluğu və tərtibçiliyi ilə
əvvəllər çıxmış "Azərbaycan
xalq" mahnıları (1-ci kitab), A. Gərayın
"Muğam etüdləri" (Ü.Hacıbəyovun
redaktorluğu ilə 1943-cü ildə nəşr
olunmuşdur), A. Şaiqin "Tülkü həccə
gedir", XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaşayıb-yaratmış pedaqoq-yazıçıların
uşaqlar üçün yaratdıqları əsərlərdən
ibarət "Hikmət çələngi" (tərtibçi
X.Məmmədov) və s. nəşrlər oxuculara gözəl
töhfə oldu.
Yeni iqtisadi münasibətlər yeni çətinliklərlə
müşayiət olunurdu. Müəllif ürək
ağrısı ilə yazır ki, şəxsən öz təşəbbüsü
ilə respublikada ilk dəfə uşaqlar üçün
hazırladığı şəkilli-bədii
"Əlifba" dərsliyinin nəşrinə nail ola
bilmir; yenə də uşaqlar üçün kitablar buraxmaq
məqsədilə "Azərbaycan Uşaq Ədəbiyyatı"
fondunu təsis etsə də, vəsait toplanması baş
tutmur; Qarabağda, döyüş bölgəsində,
Xocalıda şəhid olmuş uşaqlar haqda dünya təşkilatlarına
göndərmək üçün Azərbaycan və ingilis
dillərində kitab nəşr etmək istəyi də arzu
olaraq ürəyində qalır...
Bütün
çətinliklərə baxmayaraq, o dövrdə "Gənclik"
nəşriyyatı az da olsa dəyərli əsərlər nəşr
edə bilmişdi: V.Səmədoğlunun "Uzaq
yaşıl ada", "Mən burdayam, ilahi", Elçinin
"Ömrün son səhəri", Anarın "Şəhidlər
dağı", "Hotel otağı", N.Həsənzadənin
"Taleyin töhfəsi", E. Əlibəyzadənin "Azərbaycan
xalqının mənəvi mədəniyyət tarixi", A.Vəfalının
"Füzuli xəlqiliyi", F.Hicarnın "Qarabağda
talan var", N.Dumbadzenin "Ağ bayraqlar" (tərcümə
edəni X.Əliyev), H.Abbaszadənin "Dünyadan gör necə
insanlar gedib", S.Əsədovun "Ermənistan azərbaycanlılarının
tarixi coğrafiyası", X.Əlimirzəyevin "Nizami Gəncəvinin
insan konsepsiyası", Cürci Zeydanın "Fərqanə
gəlini" (ərəb dilindən tərcümə) və
s. kitablar.
Zaman isə öz hökmünü diqtə etməkdə
idi. O vaxtlaradək
hələ fəaliyyətdə olan Mətbuat və
İnformasiya Nazirliyinin ləğvi, binasız qalan nəşriyyatın
namünasib bir yerə köçürülməsi, olan-qalan
müəlliflərin də itirilməsi qarşıdakı
proseslərin acı nəticələrindən xəbər
verirdi...
***
İş yerini tez-tez dəyişməyi xoşlamayan
adamlardan olan M.Çəmənli 2006-cı ildən fəaliyyətini
"Təhsil" nəşriyyatında davam etdirir. 1992-ci ildən
"Öyrətmən" adı ilə yaranan, sonralar indiki
adını daşıyan bu nəşriyyatın da kitab mədəniyyəti
sahəsində xüsusi xidmətləri olmuşdur. Təcrübəli
naşir Bəhruz Axundov kitab nəşrinə müqəddəs
bir iş kimi baxdığından, ətrafına peşəkar
nəşriyyat və poliqrafiya işçilərini
yığmışdı. Bir çox keçmiş həmkarları
ilə M.Çəmənlinin yolu burada yenidən birləşir...
Xatirələrində yazdığı kimi, artıq on
ildən çox çalışdığı bu nəşriyyat
da müəllifin taleyindən keçib. "Fred Asif" romanı
(təkrar), "Mübariz" povesti (2 dəfə), "Sənət
hekayələri", "Məcnunun Məcnunu",
"Yaddaşlarda yaşamaq haqqı",
"Bülbül" kitabları məhz burada
çıxıb; nəşriyyatın təşəbbüsü
ilə "Məktəb kitabxanası" seriyasından
dörd kitabın ("El bilir ki, sən mənimsən...",
"Cənub həsrəti", "Talvar", "Heydər
babaya salam") tərtibçisi və redaktoru olub; Heydər
Əliyev fondunun sifarişi ilə nəşr edilən
"Arif Babayev - 70", "Habil Əliyev - 80",
"Əlibaba Məmmədov - 80", "Canəli Əkbərov
- 70", "Ağaxan Abdullayev - 60"
albom-kitablarının mətnini yazıb, tərtibatında
iştirak edib; eyni zamanda Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə daha altı kitabın
(Xurşudbanu Natəvanın "Neçin gəlməz",
Hüseyn Cavidin "Dram əsərləri", Nizami Gəncəvinin
"Lirika", Hüseyn Arifin "Seçilmiş əsərləri",
Nəbi Xəzrinin "Seçilmiş əsərləri",
Nəriman Süleymanovun "Ruhlar
çağırır") tərtibçisi olub.
Yeri gəlmişkən qeyd edək ki, kitab tərtib etmək
elə də asan, bəzilərinin başa
düşdüyü kimi, "texniki bir iş" deyil. Bu iş adamdan savad, bilik, təcrübə
ilə yanaşı, yüksək ədəbi zövq tələb
edir. Təsadüfi deyil ki, Xurşudbanu Natəvanın
yuxarıda adı çəkilən "Neçin gəlməz"
kitabı öz nəfis tərtibatı ilə ədəbi
ictimaiyyətin də diqqətini cəlb etmişdir.
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev "525-ci qəzet"də (18 avqust 2012-ci il) dərc etdirdiyi məqalədə
yazırdı: "...İndiyə qədərki
yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin öyrənilməsinə və
təbliğinə duyulası töhfələr vermiş
Mustafa Çəmənlinin "Neçin gəlməz"i
bu vaxta qədər "Xan qızı"na həsr
olunmuş kitablardan köklü şəkildə fərqlənir.
Belə ki, 160 səhifəlik bu çox tutumlu kitabda
Xurşudbanu Natəvanın Azərbaycan ictimai-siyasi həyatında,
ədəbiyyatında, mədəniyyətində, təsviri
sənətində qoyduğu silinməz izin mahiyyəti, bu səmərəli
fəaliyyətin qaynaqları göstərilmişdir. Əlavə edək ki, Mustafa Çəmənli bu
kitabında özünün kitab mədəniyyəti sahəsindəki
çoxillik təcrübəsindən peşəkarcasına
istifadə edərək maraqlı tərtibçilik nümunəsi
göstərmişdir. Elə bunun nəticəsidir
ki, əslində, kitab içində bir kitab olan
"Neçin gəlməz" kifayət qədər
dolğunluğu ilə diqqət çəkir. Bölmədən-bölməyə keçən
oxucu hər dəfə müxtəlif ovqata köklənir".
M.Çəmənlinin
qənaətinə görə, sənətşünasın
bu dəyərli fikirlərini onun tərtib etdiyi N. Gəncəvinin
"Lirika" kitabına da şamil etmək olar...
"Təhsil" nəşriyyatında
çalışdığı illərdə neçə-neçə
dəyərli kitabın redaktoru olduğunu məmnunluqla
xatırlayan müəllif fəxrlə bildirir ki, onlardan hər
hansı birinin meydana gəlməsində, kiçicik də
olsa, zəhməti keçib.
(ardı gələn
sayımızda)
Səfər
Mahmudzadə
Ədalət 2018.- 30 mart.- S.7.